www.aliildirimoglu.az

“Mənim rəncbər atam”ın həqiqətləri

MƏRDLİK, BÜTÖVLÜK DASTANI

Daş dövründən ulduz müharibələrinədək keçdiyi əzablı və mənalı sivi-lizasiya prosesində insan özündən başlanan yolu özündə də bitirir. Bütün hissi-emosional, əqli-intellektual eksperimentlər hər şeydən öncə insanın özünə tuşlanır, onun həyat tərzinin, mənəvi dünyasının dərkinə yönəlir. Qətrə-qətrə yaranıb qorunan elmi dəyərlər, fəlsəfi fikirlər, traktatlar dünyanın yara-nışı, cəmiyyətin formalaşması, insanın təkmilləşib inkişaf etməsi problem-lərinin həlli ilə məşğul olur. Bu xüsusda insanın hiss və duyğularının əbədi və əsas tərənnümçüsü, sözsüz ki, ədəbiyyatdır. “Ədəbiyyatın məhək daşı insan şəxsiyyətidir. Bu, mahiyyətin mahiyyətidir” (Ç.Aytmatov). Ədəbiyyatın baş mövzusu, predmeti insan olduğu kimi, ədəbiyyatın ədəbi və bəşəri vəzi-fəsi də insan tərbiyəsidir, insanda əxlaqi təmizlik, mənəvi saflıq formalaşdır-maqdır, bir sözlə, “insanda insan oyatmaq”dır. Müqəddəs missiyadır, – deyilmi? Bütün sənət növlərindən fərqli olaraq, bədii ədəbiyyatda insan ami-linə kompleks yanaşılır, mənəvi-əxlaqi komponentlər qovuşuq və toplum halında təqdim olunur. Yazıçı sözlə bəzən rəsm çəkir, bəzən musiqi səslən-dirir, başqa məqamda ağı deyir, layla çalır, gah səyyah olub yollara düşür, gah müdrik bir şaman kimi yerin-göyün sirrinə hücum çəkir – bir sözlə, insan sorağı ilə Diogensayaq gündüzlər də əliçıraqlı gəzir. Təbii ki, böyük ədəbiyyat beləcə yaranır – böyük hislərdən, duyğu və düşüncələrdən, böyük məhəbbətdən, ən nəhayət, böyük əzab və zəhmətdən. Əli İldırımoğlunun “Mənim rəncbər atam” romanı məhz bu duyğulardan bəhrələnmişdir. Sadə bir ömrün dastanı olan roman öz bədii-estetik dəyəri ilə bir insan həyatının gerçək salnaməsi çərçivəsindən çıxıb ciddi ictimai məzmun kəsb edir, günün bu günündə əxlaqı, tərbiyəsi, milli-mənəvi dəyərləri ciddi sınaqlar qarşısında qalan, yorulmuş, əldən düşmüş, torpağı yağmalanmış, böyük siyasi oyunlar girdabında kompasını itirmiş gəmini xatırladan bu nəcib xalqın mərd həyatını, şərəfini, ləyaqətini özünə xatırladan, yaddaşını bərpa edən bir əxlaq kodeksi səviyyəsinə qalxır. Mənəvi dəyərlərin itirildiyi, çox şeyin alınıb-satıldığı, alver, kommersiya obyektinə çevrildiyi bir zamanda “Mənim rəncbər atam” əsəri nə qədər də aktualdır! Əsərin qəhrəmanı İldırım kişi nə qədər müasir və nümunəvidir! Münasibətlərimizi alver üstə qurub, hətta ədəbiyyatımızı da kommersiyaya müncər etdiyimiz dünyamızda İldırım kişi kimi peyğəmbər xislətli insanlara nə qədər ehtiyac vardır! Şəxsiyyət, ləyaqət, mərdlik qıtlığı keçirən zəmanəmizdə İldırım kişilər necə də təbərrükə dönüb... Rüstəm kişi, Cahandar ağa, Kərbəlayi kimi obrazların yeni nümunəsi olan İldırım kişi çağdaş ədəbiyyatımızda necə də əzəmətli görünür!.. İldırım kişi ədəbiyyatımızı müəyyən mənada xarakter qıtlığından da xilas edir, bu boşluğu öz zəngin bədii məziyyətlərilə doldurur. Müəllif bunu təsadüfən qabartmır: “Artıq o yoxdur! Zaman keçdikcə İldırımlar yoxlaşır! Onlarsız-laşan dünyamızın növrağı da pozulur...” Bu sözlər təkcə ata xiffəti ilə qovru-lan oğulun qüssə dolu harayları deyil, həm də hədsiz duyğulu bir insanın, vətəndaş yazıçının dünyamızın gələcəyi üçün nigarançılığı, narahatlığıdır.

