www.aliildirimoglu.az

“Mənim rəncbər atam”ın həqiqətləri

ŞƏRƏFLİ ÖMÜR YOLUNUN HEKAYƏTİ

Əli İldırımoğlu yenicə çapdan çıxmış “Mənim rəncbər atam” adlı xatirə-romanında ata şəxsiyyətini tam, bütöv qələmə almaqla əsl ata, həmkəndli, zəhmətkeş obrazını yaratmışdır.

Əsərin baş qəhrəmanı İldırım kişi adi bir Azərbaycan kəndlisidir. Bu adiliyin özündə bir qəhrəmanlıq, qətiyyət, zəhmətsevərlik var. Ağlı kəsən gündən gündüz biçinçi, gecə çoban olub. Taxıl biçir, dərz bağlayır, dəhnə basır, yer əkir, öz alın təri ilə ailəsini saxlayır, imkansızlara əl tutur, dayaq olur. Roman öz bədii-estetik dəyərləri ilə bir kişilik kodeksi, günün bu günündə əxlaqı, tərbiyəsi, milli-mənəvi dəyərləri ciddi sınaqlar qarşısında qalan, yorulmuş, əldən düşmüş, torpağı yağmalanmış, böyük siyasi oyunlar girdabında kompasını itirmiş gəmini xatırladan bu nəcib xalqın mərd həyatını, şərəfini, böyüklüyünü özünə xatırladan, yaddaşını bərpa edən bir əxlaq kodeksi səviyyəsinə qalxır.

“Mənim rənсbər atam”ı oxuduqca sanki nəfəs genişliyi tapırsan, azad, sərbəst bir dünyaya qovuşursan, hislərin, duyğuların pərvazlanıb, için tə-mizlənir. Bəlkə bu, əsərdə tanış olduğumuz vətənin bir parçasının müqəd-dəsliyindən, əzəmətindən, kövşən ətrinin doğmalığından süzülüb gəlir? Yoxsa Məşədi Allahverən kişinin ocağının təmizliyini, müqəddəsliyini öz əzəmətli əkinçi çiyinlərində çağdaş günümüzə qədər daşıyıb gətirmiş İldırım mərdli-yindən, halallığından doğur?

Əli İldırımoğlunun həyat hadisələrinə, faktlara münasibəti son dərəcə həssas və zərifdir. İldırım kişinin eldə, obada çox qoçaq, mərd bir oğlan kimi tanınan qardaşı erməni-müsəlman davasında igidliklə həlak olur. Onun iki oğlunu və həyat yoldaşı Fatmanı öz evinə gətirir. О gündən elin məsləhət verəni qardaşı arvadı olur. Uşaqlar dil açanda öyrədir ki, ona əmi desinlər ki, atasızlığı hiss etməsinlər. Müəllif bununla türk kişisinin böyüklüyünü göstərir.

Ədib kənd həyatına, onun təbiətinə, insanlarına, adət-ənənələrinə dərindən bələddir. Qələmə aldığı hadisələrə о qədər realist, obyektiv yanaşır ki, bu dünya bütün çalarları, rəngləri, ağlı-qaralı boyaları ilə canlanır. Oxucu hiss edir ki, sanki özü qayalardan bal yığır, səbət hörür, əkinçi süfrəsində oturub çörək kəsir. Əsər İldırımla, Cəbi oğlu Şirinlə, Səbətquluyla, Fəqanla, Sərdarla, Bəhmənyarla, Həsənxanla, Çürük Qasımla, Lağar Mustafayla, Qur-ban Qədirliylə zəngindir, yaxud Sarılar, Qardaşlılar, Lahıclar, Bəyzadələr, Çobanlar, Qasımlar kimi məhəllələrdən binə tutmuş Əliquluuşağı kəndinin bölünməzlik kompleksi kimi tanınır.

Əsər Əli İldırımoğlunun uşaq yaddaşından göyərən obrazlı təfəkkürün məhsuludur. Sətirlərin, kəlmələrin hər birinin arxasından xeyirxah yaddaş boylanır. Məşədi Məmmədbağırın ocağından qor götürən, İldırım kimi bir kişinin qan yaddaşını daşıyan, öyüd-nəsihəti ilə boya-başa çatan, qartallı qayaların təmiz havasıyla nəfəs alan, buz bulaqların suyu ilə pöhrələnən yazıçı üçün belə bir bədii əxlaq son dərəcə məqbuldur. Ona görə də əsər həyatın özü qədər də oxucuya şirindir, doğmadır.

