|
HEKAYƏLƏR
PADŞAH KİMİ VƏZİFƏ
Nazgül xanımın qaşqabağı yer süpürürdü. Çırtma vursan, qanı çıxmazdı. Elə bil əzizi ölmüşdü. Kənddən sor-sovqat gətirmiş və uzaqdan-uzağa qohumluğu çatan Fəzilət xala axır ki, özünü saxlaya bilməyib soruşdu:
- Ay Nazgül bacı, bu gün gözümə birtəhər dəyirsən axı. Elə bil həmişəki deyib-gülən Nazgül deyilsən. Yaman bikefsən e, dilim qurusun!! Bəlkə uşaqların başında hadisə-zad...
Nazgül xanım pudralanmış dolu sifətinə sallanan qara qıvrım birçəyini xına yaxılmış incə barmaqlarının arasında yuxarı sığallayıb kədərli ah çəkdi:
- Ay Fəzilət xala - dedi, -ərim padşah kimi taxtdan düşüb -niyə bikef olmuyum?! Bəyəm bu az dərddi?! Qaradan artıq nə rəng?!
Fəzilət xala qəddini ona tərəf əyib canıyananlıqla:
- Az, naşükürlük eləmə! Allaha ağır gələr! Təki ölüm-itim olmasın! Tanrının kərəminə min şükür. Səfiyar qardaşa nə olub?! Sənin də ki, Allah ta artıq eləsin, top dağıtmaz ev-eşiyin, gül kimi balaların, maşallah polad kimi də sağlam canın, nəyin əskikdi?! Ərin də ki, elnən gələn qara gün toy-bayramdı. Gərək elə raykom katibliyi ola?! O biri vəzifələrdə işləyənlər acından ölmür ki?!
- Yox e, Fəzilət xala, partiya-zad məni o qədər ağrıtmır. Dağılır belə cəhənnəmə dağılsın! - deyə Nazgül xanım içərisində qovrula-qovrula dərdini Fəzilət xalaya açdı: -Raykom katibliyi day ayrı vəzifəydi -dedi. -Özü də Səfiyar neçə ildi ki, birinci işləyirdi. Əlinin üstündə əl yoxudu. Nə gizlədim, sən də elə özümünküsən. Ev bizim, sirr bizim. Rəhmətlik o böyük əmim, hərdən söz düşəndə danışırdı e, o keçmiş zamanlardan. Nə bilim bəy belə getdi, xan belə oldu, piristav belə vurdu-yıxdı... Vallah-billah raykom katibliyinin yanında onlar nəyidi?! Heç zad! Bütün rayon bizə işləyirdi. Özü də Səfiyar işin çəmin yaman tapmışdı. Yuxarıda asılı olduqlarının bir-ikisini əlində saxlayırdı. Gəlib-gedən nümayəndələrin də qulluğunda durub, qonaq otağında yedirdib-içirdib, ağızlarına da ayından-oyundan atıb yola salırdı. Ondan sonra rayonda kəsdiyi başın sorğu-sualı yoxdu. O de, dədəm məktəbdə adicə zavxoz işləyir. Amma camaat arasına çıxanda, hamı ona baş əyirdi ki, bu raykom katibinin qayınatasıdı. Qardaşlarım Səfiyarın hesabına süd gölündə üzürdülər. Hərəsinin də altında bir maşın. -Katibin qaynı gəlir -deyəndə zağ-zağ əsirdilər. Uşaqlar da ki, məktəbə getdi-getmədi, dərs oxudu-oxumadı ilin axırında hərəsinin bir beşi varıdı. Hansını deyim?! Neçə ildi bazar tanımırıq, dükana getmirik. Yeməyimiz, geyməyimiz hamısı müftəcə gəlir. Day başqa şeyləri demirəm, özün bilirsən dayna, vallah elə karobkalar var ki, on ildi gəlib, macal tapıb ağzını açmamışam. Cürbəcür xarici servizlər, yapon maqnitafonları, bahalı-bahalı televizorlar. Gələn hədiyyələri yığıb-yığışdırmağa yerimiz də yoxdu. Çoxun tullamışam ode, çöldəki qaraja.
