www.aliildirimoglu.az

POVESTLƏR

MÜASİRLİK

Oxuculara təqdim olunan bu kitab sözün həqiqi mənasında cəfakeş bir yazıçı-publisistin qələmindən çıxdığı üçün buradakı əsərlər barədə fikir söyləmək, bunları layiqincə qiymətləndirmək də bir o qədər mə­su­liyyət tələb edir. Burada müəllifin cəfakeşliyi ilə ya­naşı yuxusuz gecələr hesabına yiyələndiyi bədii sözün zərgər dəqiqliyi də göz önündədir. Müəllif uzun illər­dən bəri söz sənətinin "zərgərlik sexində" çalışıb, xalq həyatının güzgüsü hesab etdiyimiz mətbuat aləmində fədakarlıq nümunəsi göstərib. Bütün bunlara görə Əli İldırımoğlu yaradıçılığı heç şübhəsiz çox yüksək ədəbi təhlilə layiqdir.

Qəzet səhifələrində daimi ardıcıllıqla rast gəldi­yimiz bu imza, vaxtaşırı kitabların titul səhifələrində də görünüb: Əli İldırımoğlu - "Yazım-yazmayım" (satirik hekayələr), "Çinarlı" (povestlər), "Həmin adam" (ro­man) kitabları artıq nadir kitabxana nümunələridir.

Beləliklə, o, jurnalistika ilə yazıçılıq aləmi arasındakı sərhəd zolağını keçərək, yazıçılar ailəsində də özünə yer eləyib.

Bütün bunlardan sonra daha bir yaradıcılıq uğuru ilə oxucuların görüşünə gələn Əli İldırımoğlu ömrün yetkin çağında, qısılıb sıxılmadan deyə bilər ki, "mən də öz cığırı olan yazıçıyam". Buna onun mənəvi haqqı var. Lakin təkcə ona görə yox ki, o, bir neçə kitabın müəllifidir, ilk növbədə ona görə ki, həmin kitablar bədii sözün, bədii fikrin, bədii düşüncənin məhsuludur. Eyni zamanda mən yazıçılıq sənətinin bu ilkin keyfiy­yətlərindən söz açmaqla kifayətlənmək istəməzdim, fikrimi tamamlamaq üçün sənətin başqa, daha vacib şərtini də qeyd etməyi özümə borc bildim. Bu, müasirlikdir. Müasirlik isə sənətin canıdır, bel sütunudur.

Müəllifin ürək ağrısı ilə "Dərd" adlandırdığı yeni kitabı başdan-başa hər gün şahidi olduğumuz müasir həyat lövhələrinin dərdli, ələmli toplusudur.

Cəmiyyət elə xəstələnməyib ki, gülüş, kinayə, isteh­za ilə "müalicə" oluna. Bəlkə elə buna görədir ki, müəl­lif yaratdığı obrazları ilə birgə "tapılmayan dərman" sora­ğındadır. Povestlərindən birisini də elə "Tapıl­ma­yan dərman" adlandırıb. Bunun rəmzi mənasını izah etməyə yəqin ki, ehtiyac yoxdur. Əsərin sonunda müəllif xəstə dayısına dərman axtaran qəhrəmanın dili ilə çox incə və ağrılı bir mətləbə toxunur: "Tələsdiyimdən ayağım yerin altından keçən kanalizasiyanın çalasına düşdü. Üzü üstə yıxıldım. Suyun səthində doşab rəngində yağlaçov bir şey göründü. Naftalan şüşələri sınıb cilik-cilik olmuşdu. Dərmanın bircə damcısı da ələ gəlmədi".

Bəli, bu cəmiyyətdə dərman sorağına düşənlər yıxı­lacaqlar, çalaya, çuxura düşəcəklər, amma axtar­dıq­larını tapa bilməyəcəklər. Elə mən də bu fikirdəyəm ki, dərmanın bircə damcısı da hələlik ələ gələn deyil. Dərdlərimizin çarəsi tapılan deyil.

