www.aliildirimoglu.az

OÇERKLƏR

BEŞ QARDAŞ

İndi Qarabağ laləzardır. Zəmilər məxmər don gey­mişdir. Tarlalar libasını dəyişir. Torpaq təzə­cə baş qal­dı­ran pambıq bitkilərindən yaxasına cərgə-cərgə mun­cuqlar düzür. Çəmənliklər lalələrdən ləçək bağlayır. Zan­baq qədəh tutub gecə şehindən badələr qal­dırır. Xə­fif bahar küləyi ətrafa ətir səpir. Quşlar təzə mah­nı­lar bəstələyir. Bahar mahnıları, əmək mahnıları, se­vinc mahnıları.

Bu mahnılar kolxoz kəndi adamlarının əmək nəğ­mələrinə qarışır. Hər yerdə bayram təntənəsi duyulur.

nd yuxudan oyanır. Traktorlar, kultivatorlar, adam dolu avtomaşınlar tarlalara yollanır. Kolxoz çöl­lə­rinə axışan əmək adamları öz əlləri ilə torpağı daha da zinətləndirir, təbiətin onsuz da füsünkar olan gözəlliyini qat-qat artırırlar.

Briqada başçıları kolxoz idarəsinin qabağında dayanan ağsaçlı, xoş sifətli adamdan məsləhət alıb iş üstünə tələsirlər. Müsahibim ona işarə edərək:

 - Məmməd kişidir, - dedi. - İdarə heyətinin sədridir, özü də qəhrəmandır, Sosialist Əməyi Qəhrəmanı.

Tanış olduq. Birlikdə tarlaya çıxdıq. Yol boyu uzanıb gedən tut plantasiyalarının yanından keçib pam­bıq tarlasına döndük. Bir nəfər qadın tarlada çalı­şan kolxozçulardan ayrılıb bizə tərəf yönəldi. O yaxın­laş­dıqca sədr deyirdi:

 - Bura Hədiqə Əliyevanın başçılıq etdiyi briqa­da­nın sahəsidir. Bax, özü də gəlir. O, otuz ilə yaxındır ki, briqadir işləyir. Sosialist Əməyi Qəhrəmanıdır, iki Lenin ordeni var.

Mən səmimiyyətlə:

 - Görünür, bu gün görüşümüz qəhrəmanlarla olacaqdır, - dedim.

 - Bəli, bizim Orconikidze adına kolxozda yeddi nəfər Sosialist Əməyi Qəhrəmanı var. Kolxoz­çu­la­rı­mızdan 14 nəfəri Lenin ordeninə, 30 nəfəri Qırmızı Əmək Bayrağı ordeninə, 118 nəfər isə başqa orden və medallara layiq görülmüşdür, - deyə sədr cavab verdi.

Hədiqə bizə çatanda söhbətin istiqaməti dəyişdi. Briqadanın işi və adamları ilə tanış olmaq istədiyimizi bildirdik. Hədiqə dedi ki, bizim briqada təkcə pam­bıq­çı­lıqla məşğul olmur. Taxıl yetişdirir, tərəvəz istehsal edir, üzüm becərir, ölkəyə barama verir. İndi pambıq yetiş­dirməyin ən məsul dövrüdür. Gərək işi bünöv­rədən düz qurasan ki, sonra peşmançılıq çəkməyəsən. Keçən il planımız belə idi. Hər hektardan 18,2 sentner məhsul götürmək. Təkcə plana yox, sosialist öhdə­li­yinə də əməl etdik. Hər hektardan 29,3 sentner «ağ qızıl» yığıldı. Bu il ölçüb-biçmişik, hər hektardan 35 sentnerə söz yoxdur. Torpaq deyir səndən hərəkət, məndən bərəkət. Torpağı yaxşı becərməsəydik, keçən il hər hektardan 14 sentner əvəzinə 33,4 sentner taxıl götürə bilməzdik.

Briqadada pambıq əkinləri aqrotexniki müddətdə başa çatdırılmışdır. İndi briqadanın üzvləri kultiva­siya, suvarma işlərinə hazırlıq görür, çiyid cücərməyən yerlərə təzədən toxum salırdılar. Hədiqə bel ilə arx qazan, kiçik bərələr hazırlayan sarışın, iti baxışlı kişiyə:

- Yorulmayasan, - deyib onun barəsində məlumat verdi:

- Abdinovdur. Briqadanın qartalıdır, kommunist­dir, Qırmızı Əmək Bayrağı ordeni var.

Abdinov eşitsin deyə qəsdən səsini bir qədər qaldırdı:

- Həcəri özündən qoçaqdır!

Abdinov beli yerə sancıb bizimlə görüşdü və Hədiqənin üzünə baxıb nə fikirləşdisə, demək istədiyi sözü gizli saxladı. Yalnız başını buladı və xəfifcə gülüm­sündü. Həm Abdinovun gülüşü, həm də Həcər sözü bizə qaranlıq qaldı. Bunu Hədiqənin özü də hiss edib bir nəfər qadını göstərdi:

- Bax, Əntiqəni deyirəm. Abdinovun həyat yolda­şıdır. Tarla becərən, pambıq yığan əllərini görmək ol­mur. İşdə Abdinovdan geri qalmır.

Cavan bir qız qəddini düzəldib Əntiqəyə müraciət etdi:

- Ana, burada çiyid cücərib, ancaq toxum dərinə düşdüyünə görə hələ üzə çıxmayıb.

- Qızım, ora toxum salmaq lazım deyil.

