www.aliildirimoglu.az

FELYETONLAR

...HƏR CÜRƏ BÖHTAN OLSUN

Dadaş Dadaşovla kiçik zabit Prişibeyevin xa­rak­­te­rində qəribə bir oxşarlıq vardır. Çexovun qələmə aldığı Prişibeyev sağ olsaydı, bəlkə də buna etirazını bildirər və adət etdiyi kimi yenə də tük basmış üzünü qırışdırıb xırıl­tılı, boğuq səslə deyərdi:

- Mən mujik deyiləm, hər şeyi başa düşürəm. Var­şavada qərargahda xidmət etmişəm. Hərbi hissələrdə anbar müdiri olmuşam. Yanğın dəstəsində işləmişəm. Gimnaziyada iki il qapıçı olmuşam. Bütün qayda-qanunları bilirəm. Mənim kimi böyük rütbə sahibini hər adama tay eləmək olmaz. Bu, haqsızlıqdır! Yazaram! Bundan ötrü lap yuxarılara gedərəm! Dadaş Dadaşov adicə bağ gözətçisidir. Məstan Məstəliyev də idarə gözətçiliyindən çıxandan sonra əlini ağdan-qaraya vurmur, orda-burda veyllənir. Bağır Balabəyov da mühəndis ola-ola mərkəzi bazarda lövbər salıb. Onlar hardan mənə tay oldular?! Bu, ədalətsizlikdir!..

İnsafən Prişibeyevin "dərrakəsinə", "gözüaçıqlığına" söz ola bilməz. Hakim onu müttəhim stolundan ayağa qal­dırıb deyəndə ki, qayda-qanunlara, nizamsızlığa baxmağa adam var, siz vəzifənizə aid olmayan məsə­lə­lərə başınızı soxmayın. Onda Prişibeyev gözlərini kinayə ilə bərəldib tez özündən çıxır:

- Uryadnik, yüzbaşı, kəndxuda mən başa düşdüyüm şeyləri anlaya bilməzlər. Necə yəni bu mənim işim deyil?! Adamlar biabırçılıq eləyəcək, bu mənim işim olma­yacaq?! Onlar mahnı oxuyur... Axı mahnıda yaxşı nə var ki?! Gecələr işıq yandırırlar... Mən bunların hamı­sını yazıb qeyd etmişəm! - Prişibeyev cibindən yağlı bir kağız çıxarıb, eynəyini gözünə taxıb oxuyur: - Dul qadın Şustrova başqası ilə qanunsuz yaşayır. Əxlaqsızlıqdır... İqnat sehrbazdır... Mavra başqasının inəyini sağır və s.

Prişibeyev bu cür səfeh hərəkətlərin ucbatından cəzasını çəksə də, əvvəlki xasiyyətini tərgidə bilmədi. Bilməzdi də... Qozbeli qəbir düzəldər, - deyiblər. Amma Dadaş Dadaşovla Prişibeyevin müqayisəsində deyəsən, bir balaca uyğunsuzluq oldu. Yox, haqqı nahaqqa ver­mək olmaz. Ədalət naminə Dadaş ondan çox-çox "üs­tün­dü". Kiçik zabit Prişibeyev cəmi-cümlətanı bircəcə ay həbs cəzası çəkib. Dadaş Dadaşov isə... Nə danışırsan?! Ay maşallah!.. İnzibati orqanların Dadaş haqqında ver­diyi arayışa nəzər salanda adamı təəccüb bürüyür. Kişinin başı necə dəfə daşdan-daşa dəyib. Birinci dəfə xalq məhkəməsi tərəfindən onca il alıb. Bir dəfə də sakini olduğu kənd mağazası yananda ilişib. Beşcə ay yatandan sonra aradan çıxıb. Sonra da, nə bilim Basar­keçərdə müttəhim kürsüsündə əyləşdiriblər. Özbə­kis­tanda külli miqdarda dövlət əmlakını mənimsədiyi üçün doqquz il həbs cəzası veriblər və s. və i.a.