Qarşımdakı kitabın bu yöndəki müasirlik ovqatı barədə düşünə-düşünə öz-özümdən soruşuram ki, müəllif nə üçün belə ağır yükün altına girib? Dolaşıq dünyamızın mürəkkəb mənzərəsinə müəllifin belə müasir baxışının mənbəyi nədir? Mənə elə gəlir ki, bu ovqatı hər şeydən əvvəl Əli İldırımoğlunun jurnalistlik peşəsi ilə izah etmək daha doğru olardı. Məlumdur ki, jurnalist həmişə müasir həyatla, bu günün adamları ilə nəfəs alır. Bu onlarda vərdişdir, ənənədir. Ən səriştəli jurnalistlər isə həmin ənənəyə arxalanaraq qələmini ədəbi janrlarda sınayır və əsərlərinin mayasına müasirlik ruhunu gətirməyə çalışırlar.

Kitab "Nazir və vəzir" povesti ilə açıldığı üçün mən də fikrimi həmin povestə istinadən inkişaf etdirmək istəyirəm.

Bu əsər elə bu günümüzün, təzəcə vidalaşdığımız dünənimizin güzgüsüdür. Bu güzgüdə həyatımızın ən ağrılı, acılı bir mənzərəsi -dövlət və hökumət aparatı ilə xalq kütlələri arasındakı uçurumun dərinlikləri əks olunub. Həmin uçurumun nə ilə nəticələndiyini indi hamı görür: bu uçurum SSRİ deyilən nəhəng bir ölkəni udub. Lakin povest yazılanda bu proses hələ başlanmamışdı. Bunu müəllifin uzaqgörənliyi kimi qiymətlən­dir­məklə yanaşı, başqa bir keyfiyyətini də qeyd etməliyik. Deməliyik ki, əsərdə uçurumun "əksolunma" prosesi adi güzgü parçasında olduğu kimi donuq halda, mexaniki əksolunma deyil, bu proses sözün, sə­nə­tin sehrli qüdrəti ilə təsvir olunub. Ona görə də obrazların, xüsusilə, nazir Sədirxanovun yalnız zahiri gör­kəmini deyil, bütün daxili dünyasını da görə bilirik, onların fikirləri ilə, mənəvi-əxlaqi keyfiyyətləri ilə tanış oluruq.

Bəybala Sədirxanovun simasında təsvir olunan hökumət adamlarını biz, ümumiyyətlə həyatda çox görmüşük və onları yaxşı tanıyırıq. Onlar hər cəhətdən bir-birinə bənzəyirlər, onlar "yüz gün kotanı işləyincə bir gün bəxti işləyən" bəxtəvərlərdir. Elə bəxtləri işlədiyi üçün də hakimiyyətə gəliblər. Bu "bir günlük bəxtin" nə demək olduğunu da biz yaxşı bilirik. Onlar "ittihame­dici baxışları ilə əyləşənləri təqib edən", hüzurunda "heç kəsin cınqırını çıxarmağa cəsarət etməyən", nitqlərində həmişə eyni sözləri təkrar edən ikiüzlü diktator çinovniklərdir.

"Biz hər cür neqativ hallara son qoymalıyıq!" "Yerliçiliyin, dostbazlığın, tayfabazlığın kökünü kəsməliyik!"

"Hamımız bir olmalıyıq!", "Xalqla bir nöqtəyə vurmalıyıq!" Bu cür boğazdan yuxarı, bayağı çağırışlar, yalançı vədlər kimə tanış deyil?! Hakimiyyət başına gələn hansı "rəhbərdən", hansı çinovnikdən siftə-siftə belə sözlər eşitməmişik? Nəsildən-nəslə keçən, dildən-dilə düşən bu ikiüzlülük, riyakarlıq xalqla hakim dairələr arasındakı uçurumun dərinliyini, dərəcəsini göstərir.

