www.aliildirimoglu.az

OÇERKLƏR

GÜLƏR GÖZLƏR

Soyuq qış gecəsində Əyricə kəndinə hakim olan sakitliyi küçədən keçənlərin ayaqları altında tapda­la­nan qarın xışıltısı pozurdu. Taxtapuşlardan sallanan buz lülələri İliç lampalarının işığında billur şüşələr kimi bərq vururdu. Kür tərəfdən soyuq külək evlərin bacasından çıxan seyrək tüstünü ora-bura qovur və damların qarını süpürüb ətrafa səpələyirdi. Şaxtalı gecədə öküzlərin ağır-ağır çəkib apardığı arabanın yeknəsəq cırıltısı eşidilirdi. Bəhram tələsdi­yin­dən öküzləri çubuqlayır, arabanın iri çarxları dar küçədəki çala-çuxura düşdükcə yenicə buz bağlayan bulanıq suyu kənara sıçradır, ağ qarın üstünəqaramtıl zolaqlar düşürdü. Araba irəlidəki döngədən burulub Bəhramın evinin qabağında dayananda Gülövşə cəld qalın yun şalına bürünüb həyətə çıxdı. Bəhramın qulaqlı papağına və əynindəki sırıqlı pencəyinəağ haşiyələr salınmışdı. Pəncərədən süzülən işıq onun çiynindəki qarı işıldadırdı. Gülövşə qayğılı nəzərlərilə həyat yoldaşını süzərək:

- Heç sənin yuxun yoxdur?! Bu soyuq gecədə də…

Gülövşə sözünü tamamlamadan, tələsik geri dönüb bayaqdan dəmlədiyi çayniki peçin üstünə qoydu. Bəhram isə evə yox, ot tayasına tərəf getdi. Öz mal-qarası üçün yığdığı otun yarısını arabaya yığdı və fer­maya qayıtdı.

Camışların yeraltı qazmalarda saxlanması bir yana dursun, axı fermanın ot-ələfi də qurtarmışdı. O, bir kommunist kimi bütün məsuliyyəti öz üzərinə götür­müşdü və çətinliyi aradan qaldırmalı idi. İlk partiya təşkilatı belə bir çətin işi məhz Bəhrama etibar etmişdir.

* * *

Kolxozda heyvandarlıq təsərrüfatının vəziyyə­tin­dən danışılarkən hamı kommunist Məlikovun başçılıq etdiyi qoyunçuluq fermasının işindən razı qaldığını bildirdi. Qoyunların sayının artırılması, yun isteh­sa­lına dair bütün tapşırıqlar, qəbul edilmiş öhdəliklər layi­qincə yerinə yetirilmişdir. Rayon partiya komitə­sinin katibi işgüzar kommunist, səriştəli heyvandarı təriflədi, sonra onun əlini sıxıb dedi:

 - Əhsən sənə!

Ancaq Bəhram Məlikovun çöhrəsinə qonan sevinc hissləri bir andaca yox oldu. Onun qaşları düyünləndi. Mütəəssir baxışları bir nöqtədə donub qaldı. Nə olsun ki, öz işi yaxşıdır?! Camış fermasında yaranan ağır vəziyyətə görə idarə heyətinin ilk partiya təşkilatının, üzv olduğu kollektivin ünvanına deyilən tənəli sözlər Bəhramı bərk sarsıtmışdı. Fermadan gələn gəlir çəkilən xərcin yarısını belə ödəmirdi.

Keçən həftə kolxozda keçirilmiş yığıncaq Bəhramın yadına düşdü.

- Bizim "Bakı" kolxozunun şəraitində camışçılığı inkişaf etdirmək müşkül işdir. Yaxşı olar ki, ixtisas­laş­ma getsin və camışçılıq ləğv olunsun…

hram bu sözləri eşidəndə birdən-birə halı dəyişdi. Ürəyində dedi: "Səhv edirlər. Kolxozumuzda camışçı­lığı ləğv etmək olmaz".

Necə deyərlər, hərə bir söz deyirdi. Müxtəlif rəylər, cürbəcür bəhanələr. Mübahisə kəsilmirdi. Eşitdiyi əsassız sözlər sanki ağır bir daş kimi Bəhramın qəlbindən asılmışdı. O, danışmalı, ürəyindən keçənləri deməli idi. Kommunist vicdanı belə tələb edirdi.

O, söz alıb dedi:

- Camışçılıq gəlirli təsərrüfatdır, onu inkişaf etdirməliyik. Razılıq versəniz iş yerimi dəyişərəm. Mən camışçılıq fermasında işləmək istəyirəm.