Bəli, nəinki Prişibeyev, heç onun doğmaca oğlu Baloğlan da Dadaş Dadaşovun yerişini yeriyə bilməz. Düz­dür, ot kökü üstündə bitər və ya oğul ataya oxşayar, deyiblər. Ancaq Dadaş Dadaşova oxşamaq çətindir. Ba­loğ­lan indiyə kimi vur-tut bircə dəfə həbsə düşüb. Dördcə il də iş alıb. Yoox! İnsafən hər adam Dadaş Dada­şovun yolunu gedə bilməz. Ona görə də Dadaş hərdən kəndin ortasında özünü dartıb qürrələnir. Deyir ki, heç kəs mənim kimi duyub düşünə bilməz. Bircə Məstəli Məstanovdan başqa. O da "prinsipial" adamdır. Əli­nə qələm alanda heç doğma qardaşından da keçən deyil. Buna görə də Dadaşınki bircə Məstanovla tutur. Nə olsun ki, rayonda yüzlərlə müəllim, alim, həkim, mü­hən­dis, deputat, partiya, sovet işçisi, əmək, müharibə veteranı var?! Dadaş Dadaşov deyir ki, onların heç biri mənim kimi eşidib, görüb, duyub dərk edə bilməz. Düşü­nür ki, əməlisaleh adam bircə onun özüdür. Gözətçisi olduğu bağın xudmani guşəsində ordan-burdan eşit­diklərini saf-çürük edir. Sonra da sinəsini stola söykəyib yerli-yersiz sözləri ağ kağıza muncuq kimi düzür: "Rayonda sosialist mülkiyyəti dağıdılır! Filan zavodda konserv çatışmır. Ticarət təşkilatları düz işləmir! Kolxoz sədri rüşvət alır. Yaşayış binalarının tikintisində, yol çəki­lişində yeyinti, dağıntı var..."

Həmin sahələrdə qüsurların olduğu şəksizdir. Bunun üçün inzibati orqanlar var və qanunçuluğun keşiyində təh­silli, təcrübəli, səlahiyyətli adamlar dayanıb. Cina­yət­karlar da cəzasız qalmır. Ayağını əyri qoyanlar yaxa­lan­malıdırlar. Bilməmək eyib deyil, bilməyib soruş­mamaq eyibdir. Əyrinin düzlükdən danışmağa haqqı varmı?! Və ya Dadaş Dadaşovun baş qatmaqda mərəzi nədir? Yaxşı deyiblər ki, hünərsiz tərəqqiyə çatmağı bacar­madığı üçün, başqalarının tənəzzülünü arzulayır, onunla bərabərləşsin. Dadaş Dadaşov bu yolda dəridən-dırnaq­dan çıxır. Yazır ki, "Gülüstan" restoranı qanunsuz tikilib. Prişibeyevin mahnıdan zəhləsi getdiyi kimi, görünür Dadaş Dadaşovun da güldən, gülüstandan, çiçəkdən xoşu gəlmir və yazır...

Elə ki, yoxlama komissiyasının üzvləri fəaliyyətə başladı, camaatı təşviş götürür. Qeybət düşkünləri orda-burda xısınlaşırlar. Ağıl, kamal sahibləri deyir ki, tikənlər gedərgidir, tikilənlər qalandır. Harda ikicə daş üst-üstə qoyulsa qənimətdir. Sözbazlar isə... görülən hər işə bir qulp qoyurlar. Hər şeyə bir cür ala-bəzək don geydirirlər. Hərəyə bir zınqırov bağlayırlar. Övladına əməlli atalıq, ailəsinə başçılıq edə bilməyən, həyatda yönlü bir koma qaraltmayan bədxahlar dalda-bucaqda dodaqlarını büzərək:

