www.aliildirimoglu.az

HEKAYƏLƏR

ZƏNGİMİ GÖZLƏ

Axır vaxtlar Ağamuradın işi elə bil tilsimə düş­müş­dü. Balaca bir vəzifə tapıb, uşaqlarına çö­rək pulu qa­zan­maq üçün açmadığı qapı, yazmadığı yer qalma­mış­dı. Kim idi onun ağzına qurut verən? İş­siz­li­yin də ki, üzü qara olsun! Xeyli vaxtdır, əli gətirmirdi. Kişi xə­ca­lə­tindən arvad-uşağın da üzünə dik baxa bil­mir­di. Odur ki, sübh tezdən evdən baş alıb gedir, sə­hər­dən axşama­can orda-burda veyllənir, günün qulağı ba­tan­da yor­ğun-arğın geri dönürdü. Elə ki, dost-tanışların biri ilə rastlaşdı, qırsaqqız olub yapışırdı yaxasından. Si­nəsini boşaltmamış əl çəkmirdi. Yana-yana deyirdi ki, bu zəmanədə ki babat vəzifən olmadı, yıxıl öl! Yox­sa kimdir səni saya salan? Allahın o quruca salamını da ver­mirlər. Vaxt-bivaxt cingildəyib baş-qulağımızı dəng eləyən tısbağa fasonlu, yastıyapalaq telefon da elə bil adamdan üz döndərir. Gündə bir-iki dəfə ya cingildəyə, ya cingildəməyə...

Qabaqlar Ağamuradın qaraltısını görəndə: - Pa­pul­ya gəldi, - deyib hay-harayla atalarının qabağına yüyürən doğma balaları da getdikcə ondan soyuyurdular. Ağamurad toy məclislərində və ya bir qonaqlıqda qədəh qaldıranda arada zarafata salıb:

- Allah-taala adamın ömründən kəsib vəzifəsinə calasın, - deyirdi. -İçək vəzifənin sağlığına!

Bu sözə bəziləri pıqqıldayıb gülürdü. Və məclisdəkilər bir-birinin qulağına əyilib xısın-xısın deyirdilər ki, axır vaxtlar Ağamuradın başı xarab olub, lap uşaq sözü danışır.

Ağamuradın evdə eyni heç açılmırdı. Məlul-müşkül bir küncə çəkilib, papirosuna dəm verirdi. Və otaqları tüstü-dumana bürüyürdü. Həyat yoldaşı Hüsniyyə xa­nım ərinin bu xasiyyətinin üstündə hərdən onu məzəmmət eləyirdi:

- A kişi, qaşqabağını az tök, dünyanın bac-xəracını səndən almırlar ha! Təki ölüm-itim olmasın! Vəzifədir, verərlər ta yaxşı, verməzlər, belə canın sağ olsun! Allah uşaqları saxlasın! Yəni vəzifəsi olmayanlar acından ölür?! Özünə fikir ver! De! Gül!

Bu sözləri elə bil daşa deyirdin. Əzizi ölübmüş kimi, Ağamuradın qırışığı heç açılmırdı.

Ondan çıxmayan iş! Gündüzlər hələm-hələm ev-eşi­yə yovuşmayan Ağamurad cümə günü, günorta çağı həyət darvazasını şəstlə açıb şən əhval-ruhiyyə ilə içəri daxil oldu. Hüsniyyə ona baxıb - görəsən gün hardan doğub? Kişinin elə bil çiçəyi çırtlayıb - təəccüblə öz-özünə düşündü.

Ağamurad şad xəbər gətirirmiş kimi Hüsniyyənin qolundan yapışıb özü ilə birlikdə orta otağa keçdi. Köh­nə stulların birini ayağının altına qoyub, dizləri əsə-əsə dikəldi. Divardan asılmış vinetkanı ehtiyatla aşağı endirdi. Ağamurad cib dəsmalını çıxarıb, neçə il bundan qabaq divardan asılıb, unudulmuş və saralıb-solmuş vinetkanın tozunu dönə-dönə sildikdən sonra şəhadət barmağını axır cərgədəki şəklin üstünə qoyaraq:

- Bunu tanıyırsan?! - deyə vəcdlə Hüsniyyədən soruşdu.

