www.aliildirimoglu.az

OÇERKLƏR

HARAMININ İŞIQLARI

Sübhün gözü açıldıqca axşamdan bəri səmanı bürüyən buludlar Haramı düzlərindən çəkilib uzaqdakı dağların qarlı zirvələrinə yayılırdı. Mavi göy qübbəsi uzun qış gecəsində yuyulmuş kimi tərtəmiz görü­nür, üfüqdən boylanan günəşin ilıq şəfəqləri bozumtul çöllərə düşən qırovu işıldadırdı. Arazın üzərinə nazik tül kimi çəkilən bir tala duman dərənin dibində yorğun-yorğun sürünürdü. Göz işlədikcəuzanan geniş düzlərdə sürüləri səsləyən çobanların hənirtisi, bir də ki, bacalardan dirəklənən bənövşəyi tüstü qış yataq­larının yerini büruzə verirdi. Yaxın­lıq­dakı kəndlərdə motorların uğultusu eşidilir, traktorlar, lafetlər, avtomaşınlar torpaq yollarda toz qal­dı­raraq müxtəlif istiqamətlərə doğru baş alıb gedir və bir andaca gözdən itirdi. Kolxoz kəndinin hünərvər adamları böyük çillənin soyuq sazaqlarına məhəl qoymadan əmək meydanına doğru axışırdılar. Pambıq­çılar torpağı arata qoyur, taxılçılar yaşıl zəmilərə güb­rə verir, üzümçülər bağlara dəmir-beton dayaqlar dü-zür, heyvandarlar qış yataqlarına müxtəlif inşaat materialları daşıyırlar.

Ələhməd Köndələn çayı boyunca qıvrılan asfalt yolun kənarındakı üzümlukdə hələ dayaqlara qaldırılmayan axırıncı bir neçə tənəyi tarım dayanan məftillərə bağlayıb dərindən nəfəs aldı. O, qəddini düzəldib tənəklərin çərgələndiyi sahələrə diqqətlə göz gəzdirdi və üzdə qalıb ağaran gübrənin üstünə bir neçə bel torpaq atdı. Sonra suyun istiqamətini dəyişdi. Aşağıdan bir səs gəldi:

- Ələhməd, su sahənin ayağına çatıb, arxı bağla!

Ələhməd belini işə salıb cərgə boyu cilvələnən suyun qabağını kəsdi. O, arxın kənarına çıxıb əlindəki belə dirsəkləndi və sahənin başında məğrur bir görkəm aldı. Ələhmədin nikbin çöhrəsi onun gördüyü işin keyfiyyətindən razı qaldığını ifadə edirdi. Ancaq daxili bir narahatlıq da keçirirdi.

Üzümlükləri dolaşıb qış becərməsinə baş çəkən sovxoz direktorunun maşını görünəndə Ələhməd irəli yeridi. Direktor onun əlini minnətdarlıqla sıxaraq:

- Sağ ol, - dedi, - Ələhməd, halal olsun!

Ələhməd məmnun vəziyyətdə çəkinəəkinə:

- Yoldaş direktor, - dedi. - Gərək bir Xanəhmədə də əl atam, getməsəm inciyər.

Direktor gülümsündü. Ələhməd onun gülüşündəki mənanı başqa yerə yozduğuna görə:

- Yox, - dedi. - Qardaşım, olduğuna görə demirəm. Əl əli yuyar, əl də üzü. O, qoyunçudu, mən də üzümçü. Bu gün mən ona kömək etməsəm, sabah da o, mənim karıma gəlməz. Bir də ki, qış qapının astanasındadır. Gərək çobanlara kömək əlimizi əsirgəməyək.

...Rəngbərəng quzular cərgə ilə tikilmiş küzlərin qabağındakı meydanda hey qaçışır, atılıb-düşür, rəqs edirmiş kimi yorulmaq bilmədən dönə-dönə dövrə vururdular. Ələhmədlə Xanəhməd avtomaşınların Araz sahilindən daşıyıb gətirdiyi qarğını özlərinəməxsus ustalıqla yeni tikilən küzlərin üstünə, qoyun damlarının böyrünə döşəyirdilər. Onlar hərdən ayaq saxlayıb, körpə quzuların şıltaqlığına heyranlıqla baxırdılar.