- A balam, düz yazırlar dəə! - deyirlər. - Rayonda rayonluq qalıb?! Bir belə tikinti olar?! Ticarət silsiləsi! "Armudu stəkan" kafesi!.. İdarə binalarının çoxunu tapıb tanımaq da olmur! Hərəsi təzə bir bina dikəldib! Axı bu kimə lazımdır?! Rayonda rayonluq qalmayıb! Bura rayon mərkəzidir, yoxsa dendrari parkı?! Gül-çiçək ayaq tutub yeriyir. Adını da qoyublar istirahət zonası. Bura sana­toriya-zaddır?.. Axşam ki düşdü, qocalı-cavanlı qız-gəlin qol-qola verib hamısı seyrə çıxır. Vallah, bu düz iş deyil? Billah, bu biabırçılıqdır! Başdan ayağa qanunsuzluqdur! Yazmalıyıq! Özü də düz yuxarılara! Guya ki, düzəlib hər yarağımız, qalıb saqqal darağımız?! Axı bu boyda göl haramıza yaraşır?! İçərisində də cürbəcür irili-xırdalı balıqlar. Adamın əlində yemək görəndə göydə qapırlar. Yoox! Belə getsə burada timsah, balina da peyda ola bilər!! Onda gəl görüm buralara kim səmt düşəcək?! Şər deməsən, xeyir gəlməz. Bu balinalar, timsahlar hop elə­yib bir zavallını udsa necə?! Bu rüsvayçılığa kim cavab verəcək?! Baax, bunu başa düşən yoxdur! Çox adam adını rəhbər işçi qoyub, amma heç burnunun ucunu da görmür. Bir tərəfində də zoopark! Bircəcə elə çaq­qa­lı­mız, dovşanımız, tülkümüz, canavarımız əskik idi?! Han­sı rayon mərkəzində belə hoqqalar düzəldiblər? Heç birində! O yırtıcı canavarların hərəsi bir tərəfdən adama gözü­nü bərəldir. Uşaqların bağrı yarılır. Tovuzquşu nədir? Ayaqlarının eybəcərliyi bir yana qalsın, səsindən ada­mın zəhləsi gedir. Bütün bunların təqsiri kimdədir? Rayonun başçılarında! Düz yazırlar! Atamın goru haqqı hələ az yazırlar! Gör bu təpənin başına nə oyun gətiriblər! Yazda qanqallar çiçək açırdı. Dana-buzov da doyunca yeyib şıllaq atırdı. Biz də yayda toxumunu yığıb, qışda sacda qovururduq! Aax! Aax! Hanı indi o qanqallı təpə?! İndi adını "Göytəpə" qoyublar. Çox nahaq yerə! Üstündə tikilənlərə bax! Otel-mehmanxana, muzey, milli yeməkxana, çayxana, karusel!.. Axı uşaqlarımızın orda nə işi var?! Olmadı elə, oldu belə! Karusel xarab oldu, uşaqlar göyün yeddi qatında asılı qal­dı. Buna kim cavab verəcək?! Balam, arığın qoruqda nə işi var?! Tifillərimizin təqsiri nədir? Biz də uşaq olmu­şuq. Qarğıdan at düzəldib kəndin arasında dördnala çapardıq. Heç bir qorxusu da yox. Karusel nədir?! Yəni xoruz olmasa sabah açılmır?! Nə istirahət zonası-baz­lıqdır? Bunları bir-bir qələmə almalıyıq! Özü də sübutalnı-dokumentalnı! Belə getsə qonşu rayonlar da küyə düşüb, özünü Cəlilabadın kökünə salacaq. Elə çoxu­su salıbdı da. İndi Beyləqanı, İmişlini, Lənkəranı tanımaq olmur. Yoox, buna əncam çəkilməlidir! Yazmaq lazımdır!

Həə, Prişibeyevin yeri görünür. Sağ olsaydı, bu "bia­bır­çılıqları" yerdə qoymazdı. Hamısını açıb ağardardı. Dəftərinə qeyd edib yazardı. Çünki bu cür qəliz məsə­lələri ancaq Prişibeyevlər, müttəhim stolundan xəbəri olanlar, anbar, bağ gözətçiləri dərk edə bilərlər. Ancaq rəhmətlik qoy o dünyada rahatca yatsın. O kişinin ruhu inciməsin. Dünya xali deyil. Prişibeyevi əvəz edənlər tək-tək olsa da, hələ var...

Ağaclı ağacını götürəndə suçlu adam özünü bildirir. Söz yox ki, Bağır Balabəyov bu cümləni oxuyanda əv­vəl­cə onun dodaqları bir balaca qaçacaq və sonra qanı qaralacaq. Deyəcək ki, jurnalistlər yəqin indi də mənim bostanıma daş atırlar. Qoy daş da atsınlar, kəsək də. Faydası yoxdur. Özlərinin qolları yorulur. Bağır Bala­bə­yov Don Kixotsayağı düşünüb, onun dediyini təkrar edir: "İnad - müvəffəqiyyətin anasıdır". Ən ümidsiz çəkiş­mə­lərin müvəffəqiyyətli həlli inadçının səyindən asılıdır.

Balabəyov da Don Kixotsayağı məşhurlaşıb. Qəhrə­man pambıqçı, igid neftçi, mahir bağban, cəsur təy­yarəsi... Onlar vətən yolunda şərəf qazanıblar... Bala­bə­yovu görənlər də onun üzünə irişib, arxasınca sifətlərini nifrətlə turşudub:

- Yaman yazandır! - deyirlər. - Gərək beləsindən yed­di ağac kənar olasan.

