www.aliildirimoglu.az

FELYETONLAR

BİR TELEFON, BİR MÖHÜR

Əlvida, möhürsüz, telefonsuz baş zootexnik vəzi­fə­si! Mən səndən əməlli-başlı bir xeyir-bərəkət görmədim!

Yeni sədr kolxoza varid olanda ikinci mərtəbədəki yağlı boya çəkilmiş geniş kabineti, qoşa telefonu, dəmir seyfi, fərş döşəmələri, həyətdə sərəncam gözləyən minik maşınını seyr edib, vəcdə gəldi və öz-özünə:

- Bax, əsl vəzifə belə olar, - dedi.

…İndi hamı onu Bəxtiyar yox, "yoldaş Bəşirzadə" çağırırdı. Bəli, Bəxtiyar Bəşirzadənin kefi kök, damağı çağ idi.

- Buyurun, yoldaş Bəşirzadə!

- Baş üstə, yoldaş Bəşirzadə!

- Sağ olsun, yoldaş Bəşirzadə!

Yoldaş Bəşirzadə son vaxtlar daha kolxozçuların ara­sında tez-tez görünməyi özünə rəva bilmirdi. İndi onun vaxtı əsasən iki yerdə keçirdi, kabinetdə və kabinədə.

Əsas məsələlərdə kolxozun mühasibi Kamran onun ka­rına gəlirdi. İqtisadçı Qənimət Qədirli də Bəşirzadə üçün qənimət adamıdı və lazım gəlsə, sədrin yolunda canın­dan keçirdi. Sədr, Qənimət Qədirliyə daha çox inanırdı, çünki Qənimət Qədirli bərkə-boşa düşüb-çıx­mış adamdı. Dəyirmanın boğazından ölü sal, ayağından diri çıxsın. Əlindən də düzlükdən başqa hər şey gəlir. Qənimət hərdən zarafata salıb deyir ki, mənə halal düşmür. Ona görə də Bəşirzadə mövqeyi5nin möh­kəmliyi üçün hamıdan çox Qənimət Qədirliyə bel bağlayıb, ona arxalanırdı.

Əlbəttə, belə "diribaş", düşüb-çıxmış adam üçün cəmi-cümlətanı bircə vəzifə rəva deyildi. Buna görə də kolxozun iqtisadçılığından əlavə, ona ikinci bir vəzifə də həvalə olundu: kolxozda ictimai təminat şurasının sədrliyi.

Beləliklə, üçlük əl-ələ verib "fəaliyyətə" başladı.

Xeyrənsə maddi yardım üçün şura sədrinə müraciət edərkən, Qənimətin ilk sualı belə oldu:

- Xeyrənsə bacı, kolxozçu qadınlara hamiləlik və doğum dövründə maddi yardım verilməsi qaydasını bilirsən dəə?!

Xeyrənsə utana-utana cavab verdi:

- Bilirəm, Qənimət qardaş. Qazandığım əmək haqqının müqabilində dövlət mənə yardım verəcəkdir. Yardımın miqdarı əmək haqqımın qədərindən asılıdır.

- Elə bu? - deyə Qənimət dik-dik Xeyrənsənin üzünə baxdı.

- …

Qənimət mənalı-mənalı gülümsəyərək:

- Yaxşı, bəs illik şəxsi hesabda aldığın pulu və taxılı kağızda beş dəfə artırsam, mənə nə deyərsən?!

Xeyrənsə çiynini çəkdi və bir qədər fikirləşdikdən sonra çəkinə-çəkinə cavab verdi:

- Axı bunun mənə nə xeyri?

- Hi… hi… Xeyri odur ki, qanunla sənə yüz manat mad­di yardım çatır. Ancaq dediyim qaydada əlimi bula­sam, beş yüz manat alacaqsan.

- Axı, həmin sənədləri mühasibimiz Kamran, səd­rimiz yoldaş Bəşirzadə imza edib, möhürləməlidirlər.