Nazgül yandığından əlini dizinə vurdu:
- Bilmirəm bu nə qəfil gülləydi durduğumuz yerdə bizi tutdu. O cür dolanışıqlı, hökmran vəzifə birdən-birə əlimizdən getdi. Kişi o katibliyi verəndən bəri, özümüzə gələ bilmirik. Həmin gündən yediyimiz-içdiyimiz də zəhər-zəhrimara dönüb...
Fəzilət xala ərkyana:
- Nazgül, sən deyən düzdü e, bacı - dedi, - Savadımın az olmasına baxma, mənim də özümə görə ağlım var. Kim çörəyi qulağının dalına yeyir?! Bu dünyanın işlərindən azdan-çoxdan mənim də başım çıxır. Dava vaxtı anbardar, ferma hesabatçısı işləmişəm. Neçə dəfə rayona deputat seçilmişəm. Raykomun zərbi-zorbunu görmüşəm. Vallah katibin hənirtisi gələndə, sədrimiz siçan deşiyini satın alırdı. Söz-sözü gətirər. Bunu qoyum, ona gedim. Bir qoçaq, haracan da desən, əlli-ayaqlı, diribaş sədrimiz varıdı. İnsafən camaatla rəftarı da yaxşıydı. Bizi də pis dolandırmırdı. Hər il də planları doldururdu. Adamın üstündə Allah var. Tikintiyə-zada da can yandırırdı. Allah ağlını aldı, katibin dediyini vaxtında eləmədi. Eləmədi deyəndə kişinin qəfil ölüsü düşdü, başı qarışıq oldu. Çoxlu da xərci çıxdı. Hər sədrin də bilirsən dayna nırxı var. Ona görə də, katibin yanına həmi gec getdi, həmi də bu dəfə bir-iki min manat az oldu. Onun üstündə katib mindi cin atına. Başımıza od ələdi. Rayonun nə ki yoxlaması vardı, hamısını tökdü kəndə. Kolxozu dibdən-daşdan yoxlatdırıb haqq-nahaq sədrimizə on iki imamın qanını sübut elətdirdi. Nə qədər nöqsan tapmışdılar, hamısını yoğurub-yapıb qoydular boynuna. Sonra da o cür qoçaq işçini çığırda-çığırda partiyadan çıxardıb, ilim-ilim itirdilər. Yazığın altı qızı varıdı, sonradan-sonraya da bir oğlu olmuşdu. Bax, o bir bölük uşaq heyləcə qaldılar yaman günə. Vallah indinin özündə də bir kökdədilər ki, yağı görə, qan ağlıyar. Allah heç kafir bəndənin başına gətirməsin. Bax, katibliyin o cür zəhmi varıdı. İstədiyini bir dəyqənin içində iti qılınc kimi kəsirdi. İndi ay bacı, sən neyləyəsən, mən neyləyim. Əlimizdən nə gəlir?! Bir də ki, Səfiyar katiblikdən çıxıb, belə canınız sağ olsun. Allah-taala o gül kimi balalarınıza qıymasın, sənciyəzə dəyməsin. Katiblik olmasın, təzə çıxan vəzifələrdən biri olsun. Day, onu özünə dərd eliyib, ürəyinə salmağının nə xeyri var?! Dünyanın gərdişi belədir. Dəm yenişə, dam yoxuşa! Olacağa çarə yoxdur. Nə təhər olsa, Səfiyarın da çoxdan katib işlədiyini nəzərə alıb ona bir maşınlı, telefonlu, kabinetli vəzifə verərlər. Heç o, isbalkom da pis vəzifə dəyil. Gözümün qabağında kim isbalkom işləyib, daşı-daşın üstünə qoymasa da, qohumu-qardaşı, illaf o yeddi arxa dönənlərinin hamısı özünə gün-güzəran tapıb. Maa elə gəlir ki, Səfiyar qardaşa da aşağısı bir isbalkomluq verərlər.
