 |
SƏNƏDLİ HEKAYƏLƏR
VƏ OÇERKLƏR
AYILMADIQCA ALDANIRIQ
El-obamız neçə ildir ki, gavur hiyləsindən törənən vəhşiliklərə məruz qalıb. Bu faciənin başvermə səbəbləri və ona son qoymaq imkanları barədə müxtəlif rəylər irəli sürülür, çağırışlar səslənir. Az-çox təcrübəsi olan jurnalist kimi eşitdiklərimə və gördüklərimə istinadən bu hadisənin bəzi məqamlarını açıqlayan mülahizələrimi bildirmək istərdim.
O vaxtlar respublikaların, rayonların, sovxoz və kolxozların yarışı ənənəyə çevrilmişdi. 1956-cı ildə Ermənistanın Mehri rayonunun nümayəndə heyəti yarış şərtlərini yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna gəlmişdi. Muxtar respublikanın bəzi rəhbər işçiləri də bu yoxlamada iştirak edirdilər. Günorta fasiləsindən yoxlama komissiyası ilə birlikdə gəlmiş erməni musiqiçilərinin konserti başlandı. Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Minəs Markarov sanki həmişəki lal-dinməz adam deyildi. Əllidən artıq yaşı olan bu adamın qanadı olsaydı, uçardı. O, vəcdlə çalğıçıları yanlayıb, nə isə pıçıldadı. Həmin anda Minas Nikoqosoviçin rəngi daha da duruldu. Görünür, çalğıçılarla olan söhbəti alınmışdı... Erməni müğənnisi qavalı qulağına qaldırdı, kaman inildədi... Qəlbləri ehtizaza gətirən bir musiqi səsləndi. Bu musiqinin təsiri altında Minəs Markarovun baxışları, əziz-xələfi ölübmüş kimi hüznlü ifadə aldı və ağzını qulağıma yaxınlaşdıraraq:
- Bilirsiniz, bu nə mahnıdır!? - soruşdu.
- Xeyr, bilmirəm - cavab verdim.
Bu cür incə mətləblərdə daha ayıq-sayıq olan Ordubad rayon partiya komitəsinin ikinci katibi Armenak Saakyan Minəs Markarova eyhamla qaş-göz elədi. Minəs Markarov isə görünür, onu tam başa düşə bilmədi. Minəsin köhnə yaraları qövr eləmişdi. O, içəridən qırıla-qırıla:
- Bu mahnının adı "Krunqdu" - dedi. - Ancaq çoxdan qadağan olunmuşdu. Stalinin dövrundə bu musiqi çalınsaydı, bizi dama basardılar.
Təəccübüm bir az da artdı:
- Nə üçün?! - soruşdum.
Minəs Markarovun dolu sifəti kədərli ifadə aldı. O, dərindən ah çəkərək:
- Bilirsən, - dedi. - O vaxtlar türklər bizim ermənilərin başına olmazın müsibətlər açıblar. Dədə-babalarımızı amansızcasına qırıblar. "Krunq" həmin faciəli günlərimizi tərənnüm edir. Ermənicə bilsəydin, oxuyanın sözlərini başa düşərdin. Bu o deməkdir ki, ey göydə uçan durnalar! O tərəflərdən soraq verin! Ölənlərimizdən, sağ qalanlarımızdan, türkün əlindən qurtaranlarımızdan nə xəbər?!
Sən demə, erməni müğənnisinin avazında səslənən bu həmin mahnının məna dərinliyində məqam gözləyən partlayış gizlənibmiş. Onu biz indi-indi başa düşməyə başlamışıq. Özü də gec, çox gec. Başımız daşdan-daşa dəyəndən sonra.
Həmin illərdə iş elə gətirdi ki, gənc bir mütəxəssisin şikayəti ilə əlaqədar olaraq "Kəndə mütəxəssis gedir" başlığı altında bir felyeton yazdım. Məqalədə bir çox məsul işçilər, o cümlədən, Minəs Markarov tənqid olunmuşdu. Yalnız Minəs Markarovun adını çəkdiyimə görə tənəli sözlərə məruz qaldım. Felyetonda belə bir cümlə işlətmişdim. - Orta təhsilli olsam da, nazir müaviniyəm. Ali təhsillilərin əlinə çöpü cüt-cüt verirəm.
Elmi dərəcəsi olan nazir bu barədə mənə incikliyini bildirdi:
- O biri müavinlərimi yazsaydın, sənə bir sağ ol da deyərdim. Amma Minəs Nikoqosoviçin adını nahaq çəkmisən. Bilirsən o necə nəcib insandır...
Nazir bir müddət məni görəndə necə deyərlər arxasını çevirirdi. Bu alim naziri qınamıram. Çünki "Krunq"un mənasındakı məkri duymaq üçün əsl alim fəhmi lazım idi.
Şöhrətli şair Avetik İsakyan ömrünün son anlarında gözlərini güclə açıb onun nəbzini yoxlayan həkimə:
- Özünüzü incitməyin, əzizim, - deyib. - Nə qədər ki, Naxçıvan, Dağlıq Qarabağ Ermənistanla qovuşmayıb, mənim ürəyim sakit vura bilməz.
