www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

“MƏNİM GECƏM-GÜNDÜZÜM”

Bu şəhərin tünlüyündən, alışıb yanan işıqlarından, hay-küyündən qaçıb, yazıçı Əli İldırımoğlunun işığına, yazılarının haləsinə bürünmüş yazı stoluna dirsəklənib Fikrət Əmirovun “Kürd ovşar”ına, “Şur”una qulaq asa-asa söhbət edirik. Bəlkə də, çoxdandır ki, insanın bu qədər ağrıdığını, bu qədər əzab çəkdiyini, içəridən qıvrıldığını, korun-korun tüstüləndiyini görməmişdim. Danışdıqca gicgahındakı damarlar ürək kimi döyünür, yoxuşu çıxırmış kimi sözünə, söhbətinə ara verirdi. Qəzəbi də, mehr-məhəbbəti də yol çəkən gözlə-rinə yığılmışdı. Həkəri çayının, Bərgüşad çayının, Yazı düzünün, göylərə dəyən qarlı dağların başı üstündə hana qurmuş Fatma nənənin göyqurşağının rəngləri eyzən söhbətində, sözündəydi.

Yaxşı söhbət tərs şapalaq kimidi. Səni tutdumu, ömür-billah yadından çıxmaz. Əli müəllim də külün altında köz axtara-axtara uzaqdan, çox uzaqdan gəlirdi.

Noyabrın 17-də 77 yaşı tamam olacaq, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, “Həmin adam”, “Közərən sətirlər” romanlarının müəllifi, el ağsaqqalımız, Vətən həsrətli, qüdrətli yazıçımız Əli İldırımoğlunu hamıdan qabaq təbrik eləyən mənəm.

– Əli müəllim, əvvəla, ad gününüzü təbrik edirəm və Allahdan arzu edirəm ki, günlərin bir günündə həsrətini çəkdiyimiz o dağların qoy-nunda bax belə görüşək, o biçənəklərdə ot çala-çala, ayağımız şehə bata-bata şirin-şirin söhbət eləyək, əsərlərinizdə heykəl qoyduğunuz o tənha ağacın nağılına qulaq asaq, Həkəri, Bərgüşad çaylarında əllərimizi yuyub bir salavat çevirək...

Bizdə belə bir ifadə var: 7-dən 77-cən... Bax elə indicə bu anlarda dün-ya görmüş, Azərbaycanı qarış-qarış gəzmiş 77 yaşlı yazıçı Əli İldırımoğlu üçün dirsəkləndiyi bu yazı stolu nə deməkdir?

– Mənim söykək yerim, təsəlli yerim bax bu yazı stolu, bu qələmdir. Darıxanda bu stola qısılıram, qəhərlənəndə bu stola qısılıram. Görürsünüz, bu stolun üstündə mənim bir maqnitofonum da var. Onun içərisində Fikrət Əmirovun “Kürd ovşarı”, “Şur” simfonik muğamları var. Ən kədərli anlarım-da bu muğamlara qulaq asıram. O, məni vəziyyətdən çıxarır. Sual eləyə bilər-siniz: Niyə vəziyyətdən çıxarır? Dünyada pis musiqi yoxdur, bütün musiqilər gözəldir. Amma hər xalqın musiqisi özünə doğmadır, müqəddəsdir.

Mən gözümü açıb aşıq musiqisi eşitmişəm. Nəğmə dəftərimin ilk vərəqlə-rinə Aşıq Ələsgərin sazı-sözü düşübdü. Ona görə bu gün mən sazı-sözü eşidəndə qəlbim ehtizaza gəlir, bütün vücudum titrəyir. Mənim övladlarım cavan uşaqlardır. Bax, o kasetləri qoşsan, orda nə Üzeyir var, nə Aşıq Ələsgər var, nə Aşıq Hüseyn Saraclı var. Amma mənim sevdiyim kasetlərdə Üzeyir bəydi, Fikrət Əmirovdu, Qara Qarayevdi, Tofiq Quliyevdi, Rauf Hacıyevdi, Arif Məlikovdu, Cahangir Cahangirovdu, Xan Şuşinskidi, Həqiqət Rzaye-vadı, Şövkət Ələkbərovadı... Mən onlardan bəhrələnirəm.

– Bəs Fikrət Əmirovun musiqisini belə sevməyiniz nə ilə bağlıdır?

