www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

“YAZIÇI HƏM DƏ SÖZÜN RƏSSAMI, MEMARIDIR”

Ömrünün 40 ildən çoxu jurnalistika peşəsində keçib. Bu sənət onu müxtəlif hadisələrlə, fərqli xarakterli, bənzərsiz taleli insanlarla qarşılaşdırıb. Son-ralar bunların bir çoxu onun dəyərli bədii əsərlərində də əksini tapıb. Bu gün “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, “Həmin adam”, “Közərən sətirlər” romanlarının və digər maraqlı əsərlərin müəllifi kimi tanınan yazıçı-jurnalist Əli İldırımoğlunun həyat fəaliyyəti gənc qələm sahibləri üçün böyük məktəb sayıla bilər. Bunu nəzərə alaraq yazıçı-jurnalistlə söhbətimizdə öncə onunla mətbuatımızın dünəni və bu günü, müsahibimi ədəbiyyata aparan yollar barədə düşüncələrimizi bölüşdük.

– Bugünkü jurnalistlərin bir çoxu belə düşünür ki, sovet dövrünün jurnalistikası, mətbuatı demokratiya, söz, yazı azadlığından tamamilə məhrum olub.

– Əlbəttə, bunlar yanlış fikirlərdir. Doğrudur, o zamanlar müəyyən məhdudiyyətlər vardı. Amma, demək olmaz ki, mətbuat tamamilə hüquqsuz, asılı vəziyyətdə idi. Bizim dövrün jurnalistləri qarşılaşdıqları nöqsanlara, problemlərə fəal müdaxilə edirdilər. Mən özüm o illərdə ən çox tənqidi yazılarla çıxış edən jurnalistlərdən olmuşam. Əlbəttə, o zamanın müəyyən qüsurlu cəhətləri də var idi. Ancaq o vaxtlar mətbuatda operativlik, jurnalist-lərdə yüksək məsuliyyət hissi vardı. Bu peşənin sahiblərinə qarşı tələbkarlıq da böyük idi.

– Əli müəllim, Azərbaycan mətbuatının bugünkü durumu, gənc jurnalistlərin fəaliyyəti Sizi qane edirmi?

– Bu gün də hazırlıqlı, yüksək intellektual səviyyəsi, yaxşı qələmi olan jurnalistlərimiz çoxdur. Amma yəqin ki, yaşadığımız keçid dövrü ilə əlaqədar olaraq bir çox qəzetlərimiz hələ öz məcralarını tapmayıblar. Mətbuat, jurnalist qələmi xalqın problemləri ilə, onun istəyi, arzusu, sevinci, kədəri ilə yaşayıb, fəaliyyət göstərməlidir. Hər bir jurnalist əlinə qələm alarkən düşünməli, özünə sual verməlidir ki, mənim bu yazım nəyə xidmət edir, nə məqsəd da-şıyır? Bu gün qəzetlərdə bütün məsələlərdən yazılır, hətta xarici ölkələrin kiçik bir əyalətində baş vermiş hadisələrə də mətbuatımız biganə qalmır.

Təəssüf ki, jurnalistlərimiz bir çox hallarda hər gün qarşılaşdıqları və bizi düşündürən, narahat edən, irəliləyişimizə əngəl olan problemlərin yanından etinasızlıqla ötüb keçirlər. Mətbuat xalqın problemlərinə müdaxilə etməlidir. Əgər biz jurnalistlər özümüzü dördüncü hakimiyyət adlandırırıqsa, onda vətəndaşların qarşılaşdığı nöqsanlarla maraqlanmaq, onların aradan qaldırıl-masına kömək etmək borcumuzdur. Bu gün Azərbaycan mətbuatının üzərinə daha böyük vəzifələr düşür. Mətbuatımız müstəqil ölkəmizdə demokratiyanın formalaşmasına köməklik göstərməlidir. Ən böyük demokratiya nizam-intizamdır, ədəbdir, xalqın, millətin, torpağın, dövlətin qədrini bilməkdir.