İldırım kişi həyatda çox hadisələrin şahidi olub. Şaxtalı gecədə arvadının hikkəsindən onu bir gecə evində saxlamağa qeyrəti çatmayan Bank Mustafanı da, gecə təsadüfən qarşısına çıxıb onu alaçığına aparıb toğlu kəsən çoban Cəbrayılı da görüb. Milyonçu Mustafa evində arvadının qorxusundan nəfəsini çəkə bilmir, çoban Cəbrayılın bircə baxışından nə demək istədiyini evdəkilər anlayır. Kasıbı mərd olan millətin milyonçusu manat üçün yalandan dədəsinin goruna and içir. Bax bu da millətin təzadıdır. İndiki imkanlı adamların da xanımlarının bir gündə gözəllik salonunda xərclədiyinə bir şəhid ailəsi bir ay dolanar, ehtiyacın nə olduğunu bilməz. Bunun üçün nə isə kəşf etmək vacib deyil. Sadəcə olaraq, şərəfli, qeyrətli olmaq lazımdır. An-lamaq lazımdır ki, qazandığım dədəmin malı deyil. Bu, xalqındır, bu xalqın yolunda da xərcləməliyəm. Xalqın sərvətini oğurlayanın balası “Mersedes”də gəzir, şəhid balası ayaqyalın. Bunu bəndə götürsə də, Allah götürməz, götür-mür də! İldırım kimi kişilərin müqəddəs ocağı haram götürmədiyi kimi!

Əli İldırımoğlunun özünəməxsus aforizmləri və istifadə etdiyi atalar sözləri bütün süjet xətti boyunca mövzunu müşayiət edir. Bunları “Mənim rəncbər atam”ın sütunları hesab etmək olar. “Biliyi olmayanın axırı yoxdur”, “Yüz dost azdır, bir düşmən çox”, “Tamah pis şeydir, dünya malına uyma”, “Torpaq ki, borcludur bizə nə versin, onu müsəlmanlardan alırıq”, “Ona görə göydəki günəş də sizdən bezib”, “Bu, kolxozluq məsələsi deyil. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun” və s. Əsəri oxuduqca müəllifin “söz rəs-samlığı” ayrıca duyulur. Hadisələr, obrazlar о qədər müfəssəl təsvir edilir ki, əsəri hazır ssenari kimi də qəbul etmək olar. Yəni “Mənim rəncbər atam”ı ssenariləşdirmək istəsək, “söz rəssamı”nın bütün rənglərini sezə bilərik.

Təmiz ocaqda böyüyüb tərbiyə alan, atasının son tikəsini acla böldüyünü görən oğul hər yerdə, hər işdə atasına oxşamaq istəyir. Lakin bir dəfə aclıq onu təntidəndə cibindəki pulu yalnız çörəyə çatdığından, yediyi qatığın pu-lunu verə bilmir. Bazardan gizlin çıxır. Bir neçə gün qızdırmalı adam kimi gəzir. Özündə-sözündə olmur. Ömründə bir dəfə haram qatıq yemək ona ölüm qədər ağır gəlir. “Mənim rənсbər atam” xatirə-romanı Azərbaycan xal-qının adət-ənənələrini özündə təcəssüm etdirən bir ensiklopediyadır desək, yanılmarıq. Əli İldırımoğlu yaddaşında yaşayan xatirələri bir jurnalist ustalığı ilə oxuculara çatdırır. Əsərin qəhrəmanı İldırım kişinin həyat yolu ilə tanış olduqca istər-istəməz oxucu da fəxr edir ki, elə bir kişilərin mənsub olduğu xalqın nümayəndəsidir.

Əli müəllim, yorulmayasınız! İnsanları təmizliyə, saflığa, kişiliyə çağıran belə yeni-yeni əsərlər yaradasınız. Çünki bu gün bizə belə əsərlər çox gə-rəkdir. Dünyamız çirkaba bulanmaqdadır. Təmizlənməyə, saflaşmağa, yaxın keçmişimizin nümayəndələri olan İldırım kimi kişilərə çox ehtiyacımız var.

Bəlkə, müəllifin dediyi kimi, dünyamızı dili “Allahu-Əkbər!” sədalı, əlibelli, dəryazlı, kərəntili İldırım kişilərin təmiz nəfəsi qoruya, hifz eləyə.

Surxay Əlibəyli
“Təzadlar” qəzeti, 25.03 – 01.04.2003-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com