Hüsniyyə:

 - Yox, tanımıram, - deyib dodağını büzdü. Və ətrafına quyruqlu sürmə çəkilmiş oynaq gözlərini qıyıb həmin şəklin altında yazılmış sözləri hecalamağa başladı:

- Ta-hir-za-də. T... P...

Ağamurad həyat yoldaşının dodağında pıçıltı ilə deyilən T-ı, P-ını aydınlaşdıraraq:

- Tahirzadə Tacəddin Paşa oğludu, - dedi. - Beş il bir skamyada oturmuşuq. Əlimizə bir qismət çörək dü­şən­də, yarısını Tacəddin yeyib, yarısını mən.

Hüsniyyə tərəddüdlə çiynini çəkib və:

- Noolsun?.. Birdən-birə o hardan yadına düşdü? - Çaş halda soruşdu.

Ağamurad fəxrlə:

- Bu gün Tacəddini rayonumuza başçı qoydular. Bun­dan artıq nə olsun ki?.. Onu mənim Allahım hərləyib-fırlayıb bura gətirib. İndi başa düşdün? - deyib sevincindən Hüsniyyənin o üzündən, bu üzündən öpdü. Sonra özünü yığışdırıb təmkinli görkəm aldı və vinet­kaya diqqətlə nəzər salaraq: - Ey fani dünya! - dedi. - Yat­sam, yuxuma girməzdi ki, Tacəddin bizim rayona başçı gələr. Sən bir çərxi-fələyin işinə bax ee!! Mən ins­ti­tutu fərqlənmə diplomu ilə qurtardım, o isə sürünə-sürünə... pul gücünə, telefon zəngləri hesabına güc-bəla ilə üç alırdı...

Hüsniyyə yanıqlı ah çəkdi:

- Yaxşı və ya pis oxumağınan deyil ha, adamın gə­rək bəxti gətirə...

Ağamurad:

- İnstitutu birtəhər qurtarmasına baxmayaraq, çox diribaş adamdır. Onda bir dil var ki, gəl görəsən, ilanı yuvasından çıxardar. Dəyirmanın boğazından ölü sal, diri çıxar. Elə ona halaldır.

Hüsniyyə həyat yoldaşını danladı:

- Bax, elə səni geri salan o dilindir! Dinc qoya bilmirsən. Nəyinə lazımdır o institutda necə oxuyub, nə xasiyyətin sahibidir. İstəməyənlərin biri aparıb qo­yar ovcuna. Neçə aydır bekar-behdin idarələrlə evin ara­­sında yol ölçürsən. Allah üzümüzə baxıb, tələbə yol­da­şın gəlib olub rayonumuzun böyüyü. Hər şeyin tə­zə­si, dostun köhnəsi. Necə olsa, tələbəçilikdəki haqq-sa­la­mı unutmaz. Saa dolanışıqlı bir vəzifə...

Ağamurad həyat yoldaşının iradı qarşısında özünü sındırmasa da, bir balaca qızardı və zarafata salaraq:

- Sən də boş-boşuna danışma - dedi. - Nə danışdığımı özüm yaxşı bilirəm! Onnan mənim aramdan su da keçmirdi. Sabah yanına gedərəm, onda bilərsən.

Hüsniyyə xanım ona etiraz etdi:

- Hələ tezdir, qoy kişi yerini isitsin, sonra. Sabah getsən, üzünə vurmasa da, ürəyində deyər ki, məscid tikilməmiş kor əsasını dayadı.