- Eh! Sən də söz danışırsan, - Nazgül üz-gözünü turşudub Fəzilət xalanın sözünü yarımçıq qoydu:
- Sən Allah ağzını xeyirliyə aç! İsbalkomluq nədi az, -dedi. - Ona da Səfiyar Aslanlı deyərlər. O cür katiblikdən sonra, yəni deyirsən gedib isbalkom olsun?! İsbalkomluğun dadını-duzunu çoxdan görmüşük. Səfiyar qabaqlar elə isbalkom işləyirdi. O nə vəzifədi?! Vallah onda katib kişini əsir-yesir eləmişdi. Bir süpürgəçini də çıxardıb qoya bilmirdi. Rayona satış üçün maşın göndərirdilər, xeyrini katib görürdü. Torpaq paylananda, mənzil bölünəndə, hamı katibin üstünə qaçıb şirinliyini ona verirdi. Katibdən icazəsi olmasaydı, Allahın o iclasını da çağıra bilmirdi. Qarın süfrə dəyil ha, hamısını açıb töküm. Həmin o, canı yanmış katib Səfiyarın bütün ixtiyaratını əlindən alıb cücəyə döndərmişdi. Kişinin elə quruca adıydı. Sən də başlamısan ki, Səfiyar təzədən gedib isbalkom olsun?! Allah o günü bir də bizə göstərməsin.
Nazgül xanım dolu əndamını irəli-geri verib, əyləşdiyi stulda yırğalana-yırğalana:
- Padşah zad deyirlər e, dədəmin canı üçün, raykom katibliyinin yanında o, heç nədi, - dedi. -Az, nə danışırsan, Fəzilət xala, burda heç kəs yoxdu, elə ikimizik. Səndən heç vaxt sirr gizlətməmişəm. Bilirəm ki, yaxşılığımızı istəyənlərdən biri də elə sənsən. O göydəki Allah şahiddir ki, mənim bir əlim qohum-qardaşın üstündə olub. Gümanım nəyə gəlib sizdən əsirgəməmişəm.
Fəzilət xala onun dediyini təsdiq elədi.
Nazgülün sinəsi doluydu. Boşaltmağa adam axtarırdı. Fəzilət xala yaxşıca əlinə düşmüşdü. O, yana-yana:
- Raykom katibi beləydi ki,-dedi,-yuxarıdan prokuror göndərirdilər, günlərlə Səfiyarın qapısının ağzında ayaq üstə dayanırdı. Qəbul eliyəndən sonra da xoşu gəldi, bəyəndi, razılıq verirdi. Yoox, ağlı bir şey kəsmədi, bir bəhanə qoyub təpəsi üstə geri qaytarırdı. Nəçənnik, məhkəmə də onun kimi. Ürəyinə yatmayanı yaxın qoymurdu. Deyirdi ki, qoluma qolay adam olmalıdı ki, əl-ayağıma dolaşmasın.
Nazgül xanım nəfəsini dərib:
- Eh, söz birdi-ikidi, hansını deyim. Bir yaxşı xasiyyəti də odu ki, aldığını-verdiyini məndən gizləməz. Ən çox da mənnən məsləhətləşirdi. Bura siftə gələndə dedi ki, Nazgül, Mehmanzadə adlı ikinci katibim var, kəllədi. Boylu-buxunlu da oğlandı. Özü də Moskvada vışı partşkolanı fərqlənməynən qurtarıb. Marksı-Engelsi əzbər bilir. Oxumadığı da kitab yoxdu. Dedim onu başından elə, heyləsiynən səninki tutmaz. Ağlına batdı. Elə həmincə dəqiqə yanımdaca telefonu götürüb Bakıynan danışdı. Dedi ki, bu ikinci katib Mehmanzadə işləyən adam dəyil, bivecin biridi. İçkiynən-zadnan da arası sazdı. Özü də natəmiz adamdı. Qadın məsələsinə də... Nə bilim yadımda qalmayıb, çox söz dedi. Səfiyarın da ki, yuxarılarda bir sözü iki dəyildi. Haqq-nahaq dediyi qanundu. Heç bir ay keçmədi ikinci katibin dalından dəydilər.. İndi hansı məktəbdəsə dərs deyir. Heç yerdə də adı-zadı yoxdu.
