www.aliildirimoglu.az

OÇERKLƏR

MÜHARİBƏ ÇÖRƏYİ

Xaçmazdan Nabrana gedən magistral yolun sol kənarında - dolu sünbüllü zəmilərin arasında üstü şiferli, tənha bir bina ağarır. Yay, qış elə bir gün olmaz ki, ətrafına meyvə ağacları salınmış bu birmərtəbəli komadan tüstü çıxmasın. Xanqulu Novruzovun evidir. Qırx il bundan qabaq tikdirib. Kənddəki evində qərar tutmur. Ömür-gün yoldaşı Gülxonça ilə burada baş-başa verib yaşayır. Səkkiz övlad pərvazlandırıblar. Çoxusunun əlində ali təhsil diplomu. Rusiyadan belə hərəsinin səs-sorağı bir diyardan gəlir. Yaşı səksənə doğru gedən Xanqulu o vaxt bu yerlərin bağ-bağatına, taxıl əkini sahələrinə gözətçi qoyulanda cavan oğlan idi. Gördü ki, yol qırağı olduğundan əli dinc durmayanlar bağ-bağata maşatlıq eləyir, çoban-çoluq qaranlığa salıb zəmilərə mal-qara buraxır, buradaca bir bina qaraltdı. O vaxtdan öyrəşib bu evə, bu bir parça torpağa. Qışda bu yerlərin bəyaz örpəyinə, yazda yaşıl xalısına, yayda xəfif mehin asta-asta sığal çəkdiyi qızılı zəmilərinə gözdolusu baxmasa, rahatlıq tapa bilmir.

Taxıl biçini ilə əlaqədar olaraq Xaçmazdakı 1 nömrəli sovxozun zəmilərinə güzar saldıq. Kombaynlar vurhavur taxıl biçir, buğda dolu avtomaşınlar sahələrdən anbarlara yollanır, bir tərəfdən də biçilən küləş preslənib fermalara daşınırdı. Xanqulu sahənin kənarında qoyun otaran çobanlarla üz-üzə dayanmışdı. Çox sərt danışır: nədi-nədi, qoyunların bir-ikisi zəmiyə girib, beş-on sünbül qırmışdı. Xanqulu hövsələdən çıxmışdı:

- Qarabağda zəmilərimiz yağı düşmənin tapdağı olub. Burada da siz ayaqlayıb qoyun-quzuya yedizdirirsiniz. Day govurla sizin nə fərqiniz oldu?!

Xanqulu yanıqlı-yanıqlı danışıb ürəyini boşaldandan sonra:

- Məni qınamayın, - dedi, - içərimdən odlanıb belə danışıram. Biçinə başlananda bizim bu sovxoz direktoru dedi ki, Xaçmaz rayonu bu il müharibə gedən yerlərə altı min ton taxıl verməlidir. Bunun da düz 350 tonu bizim camaatın boynuna düşür. Direktorumuzun həmin sözündən sonra dərd məni alıb. Fikirləşirəm ki, gərək bu taxılı bircə dəninəcən yığaq. Çünki həmişəkinə baxma, builki çörək müharibə çörəyidir. Hamılıqca onun üstündə əsməliyik. Mən taxılı qurddan quşdan, hər cür itkidən, israfçılıqdan qoruyuram! Kom-baynçılar da gərək təmiz biçsin! Anbardakılar da halala haram qatmasın! Yenə deyirəm, bu, müharibə çörəyidir! Qədrini bilməsək, gözümüzü tutar...

Xanquluya çox deyən olub ki, bu kimsəsiz yerlərdə tək-tənha dolandığın yetər, yığış, get kəndə. Gözətçi olduğun da bəsdir, tay ahıllaşmısan. Bu gündən sonra çoban-çoluqla üz-göz olmaq, sahələrə qarovul çəkmək sənə yaraşmaz. Xanqulunun da yarızarafat, yarıciddi cavabı bu olub ki, mən razı, bəs torpaq?! Soruşun, görün, ton-ton taxılını yığıb, mer-meyvəsini dərdiyimiz torpaq da siz deyənərazıdırmı?!