Müəllif bu uçurumun dəhşətli mənzərəsini göstərməklə kifayətlənmir, onu doğuran siyasi ehtirasları, ictimai səbəbləri də yüksək yazıçı erudisiyası ilə qələmə alır. Ritorik hay-küylə, hökm və bəyanatlarla deyil, bədii detallarla, bədii priyomlarla, "sənədlə-sübutla" nümayiş etdirir. "Orda-burda adamı çoxdur, illaf, Moskvanın özündə girmədiyi deşik yoxdur". "Göndəriblər, mən də gəlmişəm, işləməliyik". "O mədəniyyət sarayının iclas zalı ağzınacan adamla dolmuşdu. İki nəfər ehtiyatla sıraları dolaşır və əyilib əyləşənlərin qulağına nə isə pıçıldayırdı. Nə qədər yavaşcadan pıçıldasalar da, "İsmiyev... nazir... çəpik..." sözləri aydınca eşidilirdi. "İsmiyev tapşırıb ki, nazir danışanda çəpik vurmaq lazımdır".

"Telefon zəng çaldı. Bəybala Sədirxanov ayağa qal­xıb telefona tərəf getmək istəyəndə Anya Timofeyevna ondan qabağa düşüb əlini bərk-bərk telefonun üstünə qoydu və sonra da xısın-xısın:

- Telefonu götürmə, - dedi. - Bilirsən niyə?! Bu dar vaxtdı, deyib qanını qaraltmaq istəmirəm. Anan naxoş kimidi. Qonşular dünəndən azı on dəfə bura zəng vurublar ki, arvad xarabdı. Oğlunu istiyir.

...Ər və arvad nəşə ilə bir-birinə qısılıb televiziyada gedən "Qara eynək" ərəb filminə baxırdılar.

Yan otaqdakı telefon hər beş-on dəqiqədən bir aramsız zəng çalırdı. Onların hər ikisinə elə gəlirdi ki, bu telefon zəngi yox, Bəybalanın Əhmədlidəki birotaqlı mənzildə tənha həyat sürən və bu gün qızdırmanın içində olan xəstə anasının hənirtisidir. Ona görə telefonun dəstəyini nə Bəybala Sədirxanov qaldırdı, nə də ki, Anya Timofeyevna. Bəybala üzünü ikrahla telefon olan otağa tərəf çevirib, anasının ünvanına o ki, var deyinirdi.

Mənə elə gəlir ki, bu kədərli lövhəni şərh etməyə, nə isə əlavə bir söz deməyə heç ehtiyac yoxdur.

Həyatımızın beləcə gülünc və ağrılı paradokslarla ne­cə "zəngin" olduğunu göstərən "Tapılmayan dərman" po­­vesti də beləcə maraqla oxunan və nisbətən yığcam bir əsərdir. Burada müəllif elə bil əvvəlki povestində təs­­­­vir etməyə macal tapmadığı acınacaqlı bir mənzərəni - Sədirxanov kimi adamların rəhbərlik etdikləri bir rayonun və ya bölgənin həyat tərzini, adamların gününü, güzəranını oxucularına göstərmək istəyib.