Buradakı səliqə-sahman adamı vəcdə gətirir. Qarğı damların darısqal taxta qapısını açıb içəri daxil olduq. Quzuların altı necə də təmiz və yumşaqdır. Divar boyu hələ yaşıl rəngini dəyişməyən quru vəyumşaq ot bağlamaları asılmışdır. İçərinin havasını vaxtlı-vaxtında dəyişmək üçün balaca bacalar qoyulmuşdur. Qoyun damlarının qabağında taxta və dəmir təknələr düzülmüşdür. Bu təknələrdə qoyunlara zootexnikin müəyyən etdiyi normada qüvvəli və şirəli yemlər verilir. Təzə doğan, qısır qalan qoyunların və cins qoç­ların yeri ayrı, yem normaları fərqlidir. Ana heyvanlara daha çox yem verilir və xüsusi qayğı göstərilir. Baş çoban Xanəhməd Hüseynov şən bir əhvali-ruhiyyə ilə:

- Cəfasını bu cür çəkməsək, səfasını görmərik, - dedi. - Otuz ilə  yaxındır ki, bizim bu "Kommunizm" sovxozunda çobanam. Həmişə qoyun, quzu, yun planlarını artıqlamasilə yerinə yetirirəm. İş üstündə hələ bir dəfə də olsun mənə gözün üstə qaşın var deyən olmayıb. Niyə də desinlər?! Güzəranımız yaxşı, şərai­timiz də göz qabağındadır. Nəyimiz əskikdir?! Oxuyub ali təhsil sahibi olan incinar, müəllim qədər əmək haqqı alıram. Çoban əməyinə verilən qiymətin müqa­bi­lində gərək var gücümüzü əsirgəməyək. Bu il bəslədiyim qoyunların birinin də burnu qanamayıb. Özüm də hər yüz qoyundan yüz iyirmi quzuya söz vermişəm…

Xanəhmədlə Ələhməd qoyun damlarının arasında çiyin-çiyinə çalışırdılar. İkisi də bir boyda, bir biçim­də. Biri uzümçü, biri çoban. Yaşca hansının bö­yük ol­du­ğunu soruşduq. Xanəhməd Ələhmədin üzü­nə baxdı. Ancaq heç biri dillənmədi. Bayram kişinin bığı qaçdı. O, xəfif bir gülüşlə oğlanlarının əvəzində cavab verdi:

- Əkiztaydılar, - dedi.

Xanəhməd səkkiz uşaq atasıdır. Övladlarının təhsili ilə maraqlandıq. Xanəhməd eyni nikbinliklə:

- Hamısı məktəbdə elm öyrənir, -dedi. - Böyuk qızım Svetlana Leninqradda, Larisa Qaqrada oxuyurlar. Rus dili müəllimi olacaqlar. Bu günlərdə məktubları gəlib. Yazırlar ki, ata, bizdən nigaran olma, dərslərimizdən əla qiymət alırıq.

Sovxozun yemçilik briqadası qış yatağının yanında yüz hektardan artıq sahədə yonca, arpa əkib və becərir. Qoyun-quzu yaşıl yemdən korluq çəkmir. Burada kifayət qədər senaj tədarük olunub, çiçəkli yoncadan neçə-neçə tayalar ucaldılıb. Bir sözlə, ferma işçilərinin yem barədə heç bir giley-güzarı yoxdur.

Sovxozun direktoru yaxınlıqda ağaran binanı işarə edərək:

- Fermanın qırmızı guşəsi bax, orada yerləşir, - dedi. - Baxsaq, pis olmaz.

Etiraz etmədik. Dəmir pilləkənlə qalxıb geniş dəhlizə çıxdıq və yağlı boya çəkilmiş yaraşıqlı otağa daxil olduq. Rəflərə düzülmüş müxtəlif kitablar, gündəlik qəzet və jurnallar, təzə stol, oturmaq üçün yumşaq stullar, "Kaspi" soyuducusu, "Kantata-203" radioqəbuledici, elektrik peçi... Ancaq raykomun birinci katibi televizorun olmamasını sovxoz başçılarına irad tutub onları məzəmmət etdi. Raykom katibi:

- Bu gün qırmızı guşəyə televizor qoyub, axşama qədər mənə məlumat verərsiniz, - dedi.