Ədəbiyyatımızın kommersiyaya müncər edilməsi fikrini təsadüfən vurğu-lamadıq. Ən çox təəssüf doğuran odur ki, bu gün qələmə alınan bədii-publi-sistik əsərlər zamana deyil, daha çox günə, saata, hətta ana hesablanır. Ədəbiyyat və sənətin kommersiya üstündə kökləndiyi indiki vaxtda bədii vüsətin yerini çox vaxt şou tutur, həqiqi sənətkarları şoumenlər, ədəbi menecerlər əvəz edir. Onlar, təbii ki, nə xalq, nə vətən, nə qoca tarix, nə də sənət və ədəbiyyat qarşısında məsuliyyət daşıyırlar. Belələrini bayağı hislər və kommersiya sifarişləri idarə edir. Heç təsadüfi deyil ki, bu gün bədii dəyər və məzmundan, dərin fəlsəfi araşdırmadan uzaq “ujas” və “boevik” filmləri dünya bədii kino sənətini iflic halına salıb. Kütləvi bayağı təfəkkürdə münbit mühit tapan belə üzdəniraq əsərlər nəyi təbliğ edir: ölümü, qanı, vəhşiliyi, zorakılığı, qəddarlığı...

Bu gün hansısa bir kriminal süjetin əsirinə çevrilmiş, yüngül, bayağı ədəbi üsulların caynağında çapalayan ədəbiyyatımız nə qədər öz-özündən utanma-lıdır? Obrazlı təfəkkürdən uzaq, sözün çılpaq, informatik qəlibinə pərçim-lənmiş, ən yaxşı halda zəif məhkəmə oçerkini xatırladan belə kommersant əsərlərə görə çağdaş Azərbaycan ədəbiyyatı nə qədər vicdan əzabı çəkmə-lidir?

“Mənim rəncbər atam” məhz torpağımızın ətrini, vətənimizin, xalqımızın, el-obamızın etnoqrafik yaddaşını – əxlaqını, ən nəhayət, İldırım kişi kimi canlı bir obrazı bədii sənətə gətirməklə ədəbiyyatımızı vicdan əzabından qur-taran əsərlərdəndir. Ədəbiyyata belə mərhəm və isti münasibət ədəbi sözün böyük himayəçilərinə, əbədi apostollarına nəsib olur.

Əli İldırımoğlu normativləşmiş ədəbi çərçivələrdən, ictimai-siyasi buxov-lardan, insanı sıxan, qəlibə salan, yaradıcılığı qrafomana çevirən vulqar kanonlardan uzaq, azad bir sənətkardır. Yazı üslubunun, bədii təfəkkürünün, hadisələrə yanaşma tərzinin orijinallığı Əli İldırımoğlunun bir yazıçı kimi azad sözünü, təmiz, nəcib ədəbi vicdanını təyin edən keyfiyyətlərdir. Ədib hadisələrə münasibətində, söz və predmet seçimində, obrazlar qalereyası yaradıcılığında o dərəcədə azad və sərbəstdir ki, bəzən bizə elə gəlir ki, yazıçı ədəbiyyat nəzəriyyəsinin daşlaşmış qanunlarının əleyhinə gedir. Əslində isə onun öz ədəbi dünyası, söz meydanı, sənətkar meyarı vardır. Bu, onun doğulub boya-başa çatdığı, dağlarının, düzənlərinin, çaylarının, göllərinin, meşələrinin gözü ilə dünyaya baxdığı doğma ellər, obalardır, kövşən ətri verən əli kərəntili rəncbər atasıdır, canı qədər sevdiyi vətəndir, xalqdır. O, oxucusuyla yaxşı həmsöhbətdir. Onun dilini yaxşı bilir, ovqatını gözəl hiss edir, ona lazım olanı söyləyir, onun qəlbini, ruhunu çəkib aparan hadisələrdən danışır, mətləblərə toxunur. Yazıçının sözləri insan qəlbini fəth edir, onun ürəyində yatıb qalır, toxum kimi cücərir, bəhrə verir. Görünür, yazıçıları əkinçiyə bənzədənlər, heç də səhv etməmişlər.

“Mənim rəncbər atam” əsərini oxuduqca sanki nəfəs genişliyi tapırsan, azad, sərbəst bir dünyaya qovuşursan, hislərin, duyğuların pərvazlanır, mə-nəviyyat ənginliklərində süzürsən. Bəlkə bu, əsərdə tanış olduğumuz vətənin bir parçasının müqəddəsliyindən, əzəmətindən, kövşən ətirli doğmalıqlardan süzülüb gəlir? Yoxsa Məşədi Allahverən kişinin ocağının təmizliyini öz əzə-mətli əkinçi çiyinlərində günümüzə qədər daşıyıb gətirmiş İldırım mərdliyin-dən, halallığından doğur?.. Yaxud Əli İldırımoğlunun azad sözünün ləngərli duruluğundan, nəcib yazıçı vicdanından qaynaqlanır? Görünür, önə çəkdiyi-miz bu cəhətlərdən hər biri əsərin bədii dəyərində və estetik vüsətində özünə-məxsus rol oynayır. Doğma torpağın müqəddəsliyi, İldırım kişinin halallığı, yazıçı sözünün məntiqi kimi mənəvi-estetik dəyərlər, görünür, qovuşuq halında daha dəyərli və siqlətlidir. Məhz onların bir tamda əksi əsərin bədii məziyyətlərini, sosial dəyərini daha da artırır. Həyat həqiqəti bədii həqiqətlə üzvi şəkildə qovuşduqda obrazlı təfəkkürün professional hədləri yeni vüsət və cazibə kəsb edir. Əsər boyu bu keyfiyyətlərin usta yazıçı qələmində ilmə-ilmə toxunduğunun şahidi oluruq: “Haradansa qulağıma ecazkar bir səs gəldi. Səksəkəli baxışlarım dörd bir tərəfi dolaşdı. Ətrafıma boylandım. Lakin gözümə heç nə dəymədi. Sonra intəhasız göylərə baxdım. Tənha bir qartal qanadını gərib düz başımızın üstündə rəvan qanad çalır və hərdən qıy vu-rurdu. Öz aləmimdə onun səsində çətin başa düşülən bir məna duyurdum və mənə elə gəlirdi ki, cəsurluq rəmzi olan bu dağ qartalı səhərdən burda can qoyan insanların hünərinə əhsən deyir, təmiz səmanın ənginliklərindən mə-nim rəncbər atama alqış sədaları göndərir”. Bu, təkcə təbiət təsviri deyil, yazıçı münasibətidir – mərdliyə, məğrurluğa, mübarizliyə, dönməzliyə, halallığa, zəhmətkeş, cəfakeş insana, ən nəhayət, təbiətin özünə alqışdır!