Onda heç kəs dillənməyib, Xanqulu isə ona bu yerləri tərk etməyi məsləhət verənlərə istehza ilə:

- Həə!! Bəs nə bilmişdiniz?! - deyib. - Torpağın da öz dili, öz səsi-sədası var. Ondan baş açmaq hər kişinin işi deyil. Gərək on illərlə torpaqla təmasda olasan ki, onun sirrindən, sözündən baş aça biləsən. Neçə dəfə istəmişəm ki, bu qarovulçuluğun daşını atım. Ancaq hiss etmişəm ki, torpaq inciyir, torpaq qəribsəyir. Ona görə də lənət şeytana, deyib fikrimdən daşınmışam. Nə gizlədim, elə mən özüm də bu barlı, bərəkətli torpaqdan ayrı düşə bilmirəm. Yarım əsr olar ki, bir-birimizə dayağıq. Torpaq məni yaşadır, mən də ona həyan oluram. Qoymuram qoruğuna quş qanad sala.

Taxılı biçilən sahədə düzəldilmiş kölgəlikdə Xanqulu kişiynən xeyli söhbət etdik. Cavanlardan qıvraq tərpənir, ona heç əlli yaş vermək olmaz. Baxışlarından mərdlik yağır. Necə də zəhmətkeş, vəzifəsinə sadiq adamdır! Çox nisgilli danışdı biznən:

- Buralarda dolansam da ürəyim Qarabağ torpağındadı, sərhəd ellərindədir, - dedi...

İxtiyar qocanın nisgilli söz-söhbəti qəlbimi ehtizaza gətirdi. Bir də ki, Nabran meşələrindən əsən meh, yaxınlıqdakı cökə ağaclarının rayihəsini bu yerlərə yayanda xəyallandım. Cökə çiçəyinin ətrini ilk dəfə 1941-ci ildə Şuşada oxuyarkən duymuşam. Həmişə bu xoş rayihə mənə hər cığırına bələd olduğum Şuşanın ab-havasını xatırladır. Dünyanın üzündə gözəllik xalı, gözəllik mücəssəməsi olan Şuşanın, Xanqulunun titrək səsi, bir də cökə çiçəyinin ətri məni xəyalən Şuşaya apardı. Ancaq getməyimə peşman oldum. Çünki ora-da, cökə ağaclarının dibində köhnə dostum, əzab-əziyyətlə böyümüş zəhmətkeş bəstəkar Süleyman Ələsgərovu yox, yadları gördüm, yağıları gördüm. Üzeyir ruhunun incidiyini, Xanın susduğunu, Bülbülün məlalını gördüm. Vaqifin təhqir olunan məzarını gördüm. Məscidimizin tənhalaşdığını gördüm. Qəlbim göynədi. Nə gizlədim, kövrəldim də. Bunu ətrafımdakılar da hiss edib, pərişan oldular.

Ancaq Xanqulu hünərli adamların mənalı söz-söhbəti mənə təsəlli oldu. Dedi ki, dədə-babadan qalma bir qoşalüləm var. Özü də gizlətmirəm, bir gözü atır, bir gözü yox. O vaxt ermənilər baş qaldıranda atam bu qoşalüləynən onların çoxunu o dünyalıq eləyib. Onu yağlayıb hazır qoymuşam. "Yüz gün yaraq, bir gün gərək" - deyiblər. And olsun bizi yaradana, hələlik bu işin axırını gözləyirəm. Elə ki, gördüm o Ter-Petrosyandır, Zori Balayandır, nədir bir az o yan-bu yan eləyirlər, yaxamızdan əl çəkmirlər, oğlanlarımı da başıma yığıb düz o atışma yerinə gedəcəyəm. Onsuz da öyrəşmiş canam. Gün-güzəranım bu çöllərdə keçir. Meşələrin bir küncünə çəkilib, partizan dəstəsi düzəldəcəyik, and içmişəm! Düşməndən qisas almasam, anamdan əmdiyim süd mənə haram olsun! Qarabağ uğrunda canımı fəda versəm, elə bilərəm ölməmişəm, yaşayıram!

