www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

TALEYİMDƏN GİLEYLİ DEYİLƏM”

Görkəmli jurnalist, yazıçı Əli İldırımoğlunun publisistikası kimi, bədii yaradıcılığı da həyat həqiqətinə, real gerçəkliyə bilavasitə bağlıdır. Əli İldırımoğlunun zəngin həyat təcrübəsi və müşahidə ustalığı, xalq dilindən qaynaqlanan təbii, canlı dili, öz duyğu və düşüncələrini yaratdığı obrazların timsalında ifadə etmək səriştəsi, xalq ruhuna, milli dəyərlərə, milli düşüncə tərzinə bağlılığı onun yaradıcılığını müasir Azərbaycan ədəbiyyatının ciddi bir hadisəsi kimi dəyərləndirməyə əsas verir.

Əli İldırımoğlunun mənalı həyatı və zəngin yaradıcılığı haqqında çox söz demək mümkündür. Ancaq onun öz düşüncələrini eşitmək oxucular üçün daha maraqlı olar.

– Əli müəllim, qəzetimizin kollektivi və oxucuları adından 80 illik yu-bileyiniz münasibətilə Sizə ünvanlanan təbriklərə biz də qoşuluruq. Keçdiyiniz ömür yolunun zirvəsindən ötən günlərə baxanda, ilk növbədə nələri xatırlayırsınız?

– Təbrikinizə görə çox sağ olun. 40 ilə yaxın işlədiyim bir kollektivi, bir qəzeti təmsil etdiyinizə görə də bu söhbət mənim üçün ikiqat xoşdur. Mən şadam ki, “Xalq qəzeti” mətbuatın bu burulğanlı vaxtında da öz simasını, öz şərəfli adını qoruya bilir.

80 yaşın ucalığından arxaya baxanda məni “Həyat mənə nə verib?” sualından daha çox “Mən dünyaya nə vermişəm?” sualı düşündürür.

Mən dünyaya halal bir ailənin övladı kimi gəlmişəm. Babamın evindən “Allahu-əkbər” nidası heç zaman əskik olmayıb. Bu evdə müşahidə etdiyim qayda-qanun, ailə nizamı, ünsiyyət nümunəsi bu günə qədər də mənim üçün ideal bir örnək olaraq qalır.

Bu xatirələri “Mənim rəncbər atam” romanında bir qədər bədiiləşdirilmiş şəkildə qələmə almışam. Bu romanı ona təkcə atam olduğuna görə yox, məhz belə bir insan olduğuna görə həsr etmişəm.

Kəndimizin ən gur, qoşa çarhovuzlu bulağını mənim babam çəkdirmişdi. Bulağa “Məşədi Allahverən bulağı” deyilir. İndi о kəndin pərgarı pozulub, xaraba qalıb. Amma mən ümid edirəm ki, yasa batmış о kəndin müdhiş süku-tunu bu gün də о bulağın şırıltısı pozur...

İnsanlıq məktəbinin ilk dərsini ana babam Məşədi Paşadan, nənəm Gövhərdən, atam İldırım kişidən almışam. Ömrümün yeganə nisgili odur ki, demək olar, ana üzü, ana nəvazişi görməmişəm. Anamla bağlı yaddaşımda qalan yeganə xatirə körpəliyimdə başımı dizinin üstünə almağıdır...

– Əli müəllim, Sizin seçdiyiniz ilk peşə müəllimlik olub. Bu seçim necə baş vermişdi?

– Düzünə qalsa, bu, seçim yox, taleyin gərdişi idi. Belə oldu ki, mən səkkizinci sinfi bitirəndə müharibə başlandı. Yuxarı siniflərdə oxuyan oğlanların çoxunun yaşı on səkkizi keçdiyinə görə onları əsgərliyə apardılar. Bizim sinfimiz bağlandı. Mən bir neçə aya onuncu sinfi başa vurub Şuşadakı müəllimlik kursuna getdim. Kəndlərdəki müəllimlərin də çoxunu müharibəyə aparmışdılar. Beləliklə, 15 yaşımda kəndə qayıdıb müəllimlik etməyə başladım. Arada pedaqoji təhsil də alıb on il məktəb işində çalışdım. Qubadlının müxtəlif kənd məktəblərində işlədim. İşimi bəyəndikləri üçün məni rayon maarif şöbəsinə inspektor vəzifəsinə irəli çəkdilər. Sonra məni komsomol işinə keçirmək istədilər, getmədim. “Cəza” olaraq məni rayonda çıxan “Avanqard” qəzetinə məsul katib vəzifəsinə göndərdilər.