Əli İldırımoğlunun həyat hadisələrinə, fakta münasibəti son dərəcə həssas və zərifdir. Onun öz dünyası var. O, yaşadığı mühitə, boya-başa çatdığı dün-yaya bir yazıçı vurğunluğuyla, övlad məhəbbəti ilə yanaşır. Sanki o, bu dünyanı idilliya səviyyəsinə qaldırır. Lakin zahirən belədir. İdillik anlamın kökündə, məntiqində həyat həqiqətinə sadiqlik durur. Yazıçı baş alıb gedən obrazlı təxəyyülün, poetik təfəkkürün sərhədlərini yaxşı görür, duyur, heç vaxt ifrata varmır.

Ədib kənd həyatını yaxşı bilir, onun təbiətinə, insanlarına, adət-ənənələ-rinə, psixoloji yaşantılarına dərindən bələddir. Odur ki, qələmə aldığı hadisə-lərə o qədər realist, obyektiv yanaşır ki, bu dünya bütün çalarları, rəngləri, ağlı-qaralı boyaları ilə canlanır. Bu dünya məhz İldırımları, Cəbi oğlu Şirin-ləri, Sədətquluları, Fəqanları, Sərdarları, Bəhmənyarları, Həsənxanları, Çürük Qaraşları, Lağar Mustafaları, Qurban Qədirliləri ilə zəngindir, yaxud Sarılar, Qarbaşlılar, Lahıclar, Bəyzadələr, Çobanlar, Qasımlar, Zabıxlı kimi məhəllə-lərdən binə tutmuş Əliquluuşağı kəndinin bölünməzlik kompleksi ilə tamdır.

“Mənim rəncbər atam” romanının süjet xətti şaxəlidir. Bu, xatirə-roman janrının bədii arxitektonikasına uyğun olmaqla yanaşı eyni, zamanda əsərdəki həyat hadisələrinin zənginliyindən, xarakterlərin müxtəlifliyindən qaynaqla-nan keyfiyyətdir. Bəzən adi, ötəri yaddaş çox ciddi bədii atributa çevrilir. Yaddaşın bədii fakt səviyyəsində təqdimi, xatirələrin obrazlı təfəkkür məhsu-luna çevrilmə prosesi romanda sürəkli bir ardıcıllıqla izlənir. Bir kəlmə söz, bir parça torpaq, soyuq bir çay daşı, dağlar, dərələr dil açıb oxucu ilə danışır, son anda oyanmış insan yaddaşı kimi silsilə sosial amilə çevrilir. Yaşadığı ömrün, keçdiyi həyat tərzinin, xüsusən də uşaqlıq yaddaşının müəyyən anı bütöv bir yazıçı avtobioqrafiyasına çevrilir. “Hər bir insanın öz təbii koordi-natları var: yüksəkliyin səviyyəsi nə iddialarla müəyyən olunur, nə də qürurla – hər şeyi uşaqlıq həll edir”, – deyən fransız yazıçısı Sartr nə qədər də haqlıdır. Yaxud ustad Tolstoyu xatırlayaq. O deyirdi ki, yazıçı on dörd yaşına qədər yadında saxlayır və bütün ömrü boyu həmin yaddaşını yazır. Doğrudan da, hər şey uşaqlıqdan gəlir. Sözügedən romanda isə xeyirxah uşaq yaddaşının təbii, romantik pafosuyla üzləşirik.

Əsər Əli İldırımoğlunun uşaq yaddaşından göyərən obrazlı təfəkkürün məhsuludur. Sətirlərin, kəlmələrin hər birinin arxasından xeyirxah yaddaş boylanır. Məşədi Məmmədbağırın ocağından qor götürən, İldırım kimi bir insanın qan yaddaşını daşıyan, tərbiyəsilə boya-başa çatan, qartallı dağların təmiz havası ilə nəfəs alan, buz bulaqların suyuyla pöhrələnən yazıçı üçün belə bir bədii əxlaq son dərəcə məqbuldur. Odur ki, romanın da sətirlərindən müqəddəslik, əxlaqi saflıq və xeyirxahlıq yağır. Bəlkə bu, oxucuya çox görünə, ifrat təsiri bağışlaya bilər. Lakin Əli İldırımoğlunun özünə, nəsil-nəcabətinə, əxlaqına, həyat tərzinə bələd olan hər kəs bütün bunları təbii şəkildə öz əndazəsində qəbul etmiş olar. Vətənə, el-obaya, valideynə sürəkli və dərin məhəbbət ifrat ola bilərmi?..

