www.aliildirimoglu.az

“Qarlı gecələr”in işığında...

ÖTƏN GÜNLƏRİMİ QAYTARAYDILAR... YAXUD ƏLİ İLDIRIMOĞLUNUN “QARLI GECƏLƏR” ROMANI HAQQINDA QEYDLƏR

Sözün düzü, Əli İldırımoğlunun “Qarlı gecələr” romanı haqqında bu qeyd-ləri çoxdan yazmaq istəyirdim. Bir neçə dəfə oxumuşdum, bəzi səhifələri təkrar-təkrar vərəqləmişdim, çoxlu qeydlər etmişdim. Məqsədim о idi ki, ro-manı tamam-kamal duya bilim, hiss edim, süjet xətti, hadisələr, obrazlar ürə-yimə, qanıma, canıma hopsun... Bir də ki, Əli müəllimin sərt tələblərinə çoxdan bələd idim. İstəyirdim ki, heç olmasa, bu dəfə qənaətlərim onu təmin etsin.

Hazırlaşırdım, çalışırdım, özümü, necə deyərlər, kökləyirdim, gündəlik, cari işlərdən yaxa qurtarıb bir kənara çəkilmək istəyirdim... Ancaq elə bil tilsimə düşmüşdü...

Uzun müddət xəstə yatan atamın halının qəfil pisləşməsi, sonra dünyasını dəyişməsi isə mənə hər şeyi unutdurdu. Dəfn mərasimindən, yas günlərindən, qonaqların, qohumların, qonşuların ayağı yavaş-yavaş səngiyib çəkiləndən sonra evdə, demək olar ki, tək-tənha qalanda, əvəzedilməz ata itkisi məni üstələyəndə, dərdin, kədərin, itkinin əlində əlacsız qalıb, özümə yer tapa bilməyəndə harasa getmək, sözsüz ki, ən yaxın adamlarla görüşmək, baş-başa qalmaq, dərdləşmək, dərdimi bürüb-bükən möhnətdən-nisgildən yaxa qurtarmaq ehtiyacı yaranırdı.

Qəlbimi açası dostlarım isə neçə gün idi ki, ailə-uşaq, qohum-qonşu için-də, adamlar arasında elə hey danışırdılar: həyatın sərt sınaqları haqqında, dö-züm, mərdlik, iradə haqqında, dünyanın müvəqqəti, keçici olması haqqında...

Bu dünyada doğma, əziz adamını itirmiş insanlar üçün, bəlkə də, ən böyük faciə, ən dəhşətli müsibət qohum-qonşu çəkilib gedəndən sonra başlanır. Ev, otaqlar, qapı-рənсərə, həyət-baca adamın üstünə gəlir. Elə bil ötən hər saniyə sənə itkini, dərdini xatırladır. Bax, belə ağır, əzablı çağlarda özümü az da olsa unutmaq, məşğul etmək istədim. Gözüm stolun üstündəki kitablara sataşdı. Əli İldırımoğlunun “Qarlı gecələr” kitabını götürdüm. Artıq neçənci dəfə oxumağa başladım. Və etiraf edim ki, bu kitab məni о gecənin – qonağı-qarası getmiş, az qala suyu sovulmuş dəyirmana bənzəyən о evin, о həyətin əzabından, tənhalığından xilas etdi. Nə yaxşı ki, həmin gecə, həmin an əlimə məhz “Qarlı gecələr” düşdü. Axı, mən о gecə büsbütün ötən günlərimlə – atalı günlərimlə baş-başa idim. Romandakı hadisələr də ötən günlərlə – Əli müəllimin atası, nəsli, kəndi, elatı, bir sözlə, heç vaxt geri dönməyəcək xatirələri ilə bağlı idi. Mənə təskinlik verən, qəlbimi ovudan, nisgilimə su səpən də elə bunlar idi.