– Bununla da Sizin həyatınızın jurnalistlik mərhələsi başlandı...

– Düzü, bu iş heç ürəyimdən deyildi. İlk yazımı redaktor bəyənmədi. Mən də minnət eləyirdim ki, məni işə götürməsin. Dedi, raykomun qərarını poza bilmərəm.

Mən təbiətən məsuliyyətli adamam, ömrüm boyu öhdəmə düşən hər bir işi layiqincə yerinə yetirməyə çalışmışam. Gördüm, geriyə yol yoxdur, yavaş-yavaş büdrəyə-büdrəyə, yıxıla-yıxıla başladım jurnalistikanın, mətbuatın yo-lunu axtarmağa. Nəhayət ki, zəhmətim, əziyyətim hesabına bu yolu, cığırı tapdım.

– Əli müəllim, nədir о yol?

– İlk növbədə yüksək məsuliyyət. Öz üzərində işləmək, mütaliə. Dediyin, yazdığın sözün arxasında durmaq qətiyyəti. Və bir də, təbii ki, yüksək in-tellekt və istedad.

Az keçməmiş məni rayon qəzetinə redaktor təyin etdilər. “Avanqard” qəzetində redaktor işləyə-işləyə ara-sıra о zaman mətbuatımızın həqiqi avanqardı olan “Kommunist” qəzetinə də yazılar yazırdım. Bəzən hətta mənə sifariş də verirdilər. İmzam bütün respublikada tanınmağa başladı.

1955-ci ildə Mərkəzi Komitənin məsləhəti ilə “Kommunist” qəzetinə işə göndərildim. О zaman “Kommunist”in redaktoru rəhmətlik Xasay Vəzirov idi. О da məni Naxçıvana bölgə müxbiri göndərdi. Naxçıvanda işlədiyim on il mənim üçün bir həyat akademiyası oldu. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, məndən qabaq heç bir müxbir orada 2-3 ildən artıq duruş gətirə bilməmişdi. Naxçıvan camaatının xarakteri elədir ki, haqsızlığa dözə bilmir-lər. Amma mən hətta tənqid elədiyim adamlar da mənimlə razılaşırdılar. Çünki qərəzsiz idim, düzlük tərəfdarı idim.

Sonrakı illərdə də müxtəlif bölgələrdə xüsusi müxbir işləmişəm. Mənim jurnalistliyimin bir xüsusiyyəti vardı ki, çox tənqid yazsam da, heç zaman zəifə, yıxılana balta vurmamışam. Tənqid edəndə də özündən müştəbeh və-zifə sahiblərini, özlərini rayonun sahibi hesab edənləri tənqid etmişəm. Oçerkləri isə sadə zəhmət adamları haqqında yazmışam. Ümumiyyətlə, xa-rakterim elədir ki, zəiflərin tərəfində dayananda özümü daha güclü hiss edirəm.

– Sizi tənqidi yazılara, felyetonçuluğa sövq edən nə idi?

– Həyatın, insanların naqis cəhətlərini görəndə bununla barışa bilmirdim. Başa düşürdüm ki, bu halda ən düzgün yol Mirzə Сəlil yoludur. Həm də təbiətimdə olan bədii yaradıcılıq həvəsi məni bu yola çəkirdi. Çünki oçerk, felyeton publisistikadan bədii nəsrə bir keçid mərhələsidir. Bu yazıları işlə-yərkən onların təkcə məzmunu yox, həm də dili və üslubu üzərində çox zəhmət çəkirdim, bədii cəhətdən keyfiyyətli alınmasına çalışırdım. Bu gün də belə düşünürəm ki, qələmimdən çıxan hər bir cümlə oxucu qarşısında hesabatımdır.

