www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

“MƏN ZƏİFLƏRİN TƏRƏFİNDƏ DURANDA GÜCLÜ OLURAM”

Tanınmış yazıçı-jurnalist Əli İldırımoğlu ilə onun ad günündə görüşdüm. Qonaq-qaraya, qələbəliyə baxmayaraq, Əli müəllim mənimlə söhbət etməyə vaxt tapdı. Bu arada Əli müəllimin oğlu Nazim astadan mənə bir söz dedi: “Vallah, lap elə bu yubiley günündə də atamı heç nə, heç kim jurnalist tayfasını görəndə sevindiyi kimi sevindirə bilməz”.

Yetmiş il nədi ki...

Dünya get-gedə dəyişdi, yaşım üstə yaş gəldi və bir də gördüm ki, yetmiş ili arxada qoymuşam. Doğrusu, bu saysız-hesabsız illərimin şəxsən mənim özümə hansısa təsiri olubsa, o da sırf qələmlə bağlıdır. Yəni mən yetmiş il nə düşünmüşəmsə, bu gün də onu düşünürəm, əgər Allah-taala məni bundan sonra bir də təzədən bu uzaqlıqda yola çıxartsa, fikrimdən dönən deyiləm.

Necə jurnalist oldum

Yazıçı peşəsinə yiyələnmək heç vaxt qarşıma qoyduğum məqsəd olmayıb. Amma müəyyən vaxt keçdikdən sonra qəflətən hiss elədim ki, yazmaya bil-mirəm. Hələ ədəbiyyata meyilim yaranmamışdı, amma yaşantılarımı nəyəsə köçürmək istəyirdim. Onda ilk dəfə əlimə qələm götürüb yazmağa başladım. Mənim üçün gözüm görən ən xırda qəribəlik bir böyük mövzu idi...

...Və yazdım

Ümumiyyətlə, heç bir yazı-pozu əhli özünün köhnə və yeni yazıları arasında müqayisə apara bilməz. Şəxsən mənim üçün bütün yazdıqlarım eyni ovqatın, eyni ab-havanın və əlbəttə ki, vaxtın məhsuludur. Bir dəfə dostları-mın birinin uşağının hər iki əlini tənziflə sarınmış gördüm. Üzündən nur yağan o məsum körpə tamam ümidsiz şəkildəydi. Məsələni öyrəndim. Sən demə, Bakıda “tüğyan eləyən” ağcaqanadlar uşağın üz-gözünü dişdək-dişdək edib. Uşaq da hər dəfə üzünü qaşıdığından yeri yara olur. İndi də əllərini bağlayıblar ki, ağcaqanadın sancdığı yeri qaşıyıb, qanadıb, yara eləməsin. Onda mən “Ağcaqanad” felyetonunu yazdım. Yəni adi bir məişət problemini həll etmək istəyimdən yazdığım bu felyeton, əslində, çox mətləblərdən xəbər verirdi.

Yəni jurnalist üçün mövzu axtarışı deyilən çətinlik yoxdur. Əgər yazıb-yaratmaq istəyirsənsə, hər addımbaşı gördüklərin sənin üçün mövzudur. Məsələ mövzunu tapmaqda və seçməkdədir.

...Küçəylə gedirdim, gözüm qədim və əzəmətli bir binanın damında bitib rişə atmış ağaca sataşdı. Öz-özündən, bəlkə də, Allahın əməlindən ordaca bitmiş o ağac bir nəhəng binanın divarında kök atdığından hörgü çat vermişdi. Şübhəsiz ki, binanın sakinləri bu problemdən xəbərsiz deyildi. Ən azı yağış və qar hər mövsümdə o çatın mövcudluğunu yada salırdı.

Amma bunu görən yox idi. Çünki bunu görmək üçün jurnalist gözü lazım idi. “Damda ağac” felyetonum da belə yarandı. Ümumiyyətlə, təbiət möv-zuyla doludur. Məsələ onu görməkdədir.

Jurnalistika nədir və jurnalist kimdir?

Jurnalistika bir sahə kimi ictimai rəyi, yəni xalqın bu və ya digər problemə aid münasibətini iqtidara təqdim edəndir. Odur ki, bu peşənin sahibi olan jur-nalist, ilk növbədə haqq-ədalətin tərəfində olmalıdır, şəxsi, qərəzli hislər heç vaxt onun qələminə hakim kəsilməməlidir. Bütün yazılarımda məni qaldır-dığım problemə iqtidarın yox, xalqın necə münasibət bəsləyəcəyi maraqlan-dırıb. Və mən bir jurnalist kimi həmişə gücsüzlərin, zəiflərin tərəfində duran anlarımda özümü güclü hiss eləmişəm. Yəqin elə bu səbəbdən də mənim oçerklərimin, məqalələrimin qəhrəmanları sadə adamlardır.

Bugünkü jurnalistlər nəslinin çox istedadlı nümayəndələri var. Amma bəzən görürsən yazdıqları mövzunun çox da dərinliklərinə varmırlar. Necə deyərlər, kotan nə qədər torpağın dərinliklərinə işləsə, məhsul da bir o qədər bol olar.

Nəsr haqqında

Deyirlər ki, poeziya hissin, nəsr isə təfəkkürün məhsuludur. Yəni poeziya-dan fərqli olaraq, nəsr daha çox rasionallıq üzərində qurulub. Doğrusu, bu müqayisə ilə o qədər də razılaşmıram. Məncə, nəsr də poeziya kimi yalnız təbdən, ilhamdan yarandıqda daha bitkin, daha güclü olur.

Ümumiyyətlə, yer üzündə tam xoşbəxt insan yoxdur. Bu, aksiomadır. Hətta bütün istəklərinə çatmış, dünyadan bütün umacaqlarını almış məxluqun da mütləq hardasa bir sınan yeri var. Və əsl yazıçı öz istedadı müqabilində məhz həmin o nöqtələrin, necə deyərlər, ağrısını, hovunu almağa, ümidsiz insanda ümid işartısı yaratmağa borcludur. Bu səbəbdən yadda saxlamaq lazımdır ki, çap olunmağın, yaxud nəyinsə xətrinə yazılmış hansısa bir əsər heç vaxt oxunmayacaq.

Yazmaq prosesi

Hazırda “Közərən sətirlər” romanı üzərində işləyirəm. Bu roman mənim həyatım boyu toplanan xatirələrimdir.

Bu romanın, ümumiyyətlə, bütün nəsrimin mövzusunu mən özümə tanış olan mühitdən alıram.

Yazı prosesi məndə müxtəlif cür alınır. Bəzən görürsən ki, on beş günə bir səhifə yaza bilmədiyim halda, bir günə on beş səhifə yazıram. Bu zaman, hətta sözlərin, fikirlərin çoxluğundan onları yazıb vərəqə çatdırmaq belə mənim üçün çətinlik yaradır. Bir vaxtlar bu haqda hörmətli yazıçımız Süley-man Rəhimova demişdim. Onda mərhum yazıçımız özündə də yazı prose-sinin məhz bu cür olduğunu və bu səbəbdən də ərəb əlifbasıyla yazdığını demişdi.

Mən jurnalistəm

Məni daxildən narahat edən fikirləri ömrümün müxtəlif məqamlarında yalnız nəsr dili ilə ifadə edə biləcəyimi dərk etdiyimdən yazdığım nəsr əsərlərinə baxmayaraq, özümü həmişə jurnalist saymışam. Və bu günəcən də bu fikrimdə qalıram.

 

Gündüz
“525-ci qəzet”, 22 noyabr 1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com