www.aliildirimoglu.az

Zorən jurnalist”in etirafı

ƏSHABİ-KƏHF SİZİ GÖZLƏYİR!..

Əli İldırımoğlunun “Zorən jurnalist” əsəri hazırkı durumda əl-əl gəzir. Əsərdə müəllifin uzaqgörənliklə Azərbaycanın keçmişini, bu gününü və saba-hını faktlara, dəlil və sübutlara söykənərək xüsusi müdrikliklə şərh etməsi yaşadığımız zamanla həmahəng səslənir.

Əli İldırımoğlunun daxili siması, əzəməti, ucalığı, qüruru, hadisələrə özünəməxsus təmkinlə və ən ümdəsi sayıqlıqla münasibət bəsləməsi oxucunu sehrləndirir. Nazim İlhamın dili ilə səslənən fikirlər Azərbaycan kişisinin bütövlüyünü ortaya qoyur. Əsərdə yaralı köpəyin bir tikə çörəyə görə yal-manmaması səhnəsi düzü bir oxucu kimi məni xeyli ağrıtdı.

“Tanrı! Güllə yarasından sonra kənddən çıxan köpək sərt qayanın kölgə-sinə təpinir. Yoldan keçən Nazim İlhamın çörəyini yemir, ona yalmanmır. Ancaq yaşadığımız dövrün bəzi üzdəniraq kişiləri bir qarın çörək üçün arxa-dan xəncər soxur.”

Bəli! Mən oxucu olaraq Əli müəllimin zəmanəmizin ikiüzlü antipodlarına qarşı apardığı mübarizə yollarında Nazim İlham surətində öz elinə, öz ocağına candan bağlı bir ziyalını görürəm. Nazim İlhamın həyata bağlılığını, həyat eşqini, yazıb-yaratmaq həvəsini heç vəchlə birinci katib söndürə bilmir. Birinci katibin xüsusi qəddarlığı Nazim İlhamın qələmini susdura bilmir. Nazim İlham raykomun birinci katibinə və onun üzdəniraq havadarlarına qarşı mübarizə apara-apara möhkəmlənir, püxtələşir. Yazıları mərkəzi mət-buatda dərc edilən Nazim İlham tanındıqca rəqiblərinin sırası da genişlənir.

Nazim İlhamın Naxçıvanda bölgə müxbiri işləməsi müəllif tərəfindən göstərilməsə də, naxçıvanlı oxucu hadisələrin məhz Naxçıvanda cərəyan et-diyi qənaətinə gəlir. Belə ki, Nazim İlhamın “pəncərədən müqəddəs ziyarət-gah istiqamətini seyr etməsi”, “ziyarətgahın İlanlı dağın istiqamətindəki əzəmətli görünüşü” və s. epizodlar müəllifin Naxçıvanda işlədiyi, orada ya-zıb-yaratması qənaətinə gəlməyə əsas verir.

Yerliçiliyə qarşı barışmaz mövqe nümayiş etdirən Nazim İlham Nadir Nəsrullayevin “Canım nə Naxçıvanlı! Nə Qarabağlı! Nə kəndli! Nə şəhərli! Hamısı mənim millətim, mənim xalqımdır. Balaca bir milləti bölə-bölə, bax, bu günə salmışıq” – deməsini soyuqqanlılıqla dinləsə də, yerliçilik toxumla-rını səpənlərin məhz Nadir Nəsrullayev kimi katiblər olduğunu dərk edir.

Müəllif erməni andraniklərin şər, böhtan səhnələrini xüsusi peşəkarlıqla və həm də tarixini yaxşı bilən qələm əhli kimi aydınlaşdırmağa müvəffəq olur. Əli müəllimin qələminin məhsulu kimi dilimizin zənginliyi söz və söz birləşmələri formasında göstərilir. Xalq deyimləri xatırlanır. Belə ki, “onlar sizə dəvə nalbəndə baxan kimi baxırlar”, “tamarzıdan kəs, dadana ver”, “boş dağarcıqla... dolu çuval”, “gəvəzə-gəvəzə danışan çərçi”, “...yalotu xasiy-yəti”, “ənik”, “gədiyi aşmaqda... dalınca getdi”, “ələşəndən-küləşəndən”, “azaylanmaq”, “şuğlüzümə”, “çalıb-çapmaq”, “kəsif qoxu” “əyləc” (maşının), “ustubca”, “dağarcıq” (“...siçandan olan dağarcıq kəsər”), “tifaq”, “mazaratın oğlu” və s. nümunələr oxucuda müəllifin leksikonu, zəngin söz xəzinəsi olması barədə fikir yaradır.