Xanqulu kişi həyəcanlı danışığına fasilə verib ətrafında toplaşanlara işarə etdi:

- Bax, bunlar Allah şahididir, bildirdən yaxamı yırtıram ki, məni Qarabağ müharibəsinə göndərin. Sovxoz qoymur! Direktorumuz deyir ki, hələlik sənin getməyinə ehtiyac yoxdur. Cavanlarımız qabaqda vuruşurlar. Düşmən geri çəkilməsə, onsuz da qocalı-cavanlı hamımız getməliyik. Mən də hələlik bu işin axırını gözləyirəm. Bir də ki, deyirəm, qoy bu taxıl-dənimizi itkisiz yığaq, qurtaraq sonra. Kombaynçılar da sağ olsunlar, hamısı canı dildən çalışır.

El ağsaqqalı düz deyir. Bir neçə il qabaq bu sovxozun maşın-traktor parkında olmuşam. "Dəmirçi" oçerkimi də buradan yazmışam. O vaxt dəmirçi kürəsinin qabağında qan-tər töküb, əlindəki ağır çəkiclə iri zindanların üstündəki qızarmış dəmiri döyəcləyən mahir mexanizatorları bu gün sarı sünbüllü zəmilərdə irəliləyən kombaynların sükanı arxasında görürdüm. Ağahüseyn Ağamirov otuz ilə yaxındır sovxozda çilingər işləyir. Beş oğul böyüdüb, boya-başa çatdırıb. Mühəndisi də var, inşaatçısı da, fəhləsi də. Hamısı da ailə qurub. Axşam evə dönəndə nəvələri onu dövrəyə alır. Babanı sual-cavaba tutanları da olur:

- Baba, bu gün neçə hektar biçmisən?!

Rayon və ya təsərrüfat başçıları ilə dil tapmağa nə var ki! Gəl görüm nəvələrə nə cavab verirsən, necə cavab verirsən?! Vay o halda ki, dediyin onları qane edib, sevindirməsin! Nəvə ittihamının nə qədər ağır olduğunu babalar yaxşı bilirlər. Ancaq Ağahüseyn tənə götürən babalardan deyil. Baş mühəndisin onun barəsində dediyi bircə söz bəsdir:

- Birinci işçidir, sovxozun sağ əlidir. Gün çıxandan qaş qaralanacan taxıl biçir. Gündə dörd adamın işini görür. Kimin də kombaynı xarab oldu, dərhal ona əl atır...

Burada taxıl yığan kombaynçılar barədə, qayğıkeş ata, mərd oğul, kamil mexanizator kimi bir dastan yazmaq olar. Məhərrəm Hüseynov elektrikdir, Tahir Məmmədov yamaqçıdır, Məhəmməd Hüseynov çilingərdir. Onlar cavanların respublikamızın müdafiəsinə getdiyini, işçi qüvvəsinin azlığını nəzərə alıb, əsas iş yerləri olan təmir emalatxanalarını müvəqqəti tərk edib, taxıl zəmilərinə çıxıblar. Hərəsi bir kombaynı idarə edir. Avtomaşın sürücüləri də sahələrdə müsəlləh əsgər kimi dayanıblar. Bunkerlərin taxılla dolduğunu görən kimi idarə etdikləri yük avtomaşınları ilə kombaynlara yan alırlar. Hasil olan məhsulu sovxozun anbarlarına daşıyırlar. Təsərrüfatın başçıları xahiş etdilər ki, sürücülərdən Əliağa Şahbazovun, Ağayani Nemətovun, Valeh Novruzovun, Maləddin Paşayevin adlarını yaxşılığa yazaq. Belə xahişləri yerinə yetirməyə nə var ki! Təki hamı namusla, vicdanla işləsin. Sovxoz direktoru dedi ki, erməni təcavüzü başlanandan bəri kəndin ahılı da, cahılı da gecə-gündüz bilmirlər. Var qüvvələri iləçalışırlar ki, taxıl vaxtında biçilsin, ot yerdə qalmasın, küləş vədəsində toplanıb fermalara göndərilsin.