– Sizin dövrünüzdə mətbuatda dərc olunan hər bir yazıya əlaqədar orqanlar dərhal münasibət bildirirdi. Qeyd olunan problemlər həll edildikdən sonra da bu barədə məlumatlar dərc olunurdu. Bu gün isə mətbuatda qaldırılan problemlərin əksəriyyəti, demək olar ki, nəticəsiz qalır və obyektiv həllini tapmır. Cəmiyyətdə də belə fikir yaranır ki, jurnalistlərin yazdıqları mənasızdır. Bu isə imza sahiblərinin nüfuzuna mənfi təsir göstərir.

– Bəli, o dövrün jurnalistlərinin sözü ovxarlı idi. Kəsəri təmin edən isə ədalətdir, vicdandır, insaf-mürvətdir, ədəb-ərkandır. İndi o ovxar yoxdur. Qələm sahibləri, mətbuat gərək öz sözünə dəyər verməyi bacara. Bu gün ölkədə fəaliyyət göstərən bəzi qəzetlər qərəzli, əsassız məqalələri ilə özləri barədə elə mənfi fikir formalaşdırıblar ki, onların obyektiv yazılarına inam qalmayıb. Ona görə də cəmiyyətdə nüfuzunu qorumaq, hörmət qazanmaq üçün yaxşı yaza bilmək azdır. Jurnalist çox böyük addır. Onun yazdıqları ilə əməl-ləri uyğun gəlməlidir. Əgər belə deyilsə, gec-tez özünə qarşı inamı itirəcək, düz sözünə də inanan olmayacaq. Şəxsi qərəz, təmənna qələmi ovxardan salır.

Naxçıvanda “Kommunist” qəzetində zona müxbiri işləyəndə raykom katiblərinin birindən tənqidi məqalə yazmışdım. Bir müddət sonra mənim barəmdə yazılan anonim faktları yoxlamaq üçün həmin raykom katibinin yanına getdilər. Birinci katib yoxlama komissiyasının üzvlərini kabinetdən qovaraq onlara demişdi: “Düzdür, mən müxbirdən incikliyəm, onun tənqidi yazısına görə mənə Mərkəzi Komitədən söz gəldi. Ancaq bu anonim məktub-da göstərilənlər başdan-ayağa cəfəngiyatdır”. Görürsünüzmü, o vəzifəli şəxsin də əqidəsi, mənliyi vardı, məsələyə obyektiv münasibəti vardı.

Jurnalist öz peşəsi ilə fəxr etməlidir, onu uca tutmalıdır, həmişə haqqın, ədalətin tərəfində olmalıdır. Hər cümlənin arxasında insan taleyi dayanır. Jurnalistlərimiz bunu anlamalı, özlərini haqqında tənqid yazdıqları adamların yerinə qoymağı bacarmalıdırlar. Hər bir faktı əvvəlcə dönə-dönə araşdırmaq, dəqiqləşdirmək jurnalistin vicdani borcudur.

– Bizimlə ötən söhbətinizdə demişdiniz ki, jurnalistika yazıçılığa uzanan körpüdür. Siz də bu körpüdən keçib bədii ədəbiyyata üz tut-dunuz.