Fermada qoyunçuluğun ümumi inkişaf vəziyyə­tindən hali olmaq üçün heç kəsi sorğu-suala tutmaq lazım deyil. Qırmızı guşədəki diaqramları nəzərdən keçir­mək kifayətdir. Qoyunların sayı beşilliyin müəyyən­edici ilində nəzərdə tutulduğundan xeyli artıqdır. Bu il hər qoyundan üç kiloqram əvəzinə dörd kiloqram yun əldə edilmişdir. Bildir hər yüz baş qoyundan yüz beş baş quzu alınmışdır. Bu il bu rəqə­min yüz ona çatdırılması uğrunda mübarizə gedir. Ferma keçən illər rentabelli deyildi, indi on min manatlarla mənfəət verir.

Ağaqulu Cahangirov "1 May" kolxozunun adlı-sanlı mexanizatorudur. Qışda traktorla yer şumlayır, yazda pambıq əkir, yayda yaşıl cərgələrin arasına kultivasiya çəkir, tarlalar ağ dona bürünəndə "mavi gəmi"sinə süvar olur. Həmişə tarlalarda görüşdü­yümüz gənc mexanizatorla bu gün qışlaqda rastlaşdıq. Ağaqulu qoyun damlarını əhəng məhlulu ilə ağardır, gecə doğan qoyunlar üçün taxtadan arakəsmələr düzəldirdi. Məgər Ağaqulu peşəsini dəyişib? Xeyr, o, tarla işlərini başa vurub, indi də çoban həmkarlarının köməyinə gəlib. Qardaşı Ağaverdi iyirmi il çoban işləyib, son beş ildir ki, ferma müdiri vəzifəsində çalı­şır. Onun başçılıq etdiyi kollektiv qonşu Jdanov rayo­nu heyvandarlarının təşəbbüsünə qoşulub, yüksək sosialist öhdəliyi götürüb. Ağaverdi deyir ki, gərək bu qış fermada olan qoyunların hamısını qışdan salamat və gümrah çıxardaq.

Bəhmən dölçüdür. Duman ana qoyunlara xidmət edir. Bu əmək bahadırlarının söz-söhbəti, fermanın səliqə-sahmanı bizdə belə bir inam yaratdı ki, çobanların verdiyi vəd, dediyi söz layiqincə yerinə yetiriləcəkdir.  Bu da təqdirəlayiq haldır ki, üzümçülər, pambıqçılar, taxılçılar qarlı-boranlı günlərdə heyvandarların qış qayğılarına şərik olur, onlara arxa dururlar.

İnişil Dəlidağın çiçəkli ətəklərində tonqal alovlandı, qoyun kəsildi, boz alaçıqda süfrə açıldı, ala­bə­zək tütəklər dilə gəldi, çobanlar məclis düzəltdilər. Nəsib kişinin igid xələfləri onun səksən yaşını təntənə ilə qeyd etdilər. Onda oğlu Əziz Nəsib kişiyə ehtiramla yanaşaraq:

- Ata, - dedi. - Daha çomağı yerə qoymaq vaxtıdır, artıq bu yaşında...

Bu söz incə bir eyhamla deyilsə də, Nəsib kişini kövrəltdi, qocaman çoban qəhərlənən kimi oldu. O, qara yapıncısını çiyni ilə irəli verib, qıvrım saçaqları nurani sifətinə tökülən iri papağını bir balaca alnından yuxarı qaldırdı və ağ çalmalı dağların yaşıl sinəsindəki bulud laylarını gözü dolusu seyr etdi. Sonra oğluna tərəf yönəlib istehza ilə:

- Tələsmə, oğul, bu barədə yüzdən sonra danışarıq, - dedi. - Bir də ki, bu dağlar həmişə mənə sədaqətli olub, heç vaxt xeyir-bərəkətini əsirgəməyib, qoymaz qocalam. Mən bu tezlikdə çomağımı yerəqoyub ondan üz döndərsəm, etibarsız olaram.

