www.aliildirimoglu.az

FELYETONLAR

SÖZ VERİRİK

İxtiyar İbişov layihə-smeta sənədlərini gözucu və­rəq­­ləyib bəzi rəqəmlərə nəzər saldıqdan sonra dodaqaltı sızıldanıb stulunda yırğalandı və:

- Beş milyon manatlıq iş! Böyük tikintidi, - dedi. O, qaşlarını yuxarı dartıb, çiyinlərini tərəddüdlə çəkib əlavə etdi: - Söz verib boynumuza götürmüşük, tikməliyik.

Birinci müavin Miriş Mirkişiyev gülümsünüb rəisin sözünə incə bir zarafatla düzəliş verdi:

- Özü də vaxtından əvvəl! - Sonra o qayğılı görkəm ala­raq: - Yoldaş İbişov, - dedi, - unutmayın ki, bu ərzaq prob­lemi ilə əlaqədar tikintidir, haa!

Rayon donuz əti istehsalı birliyinin direktoru Nərçə Nəcəfzadə vəcdlə:

- Əlbəttə, əlbəttə! - dedi. - Tamamilə doğrudur. Ya­xın illərdə donuzların sayını iyirmi min başdan əlli minə çatdırıb, ət istehsalını da iki dəfədən çox artırmalıyıq. İndi sizdən hərəkət, bizdən də bərəkət.

Sifarişçilər dərindən köks ötürüb, hesabı içəri verdilər və ani olaraq fikrə daldılar. Miriş Mirkişiyev qımışaraq trest rəisinin kabinetinə çəkən ağır sükutu pozdu:

- Bəlkə, trestimizin nömrəsi "2" olduğuna görə çox vaxt sifarişçi təşkilatların qarşısında xəcalətli qalırıq?! - O, kal alça yeyirmiş kimi sifətini turşutdu. - Düzü, çox nəhs rəqəmdir, - dedi. - Lap tələbəçilikdən bu "2" sözün­dən zəndeyi-zəhləm gedir. Müəllim bizə "2" verəndə bir həftə özümüzə gələ bilmirdik. Yatanda da yuxuda "2" görürdüm. Qorxuram bu ət istehsalı birliyinin tikin­tisində də...

İxtiyar İbişov onun sözünü yarımçıq kəsdi və bəzi ötkəm idarə başçılarına xas olan təkəbbürlə:

- Ağlınız başqa tikintilərə getməsin! - dedi. - Ət isteh­salı kompleksi vacib obyektdir. Hansınız ətsiz, kol­basasız, kababsız, kotletsiz keçinirsiniz?! Bircə gün olmasa... Bunu zarafata salmayın! Respublikamızın ət kombinatları nə vaxta qədər kolbasa istehsalı üçün kənar yerlərə əl açıb donuz əti gətirməlidir! Bir də ki, trestin nömrəsinin bura nə dəxli! İşinizi elə sahmanlayın ki, "5"ə layiq olsun!

Söz-söhbət bununla da yekunlaşdı. Kənd tikinti trestinin mexanikləşdirilmiş səyyar dəstəsinin inşa­at­çıları qollarını çırmayıb başladılar fəaliyyətə. Ancaq necə və nə cür? Bu suala cavab tapmaq üçün gərək əv­vəl-əvvəl idarədən başlayasan. Ondan da əvvəl Buzov­nadan Mərdəkana dönən yolun ayrıcında dayanıb gəlib-gedənləri sorğu-suala tutasan:

- Soruşmaq ayıb olmasın, buradakı tikinti idarəsi harada yerləşir?!

- Bilmirəm.

- Bəziləri də bu konkret və qısa cavabın əvəzinə ya başını bulayır, ya da ki, təəccüblə çiyinlərini çəkib, üzünü yana çevirir.