– Öncə onu deyim ki, mənim fikrimcə, məqalə yazmaq hələ jurnalist olmaq demək deyil. Jurnalistin yüksək intellektual səviyyəsi, dərin zəkası, ədəbi-bədii təxəyyülü, iti qələmi olmalıdır. Mən həm də deyərdim ki, əsl, peşəkar jurnalistin yolu elə ədəbiyyata gedən yoldur. Qənaətimə görə jurna-listika ilə yazıçılıq arasında oxşarlıqlar var. Hər iki sənət onun yoluna düşən-lərdən, ilk növbədə istedad tələb edir. İstedadı isə savadla, zəhmətlə birləşdirməyi bacarmalısan. Bir də ki, həm jurnalist üçün, həm yazıçı üçün həyat təcrübəsinə malik olmaq gərəkdir. Həyatın istər elmi, istərsə də bədii obrazlarının idrakını canlı müşahidədən ayrı təsəvvür etmək olmaz. Böyük alman bəstəkarı Bethoven həyatın təbii şəkildə dərk olunmasında canlı müşahidənin böyük rola malik olduğunu göstərərək yazırdı: “Siz məndən əsərlərimin ideyasını haradan aldığımı soruşursunuz. Mən onları təbiətin özündən, meşənin seyrindən, dan ulduzunun sehrindən alıram. Şairin dilində sözlərə çevrilən bu duyğular mənim qəlbimdə səslərə, sədalara çevrilərək not kağızlarına köçməyincə, qəlbimdə coşub-daşır, tüğyan edir”. Yazıçı yazmağa ehtiyac duyduğunu, hansısa bir mövzunun ona rahatlıq vermədiyini anladıq-dan sonra əlinə qələm almalıdır. Mən əsərlərimi daxili tələbatıma görə yazıram. Yazdıqlarımın əksəriyyəti mənimlə birgə ömür yolu keçib gələn, yaxud da qarşılaşdığım fikirlərimdə dərin iz buraxan hadisələrdir. “Mənim rəncbər atam” əsərimin qəhrəmanı atamdır. Ancaq mən ona yalnız atam oldu-ğu üçün əsər həsr etməmişəm. Təhsili savad məktəbində yazı-pozu öyrən-məkdən ibarət olsa da, alimlərin alimi idi. Bilikli, məlumatlı, müdrik, halal, zəhmətkeş insan idi rəncbər atam. Gözəl övlad, qayğıkeş ata, təəssübkeş vətəndaş idi. İndi elə kişilər yoxlaşır, qəhətə çıxır və onların yeri getdikcə daha çox görünür. Belə düşündüyümə görə həmin əsəri yazdım. İstərdim ki, oxucular mənim atamın timsalında keçmişdə necə mərd, təpərli kişilərin olduğunu bilsinlər və ibrət götürsünlər.

Bugünkü təhsil sistemini, müəllimlərin öz işinə münasibətini gördükcə, oxuduğum, dərs dediyim illər canlanır gözlərimin önündə. Yaxın vaxtlarda işıq üzü görən “Qarlı gecələr” romanında müəllimlərin elmə, təhsilə münasi-bətlərini qələmə almışam. Mən bu əsəri 30 il bundan qabaq da yaza bilərdim.

Ancaq o zaman dövr, həyat məni həmin mövzunu ədəbiyyata gətirməyə sövq etmirdi. Yazıçı həyatın və öz qəlbinin, onu təlqin, təhrik etdiyi, ondan tələb etdiyi mövzuları yazmalıdır. Təəssüf ki, gördüklərimin çoxunu bədii ədəbiyyata gətirə bilməmişəm. Çünki həyatımın ən qaynar çağları jurnalis-tikada keçib. Buna fiziki imkanlarım da olmayıb.

– Demək olarmı ki, jurnalistika Sizin vaxtınızı yazıçılıqdan alıb?

– Belə demək olar da, olmaz da. Hər halda jurnalistika məni həyatla, onun hər bir üzü ilə yaxından tanış etdi. Sonrakı ədəbi yaradıcılığım üçün böyük material verdi. Mən deyərdim ki, jurnalistika məni ədəbi yaradıcılığa gətirdi. Mətbuatdan aralanandan sonra gedib 10 il Şüvəlanda qaldım. Orada bir çox əsərlərimi tamamladım. Deyərdim ki, mənə qalan da bu əsərlərimdir. Elə məndən qalan da...

– Çoxları belə düşünür ki, jurnalistika peşəsi ilə məşğul olmaq yazıçının dilini qurulaşdırır. Bu fikirlə razısınızmı?