Deməyim odur ki, bu qara niyyət hələ o vaxtlar erməni müğənnilərinin avazında, şairlərin sözündə tərənnüm olunurdu. Nə fayda ki, qulağımıza çatan bu ulartılar dərrakəmizə az çatırdı. 1960-cı illərin əvvəllərində Ermənistandan səhifə hazırlamaq üçün redaksiyamızın əməkdaşı Hidayət Zeynalovla Yerevana getmişdim. Söz yox ki, hazırlayacağımız səhifənin ideyası milli münasibətlərin yaxşılaşmasına yönəldilməli idi. Ancaq - qozbeli qəbir düzəldər - deyiblər. Dostluq təmənnasıynan atdığımız hər hansı addım erməni millətçilərinin hiyləsiynən üzləşirdi. Bizə şəhər mehmanxanalarının birində yer vermişdilər. Axşam həmkarımla Yerevanın mərkəzi meydanında gəzinirdik. Qarşımıza çıxan boynu qalstuklu, xaricən mədəni görünən və ədalarından vəzifə sahiblərinə oxşayan şəhər sakinləri bizə ikrah hissi ilə:
- Hayerin xosu ara!! Hayerin xosu!! - deyib ötürdülər.
Səhər bu söhbəti "Sovet Ermənistanı" qəzetinin şöbə müdiri İsrafil Məmmədova danışdıq. O, izah etdi ki, yəqin azərbaycanca danışmısınız, onlara acıq gəlib - "hayerin xosu" - ermənicə danışın - deməkdir.
Həmin gün Bakının "Neftçi" komandası "Ararat" futbolçuları ilə oynamaq üçün Yerevana gəlmişdi. Biz də həmin oyuna getməli olduq. İsrafil əvvəlcədən bizə xəbərdarlıq etdi ki, nəbadə azərbaycanca danışasınız. Xataya düşə bilərik.
Yerevanı gəzərkən İsrafil bizə geniş məhəllələr göstərdi:
- Bu yerlərdə qədimdən azərbaycanlılar yaşayırdı, - dedi. - İndi seyrəliblər, ermənilər yaman sıxışdırır! Rəhbər vəzifələrdə azərbaycanlı qalmayıb. Bizimkilərə göz verib, işıq vermirlər.
Yuxarıda qeyd etdiyim alim nazir isə Minəs Markarovu tənqid etdiyimə görə mənnən hələ də ağzıəyri danışırdı. Nazir söhbətlərimizin birində, Minəsin barəsində felyeton yazmağımı mətbuat sahəsində təcrübəmin kifayət qədər olmaması ilə əsaslandırırdı. Belə çıxırdı ki, ermənilərin qəbahətindən keçməyə dəyər. Əks təqdirdə beynəlmiləl tərbiyəmizin kifayət qədər olmamasının əzabını çəkə bilərdik. Bax, bu cür mülahizələrə görə, güc-bəla ilə orta təhsil qazanan Akop Ayvazyan on illər idi vilayət partiya komitəsində hamının başında qoz sındırırdı. Şöbə müdirləri, katiblər belə onnan ehtiyatla danışırdılar. Axı Akop Ayvazyan öyzənbillah səsini qaldırardı. - Arxalı köpək qurd basar, - deyiblər. Yerevandan, Moskvadan belə ermənilər bu səsə oyana bilərdi və yüksək kürsü sahiblərinə zaval toxunardı. Rayonların çoxunda ikinci katiblər erməni millətindən olmalıydı. Kimin nə həddi vardı ki, Mərkəzi Komitənin meyarına uyğun olmayan hərəkət etsin. Nəyinsə xatirinə... Erməni kadrlarının nazıynan oynamaq lazım idi.
Bəs Dağlıq Qarabağ Muxtar vilayətində necə! Orada belə bir məntiqə məhəl qoyan var idimi?! Əsla! Çünki - şəriət avamlar üçündür - deyiblər. İşimlə əlaqədar Stepanakertə getmişdim. Vilayət partiya komitəsində katib işləyən Bahadur İbrahimovla tanış oldum. Nəzakətli, kənd təsərrüfatı sahəsində dərin biliyi olan kamil alim idi. Akademik İmam Mustafayevin yetirməsiydi. İkinci dəfə Stepanakertə ayağım düşəndə onu kabinetində görmədim. Başını əkmişdilər. Boynumuza alaq ki, bəzən özümüz-özümüzə yağı kəsilirik. Otuz il bundan qabağın əhvalatı olsa da, bunu deməyə bilmərəm. Məmməd Cəfərov Naxçıvan vilayət partiya komitəsində şöbə müdiri işləyirdi. Cavan, çevik, son dərəcə nəzakətli olan bu adamı ali partiya məktəbində oxumaq üçün Moskvaya yola saldılar. Məktəbi bitirəndə Şirvan zonasındakı rayonların birinə birinci katib göndərildi. Sən demə, Naxçıvanın düzlük və paklıq mühitində yetkinləşən bu nəzakətli insan "alıb-vermək" elmindən xali imiş... Ona görə də onu, öz istəyini nəzərə almadan istirahətə getməyi məsləhət gördülər. Qayıdanda da başa saldılar ki, get Naxçıvana, orada sənə daha yüksək vəzifə veriləcək. Gəldi, ancaq Məmməd Cəfərova kim idi iş verən?! Nə olsun ki, marksizm-leninizmi əzbər bilir. Yazılmamış "elmlər"dən naşı idi. Onu xeyli incitdikdən sonra partiya kitabxanasına müdir qoydular. Məmməd Cəfərov "Kommunist"in redaktoru Ağababa Rzayevlə bir yerdə oxumuşdu. Ona görə də Ağababa müəllim hər dəfə mənimlə görüşəndə, Məmməd Cəfərovun halına acıyıb:
- Bacarsan ona kömək et, - deyirdi.