Qabaqcıl sahədən geridə qalmış, həm də çətin bir sahəyə. Budur kommunist mətinliyi. Budur kommu­nist mərdliyi. Bəhram bu yolda da büdrəmədi. O cəsarətli addımlar atdı.

Artıq payız öz ömrünü başa vurmuş, qar qapını kəsmişdi. Bəhram mövcud imkanlardan bacarıqla istifadə etdi. Həmin qış camışlar yaza salamat, gümrah çıxdı.

Baharın nəfəsi duyulanda Bəhram kəhər atına minib hələ uşaqlıqdan hər qarışına bələd olduğu kövşənləri dolaşdı. Qarabağ kanalı ilə Kürün arasın­dakı çiçəkli çəmənlikdə atının cilovunu çəkib dörd bir tərəfə göz gəzdirdi və öz-özünə: - əsl ferma yeridir, - dedi - suya yaxın, örüşləri münasib, yeri səfalı…

Səriştəli təsərrüfatçının təşəbbüsü kolxozda və rayon təşkilatlarında bəyənilib müdafiə olundu. Layihə və smeta sənədləri tərtib edildi. Bəhramın seç­diyi yerdə etibarlı bünövrələr qoyuldu. Heyvandarlıq binaları ucaldıldı. Yaxınlıqda subartezian quyusu qa­zıl­dı, tövlələrə su kəməri çəkildi, avtomat qurğular qoyuldu. Elə buradaca heyvandarlar üçün ağ daşdan bir və iki mərtəbəli binalar ucaldıldı. Bəhram öz həm­kar­ları ilə birlikdə ailəsini ferma şəhərciyinə köçürdü. Hər tərəfdən İliç lampaları şölələndi. Camış­ların saxlandığı yeraltı qazmalar geniş pəncərəli, işıqlı, yaraşıqlı binalarla əvəz edildi. Güclü ekskavatorlar, buldozerlər, traktorlar gecə-gündüz işlədi, nahamar sahələri qaydaya saldı, dərin xəndəklər torpaqla dolduruldu. Üç yüz hektara yaxın sahədə geniş planlaşdırma işləri görüldü. Burada yonca və qarğıdalı əkildi. Silos qurğuları hazırlandı. Heyvandarlar əlbir-dilbir oldular. Möhkəm yem bazası yaradıldı. Zoobay­tar xidməti öz yoluna düşdü. Hər kəs öz işinin qeydinə qaldı. Kollektiv arasında möhkəm intizam yaradıldı. Elə birinci il fermada süd istehsalı üç dəfədən də çox artdı.

Fermanın kollektivi Bərdə rayonunda keçirilən sosializm yarışının qalibi oldu. Hamı kommunist Bəh­ram Məlikovun fədakarlığından danışdı. Onun baş­çı­lıq etdiyi təsərrüfatın nümunəvi işi dildən-dilədüşdü. Bəh­ramın əməyi hədər getmədi. Ona mükafat verildi. Sinəsində Leninin yubiley medalı, Qırmızı Əmək Bayrağı ordeni parladı. Qonum-qonşu, dost-tanış onu təbrik etdi. Sevinən təkcə Bəhram deyildi. Onun həyat yoldaşı Gülövşə də şadlanırdı. Gülövşə fermanın adlı-sanlı sağıcısıdır. O, səkkiz uşaq anasıdır. Bir neçə orden və medal alıb. Gülövşə bəslədiyi camışların hər birindən bir bala, iki min kiloqramdan çox süd əldə etdiyinə və əməkdə nümunə olduğuna görə «Şərəf nişanı» ordeni almışdır. Bu böyük mükafatdır. Böyük oğlu Qara da ailəyə sevinc gətirmişdir. Dərs əlaçısı olduğu və təhsildə fərqləndiyi üçün məktəbdə ona mü­kafat olaraq kitab, dəftər, qələm verilmişdir. Qaranın yeddi nəfər bacı-qardaşı ona qibtə edirdi. İndi təkcə Bəhramın yox, hamı Gülövşə ilə Qaranın da sevincinə şərik olurdu. Gülövşə ortancıl oğlu İldırımı bağrına basıb bir ana nəvazişi ilə deyirdi:

 - Dərsdə əlaçıdır, işdə qoçaq! Bilirsiniz mənə necə kömək edir. Heç Qaradan geri qalmır!