Respublikamızın paytaxtdan xeyli uzaq şəhərlərinin birində adi bir hadisə baş verir: əsərin qəhrəmanı Mədətin dayısı xəstələnir. Çox da qorxulu olmayan bel ağrısı kişini yorğan-döşəyə salıb. Bu xəstəliyə dərman axtaran Mədətlə birlikdə biz də olduqca gülünc və acınacaqlı hadisələrin şahidi oluruq. Çox qəribə adamlarla üz-üzə gəlirik. Kimlərdir bu qəribə adamlar? Onların qəribəlikləri nədir? "Cibindən pulu qom-qom çıxardan boylu-buxunlu bir əmtəəşünasa" ərə getmək həsrətində ikən, "gəlirli vəzifəsi olmayan" bir elmlər namizədinə ərə gedən "ağbəniz, alagöz, üzü xallı bir gəlin", qabaqlar lotoreyasına "Moskviç", indi isə qara "Volqa" düşən Ağalətif adlı xaşxana sahibi və onun qardaşı, aptek müdiri Hacıhəsən. O, Hacıhəsən ki, əynində hava rənginə çalan kostyum, zil qara saroçka, boynunda kül rəngli qalstuk, ayağında dabanı dik tufli" - "ömründə heç kəsə əyilməyən, ara vermədən zəng çalan telefon dəstəyini qaldırıb əvvəl-əvvəl qulağından aralı saxlamağı adət eləyən", amma telefonda rəisinin səsini eşidər-eşitməz stolundan dik atılıb kiminsə qarşısında təzim edirmiş kimi əyilə-əyilə "Bəli, bəli!.. "buyurun, buyurun" - deyə ikiqat olan "üzr istəyirəm, sizdən min dəfə üzr istəyirəm" - deyə yaltaqlığın yeni-yeni üsullarını kəşf edən aptek müdiri.

Nəhayət, müəllif bizi, daha doğrusu əsərin qəhrəmanı Mədəti Albert İsgəndərzadə adlı özgə bir personajı ilə tanış edir. O, adi aptekin yox, mərkəzi aptekin müdiri olduğu üçün bu tanışlıq prosesi çox uzun çəkir, çətin başa gəlir. Mədətin necə böyük əzab-əziyyətdən sonra onunla görüşmək "şərəfinə" nail olduğunu sözlə ifadə etməkdə acizik. Müəllifin realist təsvirini izlədikcə adama elə gəlir ki, bu mərkəzi aptek adi dərmanxana yox, bürokratiya Bastiliyasıdır, onu fəth etmək, hələm-hələm adamların işi deyil. Lakin Albert Kərimoviç özü insafən təbiəti etibarı ilə əsla bürokrat deyil. Bürokratiya pərdəsi ona başqa məqsəd üçün lazımdır. Həmin məqsəd isə olduqca sadədir: hamıya kələk gəlmək, hamını aldatmaq. Bu kələkbazlığın məqsədi isə daha sadədir: varlanmaq, varlanmaq! Biz Ağalətiflər, Hacıhəsənlər, Isgən­dər­zadələr mühitinin ən çirkin, ən qaranlıq künc-bucağına bələd olduqca ürəkağrısı ilə düşünürük ki, Sədir­xa­novlar kimi siyasətçilərin, dövlət başçılarının rəhbərlik etdikləri ölkə elə belə də olmalıydı.

Müəllif bu kələkbazların, hiyləgər və məkrli yaltaqların iç üzünü çox məharətlə açır. Bu adamlar öz "ustalıqlarına" elə arxayındılar ki, kiminsə onların bəd əməllərindən xəbər tuta biləcəyinə inanmırlar, buna şübhə belə eləmirlər. Hacıhəsənin ədalı hərəkətləri kənardan baxanlarda elə təsəvvür yaradır ki, "bu adam ömründə heç kəsə əyilməyib. Dünyanın ən güclü adamı onun qarşısında duruş gətirməz. Ağzına naqan dirəsən gözünü qırpmaz". Amma neyləyəsən ki, bu adam özündən bir pillə yuxarıdan gələn zəng səsini eşidincə gizlənmək üçün siçan deşiyini satın almağa hazırdır. Elə ki, zəng təhlükəsi sovuşdu, təzədən aslana dönür. "Köpəyoğlu, lap məni hövsələdən çıxartdı. Bir dəli şeytan dedi, dəyənəyin o biri ucunu çevir...