Bir neçə dəfə vilayət partiya komitəsinin katiblərinə onun barəsində ağız açdım. - Söhbət burda qalsın, onda ağıl çatışmazlığı var. Bunu yuxarılar da bilir. Ancaq özünə hiss etdirmirik - cavabını aldım.
Onun barəsində gedən bu namərd söz-söhbət Məmməd Cəfərovun da qulağına çatmışdı. Onun özündə də, özünə qarşı qəribə bir şübhə yaranmışdı. Bir dəfə xəcalət çəkə-çəkə məndən soruşdu:
- Bu sirri heç kəsə aça bilmirəm. Ancaq düzünü de, hərəkətlərimdə, danışığımda qeyri normallaq hiss eləmirsiniz ki?!
- Yoox! Nə danışırsınız?!
- Həyat yoldaşım ucundan-qulağından eşidib ki, guya mən başdan...
Ürəyim ağrıdı! Başqa bir misal. Redaktorlardan birinin kabinetindəydim. Növbəti nömrə üçün "Neft daşları"ndan hazırlanmış fotoşəkli nəzərdən keçirib, sifətini turşutdu və fotoqrafa hirslənərək:
- Yaxşı sənətkarsan e, ancaq siyasətdən kasadsan. Öndə böyük xalqın nümayəndəsi olmalıdır, başa düşdün?! Sən isə...
Fotoqraf çəkdiyi şəkli götürüb kor-peşman redaktorun kabinetini tərk etdi. Redaktor üzünü mənə tutaraq:
- Bunları öyrədə bilmədim dəə!
Bəli, yadlara yarınmaq, özümüzünkülərə dirsək göstərmək "dərsinin" gec mənimsənilməsi başbilənlərimizə necə də ağır dərd olmuşdu. Başqa millətlərin nümayəndəsini təkcə qəzet, jurnalları bəzəyən fotoşəkillərdə yox, həyatda da öndə görmək, başda oturanlarımızın beynəlmiləlçi ədəbin zirvəsini fəth etmək niyyətindən irəli gəlirdi. Bu cür düşüncə tərzinin mövcudluğu "Krunq"un getdikcə güclənən ulartısına rəvac verirdi. İki qonşu xalqı qırğına səsləyən bu müdhiş avazlar hiss olunmadan öz işini görürdü.
Adamın ağlını alandan sonra, canını almağa nə var ki! Yerevan siyasətbazları bu zərbi-məsəli ustalıqla improvizasiya eləyib, daşnaq xəyanətinə xas olan ssenari hazırladılar. Əvvəl-əvvəl Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını ağıllılardan məhrum etmək siyasətini həyata keçirməyə başladılar. "Krunq"un müşayiəti ilə Ermənistandakı azərbaycanlı ziyalıların respublikamıza axını başlandı. Oradakı soydaşlarımız başbilənlərini itirəndən sonra minillik ata-baba yurdlarını, qədimdən-qədim torpaqlarını itirmək məcburiyyəti qarşısında qaldılar. Neçə-neçə gəlinlər ərsiz, atalar oğulsuz, analar balasız qaldı. Böyük Vətən müharibəsi dövründə faşistlərin necə qırğınlar törətdiyini eşitmişəm. Ancaq eşitməmişəm ki, dinc əhalini, günahsız arvad-uşağı iri dəmir borulara doldurub işgəncə ilə məhv etsinlər. Bunu Ermənistandan gəlmiş soydaşlarımızın dilindən eşidirdim! - Elə dalaş ki, barışanda utanmayasan, - deyiblər. Utancaqlıq abır, həya, nəciblik, nəzakət əlamətidir. Erməni məliklərində bu cür insani keyfiyyətlər olsaydı, nə dərd idi?!
Həmin ərəfədə ermənilərin sevimli yazıçısı Silva Kaputikyan mərkəzi qəzetlərdə çap etdirdiyi məktubunda Andronikin xaricdə qoyulmuş heykəli önündə hüznlə baş əyib, dərin-dərin xəyallara daldığından, bu "milli qəhrəman"ın əlindəki qılıncın haçansa yenidən zühr eləyib sivriləcəyinə qəti əmin olduğundan ürəkdolusu yazırdı. "Mən ermənilərin bu ziyalı qadınının türk millətinin cəlladı olan Andronikin qılıncını baş kəsməyə səsləyən məktubunu oxuyanda savadsız nənələrimizin, igidlərin savaşında yaylıq atıb, qan yatırtdığını xatırlayırdım. Sən bir savadlı erməni qadınının qaniçənliyinə bax, savadsız azəri qadınının qan yatırtmasına"...