Əli İldırımoğlunun “Qarlı gecələr” əsəri, hər şeydən əvvəl, xatirə-romandır. Çətin, keşməkeşli və mürəkkəb ömrün bir parçası haqqında təsirli, dolğun və koloritli bir hekayətdir. Ümumiyyətlə, Əli müəllim ədəbi ictimaiy-yəti və geniş oxucu kütləsini təəccübləndirməkdə davam edir: son illərin ən məhsuldar yazıçılarından biri olması ilə. Burada sırf yaradıcılıq baxımından qeyri-adi heç nə yoxdur. Zəngin həyat təcrübəsinə, keşməkeşli ömür yoluna, deməli, bol həyat materialına, üstəgəl böyük istedada, məhsuldar və yorulmaz qələmə malik olan bir yazıçı dalbadal irihəcmli romanlar çap etdirir və ədəbi tənqid, geniş oxucu kütləsi bu əsərləri maraq və həvəslə qəbul edir. Yuxarıda dediyimiz təəccüb və bəlkə də, heyrətin səbəbi isə çox sadədir: ucaboylu, qədd-qamətli, ağır və ləngərli yerişli bu dünyagörmüş kişinin qəlbində nə qədər xatirələr yığılıb qalıbmış? Müəllifin bu qədər – aylar, illər, onilliklər boyu onları, necə deyərlər, üfürə-üfürə qoruyub saxlamağa səbri, hövsələsi necə çatıb?

Bu sualların cavabları müxtəlifdir. Ən kəsəsi isə, yəqin ki, budur: res-publikanın bir nömrəli qəzetinin – “Kommunist”in (indiki “Xalq qəzeti”) əməkdaşının, gərgin və maraqlı xüsusi müxbirlik həyatı, bir qədər yumşaq desək, yazıçılığa mane olmuş, sanki vaxtının, həvəsinin, istedadının bir hissəsini özü ilə aparıb qəzet səhifələrinə səpələmişdir. Sözsüz ki, macal tapdıqca, imkan düşdükcə kükrəyib-coşan ilhamını da cilovlaya bilmir. Bax, bu zaman oçerklər, felyetonlar, povestlər yaranırdı. Ancaq bütöv halda geniş panoramlar, xarakterlər, hadisələr əks etdirən iri əsərlərin üzə çıxmasına hələ çox qalırdı...

“Qarlı gecələr” romanının süjet xətti, əslində, çox sadədir. Gənc bir müəllimin müxtəlif məktəblərdəki fəaliyyəti, rastlaşdığı çətinlik və maneələr, insan taleləri, həyatın işıqlı və kölgəli tərəfləri... Başqa sözlə desək, acılı-şirinli həyatın özü. Bizcə, romanı oxunaqlı edən cəhətlərdən biri də təsvir olunan dövrün bütün çalarları, adət və ənənələri, baş verən əsas hadisələri ilə təsvir olunmasındadır. Bir də ki, bu təsvirlərin kimlərinsə danışıqları əsasında qurulmasında yox, bilavasitə həyatın özündən süzülüb gəlməsindəndir. Müəllif şəxsən bu hadisələrin iştirakçısı, daha doğrusu, qəhrəmanıdır.

Burada belə bir ədəbi həqiqəti bir daha xatırlamalı oluruq: əsl sənət, böyük və möcüzəli səmimiyyət deyilən atın belindədir. Kim ayağını üzəngiyə dirəyib bir sıçrayışla atın belinə qalxa bilərsə, dəliqanlı kəhərini sərt döngələrdən, qarlı aşırımlardan, sıx meşələrdən rahatca keçirə bilirsə, ömürlük onunla yol yolda-şıdır. Yox, əgər belə deyilsə, elə birinci cümlədən kitabı qatlayıb atırsan kənara.

Romanın, bizcə, ən uğurlu məziyyətlərindən biri burada xalqımızın tari-xinə, adət və ənənələrinə olan sonsuz sevgidir. Biz bu sevgini ucqar bir dağ kəndində, onun dolaylarında, gündəlik iş və qayğılarında görürük, eşidirik, duyuruq. Bu cəhətdən Şükür kişi obrazı çox xarakterikdir. Heç bir vəzifəyə-rütbəyə sığmayan, daim xalqın içərisində olan, xeyirdə-şərdə başda oturan əsl el ağsaqqalı... Şükür kişi ilə tanışlıqdan sonra qəlbimizdə nostalji hislər baş qaldırır: qardaşın qardaşa, qonşunun qonşuya, indi dəbdə olan ifadə ilə desək, “atdığı”, yaxşı-yamanın, ölçü-tərəzinin pozulduğu bir vaxtda belə köhnə kişilərə nə qədər də ehtiyac var?!

