www.aliildirimoglu.az

OÇERKLƏR

SƏN QOÇAQ OL

Mavi Xəzərin sərin mehi ətrafın kəsif havasını qovub uzaqlaşdırır və gənc şəhərə xoş sərin­lik yayırdı. İş vaxtının başlanmasından xeyli keçmə­sinə baxmayaraq zavodun direktoru dünəndən bəri daldığı fikirrin düyününü hələ də aça bilmirdi. Qarşısındakı yazılı məlu-matlara nəzər saldıqca onun daxili dilxorçuluğu daha da artırdı: - Beş ayda yarım milyon manatlığa yaxın reklamasiya! - Direktor alıcı təşkilatlarda yaranan narazılığı, başçılıq etdiyi müəssisənin çəkdiyi zərəri təsəvvür edir və stolunun arxasında mütəəssir görkəm alıb - vəziyyətdən necə çıxaq?! - sualına müxtəlif cavablar axtarırdı. Axı za­vod markasının sınağı kimi ciddi imtahandan şərəflə çıx­maq həmişə hamıya müyəssər olmur. Onda yeni dövlət qəbulu orqanının yaranması ümidi direktor üçün yeganə təsəlli idi. Direktor müəssisədə tətbiqini gözləyən bu mütərəqqi ideyanı xatırlayanda, onun qayğılı baxışları duruldu.

Zavodda yaradılacaq dövlət qəbulu orqanına rəhbərlik məsələsi direktorluq tərəfindən çox götür-qoy edildi. Kadrların şəxsi sənədləri qoyulan qovluqlar bir-bir varaqlanıb, diqqətlə nəzərdən keçirildi. Müəssisənin tanınmış adamları ilə ayrı-ayrılıqda ətraflı söhbətlər aparıldı. Bu məsuliyyətli məsələ öz həllini tapmırdı ki, tapmırdı! Həmin məqamda əmək veteranı Timofey Zaxarçenko kara gəldi: - Gözünüzün qabağında Rəhman Salmanovu qoyub özünüzü niyə dağa-daşa salırsınız? - dedi. - Rəhman Nəbiyeviç əlimin altında yetişib-püxtələşib. Heyləsini analar tək-tək doğar.

Timofey Zaxarçenko zavodun bünövrə daşını qoyan­lardan biridir. O, təqaüdə çıxsa da, üz-gözü öyrəş­diyi doğma kollektivdən ayrı dura bilmir. Görüb-götürmüş elektrik çilingəri cari beşilliyin cıdırında gənc yetirmələrindən heç də geridə qalmır. Onun dövlət qəbulu orqanının rəhbəri barədəki təklifi zavod baş­çılarının fikrini tamamladı. Ancaq heç kəs güman etməzdi ki, zavodun baş elektriki Rəhman Salmanov öz münasib vəzifəsini buraxıb, bu yeni orqana rəhbər gedə. Əlbəttə, belə düşünənlər yanılırdılar. Rəhman Sal­­-manov əmək meydanına atıldığı gündən hər bir məsə­lənin həllinə öz şəxsi mənafeyi nöqteyi-nəzərindən çox, dövlət mənafeyi baxımından yanaşır. Zavoda qə­dəm qoyandan bəri hansı geridə qalan, mürəkkəb və çətin sahəyə məsləhət görüblərsə, tərəddüd etmədən sinəsini irəli verib, göstərilən etimadı mərdliklə doğ­ruldub. Rəhman Salmanovu direktorluğa dəvət edib, ona dövlət qəbulu orqanının rəhbərliyini təklif edəndə, ilk cavabı bu oldu:

- Əgər hesab edirsinizsə ki, bu işin öhdəsindən gələ bilərəm və müəssisəmizə müəyyən xeyir gətirərəm…

Yeni yaranan dövlət qəbulu orqanının gənc rəhbəri Rəhman Salmanovun əlini ilk dəfə zavod həmkarlar təşkilatının sədri hərarətlə sıxdı və: - Uğur olsun! - deyib, onu ürəkdən təbrik etdi.