Elə ki sübhün gözləri açıldı, yolun solundakı hasar­sız, darvazasız, ağacsız, gülsüz-çiçəksiz binanın qar­şı­sında "Volqa", "Moskviç", "Jiquli" maşınlarının tükür­pəş­dirici siqnalları qarışır bir-birinə. Nabələd müştərilər başlarını kabinədən çıxarıb ötkəm bir əda ilə soruşurlar:

- Əə! Bacıoğlu, xaş hazırdı...ı?!

Bir başqası:

- Atam balası, kəlləpaçadı...ı, yoxsa mal dırnağı?!

- Sirkə-sarımsağı da varmı?!

Binanın qapısı ehmalca cırıldayıb açılır, şirin yuxu­dan kal qalxan hündürboy bir kişi sol əlinin dalı ilə sağ gözünü ovuşdura-ovuşdura əsnəyib hövsələdən çıxır:

- Qanacağınız olsun! Bura xaşxana deyil, tikinti idarəsidir! - deyir.

Günorta fasiləsində bura varid olan nabələd müştərilərin hərəsinin ağzından bir avaz gəlir:

- Toyuq kababıdı, yoxsa qoyun?!

- Svejidi, yoxsa zamorojunu?

- Lülə kababıdı, yoxsa tikə kababı?!

- Ə, kömürdə bişir, yoxsa elektrik peçində?!

Mühasiblərdən, mühəndislərdən, makinaçılardan biri pəncərəni ehmalca açıb, boğazını çölə uzadıb təmkinlə:

- A yoldaş! A yoldaş! Mədəniyyətiniz olsun, bura tikinti idarəsidir!

Müştərilərin iştahası pozulur. Kabab iyinə gələnlər kor-peşman geri qayıdıb öz-özlərinə deyinirlər:

- Qanadımızın altına baxmışıq?! Hardan bilək bura idarədir?! Özü də tikinti idarəsi?! İdarənin qabağında bir səliqə-sahman, yazı-pozu, ünvan olar, ya yox?!

Bu söz-söhbətdən agah olursan ki, bəli, həmin tikinti idarəsi bax budur...

İdarənin başçıları əyləşdikləri binanın həyət-baca­sını, yör-yöndəmini tezliklə səliqə-sahmana salacaq­larına söz verdikləri üçün bu məsələdən vaz keçək. Yəni qatlayıb qoyaq nənələrin vaxtilə toxuduğu köhnə, qəzil palazın altına. Başlayaq iki il əvvəl bünövrə daşı qoyulan kompleksin tikintisində işlərin gedişini araşdırmağa...

İnşaat meydançasına diqqətlə nəzər salanda, əlini çənəsinə dayaq vuran quraşdırıcılara baxanda, mür­güləyən maşın mexanizmləri görəndə mərhum Sabirin kəlamları yada düşür:

              

Çırmanırıq keçməyə çay gəlməmiş,

Başlayırıq qızmağa yay gəlməmiş,

Söz veririk indi - bir ay gəlməmiş...

 

Nə çoxdur verdiyi vədə, dediyi sözə sadiq olan əmək kollektivləri. Burada isə... Birinci il başa çatanda sifa­rişçilərlə icraçılar qabaq-qənşər əyləşib, papaqlarını da qoydular ortalığa və başladılar haqq-hesaba. Yay gəlməmiş verilən gurultulu sözlərin nəticəsini qışın şaxtalı günlərində tərəzinin gözünə qoyanda gördülər ki, qaya handa, keçi handa. İl ərzində tikinti üçün ayrılmış vəsaitin üçdə bir hissəsi belə xərclənməyib. "Günah kimdədir" sualı ortalığa çıxanda hərə yaxasını bir kənara dartdı. Sudan quru çıxmaq üçün əl atıb yapışdılar ob­yektiv və subyektiv faktların ətəyindən. Sifarişçilər tresti günahlandırdı, tikinti idarəsi də layihə təşkilatlarını. Söz-söhbət uzandı. Mübahisə qızışıb əndazədən çıxanda Ti­kinti Nazirliyində və əlaqədar idarələrdə əyləşən ix­ti­yar sahibləri təqsirkarları tənbeh etmək əvəzinə, başladılar münsifliyə:

- Ev bizim, sirr bizim, - dedilər. - İdarənin eyiblərini ora-bura yayıb, bizi el içində rüsvay eləməyin. İydə varsa, tağalaqda da var. Sifarişçilər də günahkardır, icraçılar da, layihəçilər də. Amma bu sirr öz aramızda qal­sın. Bir daş altdan, bir daş da üstdən. Bütün boş danı­şıqların əvəzinə gəlin ölçüb-biçib elə bir inşaatçı fəndi işlədək ki, baxanlar hayıl-mayıl qalsın, heyvandarlar da bizə "əhsən!" desinlər.

Bu dəlil-dəlalətdən hamı razı qaldı. Baş podratçı təş­kilatın başçıları ədəb-ərkanla barmaq qaldırıb icazə istəyib, bir-bir ayağa qalxdılar və gözlərini yumub, ağız­larını açıb təntənə ilə:

- Bu il! Tikinti planını! Vaxtından əvvəl! Yerinə ye­tirək!! - dedilər. - Ötən ilin kəm-kəsirini də ödəyək! Buna söz veririk!

- Söz veririk!

Bəli, hamı bir ağızdan təntənə ilə söz verdi! Əl çaldılar! Nazirliyin və trest başçılarının çəpiyi xüsusilə fərqlənir və daha gur səslənirdi.

Tikintiyə təkan vermək üçün Böyükkişi Xankişiyevi də təmtəraqla əyləşdirdilər dəstə rəisinin yumşaqca stulunda. Başbilənlər ölçüb-biçdilər ki, köhnə rəis hər dərədə bir at öldürdü, amma nə fayda ki, baytar ola bilmədi. Tamahı tələyə saldı. Böyükkişi Xankişiyev isə... Qazaxdan, Naxçıvandan, Salyandan, Şəkidən belə kül tökmədiyi ocaq qırağı qalmayıb. Başı daşdan-daşa dəyib. Amma bütün daşlar ovuq-ovuq olub, öz başı sağ-salamat qurtarıb. Baş mühəndis də ki, bir vaxt res­toranlarda yeməkpaylayan işləyəndə, müştərilər onu barmaqla göstərirdilər və sair və ilaxır.

Bəzi oxucular hövsələsizlik edib soruşa bilərlər ki, rəhbər kadrların tərcümeyi-halını az-çox bildik. Bəs tikintinin vəziyyəti? Yəni bir belə götür-qoyun, hay-küyün nəticəsi?! Respublika Tikinti Nazirliyində əyləşənlərin dili ilə desək, bu cür vacib obyektlərin tikin­tisində tələsmək olmaz. Nahaq yerə deməyiblər ki, tələsən təndirə düşər. Mildə, Muğanda, Qarabağda, Gən­cəbasarda elə tikintilər var ki, bu ay divara bir daş qoyurlar, gələn ay da birini. Bəzən də hər daşın arası bir və ya iki il çəkir. Məsələn, Quba şəhərindəki yaşayış evləri və yaxud Xaçmazdakı qırqovulyetişdirmə komp­leksi kimi. Odur ki, səbirli olmaq lazımdır. Səbirlə turş qoradan şirin-şəkər halva hasil olar. Ancaq son günlər sifarişçi təşkilatların kasası lap dolub. İş o yerə çatıb ki, biz qəzetçilərdən də giley-güzara başlayıblar. Guya onların qeydinə qalıb dərdinə şərik olmuruq.