Səyyar təmir emalatxanasını, benzin dolu çənləri gəzdirən xüsusi avtomaşınlar sahələrdədir. Təmir emalatxanasının ustası, təcrübəli mexanizator Xasməm­məd Qədirov deyir: İndi elə bir məqamdır ki, yığım aqreqatlarının bir dəqiqə belə boş dayanmasına yol vermək olmaz. Xarab oldusa, sahədəcə təmir etməliyik, yanacağı qurtardımı, dərhal benzin, "solyarka" verməliyik.

Əlbəttə, hər şey qarşılıqlı olmalıdır. El arasında be­lə bir söz var: Yan mənə, yanım sənə. Taxılçılar işə ne­cə can yandırırlarsa, sovxoz başçıları da onlara o cür qay­ğı göstərirlər. Sahədə qaz peçi qoyulub. Burada çalışanlara gündə üç dəfə isti yemək, çay verilir. Özü də pulsuz-parasız. Ellikcə zəmilərdə çalışan fəhlələr, Gülçəmən Ağamirovanın hazırladığı dadlı xörəklərdən çox razıdırlar. Maddi cəhətdən həvəsləndirmə tədbirləri də unudulmur. Gündəlik məhsul yığımında fərqlənənlər mükafatlandırılır. Həm də əmək haqqından əlavə onlara müvafiq qaydada taxıl verilməsi nəzərdə tutulub.

Sovxoz direktoru dedi ki, indi iki cür düşünən təsərrüfat başçıları var. Bəziləri camaatın başının Qarabağ hadisələrinə qarışmasından istifadə edib özlərini o qədər də işə vermirlər, kefə baxırlar. Bəziləri də gecə-gündüz özünü oda-közə vurur ki, sərhədlərdə, Qarabağda soydaşlarımız müsibət çəkir, belə məqamda kənd təsərrüfatı planlarını kəsirdə qoymaq kişilikdən deyil. Bildir taxılımız beş kilo idisə, gərək bu il onu on kiloqrama çatdıraq. Təkcə özümüzü yox, müharibə zonasında olan kəndlərimizi də düşünməliyik...

...Bürkülü yay gecəsidir. Nabran meşələrindən başlamış Şahdağın ətəklərinə qədər çilçıraq sayrışan irili-xırdalı kəndlərin əhatəsindəki taxıl zəmiləri, meyvə bağları, üzüm plantasiyaları, bostan, tərəvəz əkinləri qaranlığın lal sükutuna dalıb. Saat dörd olmasına baxmayaraq, sahə xırmanına qarovul çəkən kənd inşaatçısı Abil Ağabalayevin gözlərinə yuxu getmir. Fikri-zikri ermənilərin qana çalxadığı Qarabağ torpaqlarındadır. Hərdən elektrik lampalarının gur işığı altında bərq vuran taxıl təpələrinə riqqətlə nəzər salır və öz-özünə: "Bu ruzuda cəbhədəkilərin də payı var, yarıya qədəri müharibə çörəyidir, gərək elə eləyək ki, bir dəni də tərpənməsin" - deyə öz-özünə düşünür.

Birdən gecənin dərinliklərindən qulağına hənirti gəlir. Tez özünü cəmləşdirib, həmin səmtə atılır. Ona tərəf gələn avtomaşının işığından yayınıb, əlindəki tüfəngi atəşə hazır vəziyyətə gətirir:

- Tərpənməyin!..

Rayon icra hakimiyyəti aparatı kənd təsərrüfatı şöbəsinin müdirinin və aqrokombinatın baş direktorunun səsi eşidilir:

- Abil, bizik!..

Abil onlara tərəf tuşladığı silahını aşağı salıb:

- Bağışlayın, - deyir, - tanımadım...

