www.aliildirimoglu.az

FELYETONLAR

QARA ÇANTA

Əvvəlki arvadından ərsəyə yetmiş üç övladı olsa da, təzə məşuqəsi onun üçün daha əziz­dir. Bu da məlum məsələdir. Nahaq yerə de­məyiblər ki, təzə gəldi bazardan, köhnə düşdü nəzərdən. Lakin insafla danışmaq lazımdır. Nəcməddin Nəzərli birinci arvadı nə­zərdən salsa da, ZAQS-dan salmayıb. Söz-söhbət böyüyüb əndazədən çıxanda və ya iş rəsmiyyətə düşəndə, nə ikinci məşuqəsini boynuna alır, nə də ki, üçüncünü. Hətta ailə sədaqətindən dəm vurub, el nəsihətlərindən misallar gətirib ağızdolusu deyir:

- Dünyada gözəl çoxdur, ilqar birlə gərək.

Ancaq bu məktubda Nəcməddin Nəzərlinin gecikmiş məhəbbətindən, lirik macərasından yox, dramatik sərgüzəştindən söhbət açmaq istəyirik.

Burada qaradovoy Kərbəlayı Zalın əhvalatı yada düşür. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" heka­yəsində, iyirmi beş ildən artıq polis idarəsində xidmət edən qaradovoy Kərbəlayı Zalın arvadı onu hərdənbir məzəmmət edib deyərdi:

- A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə şapka. Gəl, bu qaradovoyluqdan əl çək. Başqa işdən yapış.

Kərbəlayı Zal isə qulluqdan əl çəkmədi. Axırda da nə ağasının üzünü ağ eləyə bildi, nə də ki, özü ad-san qazandı. Niyyəti özcə başını yedi. Qarpızla bombanı də­yişik saldığı üçün qulluqdan çıxartdılar. Nəzərliyə gəldikdə o, Kərbəlayı, Hacı və ya Məşədi yox, keçmiş milis mayorudur. Onlar müxtəlif adamlar olsalar da, xasiyyətlərində qəribə eynilik vardır. Amma hər ikisi də ağılsızlıqlarının ucbatından ilişib.

Nəzərli Əlibayramlı dəmir yolu distansiyasında yüngülvari vəzifə tapmışdı. Dəqiq desək, qartəmizləyən maşının maşinistinin yan-yörəsində köməkçi kimi başını girləyirdi. İşləri də özü demişkən, "xod" gedirdi. Bircə bu şoğərib qəzet köşkünə, rabitə şöbəsində işlərini sahmana salandan sonra dönsəydi... Kərbəlayı Zal kimi, durduğu yerdə başına bu cür əngəl açmazdı.

Nəcməddin Nəzərli indi də oturub-durub dizinə döyür və:

- Sumkama məktub qoyub poçt axtardığım həmin günə daş yağeydi, - deyib qarğıyır.

Amma nahaq yerə. Özü yıxılan ağlamaz.

Nəcməddin Nəzərlinin özü öz halına ağladığını və ya güldüyünü deyə bilmərik. Amma onun başına gələn qəzavü qədərin təfsilatından az-çox xəbərdar olanlar kədərlənirlər.

Həmkarları hərdən onu yersiz hərəkətlərinin üstündə məzəmmət edib zarafatyana deyərdilər:

- Nəcməddin, başın ağarıb, ağlın yox.

Sözün düzünü elə zarafatla deyərlər. Son günlər köhnə milis mayorunun ağlına təzə "ideya" yerləşmişdi: - Sayılmaq! Onun-bunun gözünə kül üfürmək! Nüfuz sahibi olmaq! Xoşu gəlmədiyindən qisas almaq! Bununla təsəlli tapmaq, qürrələnmək iddiası! Nəcməddin Nəzərli bu mülahizə ilə gecənin birində yuxudan qalxıb, üsulca yan otağa keçdi. Çənəsini iki ovcunun arasına alıb özünü dərin-dərin fikir dəryasına qərq etdi. Dağı arana daşıdı, aranı dağa. Əlbəttə, bir işi tutanda gərək dönə-dönə götür-qoy edəsən. Yəni yüz ölçüb, bir biçəsən. Ali hüquq təhsili, mayor rütbəsi, çoxillik əməliyyat təc­rübəsi olan adama tələsib çiy iş tutmaq yaramaz.

Nəcməddinin mütaliəsi az olsa da, təcrübəsi çoxdur. Yəni kitabda oxumasa da, danışılanlardan çox eşidib ki, "tələsən təndirə düşər". Odur ki, Nəzərli sübhə kimi düşündü. O, arabir özü-özünü ittiham edirdi:

- Ee, Nəcməddin Təhməzoviç! Bu fani dünyada padşahdan-zaddan da olmadın ki, hamı hüzurunda mün­təzir dayanıb baş əyə və: - Buyurun, yoldaş Nəzərli! Sizi xoş gördük. Nəcməddin Təhməzoviç! - deyə Nəzərli bu fikirdən vaz keçdi. - Yoox, indi padşahlıq əyyamı deyil. Amma nazir, müdir, rəislik də babat vəzifəsidir, ha! Bu da ağlına batmadı və daxilən: - Nahaq yerə bu cür xam xəyallara düşürəm, - dedi. O ayağa qalxdı: - Bəlkə musi­qiçi olum?! - Nəzərli gülümsündü və: - Bax, buna varam! Xudmani məclislərdə, yolüstü pavilyonlarda tardan, kamandan, qavaldan bala-bala dınqıldadıb, yavaş-yavaş məşhurlaşaram. Onda məni barmaqla göstərərlər. - Nə­zərli yenə tərəddüd etdi. Düşündü ki, əllisində zurnaçılıq həvəsinə düşən, gorunda çalar. - Mənim yaşım altmışı haqlayıb...