Ona görə də inşaatçılar inciməsinlər. Bir qədər "tez" olsa da, bəzi-bəzi müşkül məsələləri açıb-ağartmalıyıq. Burada bir məsələ qoy qaranlıq qalmasın. Tikinti nazirliklərində və onların trestlərində əyləşən bəzi-bəzi məsul, mötəbər işçilərin "tez", "keyfiyyətli", "vaxtında" kəlmələrindən xoşları gəlmədikləri üçün həmin sözləri dırnaq arasına alırıq ki, qoy onların xətri xoş olsun. Yəni hörmətlərinə xələl gəlməsin. Bir də ki, hər xırda-xuruş məsələdən ötrü o boyda mötəbər şəxslərin şəstinə toxunmaq rəvadırmı? Əlbəttə, yox! Nədi-nədi, ərzaq məsələsi ilə əlaqədar olan kompleksdə ötən il iki milyon manatlıq əvəzinə vur-tut yarım milyon manatlıq tikinti-quraşdırma işi görülüb. Və ya tikintinin inişilki kəsiri ödən­mək əvəzinə, beş qat da üstə gəlib. İxtiyar İbişov Miriş Mirkişiyev kimi "dağdan ağır" rəislərin qızıldan qiymətli vaxtlarını alıb, sorğu-suala tutasan ki, tikinti işlərini nə üçün bu cür bərbad vəziyyətə salmısınız?

Vəziyyətdən çıxmaq, söz altında qalmamaq üçün onlar da deyə bilər ki, olan olub, keçən keçib. Köhnə söhbətləri indi üzə vurmağın nə mənası?! Son vaxtlar tikinti tapşırıqlarına ağıllı-başlı əməl edirik və geriliyin daşını da birdəfəlik atmışıq. Cari ildə tikinti işlərimiz lap göylə gedir.

Bizim göylərdə nə işimiz?! Elə inşaat meydançasının özü görməli, gülməlidir. Kələfin ucundan yapışıb bir qədər dərinə gedəndə sevinmək, gülmək əvəzinə ada­mın qanı qaralır. Məcbursan soruşasan: bəs bu ilin beş aylıq planına nə söz? Verdiyiniz vəd hara, gördüyünüz iş hara? O boyda betonqarışdıran aqreqat nə üçün hər növ­bədə iki yüz kubmetr əvəzinə vur-tut əlli kubmetr məh­sul verir? Özünüzə umac ova bilmədiyiniz halda, nə üçün başqalarına əriştə kəsmək həvəsinə düşmüsünüz?! Xüsusi əhəmiyyətli tikintini qoyub mətləbə dəxli ol­ma­yan və həm də ikinci dərəcəli obyektlərin quyruğundan yapışmağınız hansı məntiqə uyğundur?! Kənar təş­ki­latlara mağaza binası, hamam, hovuz, istehsal bazası tikməkdə mərəziniz nədir?!

- Söz veririk!..

Bəli, yenə də səhvlərinə son qoyacaqlarına qəti söz verirlər. İnanan daşa dönsün. Göz gördüyünə inanar, qu­laq eşitdiyinə. Layihə-smeta sənədləri tərtib və təsdiq edi­ləndən xeyli-xeyli sonra tərəf-müqabillər ayılıb başa düşüblər ki, ey dadi-bidad! Respublikanın dəmir-beton zavod­larının heç birində ət istehsalı birliyi üçün lazım olan uzunluqda ferma hazırlanmır. Bəs nə etməli? Sifa­rişçilərlə baş podratçılar təzədən layihəçilərin ayağına düşüb yalvarmağa başladılar:

- Əli yanan, ağzına təpər! Nə qədər desən əlavə xərc bizdə... - dedilər. - Layihədə yenidən bir balaca əl gəzdirin.

Əl gəzdirdilər. Beton fermalar metal konstruk­si­ya­larla əvəz olundu. İndi də başqa bir mağlətə. Qaşın qayırdıqları yerdə vurub gözlərini də töküblər. Yeni kons­truksiyada bəzi keçidlər darısqaldır. Donuzların burnu keçir, iri başı, gonbul piyli bədəni yox. Bəs buna nə çarə? Böyükkişi Mirkişiyev Nərçə Nəcəfzadəyə yalvarıb dil tökür ki, donuzların cinsini dəyişin. Bəzi ölkələrdə seleksiya yolu ilə nəhəng ağaclar cırtdan həd­dinə salınıb dibçəklərdə əkilir. Əgər donuzlar üzərində bu cür eksperiment aparılsa... Bu minvalla donuzlar bapbalaca, yəni lap pişik və ya bəzi kübar xanımlarının qucağında əzizlənən ev tulası boyda olsalar, layihədə yenidən dəyişiklik aparmağa ehtiyac qalmaz. Hər arakəsmədən eyni vaxtda beş donuz keçə bilər.