...Aradan iki gün keçdi. Üçüncü gün Ağamurad qıs-qıvraq geyinib iş vaxtının başlanmasına bir neçə dəqiqə qalmış kəsdirdi Tahirzadənin kabinetinin qapısını. Ta­hir­zadə səhər-səhər gözləmə otağından keçib, kabinetə daxil olmaq istəyəndə gözü Ağamurada sataşdı. Ağa­mu­rad ayağa qalxanda onların baxışları rastlaşdı. Hər iki­sinin qəlbində köhnə xatirələr baş qaldırdı. Qu­caq­la­şıb öpüşdülər. Tahirzadə bir addım geri çəkilib onu baş­dan-ayağa süzərək, ərklə və həm də vəzifəsinə xas olan əda ilə:

- Yaxşı, burda niyə oturmusan, keç içəri!

 Hər ikisi kabinetə daxil oldular. Tahirzadə arxadakı istirahət otağında papağını çıxardıb, gur saçlarına daraq çəkə-çəkə stolunda əyləşdi və:

- Ay Ağamurad, Ağamurad! - dedi. - Gör biz haçandan görüşmürük e? İllər necə də tez gəlib keçir?! Saç-saqqalı da yaman ağartmısan?! Yəqin külfət basıb?! İşin-gücün necədir?!

Ağamurad qımışıb əllərini dizlərinin arasında ovuşdura-ovuşdura:

- Sağ olmuş, nə işim var, nə də ki sən görən gücüm. - İncikli cavab verdi.

- Bu nə sözdür? Bəs bir yerdə işləmirsən?

Ağamurad əvvəlcə tutuldu, sonra qəddini düzəldib udquna-udquna:

- İşləməyə qoyurlar ki?! Neçə ildir rayon kənd təsərrüfatı idarəsində baş zootexnik işləyirdim. Çıxar­dıblar, yarım ildən də çoxdur ki, bekaram. Kimə də ağız açıram...

Tahirzadə hökmran, həm də mərhəmətli görkəm alaraq:

- Qələt eləyib çıxardıblar! İndi biz də qaytararıq ye­ri­nə, - deyib əl atdı telefona. Sonra nə fikirləşdisə: - Yax­­şı, Ağamurad, gəl belə danışaq. Mən də bu işdə tə­zə­yəm, vəziyyətlə də tanış deyiləm. Sizə bir həftə möhlət verirəm. Evdə yaxşı-yaxşı fikirləş. Arvad-uşaqla da ağıl­lı-başlı məsləhətləş. Sonra gələrsən yanıma. Bar­ma­ğını hansı vəzifənin üstünə qoysan... - O, qa­şı­nın bi­ri­ni yuxarı dartaraq: - De görüm, rayon so­ve­ti­nin deputatısan?

- Xeyr, deputat deyiləm. - Ağamurad cavab verdi. Tahirzadə təəssüflə başını bulayıb öz-özünə vaysındı:

- Ay dadi-bidad, necə girəvəsiydi! - dedi. - Əgər depu­tat olsaydın, çalmışdın. İspolkom sədrinin dalından dəymək istəyirəm, səni elə günü sabahdan onun yerində oturdardım.

Ağamurad tələbəlik dostunun kabinetini tərk edən­də kefi doxsan doqquza qalxmışdı. Bayaq könülsüz-kö­nül­süz qalxdığı daş pilləkənləri, indi qoşa-qoşa addımlayırdı. O, evə çatanda, Hüsniyyə xanım həyəcanla soruşdu:

- De görüm nə oldu?! Səni necə qarşıladı?!

- Belə ürəyin istəyən kimi! - Ağamurad vəcdlə cavab verdi - heç ondan gözləməzdim. Mənə bir üz göstərdi ki, gəl görəsən, xəcalətimdən bilmədim nə eləyim? Çox isti­qanlı adamdır! Halal olsun! Tələbəçilikdə azca həlləm-qəlləmliyi var idi, amma indi yumşalıb, elə bil hə­min Tacəddin deyil. Özünü elə səmimi, ağıllı-kamallı apa­rır ki, adam məəttəl qalır. Bax, əsl rayon başçısı be­lə olar! Mən deyərdim ki, ona bu vəzifə də azdır. Ki­şi­nin oğlu o qədər yetkinləşib ki, respublikanı da versən, aparar. Kəsdiyimiz çörək ona halal olsun. Prosto Ta­cəddinə vuruldum.