Nazgül xanım qəddini düzəldib özünü şax tutdu:
- İndi ay bacı, katibliyin üstü yoxudu -dedi.-Bu gündən sonra Səfiyarı nə vəzifəyə qoysalar, katibliyin yerini verməz - deyib əlavə etdi:
- Bax, həmin o Mehmanzadənin yerinə gətirdiyi yazığın-fağırın biriydi. Başına vur, çörəyini əlindən al. Səfiyarın qabağında qul kimi dururdu. Otur, deyəndə otururdu, dur deyəndə dururdu. Kənddə iqtisadçı işliyirdi. İnstitutu da birtəhər sürünə-sürünə qurtarmışdı. Dindirməsən, dinməzdi - harda da bir söz oldu, kim nə danışdı, o dəqiqə gətirib qoyurdu Səfiyarın ovcuna. Səfiyar deyirdi ki, yaxşı tapmışam, maa elə beləsi lazımdı.
Nazgül xanım çatma qaşlarını yuxarı dartıb, gözlərini geniş açdı və dodaqlarını bir-birinə sıxıb təəssüflə:
- Hə,- dedi, - Səfiyar hərtərəfli ustalaşmışdı. Fələk qoymadı.
Fəzilət xala Nazgülə toxtaqlıq verdi:
- Çayını soyutma - dedi. - Allah kərimdi. Ümidini o kişinin ətəyindən üzmə. Bir yandan bağlayan, əvvəl-axır bir yandan da açar. Səfiyar Aslanlı respublikada beş kişinin biridir. Bir heylə orden, medalların qabağında, yəni deyirsən, onu bekar qoyarlar?! Yoox vallah! Su gəldiyi arxdan, bir də gələr! Bəlkə elə onu böyüdüb, raykomluqdan da baş vəzifəyə qoydular.
Nazgül xanım onun sözünə etiraz mənasında başını buladı:
- Yox! Fəzilət xala, raykom katibliyi ayrı vəzifəydi - dedi. Onun dodağı bir balaca qaçdı və əlavə etdi:
- Bir dəfə Səfiyar işdən evə gec gəldi. Elə qaydası heyləydi. Günorta çörəyini yeyəndən sonra üç-dörd saat yatıb dincəlirdi. İş vaxtının axırında idarəyə gedirdi. Düz gecə saat on ikiyəcən, birəcən idarədə otururdu. İşçilər də ona baxırdı. Kimin nə həddi varıdı ki, o kabinetdən çıxmamış, bircəciyi ayağını o tərəfə qoysun. Vallah əhədin kəsərdi.
Nazgül xanım nə isə çaşıb, fikrindən yayındı və sonra müsahibinə müraciətlə:
- Söhbətim harda qaldı -soruşdu və əlavə etdi - vallah başımı elə itirmişəm ki... Səfiyarın katiblik məsələsi də məndə huş-zad qoymuyub.
- Dedin ki, Səfiyar bir gün evə gec gəldi, -Fəzilət xala Nazgülün dediyini onun yadına saldı.
- Hə, hə, yadıma düşdü, yadıma düşdü -Nazgül xanım sözünə davam elədi. -Kişi həmin axşam evə çox gec gəldi. Söz burda qalsın, bir az da şübhələndim. Bilirsən də, bu kişi tayfası ki, var, ətəyinin qabağını kəsib, dalına yamıyasan. Səfiyar da ki, o barədə hamıdan betərdi. Gördüyündən əl çəkən deyil. Onun üstündə evdə neçə dəfə davamız olub, qılınc-qırğın salmışam. Elə ki, köçlü-külfətli yığışıb dağa, bağa gedirik, tək qalan kimi xəstəliyini bəhanə eliyib, o cavan-cavan medsestra qızların gündə birini evə çağırır ki, gəl mənə iynə vur. Elə xasiyyəti odu, gözü onun-bunun dalındadı. Saa deyiram e, özümüzünküsən. O uzun küçənin o başında bir gözəgəlimli diş həkimi var. Gözəl-göyçək də gəlindi. Gedəndən ikicə ay sonra oturmadı, çıxdı. Söz yayıldı ki, guya arğiac Səfiyardan keçib... Nə başını ağrıdım, həftə səkkiz, mən doqquz gah kabinetinə çağırtdırıb, dal otaqda özünə baxdırır, gah da raykomun qonaq otağına gətirdib diş ağrısı adıynan min çür oyun çıxardırdı. Bu əhvalatı day rayonda danışmayan yoxdu. Fəzilət xala, camaatın ağzını yummaq olar?! Üzünə çox vurmuşam, xeyri yoxdu. Bildiyini dədəsinə də verən dəyil. O xasiyyətin üstündə neçə dəfə istəmişəm atam gedəm. Dədəm ağzıma vurub, qoymuyub. Mən də, neyniyim, dözürəm. Deyirəm dost-düşmən var, biri bilirsə, beşi bilmir.