Gəlib durdun gözümün qabağında. Səndən keçəmmirəm, Ağalətif, sən öləsən bez kimi cırardım onu". Qardaşı Ağalətiflə danışanda o, bu sayaq "kişilənir". Bax, budur, onların əxlaqı, əqidəsi. Daha sonra oxucu bu "dağ dözümlü" adamın bircə qəpiklik qiyməti olmayan şəxsiyyəti ilə üz-üzə gəlir.

Mənliyini hansı qiymətə satdığını özü də bilməyən, lakin alqı-satqıya adət edən bu adam utanıb-qızarmadan təklif edir ki:

- Bu barədə heç yerdə danışmayın. Sizə kömək edəcəyəm. Yerin dibindən də olsa, naftalan tapam gərək... Sizdən artıq dərəcədə xahiş edirəm, heç yerdə danışmayın.

Bu şübhəli eyhamlardan sonra müəllif incə bir ustalıqla qəhrəmanının bütün mənəviyyatını ifşa edir:

... "Qapı cırıldadı. Albert İsgəndərzadə səksənib söhbətin istiqamətini dəyişdi. Gələn yox idi. Qapı öz-özünə açılmışdı. Albert Kərəmoviç ayağa qalxıb gözləmə otağına şübhəli-şübhəli göz gəzdirdi. Sonra qapını ehmalca örtüb sözünə davam etdi".

Lakin bu səhnənin şahidi olan oxucu üçün onun daha nə deyəcəyinin əhəmiyyəti varmı, görəsən?! İkicə şüşə naftalan üçün onun yanına gələn Mədət də yəqin ki, daha onun heç bir sözünə əhəmiyyət verməyəcək. Naftalanın tarixinə aid hansı qədim kitabları varaqlasa da, sənədlər, sübutlar gətirsə də, Mədətin nəzərində bu alimanə mülahizələr boş cəfəngiyatdan başqa heç bir şey deyil. Hələ onu demirik ki, Mədət nəhayət "tunel kimi uzanıb gedən zirzəmidə pas atıb qalan tibb avadanlığını, dərman bağlamalarını və səliqəsiz halda yığılmış naftalan şüşələrini görəndən" sonra nə hala düşə bilər?! Albert Kərəmoviç barədə hansı fikirdə olar?!

"Tapılmayan dərman" povesti süjet xəttinin olduqca cazibəliliyi ilə də diqqəti cəlb edir. Həyəcanla oxunur. Bir-birindən seçilən bədii detallar, yumor, xalq dilinin şəhd şəkərindən süzülüb gələn lakonik ifadələr və s. bu əsərə xüsusi rövnəq verir.

Mən kitabın müasirliyini vurğu ilə qeyd edərkən heç də zaman, məkan dairəsindəki müasirliyini nəzərdə tutmuram. Əsərlərdə təsvir olunan hadisələrin məhz bu günlərdə cərəyan etməsini söyləmək istəmirəm.

Burada müasirlik yazıçı fikrinin, müəllif qayəsinin bədii məntiqin müasirliyindədir, həyata, hadisələrə müasir yazıçı baxışındadır. Bu gün cəmiyyətin həyatında başlanan demokratiya meylləri, müstəqillik uğrunda mübarizəmiz bütün köhnə dövlət strukturların dağılmasını, şüurların təzələnməsini tələb edir. Bu, inka­re­dil­məz faktdır, tarixi zərurətdir. Özü də bu zərurət inkişafın əzəli və əbədi atributu olan mübarizə şəraitində meydana gəlir. Bu mübarizə davam etməkdədir. Onun hansı yolla inkişaf edəcəyini, cəmiyyətin hansı istiqamətdə irəlilə­yə­cə­yini bu gün deyə bilməsək də, (bunu qarşımıza məqsəd də qoymamışıq) bir ümumi həqiqət bizə məlumdur: Sədirxanovlar hakimiyyəti, İsgəndər­zadələr kələkbaz­lığı daha yaşaya bilməz. Bu, zərurətdir.