On il bundan qabaq da Rəhmana ürək-dirək ver­dikdən sonra onun əlini sıxıb, belə bir söz demişdilər: - Uğur olsun! - Rəhman Salmanov onda ali təhsilli mühəndis elektrik diplomunu təzəcə almışdı. Təyinat üzrə Sumqayıt Kompressorlar zavoduna gələndə necə deyərlər, bığ yeri təzəcə tərləyirdi. O, zavodun haylı-küylü həyətinə daxil olanda çaş qalmışdı. Hələ istehsal sexləri ilə idarənin yolunu düz-əməlli ayırd edə bilmirdi. Ürkək baxışları zavodun əmək bahadır­la­rının fotoşəkillərini əks etdirən lövhədə, cürbəcür diaq­ramlarda, plakatlarda ilişib qalmışdı. Arxadan ona bir əl toxundu və təntənə ilə:

- Salam, cavan oğlan! - dedi, - tanış olaq. Aleksandr Şetinin!

Rəhman Salmanov da titrək səslə özünü ona təq­dim etdi. Onlar tanış oldular… Tökmə sexinin elektriklər briqadiri Aleksand Şetinin köhnə tanış kimi Rəh­manın qabağına düşüb ona düz zavod direkto-runun qəbul otağına qədər bələdçilik etdi. Sonra gözucu saatına baxaraq:

- Rəhman Nəbiyeviç, məni bağışla - dedi, - işə tələsirəm, hələlik!

Aleksandr Şetinin bir neçə addım aralaşandan sonra Rəhmandan ayrılmaq istəmirmiş kimi geri döndü:

- Yadından çıxmasın, haa! - dedi, - tökmə sexi! Direktora de, qoy ora göndərsin! Mənim yanıma! Gözləyirəm!

Elə indicə ünsiyyət tapdığı bu xeyirxah adam Rəhmanın munis baxışlarının müşayiəti ilə pilləkənlərdən yüyürək addımlarla enib gözdən itdi. Rəhman onsuz tənhalaşdı, qəribsədi.

hman gözləmə otağının pəncərəsindən Xəzər sahilində cərgələnən evlərə, göylərə baş çəkən tüstü borularına, geniş küçələrdəki insan axınına baxdıqca xəyallanır, arzularının qanadında gənc sənaye şəhərinin asanlı-çətinli cığırlarını dolaşırdı. - Direktor gözləyir! - Katibənin bu sözü Rəhmanı öz romantik aləmindən ayırdı. O, geyim-kecimini səliqəyə salıb, gur qara saçlarına əl gəzdirdi və çəkinəəkinəşabalıdı rəngli qapıya tərəf irəlilədi. Axı Rəhman yazı partaları düzülmüş sinif otağına yox, müəssisə başçısının kabinetinə daxil olurdu. Və indi on beş il ərzində öyrəşdiyi müəllimləri ilə deyil, iş məsələsi həll ediləcək şəxslə qarşılaşacaqdı. Özü də kim bilir, necə?! Rəhman Salmanov kabinetə daxil olanda baxışları səmimiyyət ifa­də edən xoşsifət adamla üzləşdi. O, daxilən öz-özünə: "Zavod direktoru budur? Nə sadə adamdır!" - düşündü. Rəhmanı bayaqdan təhdid edən şübhə və nigarançılıqlar bir andaca yox oldu. Özündə yüngüllük hiss etdi. Rüfət Ağayev gənc mütəxəssisi hörmətlə qarşı-layıb ona oturmaq üçün yer göstərdi. Direktor göndəriş sənədlərini nəzərdən keçirəndə Rəhmanın qulağına sanki bir saat bundan qabaq ülfət bağladığı adamın tanış səsi gəldi: - Tökmə sexi! Bu Aleksandr Şetinin hənirtili səsi idi. Rəhman Salmanov özündən asılı olmayaraq onu təkrar etdi:

- Rüfət Ağababayeviç, - dedi, - mümkün olsa, tökmə sexi…

Direktor qarşısındakı sənədlərdən diqqətini ayırıb başını yuxarı qaldırdı, təəccüblə Rəhmanın üzünə baxaraq gülümsündü və:

- Tökmə sexi? - soruşdu.

- Bəli, tökmə sexi.

- Orda işləyə bilərsən?

- Əlbəttə.