Əli İldırımoğlunun namus məfhumuna münasibəti də birmənalı şərh olu-nur. “...Nazim İlham öz ləyaqət dünyasında üfunətli bir çirkabla üzləşir...” və yaxud da ki, qaçaq Mürsəlin dili ilə səslənən: “Dağa-daşa düşməyimin səbəbi namus üstündə adam öldürməyim olub...”

“...Namusu itə atıblar, it yeməyib. İnsan belədi ki, bir gün tez, bir gün gec ölüb gedir. Ancaq ad yüz illərlə qalır. Ona görə də gərək ad-sanını qoruyasan. Özündən sonra gələnləri düşünəsən. Kişiyə biqeyrətçilik yaraşmır... Namusa boğulduğumdan bu günə düşmüşəm. Bu gün yaşamaq çətin olsa da, mənə xoşdur. Binamusluğun damğasından yaman dərd yoxdur. Adam gorda da onun əzabını çəkə bilməz... ”

Müəllifin qələminin məhsulu olan yaramaz başçılar haqqında deyilən “...Onların kəsdiyi başın sorğu-sualı yoxdur”, “Yuxarıdakıların gözündə mələk, aşağıdakıların gözündə gürzə...”, “...Özünə yatar toplayanlar...”, “...Günahkarı qıraqda qoyub, təqsirsizi cəzalandıranları dinləyib... amin deyirsiniz...”, “Vəziyyətdən çıxmaq üçün gərək özümüzünkülərdən bir-iki adamı güdaza verək. Yoxsa bu işin üstündə rayonun da başı ağrıyar, respub-likanın da!”, “...Bunlarda insaf, mürvət deyilən şey yoxuymuş! Kişini nahaq-dan badi-fənaya verdilər”, “Qanun da, hökm də öz əllərindədir. İstəyəndə ağa qara deyirlər, qaraya ağ. Əslinə qalsa, qanunu qanun çıxaranların elə özləri pozur...” və s. bu kimi ifadələrlə Əli müəllim zamanın gerçəkliyinə bədii boya vurur, həqiqətin gec gəlməsini, amma güclü gəlməsini sübut edir. “Nifrət seli amansızdır. Onun əzablarına dözmək çətin olur”, – deyərək məhkəmə istinta-qını aparan hakimin qətiyyətsizliyini ittiham edir.

Müəllif hər kəsi öz yerində görmək istədiyini qovrula-qovrula oxucuya Nazi-min dili ilə çatdırır: “Ən böyük əxlaqsızlıq bacarmadığın işdən yapışmaqdır...”

Bəli! Bəndəniz Naxçıvanda olarkən Əli müəllimi yaxından tanıyanlar onun “Zorən jurnalist” romanından sitatlar gətirib deyirdilər:

– Bilirsən, Əli müəllim 416-cı səhifədə nə yazır?! Deyir ki, hiylə və haram sərvətlə qazanılan şöhrətin parıltısı çox çəkmir. Həm də var-dövlətin həddi dərrakəsinin həddindən artıq olanlar xudbinləşirlər. Xudbinlik isə səfehlik-dir... Nəyinsə xatirinə səfehlərin məddahı olmaram...

Əli müəllim! Naxçıvanın əzəmətli İlanlı dağı Sizi gözləyir! Əshabi-kəhf ziyarətgahına uzanan yol intizarla ləpirlərinizin o müqəddəs məkana qoyu-lacaq günü həsrətləyir. Naxçıvanlıların qəlbi Sizi arzulayır! Bir vaxt dostla-rınızla, Sizi sevən həmfikirlərinizlə seyrinə getdiyiniz bulaq başı Sizin sorağınızdadır.

Əli müəllim! Bir vaxtlar Sizin mənəvi yardımınızdan bəhrələnən sadə naxçıvanlılar, dostlarınız və ən nəhayət, mənim atam Sizi gözləyir. Sizi bir məqaləyə sığmayan sevgi dolu könüllər gözləyir. Özü də yeni fikirlərlə, yeni kitablarla!

Natella Asena

“Təzadlar” qəzeti, 12–19 iyun 2001-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com