Dünya ədəbiyyatının öncül təcrübələri bir şeyi dönə-dönə təsdiq edir ki, ən böyük bədiilik həyatın özüdür, onun tərkinə, mahiyyətinə enməkdir. Həyat faktından pərvazlanan düşüncələr insan fantaziyasının hüdudlarından çox-çox geniş və sürəklidir. Yazıçı faktı, detalı və hadisəni öz biçimində qələmə aldıqda təbii şəkildə bədiiliyin ölçülərinə sığınır. Həyatdan kənar, həyat faktından əlahiddə heç bir bədii eksperiment, ədəbi kəşf yoxdur. Yazıçı həyat faktını bədii predmetə çevirdiyi anda güclüdür. Dostoyevski təsadüfən de-mirdi ki, mənim üçün ən böyük bədiilik həyatın mahiyyətini əks etdirməkdir. O yazırdı: “Özünüzdən nə süjet, nə də münaqişə uydurun. Həyat nə verirsə, onu da götürün. Həyat bizim uydurmalarımızdan qat-qat zəngindir. Həyata hörmət edin, cənablar!”

Əli İldırımoğlu həyat faktına orijinal münasibəti və fərdi yanaşma tərzi ilə daha çox seçilir. Realist düşüncə tərzi, hadisələrə rasional yanaşma bacarığı, yazıçı fəhmi və bəsirəti bədii yaradıcılıqda onun dayaq nöqtəsidir. O, bələd olduğu həyat hadisələrinə nüfuz edir, tanıdığı, sevdiyi, bəzən in-cidiyi, küsdüyü, ictimai-siyasi mövqeyilə barışmadığı insanların həyatını bədii tədqiqat obyektinə çevirir: “Hündür boylu, tökmə bədənli, bükülməz qolları olan atam, coşqun suların öhdəsindən gəlməyin çəmini bilirdi və heç də asan olmayan bu işə əncam çəkməyinə əmin idi. Arxada dayanan iki nəfər, yaş və yoğun çubuqdan hörülmüş iri səbəti güclə yerdən üzüb birtəhər atama ötürdülər. Atam iri əlləri ilə səbətin qırağından yapışıb sinəsinə tərəf çəkdi. Səbət suya düşəndə yüngülləşdi. O, yerini bərkidib güc-bəla ilə səbəti çayın burulğanında yerinə oturtdu...”

Burada kənd camaatının dəhnə basmaq prosesi o qədər canlı təsvir edilmişdir ki, sanki hər birimiz bu işin iştirakçısı oluruq. Bu bədii təsvir həyatın canlı parçası kimi yadda qalır, eyni zamanda İldırım kişinin və onun çiyin yoldaşının mərd, cəsur, işgüzar xarakterinin aşkarlanması üçün açar rolu oynayır.

Əli İldırımoğlu həyata məhrəm münasibətiylə oxucunu öz dünyasına çe-virdiyi bir aləmə səyahətə çıxarmağa çalışır. O, gəlişigözəl sözlərdən qaçır, bacardıqca ümumi ifadə və fikirləri canlı həyat lövhələrilə əvəz edir. Onun realizminin gücü də bundadır. O, sözlə insanların və həyatın rəsmini çəkir. Dilin, sözün, həyatın, ana təbiətin, insan əxlaqı və mənəviyyatının etnoqrafi-yasını yaradır. Bəzən o qədər incə realist çalarlara varır ki, ilk baxışdan na-turalist təsiri bağışlayır. Lakin bu, onun əsərlərinə yeni təravət verir. Axı bu natura canlıdır, diridir, danışır, deyir-gülür, ağlayır, ən nəhayət, sənin yad-daşının yol yoldaşına çevrilir: “Üç il əvvəl bu yerlərdə darı əkilmişdi. Onda oba hələ köçməmişdi. Yazı düzündəydim. Gün əyiləndə atama nehrədən çıxmış təzə ayran apardım. Atam dincini almaq üçün darı bafasına söykənib yuxuya getmişdi. Kövşən ətirli ilıq meh onun günəşdən qaralmış yorğun sifətinə, tər damcıları cilvələnən açıq sinəsinə, boyun-boğazına sərinlik yayırdı. Yaxınlıqda bir bildirçin vəcdlə oxuyurdu. Sağa-sola ha boylandım, bildirçini görə bilmədim. Qaraltımı alan kimi susdu. Elə bil heç quş-zad yox imiş. Fikrim haçalandı... Atam tifil olanda başını anasının dizinin üstə qoyub şirin yuxu tapardı. İndi atam başını darı bafasının üstünə qoymuşdu. Mənə elə gəldi ki, bayaq oxuyan bildirçin deyil, Xeyransa nənəmin ruhudur...”

