www.aliildirimoglu.az

OÇERKLƏR

QARABAĞIN ÇİÇƏKLƏRİ

Çoban Savalan özünəməxsus cəldliklə yuxarı dikəlib yastı təpənin üstünə çıxdı. Buradan Dəli dağın, Sarı yurdun axar-baxarı apaçıq görünürdü. O, uzun qara yapıncısını çiyninə salıb qarlı dağların məxmər ətəklərində ağır-ağır sürünən boz bulud laylarını seyr edir, baldırqanlı dərənin dibində aşıb-daşan Sarımsaq çayının qıjıltısını dinləyirdi.

Savalan köks dolusu dərin nəfəs aldı, xəyalı do­lan­dı. Onun atası Mövlamverdi kişi bu səfalı yaylaqlar­da neçə il çobanlıq etmişdi. Savalanın özü demiş­kən, indi buralar ona bir dədə yurdu kimi görünürdü.

Savalan mamır basmış qayaların qoynundan aşıb, ala erkəcin apardığı boz sürünün qabağına tərəf dolaylandı. Çoban-çoluq yorulub əldən düşmüşdü. Onlar gecəni-gündüzə qatıb Qarabağdan Sarı yurda neçə gün idi ki, yol gəlmişdi.

Savalan aşağı enib dərənin güney tərəfin addadı. Günün istisində atının tərkinə bağladığı, yağışda çiyninə saldığı, gecələr üstünə örtdüyü yapıncısını  bürüb-büküb bir kənara qoydu. Əvvəlcə sürünün içərisinə girib qoyunları bir-bir nəzərdən keçirdi. Arıq-axsağı bir tərəfə ayırdı. Yolda doğulan körpələri mayaladı. Mələşən quzuları anasının altına tutub əmizdirdi. Ata işini qurtaran kimi Mövlamverdi qoyunları örüşə səslədi, Savalannın oğlu Mövlamverdi. Qəzili yerlə sürünən ala erkəc, dil bilirmiş kimi, silkələnib sürünün qabağına çıxdı. Qoyunlar hələ iz düşməmiş dağların çiçəkli sinəsinə yayıldı. Savalan ferma işçiləri ilə birlikdə ev-eşik tədarükü gördü. Çadırlar quruldu, boz alaçıqlar yan-yana düzüldü, qoyun-quzu ağılları sah-mana salındı. Məfrəşlər açıldı, yumşaq otların üstünə xalı-xalça döşəndi, ocaq tüstüləndi, sac asıldı, ağ samovar zümzümə etdi. Yumşaq döşəələrin üstündə əyləşib mütəkkəyə dirsəklənən qoca nənələr ev işlərinə göz qoyurdular. Qız-gəlin od parçası kimi işləyirdi.

Ferma yerbəyer oldu. Ancaq Savalan daxili bir nigarançılıq keçirirdi. Yaylaq qonşusundan hələ hal-əhval tutmamışdı. Ermənistanın Basarkeçər rayonundakı "Günəşli" kolxozunun fermaları hər il yuxarıdakı gədiyin arxa tərəfində düşürdü. Həmişə qonşular  bir-birinə məsləhət verir, əl tutur, arxa dururdular.

Savalan Qarabağın matahından sor-sovqat düzəldib qırmızı heybəyə qoydu, atının tərkinə bağladı və qonşusuna baş çəkməyə getdi. "Günəşli" kolxozunun alaçıqlarına yaxınlaşanda ferma müdiri Baratın şən səsi eşidildi:

- Ay uşaqlar, gələn Savalandı, - deyib, sevincək ayağa qalxdı. Çobanoğlu, Bəykişi, Məşədihüseyn birlikdə qonağın qabağına çıxdılar. Barat atın cilovundan  yapışdı. Savalanı dövrəyə aldılar. Barat qolunu Savalanın boynuna saldı, onu sinəsinə sıxaraq zarafatyana:

-  Ə, Savalan lələ, - dedi, - heç səni yaddan çıxarmırıq, elə uşaqlar həmişə səndən danışır. Bizim bu Çobanoğluynan Bəykişi yaman çalışırlar. Deyirlər ki, gərək Savalana çataq.

Basarkeçərlilər süfrə açdılar. Din bir, dil bir dostlar görüb-görəcəkləri işlərdən danışdılar. Yüz qoyundan yüz on quzu almaq, hər qoyundan dörd kiloqram yun qırxmaq… Məgər bu, hər oğulun işidir?! Mahir heyvandarı qazandığı bu yüksək nailiyyətlərə görə təbrik etdilər. Basarkeçər çobanları ona qibtə edirdi.

Savalan fermanı gəzdi, çobanlarla söhbət etdi, mütəxəssislərlə məsləhətləşdi, təcrübəsindən danışdı. Qoyunların cinsləşməsi və məhsuldarlığı barədə faydalı məsləhətlər verdi.