– 1948-ci ildə mən un kisələri ilə yüklənmiş maşının üstündə Ağdamdan kən-dimizə gedirdim. Bizim kəndimizdə başdan-binədən radio olmayıb. Mən mu-siqini hərdənbir rayona gedəndə o teleqraf dirəklərində bir təvərə vardı ey, ordan, bir də kənddə bəzi müəllimlərin tək-tük patefonu olardı, bax ordan eşidərdim, vəssalam. Musiqi haqqında təsəvvürüm, demək olar ki, bax bu səviyyədə idi. Təbii ki, eşitdiyim musiqi əsərlərinin müəllifləri də sirli, naməlum olaraq qalırdı.

Turşsuya çatanda sürücü qayıtdı ki, qardaş, qaranlıqdı, mən də yorulmu-şam, gəlsənə burda bir az dincələyin. Etiraz eləmədik. Etiraz eləyib neylə-yəcəkdik. Yol sürücünün əlində idi. 3–4 nəfəriydik, tayların üstündə. Elə gözümü yummuşdum ki, hardansa ilahi bir musiqi süzülüb gəldi. Gördüm ki, bu musiqi məni o Turşsu meşələrinin başına qaldırır. Ordan baxıram, elimiz-obamız görükür, Bərgüşad görükür, Həkəri görükür, Laçın dağları görükür... Sonra bu musiqi məni göylərdən endirir, Turşsu bulağından su içirəm, çıxıram çəmənliklərdə xalça saldırıram, orda mütəkkəyə dirsəkləni-rəm, el yoluynan gedən köçə, zınqırovlu dəvə karvanlarına baxıram. Bu mö-cüzəli, bu sirli musiqi kimindir, ilahi? Kim yazıb bunu? Bilmirəm. Amma onu bilirəm ki, bu musiqi məni tilsimə salıb. Bu dağları gəzirəm, qartal olub göy-lərin ənginliklərinə qalxıram, dünyaya baxıram, bu musiqi məni götürüb gedir. Amma bilmirəm kimindi, kim yazıb onu, necə yazıb? Belə möcüzəni insanmı yaradar, ilahi? Çox sonralar öyrəndim ki, bu, Fikrət Əmirovun musiqisidi. O, mənim yaddaşıma, qəlbimə həkk olundu. İndi hər o musiqi çalınanda mən özümü Turşsuda – o avqust axşamında hiss edirəm, təsəvvür eləyirəm.

Belə bir xüsusiyyətim var: ilk dəfə harda, hansı musiqini eşitmişəmsə, o çalınanda xəyal məni həmin yerlərə, həmin anlara aparır. Yadıma gəlir, mən Rayon Maarif Şöbəsinin inspektoru işləyirdim. Evlənmək ərəfəsində idim. Kasıbçılığın üzü qara olsun, çox kasıb idim. Ayda 790 manat maaş alırdım. Aldığım heç məni düz-əməlli görmürdü. Yaxşı ki, atam kömək eləyirdi.

Darısqal mənzilimdə fikir-xəyal içində oturmuşdum. Şıdırğı yağan yağış təzəcə kəsirdi. Şiferlərin qırağından damcı-damcı yağış tökülürdü. Birdən ra-dioda musiqi çalındı. Əfrasiyab Bədəlbəylinin musiqisi idi. Sözün düzü, mən heç onun musiqisinə belə maraq göstərmirdim. Amma sonra o musiqi mən-dən getmədi ki, getmədi. İndi də o musiqi çalınanda həmin o yağışlı günü, o evlənmək eşqinə düşən anlarımı, o tənhalığımı mənə xatırladır. Sizi inandırı-ram, hətta o şiferdən düşən damcıların səsini də eşidirəm. Və yaxud da oğlum Tibb İnstitutuna qəbul olunmuşdu. Təzə “İnturist”də qalırdım. Orda bir Ya-mayka musiqisi çalınırdı. Mən xarici musiqilərə o qədər də aludə deyiləm. Amma indi mən o musiqini tapdırıb, lentə aldırmışam. Qulaq asıram. Məni oğlumla bağlı o günlərə aparır. Həmin anlara ki, cavanlıq anlarımdı, gümrahlıq, sağlam-lıq, gənclik anlarımdı. Mənim musiqiyə münasibətim, bax belədi, qardaş.

Mən o yazı stolundan ki, aralanıram, elə bil stol məndən küsür, mən stoldan küsürəm. Stol məndən ona görə küsür ki, mən ona yaxın düşmürəm. Mən də ona yaxınlaşa bilmirəm ona görə ki, cəsarətim çatmır, axtardığımı tapa bilmirəm. Roman yazmaq, elə bil ki, ağır bir səfərdi, yola çıxırsan. Sizi inandırıram ki, gedəndə görürəm ki, yolum yoxuşa dirəndi, istəyirəm qayı-dam. Deyirəm ki, yox, bu, çətin olar, yarı yoldan qayıtmazlar. Özümü topla-yıram. Fikrətin o sehrli musiqisini eşidirəm. İlahi bir qüvvə, ilahi bir cazibə məni yazı stoluna sarı çəkir. Bu yanğıdımı, həvəsdimi, həsrətdimi deyim...

