www.aliildirimoglu.az

OÇERKLƏR

QIRILMAZ TELLƏR

Araz Naxçıvan dənizinə qovuşub dayanır, mavi­ləşir, sanki bir anlığa dincini alır. Sonra… Sonra beton bənddən gur bir axınla aşaraq öz məcrasında uzaq səfərinə davam edir, Milə, Muğana tələsir. Dərələrdə sıxıldıqca coşub köpüklənir, özünü qayalara çırparaq büllur şüşə kimi çilik-çilik olur, sahillərinə çilənir. Sonra genişliyə çıxır, qol-qanad açır, sakitləşir, elə bil həm də tənbəlləşir. Könülsüz axır, sanki xəcalət çəkir, nəinsə xəcalətini… Bir milləti ikiyə bölmək xəcalətini. Bəzən xəlvət yer axtarırmış kimi kol-kosluqların, sö­yüd meşələrinin arasında gizlənərək gözdən itir. Onun səmtini yalnız tez-tez enib-qalxan ördək sürüləri, ağlı-qaralı su quşları büruzə verir. Sübhün şəfəqləri sökü­ləndə sahilində qırqovullar ötür, turaclar qənşərə çıxıb lacivərd sulara nəğmələr qoşur. Milliyyətcə çeçen olan baş leytenant Muradəliyev öz gəncliyini, bax, burada keçirib. Xan Arazın səfalı vadisində. Doğma Vətə­ni­mizin sərhədinin keşiyində həmişə ayıq-sayıq olub. Ancaq tək yox, əsgər həmkarları ilə, yerli camaatla birlikdə.

…Baş leytenant Muradəliyev yenə də sərhəd işa­rə­lərini, əsgər postlarını dönə-dönə yoxlayıb, durbinlə ətrafı nəzərdən keçirdi. Hər şey öz qaydasındaydı. O, arxayınca maşına əyləşdi. Arazın sol sahili boyunca uza­nan cəngəlliklər arxada qalırdı. Heç bir şey, adi bir çöpün tərpənməsi də onun diqqətindən yayınmırdı. Bə­zən irəlidəki kolun dibinə qısılan turaclar motorun səsini eşidən kimi köksünü torpağa söykəyib yerə sinir, avtomaşın yaxınlaşanda qəflətən pırıldayıb havaya qalxır və gözdən itirdi. Ancaq baş leytenant bunun üçün heç də silaha əl atmırdı. Düşünürdü ki, təbiətin yaraşığıdır. Bu yerlərin gözəlidir, nəğməkarıdır. Bir də ki, silah gəzdirsə də, qan tökmək istəmir. Neçə dəfə burada vəhşi qabanların sürüsü ilə rastlaşıb, ancaq si­lah qaldırmayıb. Bir dəfə yoldaşlarından biri bu cür həd­dən artıq ürəyiyumuşaqlığı ona irad tutanda, baş leytenantın xeyirxah baxışlarında acı bir təbəssüm dolaşdı:

- Bizim silahlar qorumaq, yaşatmaq üçündür, - dedi. - Məhv etmək, qırmaq, dağıtmaq üçün yox!

Laçın Muradəliyev kövşən yolunun ortasına san­cıl­mış payanı görəndə gülümsündü. Sürücüyə sükanı sola döndərməyi işarə etdi. Avtomaşın irəlidəki tə­pə­nin ətəyindən burulub dərəni keçdi. Düzün qurta­ra­ca­ğında qoyun sürüləri göründü. Bir qədər aşağıda seyrək tüstü qalxırdı. Çoban itləri maşına tərəf hücum çəkdilər. Baş leytenant maşının kabinəsindən başını çıxaran kimi zəhmli itlər tanış adama hürdüklərindən peşman olubmuş kimi, quyruqlarını bulayıb müti halda geri çəkildilər. Zabit maşından enib hərəsinə bir parça kolbasa atdı. İtlər onun ayağına sarmaşdılar. Nəsib kişi baş leytenantı görən kimi ocağın kösövünü irəli itələdi və sevincək ayağa qalxıb yapıncısını çiynindən aşırdı, dostunun qabağına çıxdı. Onlar səmimiyyətlə görüşdülər. Nəsib kişi gileyləndi:

 - Elə ki, payız düşür, qoyunun dölü başlanır, ço­ba­nın da qayğısı çoxalır, başı qarışır - dedi. - Düzü, nəçən­nik, səndən yaman qəribsəmişəm. Bu gün fikir­ləşib yola bir ağac sancdım. Dedim, arifə bir işarə… Elə arzu edirdim ki, sulux vaxtıdır, gəlib, bax, elə buradaca qonağım olasan. Yaxşı da yuxa gətirmişəm. Həm də bir məsləhətim var.

Baş leytenant əlini Nəsib kişinin çiynindən çəkmədən:

- Xeyirdirmi?

- Şərə lənət, nəçənnik! Payıza dönəndə bizim bu Qazaxlar kəndinin toyu-düyünü başlanır. Niyə? Ona görə ki, indi heyvanın yağlı vaxtıdır. Həm də iş-güc bir az seyrəlib. Bizim uşağın da xeyir işi var. Bazar ertəsi nəhs gündür. Mən də bunu nəzərə alıb toyu cümə ertə­sinə salmışam. Arvad deyir ki, gərək yoldaş qəməndir də ürəyi istədiyi adamlarla gəlib məclisimizdə əyləşə. Sonra eşidib inciyər.

Baş leytenant ürəkdən gülüb, bu münasibətlə Nəsib kişiyə xeyir-dua verdi və onun toy məclisində də müt­ləq iştirak edəcəyini bildirdi.

Onlar ocağın qırağında açılmış süfrənin başında əyləşdilər. Nəsib kişi kösövün ucu ilə ocağı qurdalayıb qorun altından iki sulux çıxartdı. Qonağına zarafatla işarə edərək:

- Yoldaş qəməndir, - dedi. - Biz çobanların da kol­basası bax, bu suluxdur.

Baş leytenant güldü. Sonra o, rəsmi bir görkəm alaraq bir neçə il bundan qabaq sərhəddə baş verən bir hadisəni xatırladı və Nəsib kişinin bu sahədə sərhəd­çilərə göstərdiyi köməyin heç vaxt unudulmayacağını bildirdi.

Nəsib kişi yenə də özünəməxsus zarafatla:

- Ay yoldaş qəməndir, - dedi, - bizim kənddə hər bir evin çəpəri var. Məgər kənar adam onu basa bilər?! Yoox!

Çoban sərhəd məftillərinə işarə edərək:

- O da milyon-milyon evləri, zavodlarımızı, fabrik­lərimizi, şəhərlərimizi, kəndlərimizi, var-döv­lətimizi yadlardan, bədniyyət adamlardan qoruyur…

sib kişi yumruğunu düyünləyərək:

- Kimin nə həddi var ki, ona toxunsun! - dedi.

Onlar xeyli söhbət etdilər. Baş leytenant qolun­dakı saata baxaraq: - Vaxtdır, - deyib ayağa qalxdı. Zabit maşına yaxınlaşanda Nəsib kişi:

- Hə, yoldaş qəməndir, yaxşı yadıma düşdü, - dedi. - Vaxtın olanda bir bizim Məryəm bacıya da baş çək. Bizim sədri deyirəm, ey. Səni yaman axtarır. De­yir ki, sözüm var.

Zabit:

- O da baş üstə, Nəsib kişi, hələlik, - deyib cəld maşına əyləşdi. Nəsib kişi ondan nəzərlərini ayır­ma­dan çoban həmkarlarına tərəf yönəldi:

- Yaman sadə, istiqanlı, yapışıqlı qəməndirdir, - dedi. - Halal olsun, xeyirxah adamdır.

Sərhəd boyundakı kəndlərin hansından keçirsə, uşaqlar da xüsusi bir ehtiramla:

- Leytenant dayıdır, - deyirlər.

 Leytenant dayı! Laçın qardaş! Bu sözlər necə də hörmətlə səslənir!