Direktor:

- Bilirəm, istehsalata dərindən bələdçiliyin yoxdur. - Ona görə də bəri başdan bildirim ki, tökmə sexi isti və həm də tozludur. Bəlkə sizi başqa bir yüngül sexə…

Rəhman eyni təkidlə:

- Yox! - dedi, - tökmə sexi.

Direktor razılaşdı, lakin bu məsələni hələlik rəsmiləşdirmədi: - Tələsməyək, - dedi. - Get istehsalatla tanış ol, qərarımızı sonra qətiləşdirərik.

…Qəlibləmə maşını bütün zavodu titrədirdi. Min dərəcədən artıq istilik verən ərimə sexində metalın necə qaynadığı Rəhmanı heyrətə gətirmişdi. Sintetik çu­ğu­ndur əritmə prosesində siftə sarı, sonra narıncı və açıq qırmızı rənglərə çalırdı. Rəhman bu əlvan rənglərə riqqətlə tamaşa eləyirdi. Ancaq üç metr aralıda da­yanmışdı. Ondan artıq irəli gedə bilmirdi. İndi o, bu rənglərə yarım metrlikdən baxır. Sanki bu yandırıcı isti­lər də Rəhmanla doğmalaşıb, onu əvvəlki kimi qarsımırdı.

Aleksandr Şetinin gənc dostunun arxasında dayan­mışdı. O, Rəhmanın qulağına əyilib pıçıltı ilə:

- Necədir? - soruşdu, - xoşun gəlir! - Rəhman Salma­nov diqqətini ərinmə prosesindən ayırmadan gülümsünüb, başını tərpətdi: - Bəli! - dedi. - Elə əsl mənim yerimdi…

Direktor Rəhman Salmanovun arzusunu nəzərə alıb, əmrini imza etdi. Və ayağa qalxıb onun əlini sıx­dı: - Uğur olsun! - dedi.

Tökmə sexinin elektriklər briqadiri Aleksandr Şetinin Rəhmanı gözündən uzağa qoymurdu. Onun hər bir hərəkətini diqqətlə izləyirdi. Fikirləşirdi ki, hələ xamdır, birdən səhv edər, əlini yandırar… İş vaxtı qurta­randa Aleksandr Şetinin Rəhmanı buraxmadı: - Gedək, bizim evin də yolunu tanı - dedi. - Birdən lazım olar. - Getdilər. Aleksandr Rəhmanı qoca atası Vasili ilə tanış etdi: - Zavodumuza təzə gəlib - dedi. - Öz yanıma gətirmişəm, yapışıqlı oğlandır, nə isə ona yaman qanım qaynayır. - Qoca Vasili də bu gənci kövk sözləri ilə təbrik etdi: - İşin avand olsun, oğul - dedi və Aleksandra tərəf yönəlib taqətdən düşmüş barmağını silkələyə-silkələyə: - Amma Rəhmandan muğayat ol, haa - dedi. - Ət yeyən quş elə dimdiyindən bildirər. Görürəm, çox diribaş, gələcəkli oğlana oxşayır.

Aleksandr Şetinin özünə təzə həmdəm tapması ilə fəxr edirdi. Rəhmanın da sevinci sinəsinə sığmırdı. Onlar bir süfrədə çörək kəsdilər. Duz çörək və düz çörək. Bir də qoca Vasilinin nəsihətli sözlərini dinlədilər. Aleksandrın anası onlara bir otaqda yer saldı…

Gecənin bir vaxtı o biri otaqda qoyulmuş telefonun cingiltisi eşidildi. Həmişə ayıq-sayıq yatan qoca Vasili bu səsə hamıdan tez oyandı. Dəstəyi qaldırıb qulağına sıxdı: - Nəm qəlibləmə xəttində qəza baş verib!.. - Vasili bu bəd xəbəri eşidəndə yerindəcə quruyub qaldı. Əvvəlcə istədi ki, bu hadisəni oğluna bildirməsin, qonağı narahat etməsin. Ancaq Vasili saçını Kompressorlar zavodunun sexlərində ağardıb. O, yaxşı bilir ki, belə bir hadisənin ucbatından sabah istehsal prosesi dayanar və üç yüz nəfərə yaxın fəhlə bekar qala bilər. Baş vermiş qəza hadisəsini aradan qaldırmaq isə Aleksandrın əlində bir neçəsaatlıq işdir. Vasili Aleksandrla Rəhmanın yatdığı otağın qapısını ehtiyatla açdı. Onlar şirin yuxuya dalmışdı. Xəzərin yasəmən çiçəyi ilə ətirlənən xəfif mehi pəncərələrdən içəri daxil olub, Aleksandrla Rəhmanın yuxulu aləminə xoş rayihə yayırdı. Ata oğlunun çarpayısına yaxınlaşdı. Rəhmanı narahat edib oyatmamaq üçün Aleksandrı ehmalca dümsükləyib xəfif bir səslə:

- Qalx, - dedi, - oğul! Zavodda qəza baş verib. Nəm qəlibləmə sexində! Səni gözləyirlər!

Hənirtiyə Rəhman da səksənib gözünü açdı… Onlar qoşalaşıb bir göz qırpımında özlərini qəza yerinə çatdırdılar… Aleksandr Şetininin əlində belə hadi­sələr nədir ki?! Nəm qəlibləmə xəttində Rəhmanın köməyi ilə hər şey qaydasına düşdü. Onlar nikbin əhval-ruhiyyə ilə zavoddan evə döndülər. Artıq sübhün şəfəqləri sökülürdü. Sevinclə sayrışan ulduzların arasında  bərq vuraraq gecənin qoynuna nur çiləyən ayın ziyası getdikcə sönürdü. Xəzər günəşli səhərlə görüş-məyə tələsirmiş kimi şahə qalxıb, qəzəblə özünü sahillərinə çırpırdı. Aleksandrla Rəhman şəhərin geniş və sakit küçələrində irəlilədikcə bu xoş mənzərənin seyrinə dalır və açılmaqda olan səhərin yeni qay-ğılarını düşünürdülər…

hman Salmanov haçan, harda büdrədisə Vasili ilə Aleksandr ona dayaq durdular, əl tutdular. Övlad kimi, qardaş kimi. Günlər keçdikcə Rəhmanın əmək meydanında bu cür etibarlı dayaqları da artırdı. O, bu dost­­luğun işığında qalib addımlar atdı, neçə-neçə uğur­lar tapdı. Sex rəisinin müavinin işlədi. Hamı ona: - Əhsən! dedi. Rəis oldu, başçılıq etdiyi sexdə əmək məhsuldarlığı bir il ərzində on faiz yüksəldi…

Zavodun istehsal etdiyi hissələrin keyfiyyəti xüsusi ölçü cihazları ilə müəyyən olunur. Təkcə kompressorun əllidən çox hissəsi vardır. Elə hissələr ki, nəzərdə tutulmuş standartdan millimetrin mində biri qədər fərq versə, nəyə gərəkdir?! Mütləq brak sayılır. Zavodda üç min nəfərdən artıq fəhləni əhatə edən altı əsas, dörd köməkçi sexin istehsal etdiyi məhsulun tale­yi, bax, bu ölçü cihazlarının dəqiqliyindən asılıdır. Bu sahədə zavod bəzi çətinliklərə məruz qalırdı. Brak məh­sulun məgər ardı-arası kəsilirdi?! Krasnoyarsk maşın­qayıranlarından, Həştərxan soyuducular zavodunun başçılarından nə qədər giley-güzar eşitmək olar?! Yazılı və şifahi narazılıqlar Sumqayıt Kompressor­lar zavodunun rəhbərlərini lap zinhara gətirmişdi. Onda yenə də ölçüb-biçib Rəhman Salmanova üz tutdular:

- Başçılıq etdiyin sexdə vur-tut üç yüz adam çalı­şır - dedilər, - üç min adamın əlindən çıxan məh­su­lun qeydinə qalmaq lazımdır. Zavod üçün sizin metroloq işləməyiniz sex rəisliyindən qat-qat sərfəlidir.

