www.aliildirimoglu.az

OÇERKLƏR

GÜLNAZIN HÜNƏRİ

Səhərdən bəri Qarabağın bərəkətli torpağını hərarətə gətirən avqust günəşi qızılı şəfəqlərini top­la­yıb Murovun arxasına çəkilir, uzaqdakı dağların zirvə­sindən asılı qalan bulud laylarını çəhrayı rəngəboyayırdı. Kürün xəfif mehi bayaqdan sakit dayanan ağacları asta-asta hərəkətə gətirir, qocaman xan çina­rın enli, qırçınlı yarpaqları ağır-ağır qanad çalırdı. Ağlı-qırmızılı çiçəklərlə bəzənən yaşıl tarlalarda adamlar getdikcə seyrəkləşir, gündəlik becərmə tapşı­rı­ğını vaxtından qabaq yerinə yetirən əmək bahadır­ları yeni tikilmiş tarla düşərgələrinin qarşısında dayanan təzə və rahat avtobuslara əyləşib evlərinədönürdülər. Gülnaz hələ də sahələri dolaşırdı. O, yaşıl cərgələrin arası ilə irəliləyir, ucvurmaya ehtiyacı olan yerləri qeydə alır, kultivasiyanın, suvarmanın keyfiy­yətini dönə-dönə yoxlayır, məhsulu maşınla yığılacaq sahələrin alaqlı  olub-olmadığını dönə-dönə nəzərdən keçirirdi. Sahənin başına çatanda onun iti baxışları iri hərflərlə qırmızı lövhəyə yazılmış bu sözlərə sataşdı: "Hər hektardan qırx sentner!" - Gülnaz ayaq saxlayıb, ani fikrə getdi. Onun məsum dodaqları xəfifcə pıçıldadı:

- Vaxt çatır, bu vədə əməl edə biləcəyikmi?!

nc pambıqçı bir də geri döndü, əkib-becərdiyi sahələrə baxdı, daxilən onda baş qaldıran suala dürüst cavab tapmaq üçün bir neçə addım irəli yeridi. Gülnaz qəddini əyib müxtəlif cərgələrin hər metrində bitkilərin miqdarını, barını-bəhrəsini saydı və balaca cib dəf­tər­çəsini çıxarıb bəzi hesablamalar apardı. Onun çöhrə­sinə təbəssüm yayıldı, yazdığını dilində əzbərləmək istəyirmiş kimi təkrar etdi:

- Orta hesabla hər hektarda yüz min sağlam bitki, hər kolda iyirmi yetkin qoza, on-on beş qönçə və çiçək…

Gülnazın qət etdiyi zirvənin ən çətin keçidləri artıq arxada qalmışdı. Köks dolusu nəfəs alır, sanki yüngülləşirdi. Yox, o, əsla arxayınlaşmaq, yorulmaq bil­mir­di. Deyirdi ki, yetişdirdiyimiz məhsul öhdəlikdə  nəzərdə tutduğumuzdan da çoxdur. Ancaq bir əkinçi kimi düşünüb daşınsaq, deməliyəm ki, hələlik mənzi­li­miz yarı olub. Əsl hünər odur ki, payızın yağışına, yağ­muruna tab gətirəsən, açılan məhsulu vaxtında yığ­asan, tərtəmiz tərəzidən keçirəsən, yüksək keyfiy­yətlə dövlətə təhvil verəsən.

dim torpaq öz "ağ qızıl" sərvətini onun qədrini bilənlərdən, qayğısını çəkənlərdən, ağılla, ustalıqla əkib-becərənlərdən əsirgəmir. Uca-uca pambıq taya­la­rının sayı ilbəil artıb çoxalır, elin varı getdikcəaşıb-daşır. Bu şərəfli yolda neçə-neçə əmək bahadırı yüksək şüurluluq nümunəsi göstərir, ad-san qazanır, şan-şöhrət sahibi olur. Rahilə polad atına süvar olub sü­kan­dan yapışanda ona - maşının mübarək! - dedik. Tərlan öz "mavi gəmi"silə neçə-neçə ağ ümmanlar fəth etdi. Kübranın hünəri dillərdə dastan oldu. Bu gün Bər­dənin səmasında yeni bir ulduz parlayır, yaşıl tarlalarda mayak kimi işıq saçır: Gülnaz! Qarabağın hünərvəri, yazıçıların, jurnalistlərin, bəstəkarların qəhrəmanlıq mövzusu.