Hüsniyyə xanım xeyli şad oldu. Və üzünü göyə tutaraq:

- Şükür tanrının dərgahına - dedi və əlavə etdi: - Gördün, Ağamurad, maa inanmırdın! Neçə dəfə dedim ki, a kişi, səbrin olsun, əlini də o göydəkinin ətəyindən üzmə. Mıxı mismar eləyən var. Su gəldiyi arxdan bir də gələr. Amma sən o qədər dar hövsələsən ki, fikrindən büzüşüb acı almaya dönmüşdün. Bizim də yediyimiz-içdiyimizi zəhrimara döndərmişdin. İndi gördün ki?!

Axşam əl-ayaq yığışandan sonra ər-arvad üzbəüz əyləşib məsləhət-məşvərətə başladılar. Götür-qoy elədilər ki, hansı vəzifənin üstündə dayansınlar. Ağamurad birdən əlini əlinə vuraraq:

- Arvad, - dedi, - günü sabahdan, ispolkomun yerin­də oturmuşdum, bircə tük yazdı. Yəqin qismət deyil­miş! Deputat olmamağım işləri korladı.

- Qismətdən artıq yemək olmaz, - deyə Hüsniyyə dilləndi və əlavə etdi: - Amma o ispolkomluq baş tutsaydı, nə olardı, hər addımı puldur. Nə qədər satışa maşın gə­lir, torpaq sahəsi verilir, ev paylanır, kiçik müəs­si­sə­lər, kooperativlər yaranır - qazanc yeri birdir, ikidir, hansını deyim? Saymaqla qurtaran deyil. Hamısının xeyrini-bərəkətini ispolkom görür..

Ağamurad:

- Ondan keçib, arvad, Allah balasını saxlamış mənə bir həftə möhlət verib. Gəl sənli, mənli fikirləşək görək, hansı vəzifəni götürüm?!

Hüsniyyə dodağını əyib hikkəylə:

- Yönlü ixtisas da qazanmamısan ki, onun müqa­bi­lin­­də yağlı bir vəzifə alasan, - həyat yoldaşına tənə vur­du: - Odeyy, bank müdiri, yüz min manat pul buraxanda, on mini özünündür. Qırmızı papaq qoyanların, tə­rə­zi dalında duranların dirəyi də qızıldandır. Sən də ha göz­­lə ki, hansı kolxozdasa beş qoyun öləndə aktı yazıb qə­pik-quruş qazanacaqsan. Sağ olmuş, dünyanın gö­zü­nü töküb özünə peşə tapmısan! - zootexnik!

Hüsniyyə lağ-loğaza manikürlü barmaqlarını havada yellədi.

Onların bir il bundan qabaq əsgərliyini qurtarıb, ra­bi­tə idarəsində poçtalyon işləyən böyük oğlu Bəhruz kə­nardan valideynlərinin söhbətinə müdaxilə etdi:

 - İxtisas, bilik, bacarıq əsas deyil, guya ki, bura Amerikadır?! Orada birini vəzifəyə qoyanda yüz dəfə ələkdən-xəlbirdən keçirib, yeddi arxa dönənini yox­la­yır­lar. Bizdə kimdir elə şeylərə əhəmiyyət verən?! O vaxt məni vayenkomata çağıranda yoldaşlarımızın bi­ri­ni neqodnı çıxarıb geri qaytardılar ki, "debil"dir, onu əs­gərliyə aparmaq olmaz. İndi odey, böyük bir rayonun baş­çısıdır. Deməyim odur ki, yuxarıda oturanlardan asılıdır. Nə olsun ki, papam zootexnikdir, o Tahir­za­də­nin könlü olsa, dibdəkilərlə danışıb papamı lap pro­kuror, məhkəmə də qoydura bilər. Hamısı öz əlin­dədir!