Düzdür - qanı qanla yox, su ilə yuyarlar, - deyiblər. Biz bu zərbi-məsəlin ifratına varmışıq. Silva Kaputikyanın qan qoxusu gələn cızmaqaralarını oxuduğumuz, "Krunq"u dinlədiyimiz, Avetik İsaakyanın arzularından hali olduğumuz, soydaşlarımızın Ermənistandan o cür faciəli vəziyyətdə qovulduğunu gördüyümüz təqdirdə belə yumşalırdıq, yumşaltmağa çalışırdıq, geri çəkilirdik, yeni-yeni barışdırıcı cığırlar arayıb-axtarırdıq. Güzəştə getmək, geri çəkilmək "fəlsəfəsi"nə uymaqla sanki özümüzün uzaqgörənliyimizi, humanistliyimizi, dərin düşüncə sahibi olduğumuzu nümayiş etdirirdik. Sağlığında əlimizin üstündə gəzdirdiyimiz Baqramyanların, Babacanyanların, yoxluğunda büstünü ucaldıb onların ruhu qarşısında səcdə qılırdıq.
Bu məktubu oxuyanlardan bəziləri bəlkə də məni qisasçılıq hissini qızışdıran müəllif kimi qınaya da bilərlər. Xeyr, düşməni məhv etmək üçün əvvəlcə ona nifrət etmək lazımdır! Qanmayanı qandırmaq gərəkdir. Qisas, nifrət Məhəmməd hümmətinə yaddır. Bizi buna vadar eləyən yalnız və yalnız erməni millətçiləridir. Türk qanı olan elə bir adam təsəvvür etmirəm ki, o min il bundan sonra da tariximizin Xocalı, Malıbəyli, Şuşa, Laçın səhifəsini vərəqləyəndə onda intiqam hissi alovlanmasın. Astronomiya elminin bilicisi Ambarsumyanın məşhur fizik olduğuna şübhəmiz yoxdur. Onun milli münaqişədəki mövqeyinin şahidi olduqca təəssüflənməyə bilmirəm. Görünür bu görkəmli alim fizikanın - təsirin əks təsirə bərabər olması barədəki qanununu öz sələflərinə təlim etməyi unudub. Çox unudub, təəssüf! Bunun üçün alimlik azdır, xeyirxah, ağsaqqal da olmaq lazımdır.
"Krunq"un günbəgün artan müdhiş sədasını batırmaq əvəzinə, onu eşitməmək üçün başda oturan başbilənlərimiz qulaqlara pambıq tıxamağı bizə rəva bilirdilər. Dilimizin lal, qulağımızın kar olması çox güman ki, respublikamızın başçılarına sərfəli imiş. Axı, əks təqdirdə onların stulu laxlaya bilərdi. Bir sözlə, sırtıq erməni millətçiləri qovduqca biz dala çəkilirdik. Zori Balayan isə fürsəti fövtə vermirdi. O, belə bir boşluqdan istifadə edib "Krunq"a züy tutdu. Onun "Oçaqı" ermənilər arasında əldən-ələ gəzdi. Ehtiraslar daha da qızışdı. Bu bədnam ideologiyaların törətdiyi alovun qara tüstüsü Stepanakertin səmasına yayıldı. İçərisində azərbaycanlılar olan dustaq maşını vəhşicəsinə yandırıldı. Onda Dağlıq Qarabağ vilayətinə də xidmət edirdim. Həmin hadisə baş verəndə Ağcabədidəydim. Əsas iş yerim olan Ağdama getməyə hazırlaşırdım. Yuxarıdan göstəriş gəldi ki, Stepanakertlə qonşu olan Qarabağın rayonlarında gediş-gəliş qadağan olunub. Səfərimi təxirə saldım və Ağcabədidə gecələməli oldum. Respublikanın başçıları uzaqgörənliklə belə düşünürdülər ki, guya Stepanakertdə yandırılanların hayıfını almaq üçün Qarabağın rayonlarından onlara hücum çəkə bilərlər. Yuxarıların qəti göstərişi beləydi ki, bir nəfər erməni dığasının burnu belə qanamamalıdır. Bu mülahizə ilə Mərkəzi Komitənin o vaxtkı birinci katibi, Nazirlər Sovetinin sədri, hüquq mühafizə orqanlarının işçiləri tez-tələsik Stepanakert şəhərinə varid oldular. Köhnədən yaxınlığımız olan respublika Daxili İşlər Naziri Məmməd Əlizadə mənə danışdı ki, əlimizə Yerevanda oxuyan bir nəfər ali məktəb tələbəsinin məktubu keçmişdi. O, Yerevandakı nişanlısına yazmışdı ki, sevgilim məndən nigaran olma. Burada özümü əla hiss edirəm... Çünki türk meyidinin tüstüsü hələ Stepanakertin səmasından çəkilməyib. Həmin məktubu respublika rəhbərlərinə təqdim edəndə onların cavabı bu oldu:
- Bu cür məktublar, nə bilim azərbaycanlıların dustaq maşınları ilə birlikdə yandırılması, tək-tək fərdlər arasında baş verən mümkün hadisələrdir. Ona milli məna verib şişirtmək lazım deyil...
Bəli, bir daş altdan, bir daş üstdən! Ancaq sular durulmadı ki, durulmadı. Erməni millətçiləri onu daha da bulandırmağa başladılar. Vilayətin məsul işçiləri ləng tərpənişimizdən, yumşaq hərəkətimizdən istifadə edib daha da şirnikdilər. Dağlıq Qarabağın Ermənistana birləşməsinə dair imzalar toplanmağa başlandı. Onda respublika rəhbərlərinin canına bir balaca isti keçsə də, özlərini o yerə qoymadılar. - Ola bilsin ki, bir-iki nəfər axmaqlayıb, onları da başa salmaq lazımdır - respublika rəhbərlərindən bu cür liberal səslər eşidildi.
