www.aliildirimoglu.az

ƏLİ İLDIRIMOĞLU ATASI HAQQINDA

Tiflisdəydim. “İberiya” mehmanxanasında qalırdım. Gecə yuxumu qarışdırdım... Xəbər gəldi ki, atan xəstədir. İşlərimi atıb başıalovlu getdim.

Kəndə daxil olanda gözlərimin önünə sanki qara pərdə çəkildi. Gündüz olmasına baxmaya-raq, ətraf görünmürdü. Tükürpədici qara fikir-lərdən xilas ola bilmirdim. Həyət-bacamız mənə amansız döyüş səhnəsini xatırladırdı. Hərdən qulağıma dəmir cingiltisi gəlir və kəndimizin səmasında alovlu qığılcımlar saçırdı. Xəyal dünyamın pəncərəsindən boylandıqca vahimə-lənirdim. Əzrayıl qəddarcasına qılıncını oyna-dır, rəncbər atamsa dəhrəsinə, baltasına, kərəntisinə sarılıb ona bac vermirdi.

Artıq doğma evimiz və onun həndəvərində qaynaşan insanlar görünürdü. Sən demə, neçə gündür Əzrayıl rəncbər atamın sinəsinə çöküb. Qulağıma məşum bir səda gəldi:

– Ey, cəllad! Geri çəkil! Qərib ellərdə gözümün ağı-qarası olan madar bir oğlum var! O gəlməsə, görməsəm, Əzrayıl olmursan, nə olursan ol, sənə can verən deyiləm! Nahaq yerə özünü əldən salma! Bax, nə vaxtdan namərdcə-sinə qılıncı qılınc üstündən endirirsən, mənsə sağam! Ürəyim hələ də döyünür! Gözüm oğlumun gözünə sataşmasa, dünyadan köçən deyiləm!

Maşından düşüb qapısında qoşa şam ağacı olan balaca həyətimizə daxil oldum. Bütün kənd bura toplaşmışdı. Hamı kənara çəkildi. Atamın yataq ota-ğına keçmək üçün mənə yol verdilər. Qızdırmalı anlarımda olduğu kimi, bədənim əsirdi. Qapını açanda atamla baxışlarımız rastlaşdı. O, bəlkə də ümidli idi ki, oğlu özünü yetirər, onu amanda qoymaz, qanadına alıb bütün dünyanı gəzdirər, Əzrayılın cəngindən xilas edər. Heyhat!.. İş-işdən keçmişdi. Əcəl köhləni hazır dayanmışdı. Atam məni görəndə onun solğun dodaqları qaçdı. Balaca gülümsündü. Gözləri zəif yanan şam kimi işıldadı və tez də söndü...

Elə həmin andaca kəndimizin səmasında qara buludlar sıxlaşdı, göyün üzü damarlandı, ətraf işıq saçdı. Qulaqbatırıcı şaqqıltı qopdu. Bütün dam-daş lərzəyə gəldi. Bu, bəlkə də İldırımsızlaşan dağlarımızın ulu göylərdən qopub gələn əbədiyyət himni idi...

İldırım Məmmədbağır oğlu Allahverənov
(1898–1975)
















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com