Bəli, o da bu cür "ad" çıxarıb. Məsələn, Herostrat məş­hur Artemida məbədini yandırmasaydı, Efialt öz vətə­ninə xəyanət edib onu müdafiə edən ordunun məhv olmasına kömək göstərməsəydi, adları tarixə düşməzdi. Bağır Balabəyovun da adı qəzetlərə düşür və "tarixləşir". Əlbəttə, məşhur "yazan" və ya şərçi, böhtançı kimi. Ona görə də onu oxucuya tanıtdırmağa ehtiyac yoxdur. Məsə­lən, burada mətləbi uzadıb yazaq ki, Bağır Balabəyov vaxtilə kombinat direktoru və ispalkomda yol şöbəsinin müdiri işləyib. Ət hazırlığı idarəsinə başçılıq etdiyi dövrdə böyük yeyinti olub. İndi də mərkəzi bazara müdir qoyublar. Bunları sadalamaq əbəsdir. Çünki Balabəyov məşhuri-cahandır. Nə qədər başını sığallayırlar, dəlil-dəlalət edirlər, bəzən də hərbə-zorba gəlirlər, faydası yoxdur. Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Bağır Balabəyov hələ də inadla yazır: Məhkəmə sədri simasını itirib. Raykom katibi... məişət pozğunudur. İspalkom...

"Xatası məndən uzaq olsun" fəlsəfəsi ilə, heç kəs də onun təhqir, böhtan sözlərinin başına ip salmaq istəmir. Amma nahaq yerə. Yalan yazıb başqatanlar da saxta məlumat verib dövləti aldadanlar kimi cəzalarına çatmalıdırlar.

Burada onu-bunu anonim yazmaqla hədələyib pul çırpışdıranların, araqarışdıranların bir-bir adını çəkib, mətləbi uzatmaq istəmirik. Qonşu rayonda yaşayan Hör­mət Hörmətova gəldikdə isə onun mərəzi bam­baş­qadır. Yazılanların üstü açılanda bütün günahı arağın üstünə yıxır. İkiəlli yapışır araq şüşəsinin boğazından ki, bütün işlərin mayası bu şoğəribdir. Bircə qədəh içən kimi... İnsafən içməsə yazmır. İçkinin təsirindən cuşa gəlib əli­nə qələm alanda da özgədən yox, özcə qonum-qonşu­sundan, dost-aşnalarından yazır.

Bəziləri öz fikrini ağ kağıza yazmaqdan ehtiyat etdikləri üçün niyyətlərini şifahi qaydada bəyan edirlər və cürbəcür yalan şayiələr uydururlar. Düşünürlər ki, yazı rəsmi sənəddir. Yoxlanıb yalana çıxarılsa, kürə­yi­mizə böhtançı damğası yapışdırarlar. Əli vəzifədən sürüşüb çıxan və ya yuxarıdan aşağı düşən iki nəfər rastlaşanda onların bir-birinə ilk sualı bu olur:

- Təzə nə xəbər?

Zeyqəmov dərindən köks ötürüb yırğalanır və müsahibinə:

- Danışılanlara görə vəziyyət çox gərgindi, - deyir. - Böyük yoxlama gedir. Özü də mərkəzdəndir. Eşitdiyimə görə aftaritetni komissiyadır...

Zəkizadə bunu eşidəndə kefi durulur. O, çoxbilmiş adamlara məxsus görkəm alaraq:

- Mən vaxtında demişəm dəəə! Hələ harasıdır! Çox papaqlar boş qalacaq. - Zəkizadə xoşu gəlməyən, sala­mı­nı gec alan, stollarında gözü qalan idarə başçılarını, şə­hər, rayon rəhbərlərini, nazirlikdə əyləşənləri bir-bir sa­da­layıb, - onların da kitabının bağlanmasına az qalıb, - deyir.

Bu yeni xəbərlər müsahibləri feyzyab edir. Mənəvi boşluqlar dolur. Onlar xısın-xısın söhbətlərinə davam edirlər: "Filankəsi haqlı çıxarıblar", "Filankəs tutduğu və­zifəyə layiq deyil", "Filan sədr arvadı ilə yola getmir", "Filan rəis müavini ilə dil tapmır". Qərəz, bir budağa çıxıb yüzünü yırğalayırlar.

Yerin də qulağı var. Bu boş şayiələr aləmə yayılır. Qubanın, Füzulinin çayxanalarında, Ucar və Cəlilabad küçələrində, Ağdam və Gəncə bazarlarında, yolqırağı pavilyonlarında birinin də üstünə beşini qoyub, deyilənləri bir az da püfləyib şişirdirlər.

Belələrinin haqqında Çexovun satirası ilə başla­dı­ğımız felyetonu Sabirin acı gülüşü ilə tamamlayaq:

 

 

Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,

Harda bir nur görürsək ona qarşı olarıq.

Danışıb-söyləşərik, hər necə ünvan olsun,

İftira ləğv, əbəs, hərzövü, hədyan olsun,

Hər kəsə bağlayaraq hər cürə böhtan olsun...

 

1986-cı il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com