– İki cür yazmaq var. Bir var bədii, bir də var, Sizin dediyiniz kimi, quru, dayaz yazılar yazmaq. Oçerk, felyeton elə bədii janrlardır. Bəzən jurnalistlər özlərini əziyyətə, çətinliyə salmadan quru, standart cümlələrdən istifadə edirlər. Bu cür başqa sənətin sahibləri də yaza bilərlər. Jurnalist əzab-əziyyət, yuxusuz gecələr, dərin mütaliə, bədii söz sənətkarı, söz sərrafı deməkdir. Hər bir qələm əhli bunu dərk etməlidir.

Gərək mövzunu jurnalist süzgəcindən, bədii təxəyyülündən keçirib yaza-san. Bu gün mətbuatda dərc edilən yazıları oxuyanda bu fikrə haqq qazandır-maq olur. Bəli, bu gün mətbuatda işlənən dil qələmi qurulaşdırır, standart-laşdırır. Yeri gəlmişkən, bu gün jurnalistikamızın ən böyük problemlərindən biri də onun dili, yazı üslubu ilə bağlıdır. Son illər jurnalistlər öz yazılarında dilimizə yabançı ifadələrdən, kəlamlardan gen-bol istifadə edirlər. Buna qarşı çıxış edən, münasibət bildirən isə sanki qəhətə çıxıb. Ümumiyyətlə, bu gün bizdə ədəbi tənqid yox dərəcəsindədir.

Vaxt var idi, yazdığımız bədii əsərləri aparırdıq Bayram Bayramova, Qasım Qasımzadəyə, Qulu Xəlilova, Gəray Fəzliyə göstərirdik, onlarla mü-zakirədən, məsləhət-məşvərətdən sonra yazılarımızı ortalığa çıxarırdıq. Bəzən, hətta ilk yazılarımın üstündə aylarla yenidən işləməli olurdum. İndi bu gün yazırlar, sabah aparırlar çap etdirməyə. İstedadlıların yox, imkan-lıların meydanıdır. Ona görə də bədii dəyəri, məzmunu olmayan yeni-yeni kitablar çıxır meydana. Belə əsərlər oxucuları bezdirir. Bəlkə də, ikrah hissi doğurur.

– Ədəbi prosesimizin bu günü barədə nə düşünürsünüz?

– Bazar iqtisadiyyatı mədəniyyətimizdə, incəsənətimizdə də özünü gös-tərir. Əvvəllər kitabların çap olunması qayğısına müəlliflərdən çox, nəşriy-yatlar qalırdı. 30 min tirajla nəşr olunan kitabın satılmasından da onun xəbəri olmazdı. Yazıçıya zəhməti müqabilində qonorar verilirdi. İndi kitabı yazmaq əzabından betər, onu çap etdirmək, sonra da satdırmaq əziyyətləri var.

Bu gün ədəbiyyatımızda istedadı olanlarımız az deyil. Təəssüf ki, yeni yazarlarımızın bir çoxunun iddiaları istedadlarından yuxarıda dayanır. Bəzən yazıçılar mətbuat səhifələrində duelə çıxırlar. Bunlar ədəbiyyat adamlarına yaraşmaz. Balzak bədii ədəbiyyatı insan könlünün tarixi adlandırırdı. Qorki isə ədəbiyyatı insanşünaslıq hesab edirdi. Gərək ədəbiyyat yolunun yolçuları həm özlərinə, həm oxucularına, həm də ədəbiyyata hörmət etsinlər.

– Sizcə, yeni yazılan nəsr əsərlərində daha çox nə çatmır?

– Ədəbiyyat söz sənətidir. Söz tarixlə birlikdə inkişaf etmiş, zənginləşmiş, yeni mənalar, yeni çalarlar, bədii boyalar kəsb etmişdir. Belə demək mümkündürsə, ədəbi obrazın tikinti materialı sözdür. Təbii ki, hər söz yox, bədii söz. Bu gün bəzən elə nəsr əsərləri meydana çıxır ki, dil, söz mədəniy-yəti bir kənarda qalsın, onu oxuyanda hansı dövrdən bəhs edildiyini, onda hansı xalqın düşüncəsinin əksini tapdığını anlamaq olmur. Bədii ədəbiyyat yazıldığı dövrün salnaməsidir. Onun pəncərəsindən dövrünün insanları, məişəti, mədəniyyəti, milli mentaliteti, keşməkeşləri görünməlidir. Süleyman Rəhimovun “Şamo” əsərində Safo kişi deyir ki, namus ləkəsini ancaq isti qan yuyar. Amerika oxucusu bu sətirləri oxuyanda bu millətin kimliyini, necəliyini dərk edir.