Ağamurad gördü ki, hərənin ağzından bir avaz gə­lir, əsəbiləşib baxışlarına sərt ifadə verdi. Hüsniyyə ilə Bəh­ruz onun qırımını görüb susdular. Ağamurad yaran­­mış sükutu pozaraq:

- Özlüyümdə çox ölçüb-biçmişəm. Başqa sahəyə getsəm, düz çıxmaz, söz-söhbət yaranar. Belə qərara gəl­mi­şəm ki, daş düşdüyü yerdə ağır olar, elə qayıdım köhnə yerimə.

- Yenə zootexnik?! - Hüsniyyə tapança kimi açıldı.

Bəhruz da qurcalanıb mızıldandı...

Ağamurad:

- Yoox, canım! - dedi. - Həmin idarəyə rəis! Heç is­bal­komdan balaca vəzifə deyil. Orda işləyəndə görmü­şəm də, səhərdən axşamacan ştamp-peçatından pul ya­ğır. Bütün kolxoz-sovxozlar da ki, əlində.

Hüsniyyə ilə Bəhruzun iddiaları böyük olsa da, çarə­­sizlikdən rəislik məsələsinə etiraz etmədilər. Bu­nun­la da fikirlər eyniləşdi, mübahisə kəsildi.

Ağamurad toya hazırlaşırmış kimi dəlləkxanada saç­larını qaydaya salıb, hamamlanıb, geyinib-kecinib, boynunda da ağlı-yaşıllı qalstuk Tahirzadənin dediyi vaxt, qapıçıdan icazə almamış varid oldu onun kabi­ne­tinə. Tahirzadə gözünün quyruğu ilə ona ötəri nəzər sal­sa da, bir söz demədi, qarşısında əyləşmiş üç nəfər kə­­nar şəxslə söhbətini davam etdirdi. Onlar danışıb qur­tarandan sonra Tahirzadə üzünü bayaqdan ka­bi­netin ortasında quruyub qalan köhnə dostuna tutaraq:

- Hə, səni eşidirəm, Ağamurad. Deyəsən sözlü ada­ma oxşayırsan, buyur, - dedi.

Ağamurad:

- Tacəddin o danışdığımız məsələdən ötrü...

- Tacəddin yox, Tacəddin bəy! Yoldaş Tahirzadə! Ta­cəddin Paşayeviç! - Küll-ixtiyar sahibi olan yeni ra­yon başçısı onun sözünü ağzında yarımçıq qoydu: - Tələ­bəçilikdəki köntöy xasiyyətindən hələ də əl çək­mə­misən, bədbəxt oğlu! Bu yaşa çatmısan, adicə mü­ra­ciət qaydasını da bilmirsən?!

Əyləşənlərin istehzalı baxışları Ağamurada tərəf yönəldi. Bəziləri dişlərini ağardıb hırıldadı. Köhnə dostunun onun üzünə qırmızıca dediyi bu söz, Ağamurada gül­lədən də betər təsir elədi. Rinqdə nokauta düşmüş boksçu kimi Ağamuradın gözlərinə qaranlıq çökdü. Bü­tün kabinet, divardakı şəkillər başına hərləndi. İndi Ağa­muradın qarşısında vaxtilə çiling-ağac, eşşəkbeli, dirə­döymə oynadığı canbirqəlb tələbəlik dostu yox, san­ki özgə planetdən peyda olmuş və hökmran baxış­ları ilə onu təqib edən yad, əlçatmaz məxluq dayanmış­dı. Tahirzadə süni təbəssümü ilə, onun qəlbinə vurduğu dil yarasına yumşaq məlhəm qoyurmuş kimi:

- Ağamurad, sizin vəziyyətinizi başa düşürəm, - dedi. - Keçən dəfəki söhbətimizdə demisən, hamısı yadımdadır. İndi nazirlikdən yoldaşlar gəlib, başım on­larla qarışıqdır. Üç-dörd gündən sonra gələrsən, mə­sə­lə­nizi həll edərik.