Nəcməddin Nəzərli qəti qərara gələ bilmədiyi üçün hövsələdən çıxdı:

- Yoox! Nə olur olsun, axır ki, bir fənd işlətməliyəm! Kişinin adı ya xeyirdə, ya şərdə. - O, peşman-peşman: - Arvad, ailə məsələsində işləri korlamışam. Bundan sonra mənimki xeyirdən keçib. Şər isə...

Şübhə olan yerdə insanın təbiəti ikiləşir. Nəcməddin Nəzərli də bəzi faciə qəhrəmanları üçün səciyyəvi olan həyatla xəyal, doğru ilə yalanın sərhədində dayanıb əcaib vəziyyətə düşmüşdü. O, fikrə getdi. Şər yolunun yolçularını xatırladı. Halay Hanbalovu yadına saldı. Dəvəçidə onu tanımayan yoxdur. Hətta qonşu rayonlarda da adı dildən-dilə düşüb. Özü də nə az, nə çox, düz  beşcə dəfə müttəhim kürsüsündə əyləşib. Yenə də öhd olmur. Kişinin oğlu şərəşür kimi püxtələşib. Əlinə qələm alanda çox vaxt adi mürəkkəblə yox, qırmızı rənglə yazır. Qəlbləri riqqətə gətirib, ürəkləri köv­rəlt­mək üçün yazdığı məktublarında and-aman edib rəhbər işçiləri inandırmağa çalışır ki, bu qırmızı rəng mürəkkəb yox, onun şah damarından axan özcə qanıdır.

Nəzərli axtardığını tapıbmış kimi kefi duruldu:

- Dünya xali deyilmiş, gör papaq altında necə oğullar var?! Əhsən! Belələrinə varam! Məsələn, Alış Talışoğlu kimi. Şəkidə hamı onu barmaqla göstərir. Əlbəttə, məş­hur ipəkçi, tərəvəzçi, mütəxəssis kimi yox, yazan, dalda-bucaqda onun-bunun qarasına deyib-danışan, xoşu gəlməyənə qara yaxan kimi. Tanıyanlar danışır ki, dizi bərk adamdır. Dediyindən dönən, yapışdığından buraxan deyil. Talışoğlu bununla fəxr edir. Hərdən döşünü irəli verib:

- Mənə Alış Talışoğlu deyərlər, haa! Gözünüzü əməlli açın! Mənə yaxşı-yaxşı baxın! - deyir.

Ancaq heç kəs onunla üz-üzə, göz-gözə gəlmək istəmir. "Qorx qorxmazdan, utan utanmazdan" müla­hi­zəsi ilə görənlər üzlərini o tərəfə çevirirlər... Qubada, Ağ­damda, Xaçmazda, Naxçıvanda, Cəlilabadda, Ucarda belələrinin adı gələndə bəzi səlahiyyət sahibləri, inzi­bati orqan işçiləri qınlarına çəkilirlər. Onların təbirincə, bu cür qəliz adamların gərək qılığına girəsən, çaldığı ilə oynayasan, şəstinə toxunmayasan, nazını çəkəsən, necə deyərlər, yeri gələndə bığının altından da keçəsən... Bura tüstüdür, o tərəfdə otur, - deməyəsən. Çünki xatası çıxar. Əksinə, babat bir vəzifə verəsən ki, bəlkə yumşalıb, qələmlərini yerə qoyub, ağızlarını qıfıl­layarlar. Bəli, bəli, arının yuvasına çöp uzatmaq olmaz. Lakin bu cür liberal, barışdırıcı üsulların faydası olmur ki, olmur. Çünki "Qozbeli qəbir düzəldər" - deyiblər.

Əlbəttə, niyyətin hara, mənzilin də ora. Və ya taylı-tayını tapmasa... Bu cür "ötkəmlərə" bənzəmək Nəc­məd­din Nəzərlinin yeni həyat məqsədinə çevrildi. O, əvvəlcə özünə belə bir sual verdi: "Bir idarəyə, kollektivə vəlvələ salmaq üçün nə lazımdır?! Asanca cavab: - Bir neçə dəqiqə vaxt, bir qələm, bir vərəq kağız, beşcə qəpiklik zərf... Buna heç stol-stul da lazım deyil. Yeri gəlsə, dizin üstündə də yazmaq olar. Hansı ünvanı istəyirsənsə döşə! Bundan sonra görüm, Nəcməddin Təhməzoviçin meydanında kim at oynada bilər?!" Nəcməddin məşq edirmiş kimi, yumruğunu havada oynatdığı yerdə Sumqayıt mahnısı səsləndi:

- Xariqələr yaradır el Sumqayıtda!..