Qənimət bu dəfə bərkdən güldü:

- Onlar mənim boynuma, - deyib başını aşağı əydi və sağ əlini ətli peysərinə qoydu. - Yoldaş Bəşirzadənin stolunun üstünə nə sənəd qoysam, gözünü yumub imza edir. Üstündən də şıppıltı ilə möhür vurur. Bir də ki, ay pir olmuş, hörmət hörmətə bağlıdır. O da yaxşı bilir ki, əl əli yuyar, əl də üzü…

Bəli, sənədlər Bəşirzadəyə çatanda, kəmali-qayda ilə imza edib, üstündən də şappıltı ilə möhür vurdu. Qə­nimət Qədirli bir neçə gündən sonra Bəşirzadəyə başqa bir sənəd təqdim etdi:

- Yoldaş Bəşirzadə!

- Bəli.

- Nazlı Nadirovanı tanıyırsan?

- Xeyr, yaxşı tanımıram.

- Tanımamaqda əcəb edirsən. Gərək sədrlə kolxozçu arasında pərdə olsun. Amma Nazlı Nadirovanı gərək tanı­yasan. Kolxozumuzun mayakıdır. Bu il min manat əmək haqqı alıb. Çox işgüzar kolxozçudur.

Bəşirzadə Nazlı Nadirovanın kolxozda qazandığı əmək haqqına dair sənədləri təsdiq edərkən, məmnunluqla deyirdi:

- Afərin! Deməli, torpaq xali deyilmiş, belə mayak­larla fəxr etməyə dəyər. Halal olsun belə kolxozçuya. Gör bir ildə necə də çox qazanıb.

Qənimət Qədirli Bəşirzadənin kabinetindən çıxanda, pıqqıldayıb güldü və öz-özünə dedi:

- Bizim bu Bəşirzadə yaxşı sədrdir, əsl mənim adamımdır. Əgər naryadlardan, pul cədvəllərindən, şəx­si hesablardan başı çıxan ayıq-sayıq sədr olsa, o dəqiqə başa düşərdi ki, arteldə Nazlı Nadirova adlı şəxs yoxdu və mənim də paxırım bir balaca açılardı…

…Əlqərəz, bir gün məlum oldu ki, Qənimət Qədir­linin tərtib, Bəxtiyar Bəşirzadənin möhür vurub təsdiq etdiyi saxta sənədlərə əsasən dövlətin yüz min manatdan çox pulu mənimsənilib.

İndi telefon zəngi ara vermir:

- Yoldaş Bəşirzadə, səhər prokurorluqda ol!

- Yoldaş Bəşirzadə, raykoma gəl.

- Yoldaş Bəşirzadə, milis müstəntiqi sizi axtarır…

- Yoldaş Bəşirzadə, nəzarət komitəsindəndi…

Son günlər Bəşirzadənin nəinki telefondan xoşu gəlmir, əksinə, zəndeyi-zəhləsi gedir. Çünki hər dəfə telefonla tez-tez zəng çalıb onu çağıranda soruşurlar:

- Nə üçün saxta sənədləri imza edib, kor-koranə möhür vurmusan? Dövlət vəsaitinin oğurlanmasına şərait yaratmısan? Çirkin əməllərinə görə cavab verməlisən!..

Bəxtiyar Bəşirzadə qan-tərə batmış halda milis və prokurorluqdan çıxarkən bir başına vurur, bir də dizinə və öz-özünü danlayıb məzəmmət edir:

- Mənə deyən gərək, ay Bəşirzadə, axı bu zəhrimar möhürü neyləyirdin? Niyə ağrımaz başına buz bağladın?

Dost-tanışları Bəşirzadənin dilxorluğunun səbəbini soruşanda, daş atıb başını tutur və deyir:

- Əşşi, iki şey başıma bəla olub.

- O nədir, yoldaş Bəşirzadə?

- Bir telefon, bir möhür! Bir telefon, bir möhür!

 

 1968-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com