Bir neçə gündən sonra Basarkeçərlilər Savalanın qonağı oldular, onun təcrübəsi ilə maraqlandılar. Savalan əlini Baratın çiyninə qoydu:

- Bilirsən, Barat, - dedi, - qonaq ev sahibinin gülüdü. Ancaq ümumi işimizə gəldikdə deməliyəm. Hər qoyundan iki kiloqram yun götürməyiniz məni açmır. Bu, çox azdır. Gərək fikirləşəsiniz. Axı, biz qonşuyuq. Bizlərdə məsəl var, qonşuna iki inək arzula ki, özün bir inəkli olasan…

Çiskinli dağlar, sərin bulaqlar, çiçəkli çəmənliklər. Qoyunlar gündən-günə gümrahlaşırdı. Ferma işçiləri qayğıdan çıxmışdı. Savalan isə narahat idi. Yayın istisində qışın qayğısını çəkirdi. Deyirdi ki, gərək arana qayıdam, qabaqdan qarlı, boranlı günlər gəlir.

Dünən sərin yaylaqlarda dolaşan çoban Savalan bu gün Kürün sahillərində göründü. Yayın bürkülü günlərində bel götürüb qış otlaqlarını suvardı. Əkdiyi yoncanı vaxtında biçdi, qoyun damlarının yanında neçə-neçə yem tayaları ucaltdı. Çoban otaqlarını, qoyun damlarını, quzu küzlərini əməlli-başlı təmir etdirdi. Yem təknələrini, su hovuzlarını səliqə-sahmana saldı. Qışlağa traktor gətirtdi, yer şumlatdı, qışın oğlan vaxtı qoyun-quzunu yaşıl yemlə təmin etmək üçün arpa əkdi.

Qızıl payızın sərin nəfəsi duyulanda, dağlara alaçalpo qar düşəndə el-oba yaylaqları tərk etdi. Fermalar arana qayıtdı. Elə o vaxtlar yolumuz Axundov adına kolxoza düşdü. Savalanın üzvü olduğu kolxoza. Savalanın başçılıq etdiyi briqadanın qış yatağı kolxoz idarəsindən o qədər də uzaq deyildi. Bir neçə addımlıqda Savalana baş çəkməsək, eşidib giley-güzar edərdi. Bu mülahizələr ilə qoyun yataqlarına tərəf yönəldik. Yolda səliqə ilə geyinib-kecinmiş enlikürək bir oğlanla rastlaşdıq. Kolxozun sədri şoferə maşını dayandırmağı işarə etdi. Cavan oğlan maşınımıza yanaşıb ədəb-ərkanla salam verdi. Sədr soruşdu:

- Atan fermadadırmı?

- Bəli.

Xudahafizləşib yolumuza davam etdik. Sədr onu  işarə edərək:

- Savalanın böyük oğludur, - dedi. - Xaliqdir. Çox üzüyola, işgüzar oğlandır. Bakıda oxuyur. Xalq Təsərrüfatı İnstitutunun axırıncı kursunda. Bu il yaman karımıza gəldi. Kolxozumuzun on pambıqyığan maşını vardır. Yığım vaxtı maşının birinə mexanizator çatmadı. Onda həmin bu Xaliq dadımıza yetdi. Maşının sükanından yapışdı. Mövsüm ərzində gecəni-gündüzə qatıb iki yüz tondan çox pambıq topladı. Atalar yaxşı deyib ki, ot kökü üstə bitər. Halal olsun!

Ferma şəhərciyi göründü. Yaşıllıqların ortasında üstü şiferli çoban otaqları ağarışırdı. Ətrafda qoyun-quzu mələşirdi. Bir kənarda hörüklənmiş qəmər at uzaqdakı ilxının hənirtisini alıb dartınır vəayaqlarını yerə döyərək hey kişnəyirdi. Çoban-çoluq sanki vəcdə gələrək gəraylı deyir, qarğıdan kəsib düzəltdikləri alabəzək tütəklərini dilə gətirirdilər:

 

Torpağın ətrini yığıb sinənə,

Məhəbbət taxtına çıxmısan yenə.

Bükülü boynunu düzəlt, bax mənə,

Mən də bir aşiqəm, düzü, bənövşə.

Baharın utancaq qızı, bənövşə.