Görüşürlər. Gələnlər xırman gözətçisindən hal-əhval tutub, sonra qonşu təsərrüfata yollanırlar.

li, Xaçmaz camaatı yaxşı bilir ki, müharibə dövrünün də öz qanunları var. Bu sərt qanunların təsiri gərək təsərrüfat məsələlərinin həllində də hiss olunsun. Ona görə də rayon başçıları da gecələr dinclik tapmır, bir çox mənada sovxozları dolaşır, xırmanlara baş çəkirlər.

ndlinin qayğıları, təkcə yetişdirdiyi taxılı toplamaqla bitmir. Gələn ilin məhsulu üçün gərək indidən etibarlı bünövrə yaradıla. Taxılı biçilən sahələrin gübrələnməsi, şumlanması, toxum hazırlığı... Əkinçilər bu sahədə də görüb-görəcəkləri işləri ölçüb-biçiblər. Mus-tafa Şadmanov traktoru yay şumuna hazırlayırdı. Mustafa bir neçə il bundan qabaq Özbəkistan elindən gələnlərdəndir. "Ağacı kəsərsən, səmtinə yıxılar" - deyiblər. Məlum səbəblər üzündən Mustafa öz türk elinə, türk dünyasına tapınıb. Az vaxt ərzində camaatla qaynayıb-qovuşub. Kəndin hörmətlisi, sevimlisi olub. Burada rahat ev-eşik, dolanışıq sahibi olub, gün-güzəran tapıb. İnsafən o da heç itirmir bu haqq-sayı. Onu kənddə işgüzar mexanizator, səriştəli əkinçi kimi tanıyırlar. Məhsulun bünövrəsini qoymaq da ona tapşırılıb. Mustafa Şadmanov da etimada layiq kişidir. Deyir, Qarabağda döyüşçülər yatır ki, biz də yataq?! Axı bura da cəbhədir! Torpağının bütövlüyü uğrunda döyüşən xalq dincliyin, arxayınçılığın nə olduğunu bil-məməlidir.

Xaçmazın qız-gəlinlərini gözəl, səliqəli, zövqlə geyinib-kecinən görmüşəm. Bu dəfə... Rayon icra hakimiyyəti başçısının otağındaydım. İçəri alçaq boylu, çəlimsiz, ancaq çevik tərpənişli və baxışları mərdlik, cəsarət ifadə edən bir qız daxil oldu. Əynində qızlara məxsus yay geyimi görmədim - əsgər qiyafəsindəydi. Ceyran Sultanmuradovanı deyirəm. Sabiroba kəndindəndir. Onuncu sinfi təzə bitirib. Dörd aydı Qarabağ döyüşlərindədir. "Məni Qarabağ cəbhəsinə getməyə vadar eləyən Xocalı faciəsi olub, - dedi. - Bacılarımın qanını almışam... İki günlüyə gəlmişəm ki, ata-anamla, qardaş-bacılarımla görüşüm. Döyüş meydanıdır, dünyanın işini nə bilmək olar?! İcra hakimiyyəti aparatına gəlməkdə məramım odur ki, on iki nəfər də mənimlə getmək istəyir. Onların arzusu da nəzərə alınsın...". Ceyran belə bir söz də işlətdi: "Kənddə camaatımıza demişəm ki, taxıl yığımını gecikdirmək olmaz. Zəmilərə çıxıb, bir-iki bafa da biçdim. Ancaq əlim silaha vərdiş etdiyi üçün..." Həcər timsallı bu qız çox tələsik danışırdı. Ona elə gəlirdi ki, burada beşcə dəqiqə geciksə, cəbhə əldən gedəcək. Sözünü deyib başçının otağını tərk etdi. Bir kölgə, xəyal, yuxu kimi. Onun gedişi Şuşada, Laçında itirdiyim inamı, sevinci, ümidi özümə qaytardı. Şükür ilahinin kərəminə! Nə yaxşı ki, belə cəsur qızlarımız var!

 

8 iyul 1992-ci il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com