Təklif olunan bu yeni vəzifə nə qədər ağır və mürəkkəb olsa da, Rəhman ondan boyun qaçırmağı öz məninə sığışdırmadı. - Gedərəm - dedi. - O indi bir sexin yox, bütün zavodun taleyi barədədüşünürdü… Gənc metroloqun ciddi tələbkarlığı, narahat dəqiqələri, yuxusuz gecələri hesabına indi bütün ölçü cihazları zərgər dəqiqliyi ilə işləyirdi. Bu, zavodun yüz min manatlıqlarla zərərdən xilas olması demək idi…

Zavod rəhbərliyini bir məsələ az narahat etmirdi. Yarım-stansiyalar vaxtında təmir olunmur, kabellər sınaq yoxlamalarından keçirilmir, sexlərdə elektrik avadanlığı tez-tez xarab olur, boşdayanma halları baş verirdi. Məgər bu iş üçün müəssisədə ixtisaslı mühəndis qəhətdi?! Xeyr, nə çoxdu cibi diplomlu, ali təhsilli elektriklər. Ancaq işə can-dildən girişən, tapşırılmış vəzifənin yerinə yetirilməsində yüksək şüurluluq nümunəsi göstərən… Bax, bu mənada kadrı həmişə asanlıqla tapmaq mümkün deyil. Rəhman Salmanov bu müşkül məsələnin həllində də kara gəldi. Zavodun baş elektriki olandan çox yox, cəmi bir həftə sonra sexlərdə hər şey yeniləşdi, dəyişdi. Yaxşı deyiblər ki, çörəyi ver çörəkçiyə, birini də artıq.

İndi də ki, iyirmi beş nəfər işçisi olan dövlət qəbulu orqanın rəhbərliyi. Prinsipiallıq, zavodun texniki səviyyəsini bilmək, istehsal texnologiyasına yaxından bələd olmaq, nəhayət, təşkilatçılıq bacarığı… Bütün bu keyfiyyətlərə malik olmadan belə bir məsul vəzifənin öhdəsindən gəlmək məgər asandır?! Rəhman Salmanov buna heç də kor-koranə razı olmamışdı. O, yaxşı dərk edirdi ki, ölkədə sosial-iqtisadi inkişafı sürətləndirmək, cəmiyyəti inqilabi yolla yeniləşdirmək sahəsində misli görünməmiş bir hərəkat başlanmışdır. Məhsulun dövlət qəbulunun tətbiqi də geniş vüsət alan yenidənqurmanın vacib tələblərindən biridir. Qırxa qədər şəhərdən və bir neçə xarici ölkədən alınan dörd yüzə yaxın əsas və əlavə materialın keyfiyyətinə nəzarət etmək… Həm də ölkənin beş iri sənaye müəssisəsi­nin təminatına cavab vermək… Zavodun həm qəbul etdiyi, həm də təhvil verdiyi məhsulunun keyfiyyətinə cavabdehlik… Rəhman Salmanov elə ilk gündən başlayaraq həllini gözləyən bütün bu vacib problemlər barədəhey düşünüb-daşınır, yeni-yeni mütərəqqi üsullar arayıb-axtarır. O başa düşürdü ki, cəmiyyətimizin obyektiv xüsusiyyəti olan sürətləndirmənin dina-mizmi, yenidənqurmanın təxirəsalınmazlığı heç kəsə ləng tərpənmək hüququ vermir. Qəbul orqanı vaxt itirmədən işə başladı. Əlbəttə, suyu gərək dəhnədən bağlayasan. Zavoda kənardan daxil olan xammal qüsurludursa, ondan necə keyfiyyətli məhsul almaq olar?! Bəli, keyfiyyətə ilkin əməliyyatdan başlamaq lazım gəlirdi. Puskov Kabel zavodunun göndərdiyi material xüsusi cihazlarla yoxlandı, özü də çox diqqətlə. Nə məlum oldu?! Emallı naqillərin örtüklərində çat var, elektrik möhkəmliyi çox aşağıdır, dartılmaya qarşı müqaviməti olduqca zəifdir… Əlbəttə, qəlp mal sahibinindir. Emallı kabelin hamısı xüsusi etiraz məktubu ilə geri qaytarıldı. Zavod başçıları yaxşı başa düşürlər ki, dövlət qəbulu orqanlarının sözü qanundur… İndi puskovluların göndərdiyi mala pis demək insafsızlıq olardı?