… Neçə il bundan qabaq xidmət müddəti başa çatdı, istefaya çıxdı. Doğmalaşdığı evdən ayrılanda onu gül-çiçəklə, neçə-neçə hədiyyələrlə yola saldılar. Baş leytenantın gözləri bahar buludu kimi doldu. Hə­mişə şən görünən yanaqlarında yaş damcıları gilə­ləndi…

Özü getdi. Qəlbi burada qaldı. Neçə ildir dost-tanışlarla əlaqəsini üzmür, məktubu kəsilmir. Budur, rayonun sayılan adamı Mədəd Abbasov poçtalyondan yenicə aldığı məktubu açaraq üzünü bizə tərəf tutur:

- Bizim Laçın Muradəliyevdəndi, - deyir. - İndi Donetsk şəhərində yaşayır. Oradakı institutlardan  birində işləyir.

Mədəd Abbasov məktubu oxuyur:

"… Şəhərdə tikilən mədəniyyət sarayını istifadəyə vermisinizmi? Baş Mil kanalının çəkilişi qurtarıbmı?.. Şamama bacıdan xeyli vaxtdır məktub almıram. Musa Səfərova de, yaman yadıma düşür… Nəsib kişinin sulu­xundan olmaz, ona mütləq mənim salamımı yeti­rin. Məryəm bacının kefi, işi necədir? Hərdən bura­dakı çayların sahillərinə çıxıram. Arazı xatırlayıram. Məktubumu Səmədin bir sözü ilətamamlayıram:

"Gözüm gözünüzdən uzaq olsa da,

Könüldən-könülə yollar görünür".

Vətənin, onun ucsuz-bucaqsız sərhədlərinin qorun­ması yolunda yaranan dostluq, bağlanan ülfət necə də unudulmaz, necə də silinməzdir. Araz vadi­sində dolaşdıqca bu cür incə, həzin, lakin möhkəm vəqırılmaz tellərlə bir-birinə bağlı olan neçə-neçə Vətən fədaisi ilə rastlaşırdıq. Düşünürdük, yadlar dəmir məftilləri qıra bilər, amma bu cür müqəddəs telləri yox. Bu birlik, etibar, sədaqət, mərdlik tellərini.

… Əzizbəyov adına kolxozun ərazisindən keçən kanalın qurtaracağında bir nəfər adam görünür. Özü də çoban qiyafəsində. Bəlkə mal-qara otarır! Doğru­dan­mı, o çobandır? Sərhəd adamları, adətən, belə anlar­da özlərinə bu cür sual verir və onu dərhal araşdırmağa çalışırlar. Kolxoz sədri Yolçu Kərimov kolxozçulardan təklənib saymazyana "çoban"a tərəf yölir. "Çoban" isə özünü suçlu aparır, aralanmağa çalı­şır. Şübhə artır. Yolçu Kərimov məsələnin nə yerdə olduğunu anlayıb birbaş onun üstünə yüyürdü. "Çoban" kanalın dərin suyuna tullandı. Yolçu da onun arxasınca. "Çoban" suyu süzülə-süzülə kanaldan çı­xıb qarşıdakı təpəni aşdı. Ancaq qoçaqlardan yaxa qur­tara bilmədi. Onun qollarını qatlayıb kürəyində bükdülər…

Sərhəd komandiri Yolçunu bağrına basıb namə­lum adamı lənətlədi:

- Neçə gündür, gözümüzə yuxu getmir, bu məlunu axta­rırdıq, - dedi, - ingilis iblisidi…

Gənclərin rayon toplanışında sərhədçilər Yolçu Kəri­movu təbrik edib, onun qoluna qızıl saat bağladılar.

Bəli, bizim sərhədlərdə quş da səkə bilməz. Qonşu kolxozun üzümlüyündə bir nəfər vurnuxurdu. O, yola nabələd idi. Hətəm Hətəmov ona yaxşıca "bələdçilik" etdi. Nabələd adamın qabağına düşüb, onu birbaş "qohum­larıgilə" ötürdü. Onların daxil olduğu otağın qapısında bu sözlər yazılmışdı: "rayon milis şöbəsi"…

24 sentyabr 1976-cı il

"Kommunist" qəzeti

Füzuli



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com