sib kişinin yaşı səksəni ötsə də, onun gur səsi yayda Dəlidağdan, Sarıyurddan, Qanlıcadan, qışda Arazın gümüşü sularından qurşaq bağlayan haramı düzlərindən gəlir. O, boz sürünün yayıldığı yastı təpənin üstündə dayanıb öz sirli çağırışı ilə qoyunların hərəkətini nizamlayırdı. Qoşabuynuz erkəc sahibinin səsindəki eyhamları başa düşürmüş kimi sürünün istiqamətini təcrübəli çobanın nəzərdə tutduğu səmtə yönəldirdi. Dünyagörmüş ağsaqqal çobanın təzə qara yapıncısı onun hündür və dolu qamətinə məğrur bir görkəm verirdi. Bizi görəndə:

- Əziz, qoyunların qabağına çıx, - deyib özü təpədən endi.

Raykomun katibini görəndə işgüzar baxışları minnətdarlıq ifadə etdi:

- Sağ ol, yoldaş katib, - dedi. - Elə bircə kəlmə deməynən o maşını ki bizə verdin, sözümü yerə sal­madın, elə bil məni qaldırıb dağın başına qoydun. Arada, yaylağa daşınanda yaxşı karımıza gəlir. Nəvə­lərim də sevinir. Əşi, atın, eşşəyin, dəvənin üstündə nə qədər gedib-gəlmək olar?! Əziz özü sürür, kolxozun şoferləri öyrədib.

Nəsib kişi sözünə fasilə verib, papağının dalını qaldırdı:

- Hərdən külfətimi də yanımda oturdub şəhərə gedirəm, qohumlarımgilə. Qarı deyir ki, əşi, bu nə yaman rahatdır! İkigünlük dəvə yolunu bir göz qırpı­mında gedir. Düzü, adama möcüzə kimi gəlir. Höku­mətimizin ömrü uzun olsun. Yatsaq, yuxumuza da girməzdi.

Katib dedi ki, əslində Nəsib kişinin özü heç raykoma gəlməyib. Böyük oğlu Havarxan ali təhsilli baytar həkimidir. Minik maşını üçün ondan sifariş göndərmişdi. Mən də sözünü sındırmadım, Nəsib əmiyə bir "Jiquli" maşını verdik. Belə bir qayda qoymuşuq. Satış üçün rayona gələn minik maşınlarını ilk növbədə qabaqcıl əmək adamlarına veririk. Maşın almaq növbəsi onlara aid deyil.

rimanov adına kolxozda heyvandarların görüb-görəcəyi işlərdən, qışlamanın təşkilindən söhbət salanda Nəsib kişinin görkəmi ciddiləşdi:

- Binalar rahat, küzlər hazır, yem bol, yaşayışımıza da söz yoxdur, - dedi. -Hamımız canla-başla çalışırıq. Çalışırıq ki, bizə bu cür qayğı göstərən partiyanın, hökumətin qarşısında başımız uca, üzümüz ağ olsun. Əzizlə birlikdə beş yüz baş ana qoyuna xidmət edirik. Hər il yüz qoyundan yüz üç baş quzu veririk, hələ bir az da artıq.  Bu il azı altı yüz baş quzumuz olacaq. Niyə də olmasın? Nədən korluq çəkirik?! Heç bir şeydən. Partiyamızın rəhbərlərini görüm min il yaşasınlar. Bax, bu sinnimdə neçə dəfə insan qırğınının şahidi olmuşam. Atalar oğulsuz qalıb, gəlinlər ərsiz, uşaqlar yetim. Onlar ki, diyarbadiyar gəzir, hər yerdə sülhdən danışır, hamını başa salır ki, müharibə olmasın, aralıqda nahaq yerə qan axmasın, elə bu, bizim üçün hər şeydi. Neçə ildir ki, xatadan, bəladan uzağıq, qulağımız dincdir. Nəsib kişi ürəkdən gülərək:

- Mənə deyirlər qocalıq səndən qaçır. Düz deyirlər, cavan vaxtlarımın qara günləri məni qocaldırdı. Qoca vaxtımın ağ günləri məni cavanlaşdırır. Elə bil qollarıma yeni qüvvə gəlir.