Fəzilət xala əlini üzünə atdı:
- Bıy, az, az! Bax bunu birinci dəfədi eşidirəm. Heylə şey olmaz, kişinin başını böyütmə. Yaxşı bəs day, qorxub-eləmir?!
Nazgül şaqqanaq çəkib, əlini şappıltıynan Fəzilətin çiyninə vurdu:
- Sən də avam-avam danışırsan, - dedi. -Özün da deyirsən, deputat olmuşam. Hamı katibdən tük salır, o kimdən qorxur?!
Nazgül qaşlarını dartıb dodağını büzdü və əzilə-əzilə:
- Bax, bircə o cür xasiyyəti olmasa, murdar suya qoy iç. Amma di gəl ki, itə də tamah salır. Neçə dəfə qabağına cız çəkmişəm ki, bu yolda heç kəs xeyir tapmayıb. Əvvəl-axır...
Nazgül duruxub başını buladı və öz-özünə: - Gör hardan başladım, gedib hara çıxdım e, məndə huş-zad qalmayıb ha. Əlli dərənin suyun qatdım bir-birinə. Sözümün canı başqadı. Hə, yadıma düşdü, Səfiyarın işdən evə gec gəlməsini deyirəm. Soruşdum ki, Səfiyar xeyirdimi?! İndiyəcən hardaydın, mən də bayaqdan nigaran qalmışam. Gördüm yoox bu dəfə şübhələndiyim kimi dəyil. Səfiyar yorğundu. Qayıtdı ki, məhkəmə səhərdən bəri, neçə saatdı oturub məni gözlüyürdü. İşə baxmışdı, fikrimi bilmək istəyirdi ki, kimə neçə il cəza kəssin. Mən də bir-ikisinin adamı çoxdan gəlib-gedirdi. Əmanətlərini də almışdım. Məhkəməyə dedim onlardan yüngül keçsin, ikisini də buraxsın, qalanını da ki, özü bilər...
Söhbətin bu yerində qapı açıldı. Nazgül xanımın ortancıl qardaşı Zöhrab qanı qara içəri girdi. Nazgül xanım tez soruşdu:
- Nooldu, aldıın?
- Yox, vermədilər, dedilər hələ qiyməti gəlməyib, - Zöhrab dilxor cavab verdi.
Elə bil Nazgülə altdan od vurdular:
- Səfiyar Aslanlının ölmüş gününə!! Vallah indi hamısını bir günün içində iti qovan kimi qovub, zəlil eləmişdi! - Nazgül xanım ticarətçilərin qarasına o ki, var deyinib, asıb-kəsdikdən sonra üzünü Zöhraba tutub təmkinlə:
- Səfiyara bildirmə - dedi.-İndi elə vaxtıdı ki, onu da özünə bir dərd eliyər. Onsuz da neçə gündü ürəyi ağrıyır. Hər yatanda volakardin içir. Birtəhər təsəlli verib dilə tuturam ki, əsəbiləşib eləməsin. Dilim qurusun, katiblik cəhənnəmə, birdən kişini paralic-zad vurar, uşaqlar başsız qalar.
Fəzilət xala ehtiyatla soruşdu:
- Nazgül, axı o nə məsələydi e, Zöhrab deyir vermədilər.