“Qarlı gecələr” romanı bir cəhətdən də əlamətdardır. Ədəbiyyatımızda müəllim, məktəb mövzusu nisbətən az işlənib. Bu mövzuda əsərləri az qala barmaqla saymaq olar. “Qarlı gecələr”, sözsüz ki, bu boşluğu doldurmaq sahəsində cəsarətli bir addımdır. Romanın daha vacib məziyyəti isə, bizcə, ondan ibarətdir ki, müəllimin, məktəbin, təhsilin adiləşdiyi bir vaxtda gözlə-rimiz önündə sözün əsl mənasında müəllim obrazı canlanır. Müəllim-şagird mü-nasibətləri, pedaqoji işin təşkili, kənd məktəbinin qış qayğıları, açıq dərs və s. məsələlər o qədər ustalıq və həssaslıqla təsvir edilmişdir ki, oxucu bu aləmin sehrindən, cazibəsindən çıxa bilmir. Və bütün bunların fonunda isə abır-həya, böyük-kiçik, xətir-hörmət kimi yüksək mənəvi-əxlaqi dəyərlər, tərbiyə məsə-lələri, onların kompleks həlli dayanır. Romanı oxuduqca, o dövrün təlim-tərbiyə, əxlaq məsələləri ilə yaxından tanış olduqca təəssüf və kədər hissi ilə düşünürsən: belə qiymətli milli-mənəvi dəyərlər niyə azaldı, niyə adiləşdi?

“Qarlı gecələr” çoxşaxəli romandır. Düzdür, yuxarıda da dediyim kimi, əsər, əsasən, kənd müəlliminin fəaliyyəti üzərində qurulmuşdur. Bununla belə, romanda о dövrün bütün əhvalını, rayihəsini duymaq mümkündür. Oxucu elat həyatı ilə, dağ kəndinin təsərrüfatı, sosial qayğılarından tutmuş ailə-məişət məsələlərinə qədər hər şeylə tanış olur. Özü də hadisə və əhvalatlar əsas süjet xətti ilə elə möhkəm tellərlə bağlanmışdır ki, oxucu yorulmur, əksinə mənən saflaşır, təzələnir, zənginləşir...

Növbəti romanında da Əli müəllim öz maraqlı və əlvan üslubuna, aydın təhkiyəsinə, dramatik süjet xəttinə, sadə və obrazlı dilinə sadiq qalmışdır.

Əsərdə elə ifadələrə, deyimlərə rast gəlirik ki, aforizm təsiri bağışlayır, ol-duqca mənalı səslənir. Məsələn, “Allahdan sonra ağsaqqaldı”, “Ağaclı adam”, “Tərəzi dalında yatana etibar yoxdu”, “Bərkini tutmadı”, “Bunu qoyum, ona gedim”, “Həblik darını kola tökmə”, “Əli sərpən adam” və s. Azərbaycan dili-nin şəhdini-şirəsini göstərən, onun nəhayətsiz leksik imkanlarını sübut edən bu deyimlər müəllifin təhkiyəsinə, ayrı-ayrı obrazların danışığına ifadəlilik, təsirlilik, gözəllik və sərrastlıq gətirmişdir.

Bu qısa və yəqin ki, pərakəndə qeydlərimi yekunlaşdıraraq yaradıcılığına və şəxsiyyətinə sonsuz ehtiram bəslədiyim Əli İldırımoğluna demək istəyi-rəm: “Qarlı gecələr”in yüksək bədii-estetik keyfiyyətlərini bir kənara qoyu-ram. Bunları təhlil etmək, qiymətləndirmək ədəbi tənqidin işidir və inanıram ki, “Qarlı gecələr” və eləcə də son romanlarınız bütöv halda, sistemli şəkildə geniş tədqiqata cəlb ediləcəkdir.

Qəlbimi titrədən isə başqa məqamdır. Çox sağ olun. Sağ olun ki, müəllim, məktəb, ötən günlər, uzaq dağ kəndi və onun adamları haqqında belə bir san-ballı əsər yaratmısınız. Man burada dağ suları kimi saf, halal, obyektiv və prinsipial müəllim obrazını – 50 ildən çox müəllimlik etmiş atamın müqəddəs obrazını gördüm. Sağ olun ki, atalı günlərimi, heç vaxt geri dönməyəcək əlçatmaz, ünyetməz xatirələri, sözə sığmayan duyğuları bir daha yaşatdınız...

Sağ olun ki, o gecə məni tənhalıqdan, əzab və məşəqqətdən, bəlkə də, ölümdən xilas etdiniz... Görünür, sənətin – əsl və böyük sənətin gücü, möcüzəsi də elə budur...

Ziyəddin Sultanov, yazıçı-jurnalist

“Xalq qəzeti”, 12 iyul 2005-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com