Onun ürəkdən gələn səmimi sözlərini cib dəf­tər­çəmə qeyd etmir, ancaq diqqətlə dinləyirdim. Xəyalın qanadlarında jurnalist fəaliyyətimə başladığım otuz il bundan əvvələ qayıdırdım. O vaxtdan bəri keçdiyim yaradıcılıq yollarında rast gəldiyim çobanların yaşayış tərzini, söz-söhbətini fikrimdə müqayisə edirdim. Nəsib kişinin timsalında, bugünkü çobanın həyatında, ideyasında, mədəniyyətində, məişətində, dünyagö­rü­şündə əsrimizə xas olan inkişafın kosmos sürətini görürdüm.

Qışlaqları dolaşır, fermaları gəzir, heyvandarlarla görüşür, çobanlarla söhbət edir və yüzlərcə bu cür urəkaçan faktların şahidi olurdum. Qış bu yerlərə qədəm qoysa da, hələ sərt sifətini göstərməyib. Hava­ların böyük çilləyə xas olmayan mülayimliyi, Hara­mının Araz vadisinə sallanan yaşıl ətəkləri baharı xatırladır. Ancaq təcrübəli heyvandarlar, görüb-götürmüş çobanlar heç də buna aldanıb arxayınlaşmırlar. Qəflətən çovğun başlanıb, qar yağacağı təqdirdə çətinliklərə məruz qalmamaq üçün işlərini etibarlı tutur, fermaların keşiyində ayıq-sayıq dayanırlar.

Son vaxtlar Füzulidə heyvandarlar da üzümçülər kimi beşilliyin yollarında  müvəffəqiyyətli addımlar atır, görkəmli nailiyyətlər qazanırlar. Onlar beşilliyin birinci ilinə nisbətən dördüncü ilindəqoyunların sayını qırx min başdan altmış min başa çatdırmağa müvəffəq olmuşlar. Fermaların kollektivləri jdanovlu həmkarlarının təşəbbüsünə qoşulmuş, beşilliyin sonuncu ilində qoyunların sayını yetmiş minə çatdırmağı qət etmişlər. Səriştəli heyvandarlar yaxşı başa düşürlər ki, bu vəzifənin yerinə yetirilməsinə nail olmaq üçün fermalara gündəlik qayğı göstərmək, qoyunları qışdan salamat və gümrah çıxarmaq, döl kampaniyasını mütəşəkkil keçirmək lazımdır.

Əlbəttə, bəzi sovxoz və kolxozlarda əsas diqqət üzümçülüyə verilir, heyvandarlığa, xüsusilə qoyunçuluq təsərrüfatına laqeyd münasibət göstərilir. Rayon rəhbərləri və həmin təsərrüfatların başçıları bu nöqsanları etiraf etdiklərinə və nəzərə çarpan səhvləri tezliklə düzəldəcəklərinə söz verdiklərinə görə bunun təfsilatına varıb bəzi faktları sadalamaq istəmirəm. Qışlaqlara səfərimizi, oxuculara sözümüzü bununla da yekunlaşdırırıq.

Haramı düzlərinə qaranlıq çökdükcə mal-qara örüşdən çəkilir, qoyun-quzu rahat binalarda yerbəyer olur, şən uşaqlar qaladıqları tonqalın dövrəsində ora-bura qaçışır, həyətlərdə samovar tüstülənir, qazanlar buğlanırdı. Sürülərə keşik çəkən çoban itləri küzlərin həndəvərində çöməlib, uzaqdan bir qaraltı hiss edən kimi səs-səsə verib hürüşürdülər. Çoban evlərindən süzülən işıqlar qatılaşmaqda olan qaranlığı yataqlardan kənara qovurdu. Maşınımız rayon mərkəzinə doğru irəlilədikcə unudulmaz çoban həyatının xoş mənzərəsi arxada qalırdı. Nəzərlərimizdən yalnız bir şey ayrılmırdı:

- Haramının işıqları.

 

1980-cı il



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com