Bəli, respublika Ali Soveti Rəyasət Heyətinin sədri, Mərkəzi Komitənin məsul işçisi Yefim Aronoviç Gindizin iştirakı ilə plenum keçirildi. Plenumdan əvvəl vilayət partiya komitəsinin birinci katibi Qurgen Aramovç Melkumyanın hazırladığı məruzə ilə tanış oldum. Və cib dəftərçəmə bəzi qeydlər etdim. Məruzənin mətnində belə bir cümlə işlədilmişdi. Vilayət qəzetinin redaktoru Qasparyan, şəhər sovetinin sədri Şəkəryan, kino birliyinin direktoru Ulubabyan... Dağlıq Qarabağın Azərbaycandan qoparılıb, Ermənistanın tərkibinə daxil olması üçün əl altdan imzalar toplamaq, əhalini çaşdırmaq kimi nalayiq hərəkətlərə əl atıblar...
Yığıncaq başlandı. Qasparyan, Ulubabyan, Şəkəryan şəstlə içəri daxil olanda yığıncaq iştirakçılarının çoxu onların timsalında sanki öz milli qəhrəmanlarını qarşılayır və ürəklərində Andronikin sadiq xələflərinin "əyilməzliyini" təqdir edir, onlara - eşq olsun! -deyirdilər. İş heyətində əyləşənlərin onlara zillənən narahat, həm də təbəssümlü baxışlarında təslimçilikdən irəli gələn incə eyham duyurdum. Məruzə qurtardı. Lakin Şəkəryanın, Ulubabyanın, Kasparyanın nə adları çəkildi, nə də ki, onların ünvanına bircə kəlmə incikli söz deyildi. Məruzəçinin onlardan yan keçməsinin səbəbi ilə maraqlandım. Yefim Aronoviç Gindiz partiya işçilərinə xas olan təmkinlə qaşlarını yuxarı dartaraq:
- Belə məsləhətdir, - dedi. - Onları təzədən cırnatmaq lazım deyil.
Erməni millətindən olan sağıcı qadının çıxışı qəribə səsləndi:
- Eşitdiyimə görə bəzi-bəzi şlyapalılar altdan-altdan fitnə-fəsad törədir! Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar! Milli ədavəti qızışdırırlar! Onları göndərin bizim kəndə tərbiyə edək! Ermənistan nədir?! Azərbaycan nədir?! Biz hamımız qaynayıb-qarışmışıq!
İnanıram ki, bu sadə zəhmət adamı "Krunq"u dinləyib, onun məna dərinliyinə enə bilsəydi, Zori Balayanın, Silva Kaputikyanın qan qoxusu gələn cızmaqaralarını oxusaydı, bəlkə də bu cür çıxış etməzdi.
Düzdür, plenum iştirakçılarının çoxusu sağıcı qadının sözünü alqışladı. İş heyətində əyləşənlər isə çox ehtiyatla çəpik çaldılar. Əlbəttə, belə lazım idi. Əks təqdirdə Şəkəryanların ağlına ayrı şeylər gələ bilərdi.
Ancaq bu cür güzəştlər, geri çəkilmələr vəziyyəti heç də sadələşdirmədi, əksinə, daha da mürəkkəbləşdirdi. Yerevanın fitvasıynan Dağlıq Qarabağda tüğyan etməkdə olan qara seli dinc və sakit məcraya yönəltmək üçün Boris Gevorkov sanki heç kəsin ağlına gəlməyən bir tapıntı oldu. Burada bir haşiyə çıxım. Boris Gevorkov əvvəllər Mərkəzi Komitənin Qarabağ rayonları üzrə məsul təşkilatçısı işləyirdi. Onda xüsusi müxbir kimi həmin zonaya xidmət edirdim. Onunla tez-tez görüşür, təmasda olurduq. Savadlı, hiyləgər, təmkinli, təkəbbürlü olan bu adam Qarabağ rayonlarındakı ötkəm və seçmə katiblərin gözünün odunu necə almışdı, ilahi?! Ondan necə çəkinirdilər?! Bir dəfə Ağcabədi rayon partiya komitəsinin çox ciddi və nüfuzlu katibi olan Məmməd Əsgərovun kabinetinə daxil olanda stol və stulları həmişəki yerində görmədim. Sən demə Boris Gevorkov stol və stulların yerinin və düzülüşünün qaydasında olmadığını hörmətli katibə irad tutub. O da "səhvini" düzəldib... Bəs Dağlıq Qarabağda yaranmış məlum vəziyyətin tarazlığını tənzimləmək ümidi ilə həmin vilayət partiya komitəsinə birinci katib göndərilən Boris Gevorkov Stepanakertdə stol və stulları necə qaydalaşdırırdı?! Sözdə bizim, əməldə isə Yerevandakı dindaşlarının zövqüncə! O, erməni siyasətbazlarına xas olan məharətlə respublikamızın başçılarını inandıra bilmişdi ki, etimada layiq, həm də respublikamız üçün sərfəli kadrdı. Bu inam Dağlıq Qarabağla respublikamızın arasında aldadıcı bir səddə çevrildi. Bu səddi respublika rəhbərlərində iki-üç nəfəri istisna olmaqla heç kəs asanlıqla keçə bilməzdi. Hər şey səxavətlə Boris Gevorkovun iradəsinə tabe edilmişdi. Bir dəfə xata oldu ki, xüsusi müxbirimiz kurort şəhəri olan Şuşanın dərdi-səri barədə tənqidi məqalə yazdı. Özü də Boris Gevorkova gənəşməmiş!! Sən bir müxbirdəki cəsarətə bax!! Dərhal qəzetin redaktoru Rzayevin telefonu zəng çaldı. Redaktor dəstəyi qaldıranda Boris Gevorkovun ittihamlı səsi eşidildi:
- Xüsusi müxbirinizi burdan dəyişdirin!