Bilmirəm, bilmirəm... Bir qüvvə maqnit kimi məni yazı stoluna doğru çəkir. Yaxınlaşdırır. Otururam. Oturandan sonra da Fikrətin musiqisi karıma gəlir, harayıma çatır. Əlimə qələm alıram, başlayıram yazmağa. Elə ki, başlayıram yazmağa, görürəm ki, yol gedirəm. Uzaq, sonu görünməyən bir yol.

– Əli müəllim, hər yazıçının öz cazibə qüvvəsi, kürəyində tanrı əli var...

– Dəfələrlə mən roman yazanda – lap “Közərən sətirlər”i də, “Zorən jur-nalist”i də yazanda yolun yarısından qayıtmaq istəmişəm.

Özümdən soruşmuşam: “Sən hara gedirsən?” Tərəddüd eləmişəm, bəlkə, qayıdım? Bəlkə... Amma sonra bir qüvvə mənim qolumdan tutub irəli çəkib, mənə kömək eləyib, mənim karıma gəlib. Mən, əstəğfürüllah, Məhəmməd peyğəmbər deyiləm. Amma mənim öz fikrim belədir ki, insana gərək bir vəhy gələ. Şeir yazmaq hələ şair olmaq deyil, heç hekayə yazmaq da yazıçılıq deyil. Gərək ilahidən, qeybdən bir səs, vəhy gəlsin ki, oturub işləyəsən. Elə olur ki, bir gündə bir çap vərəqi yazı yazıram, elə də olur ki, bir həftə kağıza, yazı stoluna yaxın düşə bilmirəm. Vallah, bu sirillahi bir işdir. Bax ona görə də, yaradıcılıq sirri, yaradıcılıq əzabı, gizlinləri belə dadlı, belə şirindir. Burda həm də oxucu xofu, bir məsuliyyət hissi də var. Mən oxucuya məhsul veri-rəm. O oxuyub mənə nə deyəcək? Bax bundan qorxuram. Oxucu qarşısında məsuliyyət hissindən.

Mustafa Mərdanov bir dəfə mənə dedi ki, qırx ildir ki, səhnədəyəm, bu gün də mən səhnəyə çıxanda tamaşaçılarımın zəhminin təsiri altında dilimin şirinliyini, pəltəkliyini heç kim hiss eləmir. Bu, böyük sənətkarlara, istedadlı insanlara xas olan, böyük hərflərlə yazılacaq məsuliyyət hissidir. Bax ona görə də, mən yazı-pozuya, kitaba müqəddəs bir şey kimi baxıram. Kitab yazı-çıya mənəvi övladdır, gərək bunu səliqə ilə ortaya çıxarasan. Əsərlərimi ki, bu şəkildə yazıram, onu çap eləyəndən sonra satışa qoymaq istəmirəm. Çünki kitablarıma yazığım gəlir. Fikirləşirəm ki, ilahi, bu kimin əlinə düşəcək. Bunu gedib alanda kimsə ağız büzəcəkmi, kimsə aparıb vərəqləyib bir küncə atacaqmı? Axı, mənim kitablarım ona layiq deyil. Mən kitablarımı yalnız dost-tanışlarıma, kitabın, yazı-pozunun qədrini bilən insanlara bağışlayıram. Açığını deyim ki, mənim kitablarımı zövqü olan çox adamlar oxuyur. Hətta onun əlyazmalarını da çox ciddi şəkildə oxutdururam. Deyir, zər qədrini zərgər bilər. Bu mənada yazıçı Cəmil Əlibəyov mənim çox köməyimə gəlir. Baxmayaraq ki, Cəmil müəllim bir az nasazdı. Allah ona cansağlığı versin, amma həmişə obyektiv, səriştəli redaktor fikrini söyləyir.