 

Müsahibimin qəlbi riqqətə gəldi. Bir anlığa ayaq saxladıq. Neçə-neçə nəğmələr dinlədik. Söhbətimiz yenə də davam etdi. Müsahibim quzuların qabağını qaytaran gənc çobanı göstərərək:

- Qaçaydı, - dedi. - Savalanın  ortancıl oğludur. Toyunu təzəcə eləmişik. Qonşu kolxozun adlı-sanlı çobanı İskəndərin qızını alıb. Köç yolunda sevişiblər. Bəli, atası çoban, qaynatası çoban. Özü dəonlardan geri qalmır. Səriştəli çoban olduğu üçün quzular ona tap-şırılıb. Quzu bəsləmək asan iş deyil. Çünki quzu da bir növ uşaq kimidir. Onu ota, suya öyrətmək, nazını çəkmək necə də çətindir. Keçən ilin söhbətidir. Qışda bərk tufan oldu. Çovğun quzuları Qarabağ kanalına tərəf bükdü. Qaçay özünü suya tulladı, quzuların qabağını kəsib geri döndərdi. İki yüz baş quzu tələfatdan xilas oldu. Beş ildir ki, çoban işləyir. Neçə-neçə orden, medallar alıb, Savalanın layiqli xələfi olacaqdır. Ondan xırda qardaşı da qoyun otarır. Ferma-nın dirəyidir. Neçə ildir ki, bəslədiyi qoyunların birinin belə burnu qanamır.

Savalan əlində dəryaz örüşləri dolaşırdı. Maşını­mı­zı görüb bizə tərəf yönəldi. Dəryazı bir tərəfə qoyaraq:

- Örüşdə yaman pıtraq, qanqal, sarı tikan əmələ gəlib, - dedi. - Qırıb təmizləməsək, qoyunun yununu didib tökər. Bir də ki, dama-dama göl olar, dada-dada heç. Hər kolda bir azca da olsa, yun didilib qalsa, gözlənilən məhsulu əldə edə bilmərik.

Xüsusi layihə ilə tikilmiş çoban evlərinə baxdıqca adamın ürəyi açılır. Üstündə təmiz yorğan-döşək olan stul, çarpayılar, gəbə döşəmələr, stol, qab-qacaq qoyulmuş şkaflar… Hər evdə radioqəbuledici, elektrik lampası. Nə çatışmır? Buna cavab vermək çətindir. Savalan bir-bir ev sahiblərinin adını çəkirdi:

- Burada Hətəmin ailəsi yaşayır. Bu mənzil Buludxanındır. Orada Fazil olur. O, açıq pəncərəli otaq Maşallahındır…

Rəflərə qoyunçuluğun inkişafına dair yığın-yığın kitablar düzülmüşdü. Birinin müəllifi çoban Savalanın özü idi. Heyvandarlıq mütəxəssisləri qoyunçuluğun yeni sirlərini Savalandan öyrənirlər.

Qoyun damlarının yanında cərgə ilə düzülmüş yocna tayalarının xoş rayihəsi duyulurdu. Savalan qoyun-quzu binalarını göstərərək dedi:

- Qış bərk gələndə heyvanları bu daş binalara salırıq. Hava xoş olanda bax, o qamış kümlərə yığırıq. Boğaz qoyunların yeri ayrıdır. Yenicə doğulan quzulara burada qulluq edirik…

Savalan qayğılı nəzərləri ilə ətrafa yayılan qoyun-quzu sürüsünü, göz işlədikcə uzanan qış yataqlarını seyr edib ani fikrə getdi. Sonra sarışın  qaşlarını çatıb qəti bir inamla:

- Üzümüzə gələn il yüz oyundan yüz on beş quzu, hər qoyundan beş kiloqram yun götürməliyik, - dedi. O, təəccübləndiyimizi hiss edib gülümsündü və əlavə etdi:

Hökumətimizin çoban əməyinə verdiyi qiymətin müqabilində bu, hələ çox azdır.

Ferma şəhərciyini dövrəyə alan söyüd ağaclarının saçaqları altında artezian quyusu fəvvarə vururdu… Münbit torpaq, bol su, mülayim payız havası. Qırmızı, ağ, çəhrayı, sarı çiçəklər yaşıl çəmənliklərin hüsnünə özgə bir gözəllik verirdi. Bu yerlər baharı xatırladırdı. Böyük Nizamininin dedikləri yada düşürdü:

 

Bərdə nə gözəldir, necə qəşəngdir!

Yazı da, qışı da güldür, çiçəkdir.

İyulda dağlara lalələr səpər,

Qışını baharın nəsimi öpər.

 

Doğrudan da Qarabağın payızı da, qışı da, yazı kimi güllü-çiçəklidir. Savalan rəngbərəng çiçəklərdən bir neçəsini dərib əlində dəstə tutdu. Sonra o, irəli yeriyib beton kanalın üstünə çıxdı. Suyun şəfəqi, bir də ki, Murova tərəf əyilən payız günəşinin ilıq ziyası onun sinəsində titrəşən orden və medallarda bərq vururdu.

Savalanla xudahafizləşəndə əlindəki çiçəkləri bizə uzatdı və zarafatyana:

- Bax, ilin-günün bu vaxtında da bizim Qarabağ torpağında min-bir çiçək bitir, - dedi. - Payız çiçəkləri.

 

19 noyabr 1971-ci il.

"Kommunist" qəzeti

Bərdə



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com