Nəcməddin kinayə ilə gülümsündü:

- Elə siftəsini bax, bu Sumqayıtdan başlayaram! - düşündü.

Sən saydığını qoy dursun, gör fələk nə sayır. Qoy cavan şəhər haqqında şairlər şeir qoşsun, bəstəkarlar musiqi yazsın. Gör Nəcməddin Nəzərli Sumqayıta və sumqayıtlılara nə şəbədələr qoşur. İmişlidə doğul­mu­şam, Siyəzəndə yaşayıram. Əlibayramlı distansiyasında işləyirəm. Yatanın yuxusuna da girməz ki, Nəcməddin Nəzərli yazar...

Əlqərəz, Nəzərli narazı adamlarla xısınlaşıb... sinə­sini söykədi yazı masasına. Qara fikirlərini ağ kağıza muncuq kimi düzdü:

- Sumqayıtda başlı-başınalıqdır. Şəhər milis ida­rə­sin­də haqsızlıq hökm sürür. Filan kadr düz seçil­məyib, rəis əliəyri adamları başına yığıb dostbazlıq edir. Filankəs rüş­vət alır. Şəhər partiya komitəsi buna əncam çək­mə­li­dir və s. və i.a. Özü də bir qrup Sumqayıt təqaüd­çü­lə­rinin və Viktor İvanoviç adlı naməlum şəxsin imzası ilə.

...Nəzərli içərisində qiymətli daş-qaş yox, bir neçə ano­nim məktub olan qara çantadan bərk-bərk yapışıb poçt i­darəsinə yollandı. Bəziləri güman edə bilərdi ki, bu çan­ta­da ya partlayıcı maddə var, ya da ki, yumurtadan-zad­dan, sınan bir şey. O, səksəkəli addım­larla əvvəlcə qəzet köş­künə yanaşdı. Aldığı qəzeti açanda ovqatı təlx oldu. Böh­tançıların, anonim məktub yazanların aqibəti barədə iri məktub dərc edilmişdi. Nəcməddin özünü itirən kimi oldu. Bənizi ağardı. O, nəzərini qəzetdən ayır­madan kə­na­ra çəkildi. Dərin maraqla məqaləni axıra qədər oxuyub qurtarandan sonra poçta getməyi unutdu. İxtiyarsız halda üz qoydu evə. Daha doğrusu, başına pərvanə kimi do­la­nan ikinci arvadının iqamətgahına. Məşuqəsi ona: - Nəci, niyə dilxorsan?! - deyib qarşısında tovuz quşu kimi cil­və­lən­di. Nazlana-nazlana qabağına pür­rəngi çay qoydu. Nəc­məddin isti çaydan ağzı yana-yana ikicə qurtum içən­dən sonra sanki qəflət yuxu­sundan ayıldı:

- Bəs sumka?! - deyib cəld ayağa qalxdı.

Böhtançılar barədə oxuduğu məqalə onu necə karıxdırmışdısa, ağ yalanla dolu olan qara çanta yadından çıxıb qəzet köşkündə qalmışdı. "Bu nə oyundur düş­düm?! Nə üçün əvvəlcə poçta gedib məktubları yola salmadım?!" Nəcməddin Nəzərli içində deyinə-deyinə özü­nü qəzet öşkünə yetirdi. Satıcı Levon Tatevosovun çənəsinin altına yeriyib məğmun-məğmun soruşdu:

- Levon Arutyunoviç, salam!

Levon Tatevosov Nəcməddinin üzünə baxmadan, köş­­kün qabağında növbəyə dayanan oxuculara qəzet-jurnal uzadaraq təmkinlə:

- Əleykəssalam, - deyir.

Nəcməddin həyəcanla:

- Levon Arutyunoviç, bəs mənim sumkam?! İçə­ri­sində də...

Levonun çöhrəsinə acı təbəssüm yayıldı və riş­xənd­lə:

- Bu sualı mənə yox, haqqında yazdığın milis şöbə­si­nin rəisinə verərsən, - dedi.

Keçmiş milis mayoru Nəcməddin Nəzərlinin bədə­nin­dən elə bil yüksək gərginlikli elektrik cərəyanı keçdi. Dərindən ah çəkərək:

- Deməli, belə! Məktub yetişmədi?!

Onun sözünə balaca düzəliş verək. Nəcməddin Nə­zər­linin yazdığı anonim məktublar yetişib. Ancaq gön­dərəcəyi yaxın, uzaq ünvanlara yox, haqqında yazdığı idarəyə. Bəli, Levon Tatevosov Nəcməddinin yadından

çıxıb, köşkün qabağında qalan qara çantasını şəhər milis şöbəsinə çatdırmışdı. Nahaq yerə deməyiblər ki, özgəsinə quyu qazan özü düşər... Qara çantasını ağ yalanla dolduran Nəzərli kimi.

 1986-cı il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com