– Belə çıxır ki, Siz hələ publisistik yaradıcılıqla məşğul olandan özünüzü daxilən nəsr yaradıcılığına hazırlayırsınızmış. Müəllimlik peşəsinə Sizi taleyin gərdişi gətirmişdi, jurnalistikaya, özünüz demiş, “zorən” gəldiniz. Bəs nəsrə keçid, yazıçılığa gəliş necə baş verdi?

– Həqiqət budur ki, mən bu yazılarımı indi yazmıram. Mən bunları 50-60 il əvvəldən yazmışam. Zehnimə, dərrakəmə, qəlb dəftərimə, ömür yollarıma yazmışam. İndi onları yalnız kağıza köçürürəm. Ömrümün ilk on ilində görüb, şahidi olduqlarım yetmişdən sonra təsəvvür və təxəyyül dünyamda hərf-hərf, cümlə-cümlə cücərib, göyərib qələmin yorğunluğunda, kağızların bəyazlığında şaxələnib.

İkinci bir tərəfdən, mənim yazdıqlarımın hamısı reallıqla bağlıdır. Toxu-mun içində rüşeym olmasa, о cücərməz. Məncə, ədəbiyyatın vəzifəsi həyat həqiqətini bədii həqiqətə çevirməkdir.

Bəzən məndən soruşurlar ki, neyləyirsən bunları yazıb, indi kimdir kitab oxuyan? Cavab verirəm ki, mən bunları özüm üçün yazıram, öz mənəvi dünyamı ifadə etmək üçün. Kitablarım mənim mənəvi övladlarımdır. Ürə-yimdə bir əminlik var ki, bir gün mən olmayanda dünyaya gətirdiyim bu övladlar həyatda xəcalətli olmayacaqlar. Həm də bu yazılar məni ahıllığın, həssaslığın böyük çətinliklərindən, ağrılarından xilas edir. Yazı yazmayanda elə bilirəm ki, yox oluram, heç kimə lazım olmuram. Amma yazanda bilirəm ki, mən varam.

Mənim beş övladım, iyirmiyə yaxın nəvəm, beş-altı da nəticəm var. On-larla yanaşı, kitablarım da mənim bu həyatda qoyduğum izdir, varlığımın davamıdır.

Mən yazıçılıq məktəbi qurtarmamışam, təhsilimi həyat məktəbində almışam. Qayadan damla-damla süzülən su saf olur, təmiz olur. Mənim də ürəyimdə bir arxayınçılıq var ki, yazdığım əsərlər böyük ədəbiyyat dəryasını heç zaman bulandırmayacaq, əksinə ora bir duruluq gətirəcək.

– Əli müəllim, söhbətimiz boyu 80 yaşın zirvəsindən keçmişə boylan-dıq. Bəs bu zirvədən gələcəyə baxanda nə görürsünüz?

– Mənim ən böyük ürək ağrım itirilmiş torpaqlarımızın, о cümlədən mənim dədə-baba yurdumun taleyidir. Bir xalq və cəmiyyət olaraq biz, ilk növbədə bu problemin həllinə çalışmalıyıq.

İkinci ən böyük qayğımız gənclərimizin tərbiyəsi və təhsili olmalıdır. Millətin gələcək taleyi, ilk növbədə məktəbdən asılıdır. Müəllimin, ziyalının hörmətini, nüfuzunu qaldırmaq gərəkdir.

Ziyalılarımız da cəmiyyətimizin, xalqımızın problemlərinə, naqisliklərə biganə olmamalı, “nə işim var!” prinsipindən uzaqlaşmalıdırlar. Milli dəyər-lərimizi, adət-ənənəmizi, mənəviyyatımızı, ilk növbədə dilimizi qorumaq lazımdır.

Çoxum gedib azım qalsa da, gənclik, yaşayıb-yaratmaq ehtirasım sönmə-yib. Qəlbimdə, düşüncəmdə, arzularımda dolaşan neçə-neçə əsər qələmin intizarındadır. Və buna görə də Tanrı əlini üstümdən çəkmir. Ötən əsrin əvvəllərindən qolumdan yapışıb, zavallardan hifz edə-edə yeni əsrə gətirib çıxarıb. Şükür, Yaradanımdan gileyli deyiləm.

İlham Abbasov
“Xalq qəzeti”, 16 noyabr 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com