Nərçə Nəcəfzadə də bu fikirlə əsla razılaşmır:

- Yoox, - deyir. - Heyvandarlara bu sayaq əl verməz. Bizə say yox, sanbal lazımdır.

Əlqərəz, belə bir vacib obyektdə tikinti əvəzinə mü­ba­hisə gedir. Bu boş mübahisəni də xırdalamağa, necə deyərlər, ucundan tutub ucuzluğa getməyə dəyməz. Əlac səbrə qalıb. Səbir edək, gözləyək, görək axırı hara çıxır. Quba və Qusar bağbanları kimi!

Əh! Qurdaladıqca da işin içindən başqa bir müəmma çıxır. Abşeron tikintilərinin dərdi az idi, bu tərəfdən də Quba, Qusar tikintiləri peyda olub, yada düşdü. Amma Quba və Qusar konserv zavodlarının tikintisini buna qatıb qalmaqalı böyütməyə dəyməz. Düzdür, həmin məsələlər də ərzaq məsələsi ilə bağlı obyektlərdir. Çünki ət ayrı, meyvə ayrı. Hərəsinin öz dadı-tamı, isti­fadə qaydası vardır. Bir də ki, hər iki zavod ilin buraxılış obyektləri olduğundan inşaatçıları təntidib, tələs­dir­məyək. Onsuz da işləri düyünə düşüb. Amma Əsgərxan Əjdərxanovla Ələmdar Qələmdarovu yuxarıda adlarını çəkdiyimiz rəislərlə müqayisə etmək insafsızlıqdır. Çünki Abşeron inşaatçıları hər ayın, kvartalın, ilin axırında, bir də ki, nazirlikdən gələn olanda söz verirlər. Əsgərxanla Ələmdar isə baş podratçı təşkilatların başçıları kimi tikililərin sürətini artırmaq barədə gündə-günaşırı, hər addımbaşı söz verirlər. Özü də daha gurultulu, yağlı, təmtəraqlı söz. Ancaq bu cür yağlı və yavan vədlərə inanıb buraxılış obyektləri barədə indidən yazılı surətdə mənfi və ya müsbət rəy söyləmək çətindir. Olmadı elə, oldu belə. Məsələn, rəislərin şirin dilinə aldanıb-inanıb yazdıq ki, qızıl payız gələndə... Qara gavalı, sarı heyva, daş armud ağacları qol-budağını yana əyəndə... zavodlar gupbagupla işə düşəcək... Quba və Qusar bağbanları feyzyab olacaqlar və onların əzab-əziyyətlə yetirdikləri alyanaq almalar daha ötən illərdə olduğu kimi çöldə qalıb, üzüqaralıqla çürüməyəcək...

Xeyr, xeyr! Tikinti idarələri rəislərinin ipinin üstə odun yığmaq olmaz. Odur ki, bu məsələdə də bir az səbir edək. İndidən qabağa düşüb söz verməyək. Haçan Quba və Qusar zavodları yavaş-yavaş tüstüləndi, onda da təmkinlə damağımıza bir filtrli siqaret qoyub, əlimizə qələm alıb, qabağımıza ağ kağız qoyub, sinəmizi stola söykənib inşaatçıların şücaətindən geniş bir oçerk, heç olmasa, uzun-uzadı cümlələrdən ibarət təmtəraqlı bir reportaj yazarıq. Bəlkə buna şəkki-şübhəsi olanlar var? Nahaq, çox nahaq! Felyetonumuzun lap axırı olsa da, buna rəsmən, yazılı surətdə:

- Söz veririk!..

 

 1986-cı il

 

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com