Briqadir izah etdi ki, Şəhladır. Abdinovun qızıdır. Bu il ilk dəfə əmək meydanına qədəm qoyur, anası Əntiqə kimi pambıqçı olmaq istəyir. Abdinov səkkiz qızın və bir oğulun atasıdır. Hamısı pambıqçı olmaq arzusundadır. Abdinov briqadirin dediklərinə əlavə etdi:

- Qızlardan ayrıca manqa düzəldəcəyəm.

Hamı gülüşdü.

Tarla boyu addımladıqca sədrlə briqadir bizi yeni-yeni əmək qabaqcılları ilə tanış edirdilər. Tel-tel qalxan taxıl zəmilərindən çıxıb iti addımlarla bizə tərəf gələn pəhləvan cüssəli oğlan salam verdikdən sonra Hədiqəyə dedi:

- Taxılın ikinci suyunu qurtardım. Ancaq Hədiqə bacı, yaman alaq var. Təyyarələr tezliklə işə düşməsə, herbisid səpilməsə, 36 sentner çətin olacaq.

Hədiqə cib dəftəəsini çıxarıb suçunun dediklərini yazdı.

O, vaxt itirmədən:

- Mən traktorun yanına gedirəm. Xudahafiz, - deyib bizdən uzaqlaşdı.

Gözdən itənə qədər briqadir onu arxadan müşayiət etdi və iftixar hissi ilə:

- Belələri ilə dağı dağ üstünə qoymaq olar, - dedi. -  Halal olsun.

Bayaq gördüyüm Abdinovla bu suçu oğlanın bir-birinə oxşaması məndə maraq oyatmışdı. Bunu duymuş kimi, briqadir tez dilləndi:

- Bax, bu gələn oğlan da Abdinovdur. Özü də qar­daş­dırlar. Bayaqkının adı Rzadır, bunun adı Teymur. Yaşca Rza Teymurdan böyükdür. Teymur mexaniza­tordu. Əlindən çox iş gəlir. Taxıl əkir, çiyid səpir, tarla becərir. Fürsət düşəndə əkinləri də suvarır. Briqadanın hər işinə yarayır.

Kolxozun pambıq tarlası ilə üzüm bağlarını yalnız avtomaşın yolu ayırır. Bir tərəfdə cərgə aralarını becə­rən qızların, o biri tərəfdə üzüm tənəklərini buda­yan gənclərin nəğmələri, şirin söhbətləri eşidilirdi. Bağban tənəklərə əl gəzdirir. Gözdən qaçan quru budaqları kəsir, arabir də bu tərəfdə pambıq becərən qadınla mübahisəyə girirdi:

- Gülsüm, çox da döşünüzə döyməyin ha. Biz bağbanlar 242 hektardan min ton üzüm istehsal edirik. Siz pambıqçılar isə 320 hektardan güclə 800 ton məhsul götürə bilirsiniz.

- Üzümsüz keçinmək olar, pambıqsız yox. Bir də ki, pambığın gəliri hara, üzümün gəliri hara!

- Şərab olmasa, adamın kefi durulmaz.

- Pambıq da olmasa, pencəksiz qalarsan.

Hədiqə bilirdi ki, danışan bağban Abdinovdur. Adı da Aydındır. Aydın qardaşların ən kiçiyidir. O müba­hi­səyə girişdiyi gəlin də Gülsümdür. Aydının həyat yol­daşıdır. Bu yaxınlarda evləniblər. İndi yarışırlar. Gülsüm çalışır ki, pambıq bol olsun, Aydın da cəhd edir ki, üzüm məhsulu çoxalsın.

- Yorulmayasan, ay Kübra, deyəsən Teyyubə səni ötəcək, - deyən briqadir yaxınlıqda pambıq becərən qadınlarla hal-əhval tutduqdan sonra söhbətinə davam etdi:

- Bir aşağı tərəfə baxın. O tarlanın ayağında işləyən oğlan da Abdinovdur. Adı Əmirdir. O, ortancıl qar­daş­dır, çox səriştəli baramaçıdır. Hər qutudan 150 ki­loq­ram götürür. Bu il 200 kiloqrama söz verib. Tar­la­da işləyən həyat yoldaşı Gözələ köməyə gəlib. Kolxo­zu­muz baramaçılığa da ciddi diqqət yetirir. Dama-dama göl olar, yağa-yağa sel. Əsas gücümüzü təkcə pam­bıqçılığa versək, təsərrüfatın başqa sahə­lə­rini unutsaq, ümumi nəticə heç vaxt fərəhləndirici olmaz. Biz bunu nəzərə alırıq.

Mən hələ kolxozu demirəm. Təkcə bu briqadada gö­rüb eşitdiyimdən bir kitab yazmaq olar. Bizə isə bir oçerk yazmaq lazım idi. Odur ki, kəndə qayıtdıq. Ağ­dam rayonundakı Ordjonikidze adına kolxozun yerləşdiyi Mahruzlu kəndinə. Əynində ağ xalat olan bir nəfər qoltuğunda qalın qovluq kolxoz idarəsindən çıxarkən bizimlə rastlaşıb əl tutdu, tanışlıq verdi:

- Abdinov.

Kolxoz idarəsinə daxil olduq. Sədr dedi ki, bu gəncin adı Mirzə, familiyası Abdinovdur. Mirzə qar­daş­ların ən böyüyüdür. Kolxozda baytar feldşeri işlə­yir. Çox qayğıkeş adamdır. Bayaq sədrin söhbət etdiyi Kübra ilə Teyyubə Mirzənin ailə üzvləridir. Kübra Mirzənin arvadı, Teyyubə də qızıdır. Hər ikisi pam­bıqçıdır. Bu beş qardaş bizim artelin qızıl fondudur. Onlarla fəxr edirik.

drin bu sözləri məktubumun həm başlığı oldu, həm də sonu.

Beş qardaş.

 

1 may 1968-ci il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com