Yerinə düşməsə də, bu sözə qüvvət kimi Sizə bir misal çəkim. Oğlum mənə bir saat hədiyyə almışdı. Bir gün bir yerdə baxdılar saata, dedim ki, çox qiymətli saatdır. Dedilər ki, yox, nə danışırsan, qızıl deyil, qızıl suyuna çəkilmiş adicə saatdı, bir azdan sonra ağarıb gedəcək. Sözün düzü, saat mə-nim büsbütün gözümdən düşdü. Oğluma da demədim ki, dilxor olar ki, bəs mənim aldığım şeyi atam niyə bəyənmədi? Aradan uzun müddət keçdi. Elə oldu ki, o saatı qoluma bağlamaq istədim. Qayış almaq üçün saatsazın yanına getdim, o sənətkar idi, çox diqqətlə baxanda, dedim ki, niyə elə baxırsan, adicə qızıl suyuna salınmış saatdı da. Bir az keçmiş ağarıb gedəcək. Usta diqqətlə saata baxıb, qayıtdı ki, Əli müəllim, nə danışırsınız? Çox yüksək əyarı olan qızıl saatdı. Özü də tayı-bərabəri olmayan orijinal saatdı. Bundan sonra saat da mənim gözümdə qalxdı, öz ürəyimdə oğlumdan da üzr istədim. Qayış saldırıb qoluma vurdum. Bax qolumda gördüyün bu saatdı. O sözdən sonra on ildir ki, bağlamırdım. Amma iyirmi gündür ki, bir yadigar kimi onu əzizləyə-əzizləyə qoluma bağlayıram. Bax əsər də belədi ha. Aparırsan, nadan adam görürsən ki, onun haqqında elə söz deyir ki, istər-istəməz sınırsan. Ona görə də əsərimə yazığım gəlir ki, belə bir nadanın əlinə düşməsin.

– Bu yerdə Mirzə Cəlilin “Anlamaq dərdi” ağrısı, Rəsul Rzanın “Aydındır şeirin dili” misraları yadıma düşür.

– Mənim atam torpağın dilini bilirdi, qayaların, dağların dilini bilirdi. Təbiətin qoynunda olanda mən də onu yamsılayırdım, mən də onu yadıma salırdım. Elə bilirdim ki, atamla oturub söhbət edirəm. Təbiətdə qəribə qanun-lar var. Hər ağacın öz xasiyyəti, öz təbiəti var, palıd ağacı palıd kimi gözəldir, göyrüş ağacı göyrüş kimi, söyüd də ki, söyüd kimi. Heç vaxt qaratikan, yovşan kolu demir ki, mən palıd ağacıyam. Yəni təbiətin bu seçimi o qədər dəqiqdir ki, o qədər gözəldir ki, fikirləşirsən ki, ilahi, bu nə hikmətdir? Təbiətdə hər ağa-cın, hər çiçəyin öz rəngi, öz ətri, öz boyu, öz görkəmi, öz kölgəsi olur. Onlar olduğu kimi görünürlər. Bəzək-düzəkdən, riyadan uzaq. Bax bu məsələdə təbiətdən çox şey öyrənmək olar. Bəlkə, elə buna görə də ona “Ana təbiət” deyirlər. Çünki hər şey təbiiliyi ilə seçilir. Mən bu böyüklüyü, bu saflığı, bu təmizliyi görəndə rahatlıq tapıram. Deyirəm ki, kaş cəmiyyətdə də belə olaydı.

– Böyük Füzulinin “Leyli və Məcnun”unu götürək. Məcnun niyə baş götürüb çöllü-biyabana, təbiətin qoynuna sığındı? Çünki orda – təbiətin qoynunda bir azadlıq, bir rahatlıq və hər şeydən öncə, təbiətin pozulmaz nizam-intizamı və haqq-ədaləti hökm sürürdü.

– Bilirsiniz necədi? Mənim öz mövqeyim var. Mən hiss eləyirəm ki, o cənnət, cənnət deyirlər e, bax biz o cənnətə düşmüşük. Bu Ay, bu Günəş, bu ulduz, gecə-gündüz, yeraltı, yerüstü sərvətlər, çaylar, çəmənlər, çeşmələr, bu-laqlar, meşələr... Bunların gözəlliyi qarşısında cənnət nə deyən sözdür?! Cənnət elə budur da! Biz cənnətin içində cənnət axtarırıq. Bir də ki, mənim 77 yaşım var. Vallah, bundan sonra 100 il yaşasam da, elim-obam, torpağım, yurdum-yuvam, məskənim yadımdan çıxmaz. Bu sevgi mənimlə doğulan, yol yoldaşı olan əbədi-əzəli sevgidi. O sevgini mənim balalarım, balalarımın balaları sabahlara aparacaqlar.

– Əli müəllim, sirr deyilsə, hansı yeni əsər üzərində işləyirsiniz?

– Yazdığım əsərlər mənim gecəm-gündüzümdür. “Aqibət” romanımı yenicə bitirmişəm. Romandan bir parçanı “Günay”ın oxucularına təqdim edir və hamıya xoşbəxtlik arzulayıram.

– Maraqlı söhbətə görə çox sağ olun!

Zülfüqar Şahsevənli
“Günay” qəzeti, 2004-cü il


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com