- Səbəbi? .
- İzahat vermək nə lazım! ...
Rzayev:
- Xüsusi müxbir redaktorluğun rəyi ilə qoyulur, çıxarılır və ya dəyişdirilir. Bu sizin vəzifə səlahiyyətinizə aid deyil. Və məsləhət görürəm ki, sizə aid olmayan məsələyə qarışmayasınız, - deyib dəstəyi yerə qoydu.
Bu əzrayılla çilingağac oynamağa bənzəyirdi. Məgər Dağlıq Qarabağ canişini ilə o tərzdə danışmaq olardı?!
Bəlkə də belə başa düşənlər vardı ki, Boris Gevorkovun dövründə Dağlıq Qarabağda müəyyən sakitlik yaranıb. Bəli, üzdə belə bir "əmin-amanlıq" nəzərə çarpırdı. Ancaq necə də aldanırdıq. Əslində saman altından yeridilən sudan xəbərsiz idik, çox xəbərsiz!! Bir də ki, sadəlövhcəsinə başa düşdüyümüz bu sakitlik heç də Boris Gevorkovun ədalət naminə dəridən qabıqdan çıxıb, erməni millətçilərini yerində oturtmaq hesabına deyildi. Bu zahiri sakitlik əslində erməni araqızışdıranlarının nazı ilə oynamağımız hesabına başa gəlirdi.
Stepanakertə dəmir yolu çəkilməlidir!!
- Baş üstə!
- Vilayətdə pedaqoji məktəb açılsın!!
- Baş üstə!
- Azərbaycan radiosunda və televiziyasında erməni dilində verilişlərə geniş yer ayrılsın!!
- Baş üstə!
- Əsgəran ayrıca rayon olsun!!
- Baş üstə!
Bu müti başüstələr, güzəştəgetmələr mühitində, "Krunq" mahnısı Balayanların, Silva Kaputikyanların tərəfindən məharətlə improvizasiya olunurdu. Yəqin ki, bu dramatik səhnənin quruluşçularından biri kimi, Boris Gevorkovun "zəhmətini" qeyd etməmək azı insafsızlıq olardı. Lakin bu ssenarinin hazırlanmasında, Boris Gevorkovun xidməti bizim eynəklərimizlə o qədər də sezilmirdi. Onun Əsgəran səddindən o tərəfə dovşana - qaç, tazıya tut - deməsi də nəzərə çarpmırdı. Ancaq riyakarlığın axırı puçdur. Atalar demişkən - quyu qazan özü düşər. Gevorkov, bax həmin öz qazdığı quyuda çabalayır. Raykomun təlimatçılığından, böyük bir vilayətin rəhbəri səviyyəsinə yüksəldiyin torpağa xəyanət etməyin axır aqibəti başqa cür də ola bilməzdi.
"Oçaq"ın Stepanakertin səmasında çözələnib, gözləri yaşardan acı tüstüsü, nəhayət, Ter-Petrosyan kimi lideri olan, mənhus "Krunq" təşkilatı tərəfindən alovlandırıldı. Bu məşum alov, Dağlıq Qarabağın şəhər və kəndlərində yaşayan azərbaycanlı evlərini yandırıb külə döndərdi. Bu alov Ermənistandakı müsəlman kəndlərini bürüdü. Ermənistanla sərhəd olan yaşayış yerləri oda qalandı. Qubadlının Eyvazlı, Qədili, Davudlu kəndləri xarabalıqlara çevrildi. Neçə ildi həmin kəndlərdə bayquşlar ulayır.
"Krunq" və "Oçaq" ətrafında birləşən erməni araqızışdırıcılarının məkrli əməlləri, Sumqayıt hadisələri ilə nəticələndi. Yeri gəlmişkən deyim ki, onda Jeleznovodskda istirahət edirdim. Bu xəbər məni sarsıtdı. Düşündüm ki, olan olmuşdu, keçən keçmişdi. Qaysaq bağlamış yaraları təzədən qaşıyıb-qanatmağın nə mənası var! Vaxtilə erməni-müsəlman qırğınının acısını dadanlardan biri, mənim dünyaya göz açdığım bölgədi. Qarabaşlı, Göyqala, Qalaboynu, Köhnə Balahəsənli, Sofulu kəndlərinin indi yeri də bilinmir.
Xatirimə bir rəvayət düşdü. Bağbanın oğlu uzun illər atası ilə dostluq edən ilanla savaşır. İlan oğlanı vuranda əks zərbədən özünün də quyruğu qırılır... Oğul dərdi bağbanın belini əyir. İllər keçəndən sonra bağban arada olan bu kin, küdurəti unudur və ilanı yenidən ünsiyyətə, ülfətə səsləyir. İlan yuvasından çıxır. Bağban ona deyir ki, ey köhnə dost! Mənə olan, sənə də olub! Gəl keçənləri unudaq. Əzəli mehribançılığımızı davam etdirək. İlan isə:
- Səndən ciyərpara dağı, məndən quyruq yarası gedən deyil. Odur ki, day indən sonra bizim dostluğumuz baş tutmaz, - deyib yuvasına çəkilir.