Ədib elə sərlövhənin özüylə əsərin birbaşa həyatiliyinə işarə edir. Nobel mükafatı laureatı Uilyam Folkner yaradıcılığının kamil vaxtlarında xatırlayırdı ki, mən oxuduğum kitabların təsiri altında özümdən ədəbi qəhrəmanlar uydu-rurdum. Lakin onlar canlı insanlara bənzəmirdilər, məni və məhrəm bildiyim həmkarlarımı vəcdə gətirmirdilər. Mənim ədəbi qəhrəmanlarım vakuumda ya-şayırdılar. Günlərin bir günü babamın, atamın tarixinə nəzər salanda hiss etdim ki, axtardığım qaynar həyat qarşımdadır. Bunu dərk etmək üçün gör nə qədər vaxt itirmişdim – simvolizmə meyillənmişdim, tendensiyalara uymuşdum...

Doğrudan da, bəzən ən ciddi bədii əsərin sənin çəpərinin içində cövlan et-diyini, ocağının qırağında oturduğunu, daxmanda mürgü vurduğunu, hər gün ünsiyyətdə olduğun insanların hərəkətində yaşadığını, onların üz-gözündən boylandığını hiss eləmirsən. Uzaqlara əl atırsan. Əslində ən böyük və doğma əsər elə sənin özünsən.

Müəllif kitabın hər sətrini, hər səhifəsini zaman-zaman yaşayıb. Bu isə onu göstərir ki, Əli İldırımoğlu “Mənim rəncbər atam”ı yaradıcılığa qədəm qoy-duğu gündən öz xəyal aləmində sətir-sətir, ilmə-ilmə toxuyub. Dünya ədəbiy-yatında bioqrafiya ilə bədii əsərin elə üzvi vəhdət təşkil edən nümunələri var ki, üstündən nə qədər keçsə də, onlar ilk növbədə öz həyatiliyi ilə bizi bu gün də heyran etməyə bilmir. Mixail Şoloxovun dünya şöhrətli “Sakit Don” əsərinin inkişaf xəttini, sənədlilikdən bədiiliyin yüksək zirvəsinə necə qalxdığını izlə-dikcə bir daha əmin olursan ki, həyatilik deyilən məfhum əsərlərin əbədiyyət meyarı, bəsirət göstəricisidir. “Mənim rəncbər atam” əsəri də eyni qəbildəndir. Belə əsərlər öz xarakterik xüsusiyyətləri ilə bədii ədəbiyyatımızda çatışmır.

Əli İldırımoğlunun özünəməxsus aforizmləri və istifadə etdiyi atalar sözləri bütün süjet xətti boyunca mövzunu müşayiət edir. Bunları “Mənim rəncbər atam”ın sütunları hesab etmək olar: “Biliyi olmayanın axırı yoxdur”, “Yüz dost azdır, bir düşmən çox!”, “Tamah pis şeydir, dünya malına uyma” və s. Əsəri oxuduqca müəllifin “söz rəssamlığı” aydınca duyulur. Hadisələr, ob-razlar o qədər müfəssəl təsvir edilir ki, əsəri hazır ssenari kimi də qəbul etmək olar. Yəni “Mənim rəncbər atam”ı səhnələşdirmək istəsək, “söz rəssamı”nın bütün rənglərini aydınca sezə bilərik. “Ayranlı stəkanlardan birini yuyub Çürük Qaraşa uzatdılar. O, stəkanı yarıya qədər doldurub, – öz sağlığımıza, – dedi və birnəfəsə başına çəkdi. Üz-gözünü qırışdırıb, başını silkələdi və kəsdiyi əl boyda yuxa çörəyi burnuna tutub dərindən iylədi...” misalını çəkməklə fikrimizin nə qədər əsaslı olduğunu isbatlamış olarıq. Müəllif bir neçə cümlə ilə hadisələri yerli-yataqlı çatdırır. Bu da əsərin bədii dəyərini artırır.

Müqəddəs kitablara görə, söz hər şeydən öncə yaranmışdır, hətta insanın özündən də. Tarix hansı mərhələdən, hansı formasiyadan keçirsə-keçsin, söz öz təravətini daim hifz edib yaşadır. Ölkələr xarabazara çevrilə bilər, şəhərlər yerlə yeksan olar, abidələr dağılar, torpağın sinəsində naxışlanmış insan izləri itər, lakin Söz – bəşəriyyətin gizli və aşkar tarixini özündə ehtiva edən söz – insan oğlunun ən qüdrətli kəşfi olaraq qalar. Bəşəriyyətin dan sökülənində insan ətrafındakılara bir-bir ad verərək ana təbiəti canlandırmış, onları sözün sehri ilə gur orkestr kimi səsləndirmişdir. Həmin seçmə insanlara ibtidai dövrdə kahin kimi səcdə ediblər. “Bilqamıs” dastanından tutmuş “Dədə Qorqud”a qədər bizə gəlib çatan mənbələrdə dilin tərlan kimi baş alıb cövlan etdiyini görməyə bilmirik. Təbii ki, dövran-zaman dildə “qandəyişmə” prosesi aparır və bu labüddür. Lakin dilin özəyindəki bəkarət, dilin daxili enerjisi, nüvəsi pozulmazdır. Bu mənada Əli İldırımoğlunun dilindəki klassik simmetriyanın, metoforik təfəkkürün necə zərif ilmələrlə toxunduğu diqqəti çəkir.