Necə deyərlər, iydə varsa, elə tağalaqda da var. Sumqayıt Kompressorlar zavodunun da günahı az deyildi. Qəbul orqanının nümayəndələri sexləri dolaşdıqca bütün paxırlar üzə çıxırdı. Mexaniki emal sexində hissə səthinin təmizlik normativi texniki sənədlərə əsla uyğun gəlmirdi. Bəs hazır məhsulun qablaşdırılıb göndərilməsi vəziyyəti necə? Baxanda adamın qanı qaralırdı. Səliqəsiz, başdansovdu! O cür qablaşdırma kompressorların nəzərdə tutulmuş ünvana salamat getməsinə təminat verirdimi? Əsla yox!

Təzəcə bərkiyib püxtələşən qəbul orqanının aşkar etdiyi bu cür qüsurlar bir idi, beş idi?! Onu da deyək ki, orqanın nümayəndələri belə nöqsanlara qarşı nə nəsihətçiliyə uyur, nə də ki, kənar müşahidəçi mövqeyində dayanırdılar. Səhvlərin dərhal aradan qaldırılmasını təmin edirdilər. Özü də vaxtında, operativliklə.

Dövlət qəbulu orqanının nümayəndəsi Nəbi Mənsurov bir məsələnin üstündə möhkəmcə dayanmışdı. Kompressorun üzlüyündəki mis borucuqlara rezin qoruyucular taxılsa, kənar və mexaniki təsirlər birdəfəlik dəf edilər. Kompressorların üzlüyü daha zədələnməz. Ağıllı sözə nə demək olar?! Rəhman Salmanov bu fikri prinsipiallıqla müdafiə etdi. Belə bir ideya zavod başçılarının da ürəyincə oldu. Çox keçmədi ki, kompressorların gövdəsində əməliyyat prosesi başqalaşdı, təkmilləşdi…

Ümumittifaq Elmi Tədqiqat İnstitutunun nü­ma­yəndəsi Qriqori Çerkeştov dövlət qəbulu or­qanının fəaliyyətə başladığı bir il ərzində za­vodda baş verən müəyyən dəyişiklikləri nəzərdən keçi­rəndə onun təmkinli siması sevinclə işıqlandı. Qriqori Mixayloviç Rəhmanın əlini minnətdarlıqla sıxaraq:

- Afərin! - dedi. - Başlanğıc uğurludur!

Sumqayıt Şəhər Sovetinə deputatlığa namizədlər irəli sürüləndə seçicilər bir ağızdan dedilər: - Rəhman Salmanov! - Söz üçün ayağa duranlar ondan ağız dolusu danışdı. Yüksək insani keyfiyyətlərindən, təvazökarlığından, zəhmətsevərliyindən.

Nə gizlədək, Rəhman Salmanovdan yalnız bircə nəfər razı deyil. O da Rəhman Salmanovun özüdür. Deyir ki, buna əsasım var. Düzdür, ötən illərə nis­bətən bu ilin müvafiq dövründə zavodda rekla­masiya iki-üç dəfə azalıb. Ancaq zərər yenə də var. Özü də nə az, nə də azacıq. On iki min manatlıq. Ötən illər­dəkinə nisbətən, bu dəryada damla olsa da, yenə Rəhmanı bərk narahat edir. Qəbul orqanının az vaxt ərzində qazandığı nailiyyətlər ona çox kiçik görünür. Xırda kəm-kəsir isə Rəhmana dağ kimi gəlir. Bu ağırlığın altından çıxmaq üçün onun nə gecəsi var, nə gündüzü…

hman ata-ananın bircəsi olsa da, qocaman dülgər Nəbi kişi yeri düşəndə övladını az danlayıb-dansamır:

- Qaçaq Nəbi atamın İşıqlı yaylağındakı boz alaçığında çox qonaq olub, oğul! - deyir. - Elə, bu Nəbi adını da mənə atam Salman qoyub. İgid dostunun adını yaşatmaq üçün. Qaçaq Nəbi deyərmiş ki, kişiliyin şərti çoxdur, amma ümdəsi qorxmazlıq, qoçaqlıqdır. İndi ay oğul, harda işləyirsən, işlə, təfavütü yoxdur. Amma heç vaxt dəstədən geri qalma. Tənbəli el qınayar, sən qoçaq ol!

25 iyul 1987-ci il

"Kommunist" qəzeti



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com