Biz ciyərpara dağlarımızı unutduq. Erməni millətçiləri isə quyruq yarasını unutmurlar ki, unutmurlar. Əsrin əvvəllərindən bəri doğma kəndim Əliquluuşağı ermənilər tərəfindən neçə dəfə yandırılıb yerlə yeksan olub. Bütün bunlara baxmayaraq yaddan çıxartmışdıq bu müsibətləri. Mehribanlaşmağa çalışırdıq qonşumuz olan ermənilərlə. Düşündüm ki, yaxın qonşular təzədən niyə bir-birinə qənim kəsilsin?! Bu iki xalqı müsibətlərə düçar edə biləcək qarşıdurmaya necə son qoymaq olar?! Axşam sanatoriyadakı yataq otağıma çəkilib erməni-müsəlman dostluğuna dair "Pəncərələr şüşələndi" başlığı altında hekayə yazdım. Səhər telefonla Jeleznovodskdan Bakıya zəng çalıb həmin hekayəni redaksiyamızın qoçaq stenoqrafistikası Nazilə xanıma diktə etdim. Hekayə qəzetdə dərc olundu. Bu yazının milli mənası nəzərə alınıb ermənicə "Kommunist" qəzetində də çap edildi. Söz yox ki, bunu böyük bir yanğını söndürmək üçün qaranquşun dimdiyində su daşımasına bənzətmək olardı. Həm də ki, bu çox gecikmiş bayatıydı. Yüz min tirajla çap olunub yayılan və erməni qızlarının cehiz "incisi" sayılan "Oçaq" artıq öz bədnam niyyətinə çatmışdı.
Bu böhranlı məqamda Vəzirovun peyda olması ilk günlər respublikamızda ümid qığılcımı kimi işıldadı. Bu, Qorbaçovla Vəzirovun güman olunan yaxınlığından doğan ümidin işartısıydı. O da tez söndü! İsinmədik güman etdiyimiz bu yaxınlığın istisinə, əksinə kor olduq tüstüsünə. Özünü fəxrlə köhnə "diplomat" adlandıran, respublikanın bu yeni başçısı ilə təmasda olanlar - əşi, bu ki, lap bambılıymış, - deyib yerlərindəcə quruyub qaldılar. Bambılı sözünün mənasını "köhnə diplomatın" özü dəqiq başa düşməsə də, onu respublikamıza göndərənlər yaxşı bilirdilər. Və bu, bəlkə də Dağlıq Qarabağ probleminin Balayanların xeyrinə həll olunmasının ölçülüb, biçilmiş variantı idi. Biz isə qanlı yanvar hadisələrində - Əbdürəhman Vəzirov xalqı qırğına verib aradan çıxarkən, bambılı sözünün əsl mahiyyətini anlaya bildik. Pis dost kölgə kimidir. Səma təmiz və günəşli olanda hara getsən, arxanca sürünər. Göyə bulud gələndə görünməz olar. Bakımızın üzərini qara buludlar alanda, Əbdürəhman Xəliloviç Vəzirov milləti zirehli tankların güdazına verib müəmmalı şəkildə əkildi...
Belə bir yüngül təbiətli adamın respublikamıza gəlişi Qarabağ kələfini daha da dolaşığa saldı. Belə ki, köhnə diplomat Moskva qarşısında şivən qopartdı ki, bu, din davası yox, un davasıdır. Guya ki, Vəzirovdan qabaqkı rəhbərlər çox əfəl imişlər. Və Dağlıq Qarabağ vilayətinin sosial-iqtisadi problemlərinə biganə yanaşıblar. Əslində o, bununla bir güllə ilə iki ov vurmaq istəyirdi. Fürsətdən istifadə edib Moskvadakı ağalarına işarə vururdu ki, siz Əbdürəhman Vəzirovu Azərbaycana göndərməkdə çox gecikmisiniz. Əgər o, bu yüksək kürsünü vaxtında tutsaydı... Moskvada həmin mülahizə əsas götürüldü və Dağlıq Qarabağa iqtisadi yardım barədə, məlum tədbirlər müəyyən edildi. Guya ki, respublikanın keçmiş rəhbərlərinin təqsiri üzündən, Dağlıq Qarabağ iqtisadi-sosial çətinliklərin məngənəsində boğulur. Halbuki Çartazdakı mədəniyyət sarayı səviyyəsində, nə Azərbaycan, nə də Ermənistanın kəndlərində, yüksək arxitekturalı tikinti yoxdur. Çartazın tuf daşdan tikilmiş tarla düşərgəsi Mixail Qorbaçovun da, Arkadi Volskinin də daçalarından çox-çox dəbdəbəlidir. Onun da şahidiyəm ki, tapılmayan ərzaq və sənaye malları üçün Dağlıq Qarabağın şəhər və kəndlə-rinə gedirdik. Bir dəfə Ağdamda, mərhum şairimiz Süleyman Rüstəmlə rastlaşdım. O, sözarası:
- Zəngilandan gəlirdim, - dedi. - Martunidən keçəndə təsadüfən mağazaya döndüm. Yaxşı şeylər aldım. Vallah, orada olanları Bakıda tapmaq olmur.