Əli İldırımoğlunun müxtəlif dövrlərdə və müxtəlif janrlarda yazılmış əsərləri də məhz həmin zərurətin müxtəlif çalarlarını əks etdirir. Demək istəyirəm ki, onun əsərlərinin müasirliyi zaman çərçivəsindən çıxaraq, məslək, əqidə, ideyalar mübarizəsi fonunda daha geniş və daha qiymətli bir ənginliyi əhatə edir.

Yazıçının bir bədii uğuru da bundadır ki, belə geniş əhatəli bir konsepsiyanı kiçik həcmli hekayə və oçerklərində də inkişaf etdirə bilir. Bu cəhətdən onun "Padşah kimi vəzifə", "Saf adam", "Minnət" və "Vicdanlı" hekayələri səciyyəvidir. Yenə eyni dərdlərlə, eyni qayğılarla üzləşirik. Müəllif bizi həyatın bir-birindən uzaq müstəvilərində dayanan, xasiyyətcə, mənəviyyatca bir-birinə əsla bənzəməyən bir qrup adamlarla tanış edir. Necə deyərlər, hər kəs özünə görə bir insandır. Hərənin öz taleyi, öz aləmi. Amma bu onların bir nöqtədə vəzifə kürsülərində birləşməsinə mane olmur, daha doğrusu, hamının bu kürsülərə münasibəti eynidir, onların hər birisinə elə gəlir ki, həyat elə vəzifə kürsülərindən ibarətdir. İnsanlıq da, dostluq da, qohumluq da vəzifə kürsülərindən asılıdır. Əli İldırımoğlu həyata belə meşşan münasibətin elə rəngarəng lövhələrini yaradıb ki, bilmirsən hansı birisindən söz açasan.

Bu yerdə yaxşı olar ki, sözü həmin vəzifə hərislərinin özlərinə verək.

"Yox ey... Fəzilət xala, partiya-zad məni o qədər də ağrıtmır. Dağılır belə cəhənnəmə dağılsın. Raykom katibliyi tay ayrı vəzifədi. Keçmiş zamanlarda bəy belə getdi, xan belə oldu, pristav belə yıxdı... Raykom katibinin yanında onlar nəydi?! Heç zad! Bütün rayon bizə işləyirdi..."

("Padşah kimi vəzifə")

"Vicdanlı" hekayəsindəki bir "Medallı qadın" təzə gələn raykom katibi haqqında başqa fikirdədir:

"Bəsdirin az... O dedi, siz də inandınız? Hələ təzə bardaq suyudu. Qoy bir az keçsin. Vallah bu əvvəlkilərdən betər olmasa, adımı dəyişib... Qadam hamısının ürəyinə, hamısı bir bezin qırağıdır".

Elə də olur. "Medallı qadın" düz deyirmiş. Təzə bardaq suyu az sonra rayonun bütün idarə və müəssisə­lərinə yol açır.

"Təbrik edirəm... bu vəzifədə gözü olanlar çox idi. Ancaq mən sizin üstünüzdə dayandım. Bəzi yoldaşlar... bu işə qəmiş qoyanlar da çoxdur. Hərəsi öz adamını irəli çəkmək istəyir. Ancaq imkan vermədim, ağız­larının üstündən vurdum".

("Minnət")

Görürsünüzmü, Əli İldırımoğlunun nəzərincə, müasir vəzifə ehtiraslarının yönümü necə şaxəlidir, tutumu necə dərindir. Lakin müəllifə görə nə bu şaxəlilik bizə gərəkdir, nə də bu dərinlik. Çünki hər iki ehtirasın mayası şəxsi mənafedən, dünyaya eqoist münasibətdən doğub, belə münasibətlər, belə dünyabaxışı insan həyatının mənasını cılızlaşdırır. Axı, həyat elə təkcə vəzifə, şan-şöhrət çələnglərindən ibarət deyil. Onun daha mənalı, daha müqəddəs guşələri, ənginlikləri də var. Məsələn, "Qoca macgəl" hekayəsini götürək. Hekayə çox kövrək hekayədir, titrək heka­yədir. Oxucu ürəyini kövrəldən, titrədən hekayədir. Onun hər səhifəsi məhəbbətlə, nifrətlə doludur.