Ağamurad dalı-dalı geri çəkilib, kabinetdən bir­tə­hər çıxdı. Onun gözləri hələ də tor görürdü. Özünü evə çat­dırıb papirosu-papirosa caladı. Lakin bu gün Ta­hir­za­də ilə olan söhbətini heç kəsə açıb ağartmadı. Hüs­niy­yə xanıma da izah etdi ki, dünən çiməndə özümü so­yu­ğa vermişəm, başım bərk ağrıyır. Tahirzadəni də gördüm. Sağ olsun, məni pis qarşılamadı. Ancaq işi çox olduğu üçün ətraflı danışa bilmədik. Əsas söhbətimiz sonraya qaldı.

Üç gündən sonra Ağamurad həmişəki kimi yenə əy­nini-başını sahmana salıb Tahirzadənin qəbuluna get­di. Fikirli-fikirli pilləkənlərlə yuxarı qalxanda, birdən Ta­hirzadə ilə qarşılaşdı. Tahirzadə uçmağa hazırlaşan qartal balası kimi qoltuğunda qovluq, keyfi kök, da­ma­ğı çağ aşağı enirdi. O, Ağamuradı görəndə ayaq saxladı:

- Salam, Ağamurad! - dedi. - Yenə gəlmisən?! Tələ­sir­sən e, yaman tələsirsən! Gəlsən də, gəlməsən də, sə­nin barəndə fikirləşirəm. Bir aman ver, görüm sənə mü­na­sib nə iş tapıram. İndi kəndə gedirəm, sabah da Ba­kıya yola düşməliyəm.  Qayıdanda görüşərik, əlaqə saxla. Di xudahafiz... Uşaqlara da məndən salam söylə. Tahirzadə binanın qarşısında onu gözləyən qara "Vol­qa"ya əyləşib, Ağamuradın nisgilli, nigaran baxış­la­rı­nın  müşayiəti ilə gözdən itdi. Tahirzadənin - "Sənin ba­rəndə fikirləşirəm. Uşaqlara məndən salam de!" - kəlmələri Ağamuradın qəlbində neçə gündən bə­ri zəifləməkdə olan ümid işığını bir qədər şölələndirdi. Bu axırıncı görüşdən sonra onun rəngi durulmuşdu. Əhval-ruhiyyəsi də yaxşılaşmışdı. Darvazadan içəri girəndə Hüsniyyə səbirsizliklə soruşdu:

- Nə oldu, düzəldi?

- Tələsik işi vardı, harasa gedirdi. - Ağamurad ca­vab verdi. - Ancaq dedi ki, yadımdasan. Danışığından belə başa düşdüm ki, mənə yaxşı iş axtarır. Sizə də salam göndərdi:

- Allah onun balasını saxlasın! Heylə deyibsə, böyük şeydir! - Hüsniyyə xeyli şad oldu: -Rayonda bir kişi varsa, o da Tahirzadədir! Əlinin üstündə əl yoxdur ha! Dediyi qanundur! Yəqin sənə layiq olan vəzifə axtarır. Bəlkə elə o ispolkomun yerinə qoymaq istəyir. Ona görə də işi bir az ləngidir.

- Mən də elə başa düşürəm, - Ağamurad həyat yoldaşının dediyini təsdiq etdi.

Gecə yarı Hüsniyyənin qulağına kal və boğuq səs gəldi:

- Vicdansız! Vicdansız! Ərizəni yaz! Ərizəni yaz, get! İşləyə bilmirsən! Rədd ol burdan! Hüsniyyə ərini dümsüklədi:

- Ağamurad, Ağamurad!

Ağamurad:

- Həh! Həh! - deyib qan-tərə batmış halda çarpayı­sın­dan dikəldi və gözlərini ovuşdura-ovuşdura:

- Sən bir işə bax ey! - dedi. - Əla yuxu görürdüm. Gördüm ki, ispolkom sədriyəm, müavinimin ərizəsini alıb işdən qovuram.

- Axmaq yuxudur! - Hüsniyyə dilləndi.

- Niyə?

- İspolkom sədri olmaq-olmamaqdır - Hüsniyyə onun yuxusunu yozub, özü də dilxor oldu.