“Mənim rəncbər atam” əsərində dilin koloritini ilk sətirlərdəncə duyma-maq olmur. “İyirminci əsrin son payızı ömür salnaməmin yetmiş üçüncü vərəqinə möhür vurub, imza atdı. Sonra da bağ-bağçamın əlvan libasını soyundurub, mənimlə xudahafizləşdi”. “Əsrdən-əsrə addım atanda yetmiş üçümdən ətrafı seyr edirəm. Tək-tük nəzərə çarpır, yoxlaşır onlar. Artır, törə-yir insanlığı, insafı kasadlar. Fənalaşır dünyamız. Dağ-daş lərzəyə gəlir, yer-yurd titrəyir, qızdırma tutur torpağı. Tar-mar olur əzab-əziyyətlə ucalan binalar, al qana boyanır həyət-bacalar” kimi cümlələrdən dilin sadəliyi, özünəməxsusluğu, şeiriyyəti və məna tutumu fəlsəfi anlam həddinə çatır.

Dilin “ekologiyası”nın bəlli zaman içində bəzi mənəvi dəyərlərimiz kimi çirkaba qərq olması məlumdur. Bir tərəfdən sürətlə dəyişən tarixin fəsadları, söz meydanından çəkilən, dünyasını dəyişən ustadlarımızın yoxluğu, digər tərəfdən avanqardçılıq adıyla meydan sulayan “modernist”lərin qəzet-jurnal səhifələrini bürümüş soysuz, dadsız işləmələri həqiqi mənada dilimizi fəlakət qarşısında qoymaqdadır. Amma xoşbəxtlikdən Əli İldırımoğlu kimi mənəvi abidə statusuna malik ziyalılarımız günü bu gün də fəaliyyətdə üslub və şəffaflıq konteksti ilə örnək olaraq qalırlar. Bu üslub ürəyə işıq salır, sözü öz ilkin məzmun və mündəricəsinə qaytarır. Yazıçı heç bir yabançı istila və ibarələrə söykənmədən dilin ecazkar qüdrətini qarşımızda sərgiləyir.

Yazıçı var ki, canlı xalq dilinə “əcnəbi paltar” geyindirməklə dili eybəcər-ləşdirir. Əli İldırımoğlu kimi yazıçılar sadəliyi ən böyük müdriklik sayaraq, canlı xalq dilini yaşadırlar. Bu məqamda Şah İsmayıl Xətainin vəsiyyət kimi səslənən sözlərini xatırlamaq kifayətdir: “Bizə üç əmanət qoyub ərən babalar: Dilimiz, Vətənimiz, Qeyrətimiz”. Məhz Əli İldırımoğlu kimi yazıçı və jurnalistlərin sayəsindədir ki, dilimiz Xətai dövründən bu günədək zaman-zaman hücumlara məruz qalsa da, yenə öz təmizliyini saxlaya bilmişdir. “Mənim rəncbər atam” romanını oxuduqca bir daha inanırsan ki, dilə “sığal çəkmək istəyən” dilbilməzlərin bütün cidd-cəhdinə baxmayaraq, Azərbaycan dili yenə öz təmizliyini, öz zənginliyini saxlayacaqdır. Çünki qəlp pul bazarda meydan sulasa da, xəzinədə çox tez çıxdaş edilir. Əli İldırımoğlunun dillə zərgərcəsinə işləməsi, onu cilalaya-cilalaya şəffaf üslub halına gətirməsi özünü bütün qüdrəti ilə göstərir. Bu qüdrətin sərçeşməsi ana laylasından, ata ərdəmindən, el-obanın şəhd-şakərindən, ulu dağlarımızın əzəmətindən sü-zülüb gəlir. “Qaş qaralanda onlar alt tərəfdən hərlənib şəhərin çıxacağındakı maşın dayanacağına çatdılar. Çarx ayazıdı, ətrafı qar örtmüşdü. Laçının tərtəmiz səmasında sayrışan ulduzlar da sanki üşüyürdü. Günorta vaxtı yolun çala-çuxurunda əriyib yumşalan qar donub daşa dönmüşdü” – misalına bən-zər tutumlu cümlələri əsər boyunca heyranlıqla oxuyuruq. Bu, qeyd etdiyimiz kimi Əli İldırımoğlunun illər uzunu misqal-misqal topladığı “zərgərlik” məhsullarındandır. Müəllifin şüurlu tərzdə canına çəkdiyi bu əvəzsiz nemət hər sətirdə, hər bənddə özünü elə parlaqlıqla göstərir ki, əsərin istənilən parçasını mütaliə edəndən sonra dövri mətbuatdan üstümüzə yağan “sintetik söz” məhsullarından üzülməyə, bezməyə bilmirsən.

Əsəri oxuduqca bir sual da təbii səslənir. Əli İldırımoğlu nə üçün məhz ata mövzusuna müraciət etmişdir? Sadəcə olaraq oğulluq borcundan çıxmaq üçünmü? Bu, təkcə oğulluq borcu deyil, həm də böyük Şərq dünyasının etik-estetik meyarlarını göstərərək, bu gün məişətimizin hər qarışını bürümüş Qərb vulqarizminə qarşı sarsıdıcı qiyamdır. Əsərin əsas obrazı İldırım kişi özündə Şərq dünyasının elə yüksək etika, davranış, həyat tərzini nümayiş etdirir ki, Şərqlə Qərb arasındakı antoqonizm qarşımızda bütün əyaniliyi ilə canlanır.