"Qoca macgəl" həm də acı təzadlar hekayəsidir.

"...Baba... axı, atam ölməyib. O, davaya getməyib. Nemeslər də kəndimizə gəlməyib. Atam ölməyib, o bilsə ki, mən xəstələnmişəm, tərləyirəm, yata bilmirəm, o saat gələr. Baba, ay baba, atamı gətir"...

Mürşüd baba, körpə nəvəsinin bu ata məhəbbətinə nə ilə, necə cavab verə bilər?

"İlahi, günahım nədir, məni bu tifilin əlində qoymusan?"

Hər şeydən əli üzülmüş, bu evdə ümidini təkcə gəlinlik hüququna bağlayan biçarə ana - Şahinin anası, Poladxanın arvadı bəs neyləsin? Qayınatasının papiros bükdüyünü görəndə tez maşanın ucunda ona köz uzatmaqdan başqa onun əlindən nə gəlir?!

Lakin nə yaxşı ki, bütün bunlarla bərabər "Dərd" kitabının dərdli səhifələrində çox zərif, göz oxşayan, oxucu qəlbini ovunduran bir mələk də dolaşmaqdadır. Bu mələk müəllif hüququnun, yazıçı xəyalının məhsulu olan ilahi bir duyğudur, həyatın əbədiliyinə, insanın bö­yük­lüyünə inam və ümid hissidir. Ən ağır dərd yükü ilə yüklənmiş "Qoca macgəl" əsərində də bir ümid işığı şölələnməkdədir. Biz inanırıq ki, böyük zəhmətkeş Mür­­şüd babanın illərlə fərməclərin dalında gizlənib qa­lan qoşalüləsi, onun gecə zülmətini parçalayan bir cüt gül­ləsi əvvəl-axır haqqın, ədalətin qələbəsindən soraq gətirəcək.

"Dərd" kitabının dərdlərini yüngülləşdirən vasitələrdən biri də müəllifin obrazlı təfəkkür tərzi, özünə qarşı yüksək tələbkarlığıdır. O yaxşı bilir ki, ədəbi əsərlərin ilk gözəllik şərti - bədiilikdir. Bədiiliyin isə imkanları məhdud olduğu qədər də çətin və mürəkkəbdir. "Dərd"in müəllifi bizi inandıra bilir ki, min dərdin min bir də dərmanı var. Bu kitaba yüklənmiş dərdlərin min bir dərmanından biri yumordur, bir başqası dağ çeşməsi kimi dupduru dildir. Üçüncüsü, xalq həyatının bitməz-tükənməz xəzinəsindən gələn müdrik kəlamlardır.

Sənətin sehrli dünyası belədir.

Mən bir oxucu, həm də qələm əhli kimi əsla peşman deyiləm ki, bu günlərdə Əli İldırımoğlunun - uzaq gənclik illərindən imzasına bələd olduğum, şan-şöhrət çələnglərinə biganə olan bir müəllifin yeni kitabı ilə üz-üzə gəlmişəm. Bundan aldığım zəngin təəssüratı, gecənin bir aləmində qəlbimi riqqətə gətirən həyəcanlı anları, yuxusuz gecələrimin ən yaxşı mükafatı hesab etmişəm. Mənə elə gəlir ki, bu yazılar kitab şəklində oxuculara çatandan sonra onlar da eynilə mənim keçirdiyim hissləri keçirəcək, onun cəfakeş müəllifi Əli İldırımoğluna minnətdarlıq hissi ilə müasir dünyamızın dərd yükündən qismən də olsa, azad olacaqlar.

Gəray FƏZLİ



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com