Nazgülün yarası təzələndi:
- Hə, - dedi, - vaxt varıdı rayona vineştorq gələn kimi, dizləri əsə-əsə kağızını gətirib qoyurdular Səfiyarın qabağına... Götürdüyümüzü götürürdük, götürməyənimizi də ötürürdüm cuhud alverçilərinə... İndi qulağım çaldı ki, sklada əla italyan sapoçkiləri, qadın şubaları gəlib. Bir həftədir Zöhrabı göndərirəm, o, dünənəcən qapımızda sülənən raykoopittifaq sədri gündə bir bəhanəynən gədəni əliboş geri qaytarır. Guya ki, malın qiyməti hələ gəlməyib. Ay özün öləsən! Gör kimi aldadır e! Səfiyar Aslanlı katib oleydi, sən də heylə deyəydin! Elə o gün peçatını alıb, dalından dəymişdi. Hanı o, nərləri dizin-dizin süründürən büro?! Gör nə günə qalmışıq ki, raykoopittifaq sədri də sözümüzü eşitmir, raykomun dağıldığı günə daş yağeydi.
Telefon zəng çaldı. Nazgül dəstəyi qaldırdı. Telefonda ona nə dedilərsə, pul kimi qızardı. Dünən qapıya gələn həmin o hündürboy, ovurdları batıq, sırtıq kişiydi. Dolanışıqlı bir idarəyə müdir olmaq üçün dörd ay bundan qabaq Nazgül xanıma verdiyi behi istəyirdi. Nazgül telefonda udquna-udquna:
- Yaxşı, yaxşı qardaş -dedi, -xərcləmişik, əldən çıxıb, düzəldib verərəm. Arxayın ol, arxayın ol!
Telefonun dəstəyini yerə qoymamış darvaza qapısı döyüldü. Fəzilət xala ayağa durmaq istədi, ancaq Nazgül onu qoymadı, dedi ki, sən qonaqsan, qapını özüm açaram.
Darvaza qapısının ağzını iki nəfər ağzı yaşmaqlı qadın kəsdirmişdi. Onlar Nazgül xanımı görən kimi qabaqdakı alçaqboy, çəlimsiz qadın irəli yeriyib yaşmağını aşağı saldı və çəkinə-çəkinə:
- Nazgül xanım, vallah utanıram da deməyə, üzüm ayağının altına -dedi,-bu gün uşaqların birinci imtahanıydı. Getdik, o canı yanmış direktorun yanına, bizi almadı. Axırda məcbur olub Səfiyar qardaşın da adını verdim, sənin də. Direktor qırmızı-qırmızı üzümüzə dedi ki, mən nə Səfiyar Aslanlını tanıyıram, nə də ki, Nazgül xanımı. Qızların biliyi olsa, qiymət alacaqlar, olmasa yox. Sən də bilirsən dayna... Böyük institutlara gücümüz çatmır. Dedim elə sizin köməyinizlə bu texnikumu qurtarsalar, o da bəsdi. Qız xeylağıdılar, dayna, iynədən-zaddan vurub birtəhər başlarını girliyərlər. Bilikləri var ee, amma biliyə nə verirlər?! Bu zamanada kimin adamı, ya da ki, çoxlu pulu olmadı... Heyləcə qızların ikisini də kəsdilər, həvəsləri gözündə qaldı. Vallah deməyə də xəcalət çəkirik. Day onlardan keçib. Zəhmət olmasa, o amanatı... Nə gizlədim boğazımızdan kəsib, köpük-köpük yığmışıq.
Nazgül xanımın bənizi ağardı. Boyalı sifətinə soyuq tər gəldi. Gözləri alacalandı. Bütün həyət-baca başına hərləndi. Özünü güclə çəkib aparan o boyda ətli-əndamlı qadın palıd ağacı kimi tappıltıynan yerə gəldi. Evdəkilər özlərini yetirib Nazgül xanımın qol-qıçını ovuşdurdular. Üz-gözünə sərin su vurdular. Nazgül xanım haçandan-haçana ayılıb birtəhər özünə gəldi. Gözlərini güclə açdı. Onun təpimiş dodaqları pıçıldadı:
- Padşah kimi... Məni həkimə...
1993-cü il
|
|