Bəhram öz kollektivinin işini heç də geridə qalanlarla müqayisə edib öyünmür. O, respublikanın qabaqcıl təsərrüfatlarına çatmaq arzusu ilə yaşayıb yaradır. Poçtalyondan yenicə aldığı «Kommunist» qəzetində dərc olunmuş bir məktub onun diqqətini cəlb etdi. Məqalədə Şəki rayonundakı Daşüz camış­çılıq sovxozunun işindən, sağım aqreqatlarından necə istifadə olunduğundan, Lenin ordenli sağıcı Fatma Qədiməliyevanın təcrübəsindən danışılırdı. Bəhram bir neçə gündən sonra Şəkidəki Daşüz camışçılıq sov­xozuna getdi. Fermada işin təşkili ilə tanış oldu, Fat­manın yüksək nailiyyətlər qazanmağının səbəblərini öyrəndi. Bu səfər faydasız olmadı. O geri qayıdanda görüb götürdüklərini qabaqcıl təcrübənin təşkili barədə kollektivin üzvləri ilə birlikdə fikir mübadiləsi etdi:

- Gəlin, təzə sağım aqreqatları alaq. Çox zəhmət tələb edən işləri avtomatlaşdıraq. Mütərəqqi üsullara geniş yollar açaq. Qabaqcıllardan nümunə götürək.

Onların təklifləri qiymətləndirildi. Tezliklə ferma üçün lazım olan təzə sağım aqreqatları sifariş verildi. Rayonun camışçılıq təsərrüfatlarından ilk dəfə sağım aqreqatı «Bakı» kolxozunda Bəhramın başçılıq etdiyi fermada tətbiq olundu.

Gülövşə, Meyxanım, Sitarə. Üç bacı, üç rəfiqə sa­ğım aqreqatlarını öyrəndilər. Fermada əl əməyini texnika əvəz etdi.

* * *

Bəhram Məlikov kənd məktəbində təhsilini qur­tarıb qaynar əmək meydanına atıldı. Pambıq topladı, taxıl daşıdı, barama becərdi. Hər işdə kara gəldi. Şuşa Kənd Təsərrüfatı Texnikumunda zootexnik ixtisası aldıqdan sonra çiyninə yapıncı saldı, əlinə çomaq götürdü. Onun səsi Kəlbəcər dağlarının məxmər sinə­sinə yayılan boz sürülərin arxasından gəldi. Gənc mü­tə­xəssisi ferma müdirliyinə irəli çəkdilər. Bəhram qo­yun­çuluqda ad qazandı. Kənd kommunistlərinin cər­gə­sinə qoşuldu. Camış fermasını gerilikdən çıxarmaq məsələsi götür-qoy ediləndə Bəhram bir kommunist mərdliyi ilə sinəsini irəli verdi. Başçılıq etdiyi yeni kollektivin əməksevər üzvləri Bəhramın arxasında durdu. Rast gəldiyi hər bir çətinliyi cəsarətlə aradan qaldırdı. İşi avand, yolu rəvan oldu. Arzuları çiçək açdı. Hamı ona - sağ ol! - dedi.

- Fermamızda cəmi beş yüz baş camış var. Amma azdır. Gərək artıraq. Hər camışdan iki min kiloqram süd nədir ki?! Bu il gərək üç min kiloqramı ötək.  Beşilliyi dörd ildə! Şüarımız belədir.

Fəal kommunist, təcrübəli heyvandar belə düşünür, belə deyir. Bəhram Məlikov deyir ki, bu il tələb olunandan iki dəfə çox senaj hazırlamışıq, silos basdırmışıq, qaba yem toplamışıq. Bol yem, rahat binalar, təcrübəli heyvandarlar…

Süd istehsalı və satışı planlarının yerinə yetiril­mə­si­nə dair vətən qarşısında raport vermişik. İndi öh­də­lik­lə­­rimizin yerinə yetirilməsi uğrunda mübarizə aparırıq.

Göz işlədikcə uzanan yoncalıqların çəhrayı çiçəkləri arasından eşidilən turac, qırqovul səsi söhbətimizin istiqamətini dəyişdi. Bəhram Qarabağ kanalında aşıb-daşan mavi suların, Kür boyu uzanan qalın meşələrin, yaxasına min bir çiçək düzülmüş ətirli çəmənliklərin seyrinə dalaraq nikbin əhvali-ruhiyyə ilə:

- Bu gün, sabah uzaq ellərdən bizim bu turaclı çöllərə saysız-hesabsız ördək, qaz sürüləri, cürbəcür quşlar axıb gələcəkdir, - dedi.

Bəli, əcəb seyrəngahı olan Kür vadisinin yaşıl donlu baharı da, qızılı payızı da, ağ örpəkli qışı da gözəldir.

Təbiətin bu füsunkar mənzərəsi əmək bahadırının qələbə sevincini daha da artırır. Bəhramın arzu dolu gözləri onun böyük amallarını büruzə verərək gülür, hey gülürdü…

 

5 sentyabr 1973-cü il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com