Ağamurad evdə oturub günlərini sayırdı. İki həftədən sonra yenə Tahirzadənin yanına getdi. Ancaq bu dəfə şəstlə qapını açıb içəri girmədi. Başqaları kimi gözləmə otağının bir küncündə məlul-məlul boynunu büküb sakitcə oturdu. Katibə içəri bir stəkan çay apardı və qayıdanda Ağamurada belə bir cavab gətirdi:

- Tacəddin Paşayeviç deyir ki, onu tanıyıram. Gözləsin, özüm çağıracağam.

Tahirzadənin kabinetinə girib-çıxan idarə başçıları, meyvə qəbulçuları, ticarət adamları bir-birini əvəz edirdi. Özü də katibəni saya salmadan. Ağamuradın başı hərdən sinəsinə enib qalxırdı. Ötən gecə yaxşı yatmadığından hərdən mürgülüyürdü. Günorta fasiləsi çatanda Tahirzadə kabinetindən çıxıb, əlindəki açarla kabineti bağlaya-bağlaya:

- Ağamurad! Sağ olmuş, sən də elə vaxt gəlirsən ki, baş qaşımağa macal tapmıram - dedi və soruşdu:

- Həftənin neçənci günüdür?

- İkinci günü.

Tahirzadə:

- Gəl belə danışaq, - dedi. - Bazar günü düz səhər saat onda səni gözləyirəm. Onda gəlib-gedən də az olur. Bu məsələni biryolluq həll eliyək, qurtarıb getsin. Etirazın yoxdur ki?!

Ağamurad boynunu çiyninə tərəf əyərək:

- Siz məsləhət görəndən sonra...

Onlar vədələşdikləri vaxt görüşdülər. Tahirzadə rəsmi qaydada:

- Bilirsən nə var, Ağamurad - dedi. - Düzdür, haçan­sa tələbə yoldaşı olmuşuq, sizə də böyük hörmətim var. An­caq bunların idarə işlərinə dəxli olmamalıdır. Bu rayon dedi-qodusu çox olan yerdir. Yəqin ki, sizin bura tez-tez gəlib-getdiyinizi başqa cür başa düşənlər də var. Özümüzü dilə-dişə salmamaq üçün gəl belə edək. Sizi bir daha bu aralarda görməyim və soruşdu:

- Evdə telefonun var?!

- Bəli, var.

- Nömrəsi neçədir?

- 5-38-41.

Tahirzadə qəddini əyib stolun üstdəki təqvimin ağ vərəqlərinin birinə həmin telefonun nömrəsini, Ağa­mu­radın adını və familiyasını qeyd edib, qabağından da iki sual işarəsi qoydu. Sonra o, üzünü Ağamurada tutaraq:

- Danışdıq?!

Ağamurad dillənmədi. Matdım-matdım köhnə dostunun üzünə baxdı. Tahirzadə ayağa qalxıb onun əlini sıxaraq:

- Get işində ol, - dedi. - Ürəyinə də başqa şey gəl­mə­sin. Telefon zəngimi mütləq gözlə. İkicə yaxşı vəzifə olsa, biri sənindir...

Ağamurad bir aydan artıq olardı ki, küçəyə-bayıra çıxmırdı. Telefonun yanını kəsdirmişdi. Həyətə enəndə və ya hamamlananda onu bir adam əvəz etməli idi.

İstilər başlananda qonum-qonşu qapını bağlayıb köç­lü-külfətli hərəsi bir səmtə çəkildi. Ağamuradın arvad-uşağı isə yayın cırhacırında yanıb qovrulsa da, tele­fon zənginin dərdindən bir yana tərpənə bilmirdi. Onlar bürkülü yay axşamlarının birində, dəhlizdəki tele­vizorun qabağında əyləşib boyun-boğazlarını sancan ağcaqanadları ora-bura qova-qova konsertə baxır­dılar. Musiqi proqramı başa çatandan sonra diktor qız xoş təbəssümlə belə bir məlumat verdi:

- Tahirzadə Tacəddin Paşa oğlu başqa işə keçməsi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir...

1992-ci il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com