Dünya binə olandan bəri “atalar-oğullar” müşkülü bütün xalqlarda möv-cud olub. Əgər birmənalı şəkildə Peyğəmbər əfəndimizin diliylə: “Cənnət anaların ayaqları altındadır” deyiriksə və bunu təkcə sözdə yox, əməldə də dönə-dönə sübuta yetiririksə, buna qarşılıq olaraq ata müqəddəsliyini də ucadan-uca tutmağımız bizlər üçün təbii haldır. Biz bu əqidəylə dünyaya gəlirik, bu inamla böyüyürük. Atalarımız dünyanı tərk edəndə də onların əlçatmaz ruhu ilə ovunuruq. Milli ruh, tərbiyə, mentalitet dediklərimiz ilk növbədə budur. Bizlərdə heç kimdə olmayacaq qədər ata kultu var. Biz atamızla yanaşı, dünya şöhrətli alimlər, ictimai xadimlər, şairlər, bəstəkarlarla da görüşə, ünsiyyətdə ola bilərik. Lakin bunlar qəlbimizdə öz əzəməti, mü-qəddəsliyi ilə ucalan ata surətinə kölgə sala bilmir. Budur Şərq dünyasının, Şərq müdrikliyinin, Şərq varlığının onurğa sütunu!

Keçən əsrin 60-cı illərində, yəni Qərb dünyası texnoloji inkişafın zirvə-sində olarkən “atalar-oğullar” labirinti qəribə şəkildə təzahür etdi. Oğullar ataların indiyədək qazandıqları bütün mənəvi dəyərləri inkar edib öz me-yarları ilə yaşamaq fikrinə düşdülər. 1968-ci ildə Paris universitetlərindən başlanan bu hərəkat Qərb dünyasının bir çox ölkələrini bürüdü. Bu tip mənəvi eybəcərliklər son nəticədə bizim atalarımızın minilliklər boyu düz yol tutmasını bir daha sübut etdi. Bir-birinin ardınca müsəlmanlığı qəbul edən görkəmli Qərb alimləri, etnoqrafları, sənətkarları, məsələn, Roje Qorode, Jak-İv Kustonun dediyi kimi, Şərq əxlaqı həm məişətin, həm yüksək estetikanın, həm də dinin cövhəri olaraq qalır. “Mənim rəncbər atam” əsərini də tam səlahiyyətlə bu cövhərin nümunəsi hesab etmək olar.

Əsərin hər sətrində ata vurğunluğunun, ata heyranlığının, ata həsrətinin nəbzi döyünür. Ömrünün yetmiş beşinci baharını yaşayan müəllif əsərin qəhrəmanı – atası haqqında atasını təzəcə itirmiş uşaq yanğısıyla danışır: “Eh!

Mənim peyğəmbər xislətli rəncbər atam! Boynuma alım ki, əlim qazanca ça-tanda da, ailə qurub arvad-uşaq sahibi olanda da mənə qarşı iradlarından, öyüd-nəsihətindən qalmırdı. Hərdən işlədiyim bölgələrə gəlib mənə baş çəkər-di”. Ümumiyyətlə, əsəri ata məhəbbətinin tərənnümünün zirvəsi hesab etmək olar. Bu məqamda qoca tarixin bəzi önəmli faktları yaddaşımızda çözələnir. Məhəmməd Peyğəmbərin Həzrət Əliyə olan ilahi sevgisi yada düşür, “Ovod” əsərinin qəhrəmanları Montanelli ilə Arturun bir-birinə tükənməz ata-oğul məhəbbəti xatırlanır və s. Biz bu əsərdə də oğulun ataya olan böyük, ülvi məhəbbətiylə üz-üzəyik. İllər, onilliklər ötəcək, sözügedən əsərin yaşarlığını həm də ataya bəslənən ülvi, təkrarsız məhəbbətin sərgilənməsi təmin edəcək.

İldırım kişi obrazının milli xarakterlə yoğrulması şəksizdir. Dünyasını erkən dəyişən qardaşının övladlarına doğma balalarından da yaxşı baxma-sından, onlara nəvaziş göstərməsindən tutmuş “qaysaqlansa da qan verən” kök düşmənlərindən sayılan Həsənxanın məhkəmədə üzünə durmamasına qədər, bütün əsər boyu İldırım kişinin xarakterik milli xüsusiyyətlərini müəllif böyük məharətlə göstərə bilib. Düzdür, Həsənxanın məhkəməsində şahidlik etmir, amma bir-iki kəlmə ilə onu el danlağına, ictimai məzəmmətə tuş qoyur: “Torçunun, ovçunun, oğrunun axırı yoxdur, – deyiblər. – Həsənxan nahaq bu cür əyri yola qurşanıb. Deyən gərək, ay gözü ac insan, iki ovuc çəltik nədir ki, ondan ötrü boğazına çatı salırsan”. Zaur Həsənlinin gülləsi təsadüfən bacısı oğlu Fəqana dəyəndə də o, el ağsaqqalı kimi müdriklik nümayiş etdirir, təsadüfi bir olaya görə böyük bir düşmənçiliyin qarşısını alır.