Di gəl ki, "köhnə diplomat" Poqosyanların, Aqambekyanların, Şahnəzərovların, Balayanların çırağına yağ tökürdü. Özümüz öz əlimizlə erməni millətçilərinin iftirasına rəvac verdik. Ölkədə və xaricin müəyyən dairələrində rəy yarandı ki, guya Dağlıq Qarabağ siyasi, iqtisadi və sosial çətinliklərin əzabını çəkməkdən day cana doyublar. Ona görə də xalq öz milli azadlıqları uğrunda mübarizəyə qalxıb. Beynəlxalq ictimaiyyətdə özümüzə qarşı xoşagəlməz çaşqınlıqlar yarandı.
Arkadi Volski hakimiyyətinin bərqərar olması da ilk günlər Vəzirov diplomatiyasının uğuru kimi mədh olunmağa başlandı. Əslində isə bu bayağı diplomatiya Dağlıq Qarabağ dünyasını respublikamızdan xeyli-xeyli təcrid etdi. Beləliklə də ziddiyyətlər daha da dərinləşdi, milli ehtiraslar qızışdı. Qışın çovğunlu günlərində yüz minlərlə azərbaycanlı Ermənistandan silah gücünə qovulanda respublikamızın rəhbərləri Kremlin fironu Şahnəzərovun xatirinə Dağlıq Qarabağda, Gəncəbasarda, Bakıda yaşayan ermənilərin üstündə əsim-əsim əsirdilər. Mərkəzi Komitənin katibləri Ermənistandan qaçıb Dağlıq Qarabağ kəndlərində sığınacaq tapan, var-yoxunu itirmiş əlsiz, ayaqsız azərbaycanlıları oradan da qovurdular ki, Poqosyanların yeri dar olmasın. Həm də Şahnəzərovun, Aqambekyanın, Sitaryanın xatiri xoş olsun. Ermənilərin respublikadan getməsi isə rəhbərlərimizə dərd olurdu. Onların bir nəfərinin geri qayıtması "köhnə diplomatı" necə də vəcdə gətirirdi...
Ən nəhayət, bu yüngül, dayaz xarakterli "diplomatın" hakim olduğu dövrdən respublikamıza nə qaldı?! Hər gün üstünə qan-yaş tökülən 20 Yanvar şəhidlərinin məzarları! Sağalmaq bilməyən Dağlıq Qarabağ yaraları! Tərəddüdsüz, bunu Əbdürəhman Vəzirovun azəri xalqına, onun tarixinə xəyanəti hesab edirəm.
Əlbəttə, bütün bu qeyd etdiklərim barədə çoxlu deyilib, yazılıb və innən sonra da yəqin işlədənlər olacaq. Qalın-qalın əsərlər yaranacaq. Burada sadəcə olaraq deməyə, yazmaya bilmədiyim və məni təhdid edən bəzi məqamlara səthi də olsa, toxundum. Respublikamızda gedən siyasi proseslərə, müharibə ilə bağlı məsələlərə gəldikdə, ağlım kəsəni odur ki, Ermənistanı idarə edən hazırkı rəhbərlik mexanizminin başlıca enerji mənbəyi, qondarma Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın prezident makinası Qarabağda tökülən qanın hesabına işləyir. Bu qan axmasa, həmin makina dayanar, Ter-Petrosyan hakimiyyəti sona çatar. Bununla da Ter-Petrosyanın tutduğu və tutacağı mövqe gün kimi aydındır. O, Dağlıq Qarabağın Azərbaycandan qoparılıb, Ermənistana birləşdirilməsini vəd edən "Krunq" təşkilatının lideri kimi siyasi səhnəyə qalxıb. Ona görə də Dağlıq Qarabağda məsələnin beynəlxalq hüquq normalarına uyğun şəkildə həlli Ter-Petrosyan siyasətinə uyğun gələ bilməz. Bu qondarma problemin həll olunması üçün Ermənistan rəhbərlərinin xeyirxah addımlar atacağına inanıb ümid etmək, yüngül desək, ağılsızlıq olardı. İranın vasitəçiliyi ilə Azərbaycan - Ermənistan nümayəndələrinin keçirdikləri görüşün acı nəticələri bizim bu fikrimizi təsdiq edən əyani sübutdur.
Ulya Erenburq Böyük Vətən müharibəsinin gedişini əks etdirən məktublarında yazırdı ki, - kağız yığınları çətin ki, sülh işinə kömək etsin. Elimizin də kəlamı var ki, pazı, pazla çıxardarlar və ya zurna çalmağınan donuz darıdan çıxan deyil.
Torpağımızın bütövlüyü, istiqlalımızın dirçəlişi, iqtisadi-sosial böhrandan xilasımız üçün yeganə nicat yolu ağıllıların və ağılların birliyidir. Özü də televiziya ekranlarında, mətbuat səhifələrində gur səslə car çəkilən yox, əməllərdə görmək, duymaq istədiyimiz qeyrət birliyi. Elimizə-obamıza uğur, Qarabağ torpağına qələbə, mənəviyyatımıza zənginlik, adamlarımıza xoş gün-güzəran bəxş edən birlik.
1992-ci il.
|
 |