Yazıçı nəinki söz ustadı, söz nəğməkarı, həm də söz rəssamı, söz mema-rıdır. Əsər oxucunu onu sonadək oxumağa məcbur etməlidir. Mən əsərlərimi yazanda onların indisi barədə düşünmürəm. Bu gün müəllifi Əli İldırımoğlu olduğu üçün onlara ehtiram göstərə bilərlər. Ancaq sabah mən həyatda olmayacağam. İstəyirəm ki, yazdıqlarım məndən sonra yetim uşaq kimi, kimsəsiz qalmasınlar və oxucu həsrəti çəkməsinlər.

Ədəbiyyat xalqındır. Hər bir nasirin, şairin yazdığı kiçik bir əsər də bədii cəhətdən dəyərlidirsə, onu ədəbiyyatımız üçün qənimət hesab etmək lazımdır. Balzak deyirdi ki, əsl sənətkar öz vaxtını güclülərin, şahların tərifinə sərf etməməlidir, çünki şahlar öz dövrlərinin hökmdarıdır, sənətkarlar isə əsrlə-rin. Əliağa Vahidin dövründə məşhur, tərifli sənətkarlar var idi. Vahid sanki kölgədə qalmışdı. Amma bu gün müğənnilərin, şeirsevərlərin dilində onun qəzəlləri əzbərdir. Ona görə də orden, medallara yox, misralara, cümlələrə söykənmək lazımdır. Yaxud bəziləri ədəbiyyatımızda xidmətləri olan yaşlı yazıçı və şairlərimizin əsərlərinə dodaq büzürlər. Atalar demişkən, iki şahını bəyənməyən, ortaya abbası qoyar. Özündən əvvəlki yazıçıları, şairləri bəyən-məyən yazar dediyini quru sözlə yox, qələminin qüdrəti ilə sübut etməlidi. Dərin çaylar səssiz, sakit axır, dayaz çaylar isə hay-küylə...

– Öz əsərlərinizi adi oxucu kimi oxuya bilirsinizmi?

– Əsərlərimə baxıram, elə ki, xoşuma gəldi, onları təkrar, həm də maraqla oxuyuram. Heyrətlənirəm ki, bunu necə yazmışam?! Bəzi yazılarımın zəifli- yini görəndə isə çox dilxor oluram. Dərhal səhifəni çevirirəm.

– Əli müəllim, əgər sirr deyilsə, indi hansı əsər üzərində çalışırsınız?

– Mənə elə gəlir ki, əsər yazmaq üçün yazıçıya bir vəhy gəlməlidir. Yalnız düşünməklə, planlaşdırmaqla bədii əsər yazmaq müşkül məsələdir. Təbiətcə çox əzabkeş, özümə qarşı tələbkar adamam. Yazıçı kimi oxucularıma hörmət etməyə, onları qələmimdən razı salmağa çalışıram.

Kitablarım mənim mənəvi övladlarımdır. Onların taleyi məni çox düşün-dürür. Yazıçı oxucudan hörmət gözləyirsə, birinci özü-özünə, qələminə hör-mət etməlidir. Əks təqdirdə... Hazırda “Aqibət” romanı üzərində çalışıram. Bu əsəri, əslində, iyirmi ildi yazıram. Ancaq qəlbimdə, düşüncəmdə. İndi onu kağıza köçürməliyəm, ya qismət...

Zöhrə Fərəcova
“525-ci qəzet”, 16 noyabr 2002-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com