* * *

Gülnaz orta məktəbi bitirən kimi arzularının cığırları ilə tarlaya çıxdı, əmək meydanına atıldı. "Mos­kva" kolxozunun üzvlərinə qoşuldu. Yaşıl cər­gələrdə anası Göyçək xala ilə çiyin-çiyinə irəlilədi, ilk addımlar atdı. Atası Rza kişinin kanallara, arxlara, şırımlara payladığı suların həzin nəğməsini dinlədi. Əvvəlcə kətməndən yapışdı, yaşıl kolların nazını çəkdi. Tarlalar bara-bəhrəyə dolanda, qozalar ağzını açan­da döşlüyü gündə neçə dəfə dolub-boşaldı. Gül­nazın qızıl əlləri ilə toplanan məhsul xaral-xaral maşın­lara yükləndi… Hamı Gülnazdan danışdı, Gülnazı sevdi, tarla cəngavəri kimi. Onun sinəsində ən yaxşı gənc pambıqçı nişanı parladı. Bəsti Bağırova adlı mükafata layiq görüldü.

Gülnaz Quliyeva manqabaşçısı vəzifəsinə irəli çəkildi. Güclü traktorlar nərə çəkib gur bir axınla sahə­lərə çıxdı. Torpağın altı üstünə çevrildi, yerin sinə­si sığallandı, sahələrin səthi hamarlandı, torpağa do­yunca gübrə verildi, səpin vaxtında başa çatdı.

Ancaq bu il əkinçilər üçün uğurlu keçmədi, leysan yağışlar becərməyə imkan vermədi. Onun üzv olduğu briqadada ağır vəziyyət yarandı. Səpilən yaxşı cücər­mədi. Rayonun mütəxəssisləri briqadanın sahəsini gəzən­də belə bir vəziyyətdən çıxmaq üçün təsərrüfat başçıları ilə birlikdə yollar araşdırdı. - Briqadanı Gülnaza tapşırmaq lazımdır, - dedilər. - Tarlada ya­ran­mış belə bir geriliyin tezliklə aradan qaldırıl­ma­sını ancaq Gülnaz təmin edə bilər.

Belə də oldu. Gülnaz çətin anda kollektivin gücünü səfərbər etdi. Vaxt itirmədən çiyidi cücərməyən sahələr dərhal yenidən əkildi, boş yuvalar bərpa olun­du. Çox keçmədi ki, hər hektarda kifayət qədər bitki əldə edildi. Cərgə aralarına dönə-dönə kultivasiya çəkildi, atası Rza kişi suvarmanı vaxtında apardı. Kol­larda xəstəlik müşahidə edildiyi, sovka qurdu nəzərə çarpdığı vaxt dərhal çiləyici və tozlayıcı aparatlar işə düşdü, tarlalara kimyəvi dərman səpildi…

Qardaş Türkmənistan elindən gəlmiş yoxlama briqadasının üzvləri "Moskva" kolxozunun sahə­lərini gəzəndə Gülnazın başçılıq etdiyi briqadanın səliqə-sah­­manına, becərdiyi sahələrə heyran qal­dılar. Qo­naq­lar dedilər ki, bu barlı-bəhərli sahələr bizə Türk­mə­nistanın adlı-sanlı pambıq ustası Xan­gəldi Çoba­novun yaşıl plantasiyalarını xatırladır.

Gülnaz Quliyeva ilə tarlada görüşdük. Son becər­mə işləri gedir, yığıma hazırlıq görülürdü. Bu günlər onun sevinci sinəsinə sığmır, bizimlə nikbin bir əhval-ruhiyyə ilə danışırdı:

- Hər hektardan qırx sentner nədir ki, - deyir. - Allah-taalanın köməyilə, deyərdim ki, bu çox azdır. Atam suçu, anam qabaqcıl pambıqçı, həm də qəh­rə­man. Özümüz də səkkiz bacı-qardaşıq. İldəiyirmi min ma­nata yaxın gəlirimiz olur. İkimərtəbəli evimiz, yarlı-yaraşıqlı həyət-bacamız… Pambıqçı əməyinin nəticəsi… Onun əməyinə verilən yüksək qiymət, ona gös­tərilən el qayğısı…

Tarlalardan qayıdanda ətrafa yavaş-yavaş toran çökürdü. Təmiz səmada ulduzlar sayrışırdı. Küçələri nura qərq edən elektrik lampalarının gur işığı gecənin qaran­lığını qovub kənddən uzaq­laş­dırırdı. Sol tərəf­dəki uca binanın geniş ayna­bəndindən şən musiqi təra­nələri süzülüb ətrafa yayılırdı.

Kolxozun sədri həmin işıqlı, toylu-düyünlü binaya işarə edərək:

- Bayaq söhbət etdiyimiz Gülnazgilin evidir, - dedi. - Bacı-qardaşının çoxu musiqi təhsili alıb. İsrail tar çalır. Minayə qarmon. Şükür də qaval vurur… Keyfləri kök, damaqları çağ…

 

17 avqust 1978-ci il

"Kommunist" qəzeti

Bərdə




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com