İldırım kişi ailə-məişət məsələlərində sözün müsbət mənasında çox konser-vatordur... Lakin sərt və konservator olduğu qədər də ədalətlidir, hər bir işi Allah tərəfi həll etməyə çalışır. Yeganə sevimli oğlu papağını, yaxud cibinin pulunu iti-rəndə dünya malına görə yox, oğlunun fərsiz hərəkətindən qayğılanır. Yaxud bacısının yas məclisində ailə münasibətləri barədə söylədikləri əxlaq kodeksi təsiri bağışlayır. “O ocağı atanın ahı tutdu. Allah görk elədi ki, zəhmətlə böyüdüb boya-başa çatdırdığı haqq-sayı itirəndə axırı elə belə olar. Bir də ki, evin böyüyü ailənin Allahıdır. Yerdəki Allaha kəc baxanda, göydəki heç vaxt götürməz”.

Əli İldırımoğlu üçün ata təkcə doğma varlıq deyil, həm də konkret zaman, məkan şəraitində yaşayan və yaşadan bir insandır. Əli müəllim üçün ata demək – onun ayaqları altındakı torpaq, başı üstündəki səma, yəni Vətən deməkdir. “Ata” deyərkən müəllifin ürək ağrıdan bir həsrətlə eyni zamanda Vətənin bir parçası olan Qubadlını xatırlaması ona görə təbii səslənir ki, İldırım kişinin elə özü Vətən deməkdir. Yeriyən, gəzən, əzab çəkən, gəlimli- gedimli dünyaya övladlar bəxş edən, çörəyinin bin-bərəkətini alın təriylə qoruyan Vətən! İndi qürbətə dönmüş bir parça qürbət Vətən!.. “Eh! Mənim əsir torpaqda uyuyan, kövşən, bağ-bağat ətirli rəncbər atam!”

Müəllifin yurdumuzun bir parçası olan Qubadlının İldırımlı vaxtlarını iç yanğısı ilə təsvir etməsi Vətən-Ata vəhdətini bir daha isbatlayır: “Sonra sərt yamacdan keçən dar cığırla, çiyni sənəkli qız-gəlinlərin su daşıdığı Yazı bula-ğına enirdim... İsti düşəndə dərənin boğazındakı sıldırım qayadan tökülüb, yerdə çilik-çilik olan şır-şır bulağın altına girirdim... Kəndimiz Yazıya köçən-də günlərim, bax, beləcə keçirdi”.

Qoca Şekspir öz qəhrəmanı Hamletin diliylə deyirdi: “Bu göylə yer arasında bizim müdrikliyimizin belə yuxusuna girməyəcək çox şeylər var, dostum Horatsio!” Kim bilir, o rəncbər kişi ölümündən sonra da öz qərib məzarı ilə bizim ruhumuzu, ilk növbədə Əli İldırımoğlunu kövrəldə-kövrəldə, daxilən alovlandıra-alovlandıra öz ikinci ömrünü yaşamır?! O köhnə kişilər, o qüdrətli kişilər bu dünyada təkcə ad qoyub getmirlər. Həm də səssiz-səmir-siz gedişlərilə adlarını, şərəf-şanlarını qorumağı tövsiyə edirlər. Bu tövsiyə dillə deyilmir, bütöv bir ömürlə deyilir – dəyanətli ömürlə, namuslu ömürlə!

Əli İldırımoğlunun “Mənim rəncbər atam” kitabı möhtərəm ədibin təkcə atası ilə vida akkordu deyil, həm də sabahkı nəslə örnək olacaq sənət abidəsidir. Bu kitab vaxtilə göylərdən bayraq alaraq dünyaya sivilizasiya yaymış, dünyaya hürr gəlmiş, hürr yaşamış ulu bir qövmün öz taleyinə, öz torpağına, öz sabahına çağırış himni kimi səslənir. “Mənim rəncbər atam” əsərini Əli İldırımoğlunun ağsaqqal nəsihəti, ağsaqqal tövsiyəsi kimi qəbul etmək olar. Müəllif həm öz dilindən, həm də İldırım kişinin dilindən gənc nəslə ululardan qalma məsləhətlər, tövsiyələr verir. Bu mənada əsərin bədii, estetik dəyəri ikiqat, üçqat, onqat artır.

Bəşər sivilizasiyasının müasir mərhələsində, dünyanın rənginin-ahənginin dəyişdiyi bir vaxtda Əli İldırımoğlu XXI əsrin topu-tüfəngi, raketi, kompyuteri, zədələnmiş mənəviyyatı, bayağılaşmış əxlaqı qarşısına əli kərəntili rəncbər atasını çıxarır. Bu, keçmişlə bu günün qarşılaşmasından daha çox əxlaq və mə-nəviyyat savaşıdır. Belə bir qeyri-bərabər döyüşdə Əli İldırımoğlunun əli kə-rəntili rəncbər atası qalib gəlir. Əslində bu, doğma xalqımızın əxlaqi keyfiy-yətlərinin, haqqın, ədalətin, halallığın, nəcibliyin, mənəviyyatın qələbəsidir, tarix boyu uzun, sadə və mətin bir yol keçmiş əsl insanlığın təntənəsidir.

Səadət İldırımzadə, filologiya elmləri namizədi

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com