www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

HALAL KİŞİ

Yazılarını özündən əvvəl tanımışam. Universitet tələbəsiydik. Sovet reji-minin istənilən qüsurunun tənqidi bizdə xüsusi maraq oyadırdı. Biz siyasətdən uzaq, sadəlövh gənclərə bəzən elə gəlirdi (bəlkə də, istəyimiz qeyri-real ümidimizə çevrilirdi) ki, bu tənqidlər qorxumuzdan daha çox içimizdə yaşatdığımız arzumuzu reallaşdırmağa doğru apara bilər. Tənqidi yazılar, felyetonlar müəllifi sırasında onun imzası iki baxımdan mənim üçün doğmalaşmışdı. Birincisi, fikirləşirdim ki, müntəzəm kəskin tənqidi ruhlu felyetonlarla çıxış edən tanımadığım bu Əli İldırımoğlu özünə gün ağlamaq əvəzinə niyə düşmən qazanır?! İkincisi, onun felyetonları kənddən təzə gəlmiş və söz sənətinin möcüzəsi ilə hələ yaxından tanış olmamış filoloqluğa namizəd tələbənin zövqünü, ilk növbədə bədiiliyi ilə oxşayırdı.

Aradan illər keçdi. Artıq kitablarını oxuyurdum, amma hələ də özünü görməmişdim. İlk nəsr əsərini oxuyanda təəccüblənmədim və heç vaxt, indi bəzilərinin dediyi kimi, onun jurnalistikadan bədii yaradıcılıq axtarışlarına gəldiyi fikrində də olmamışam. Məncə, Əli İldırımoğlu fəaliyyətə başladığı ilk vaxtdan səksən yaşı tamam olan günə kimi bədii ədəbiyyatın içində olub; sözlə yaşayıb, sözü yaşadıb və sözü yaradıb. Sadəcə olaraq, ömrünün müx-təlif çağlarında obyektiv səbəblərə görə bəzən publisistikaya (və onun bədii ədəbiyyata daha yaxın janrlarına) üstünlük verib, bəzən özünü yazmağa imkan tapanda isə aktiv bədii yaradıcılıq axtarışları aparıbdır.

Əli müəllimlə bu yaxınlarda, səksən illik yubileyi günlərində tanış oldum. Artıq işıq üzü görən və tapa bildiyim əsərlərinin əksəriyyətini oxumuşdum. Şəxsi tanışlıqdan sonra bir daha əmin oldum ki, Əli İldırımoğlu sözü ilə özü bir olan qələm sahiblərindəndir. Gördüyünü, bildiyini qələmə alıbdı, bacar-dığı dərəcədə yazıb. Ən başlıcası isə, nə yazmağından, necə yazmağından asılı olmayaraq, hər bir sözündə mümkün dərəcədə səmimi olub və səmimi-dir. Bunun isə əsas səbəblərindən biri bundan ibarətdir ki, yazıçı hər bir əsərində, ilk növbədə həyatda istənilən insan üçün bütün çılpaqlığı ilə eti-rafolunmaz məhrəm bir mövzuda – öz ömür yolunu, iç dünyasını yazmağa üstünlük verib. Ortaya qoyduğu əsərlərin məzmun və ifadə planının dəyəri təsdiqləyir ki, ədib istədiyi mövzuda bədii əsər yarada bilərdi. Onun öz həyatını yazmaq qəsdi, əslində, yaratmaq prosesində maksimum səmimiyyəti məqsədli şəkildə seçdiyinin təsdiqidir. Əli İldırımoğlu о yazıçılardan və şəxsiyyətlərdəndir ki, abrı, ləyaqəti, ağrı-acısı və əzab-əziyyəti ilə qazandığı ömür yolunu şərəf və namusu kimi qoruyub, bədii əsərlərində də şərəf və na-musu kimi təsvir etməyə çalışıb.

Hər bir qələm sahibi əsərlərində istər-istəməz özünü ifadə edir. Kimi özü-nü olduğu kimi, kimi də olmaq və ya görünmək istədiyi kimi təsvir etməyə üstünlük verir. Əslində, bunun özü də birbaşa yaşanan ömürlə bağlıdır. Keçmiş Tanrı bəndəsinin yalnız dünəni deyil, həm də və bəlkə də, daha çox özündən sonrakı adının və nəslinin dəyişdirilməsi qeyri-mümkün olan sabahıdı. Əli İldırımoğlu təsəlli və təskinliyinə çevrilmiş keçmişini, mənliyini qorumaqla elə yaşayıb ki, indi onun dünənini təmizləməyə və bəzəməyə yox, olduğu kimi çatdırmağa ehtiyacı vardır. Buna görə də onun əsərləri realdır, həyatidir, canlıdır və ən başlıcası, səmimidir.

Doğrudur, yazıçı hər bir əsərində özünü ifadə edib. Amma bu, о demək deyil ki, onun nəsr nümunələri bəlli bir nəslin bədii xronologiyasıdır. Ədibin obrazlarının böyük əksəriyyəti prototip əsasında yaradılsa da, ilk növbədə öz qanunları və məntiqi olan xüsusi bir ədəbi dünyanın sakinləridirlər. Onlar həm gerçəklikdəki səciyyəvi insani keyfiyyətlərini qoruyub-saxlamaqla özləridirlər, həm də ayrı-ayrılıqda çoxumuzun zahirimizdəki və ya batilimiz-dəki səciyyəvi cəhətləri yaşatdıqları üçün bizik. Əli İldırımoğlu obrazlarını birmənalı şəkildə yaxşı, yaxud da pis qütblərə ayırmır, yəni onun müsbət planda işlənmiş qəhrəmanları yalnız müsbət əməl sahibi olmadıqları kimi, mənfi planda mənalandırılmış surətləri də yalnız mənfi əməl sahibi deyillər. Onlar özlərinin də gözləmədiyi halda konkret şəraitdə bəzən düşünülmüş, bəzən də qeyri-ixtiyari şəkildə üzə çıxan reaksiyalara malik təbii insanlardır.

Yazıçı surətlərindən hansınınsa müəyyən bir xarakterik cəhətini qabarıq vermək üçün digərlərini süni və məqsədli şəkildə əks keyfiyyət daşıyıcısı kimi təqdim etmir. Doğrudur, ədib hadisəyə, mətləbə, problemə, о cümlədən surətə rəğbətini və ya mənfi münasibətini gizlətmir, amma bunu əndazədə və bədiiliyə xələl gətirmədən ifadə edir. Başqa sözlə desək, inandırmaq və göstərmək prinsipi oxucunun məhz nəzərdə tutulan nəticəni çıxartması üçün daha əsaslı zəmin hazırlayır.

Onun əsərlərində el ruhu qabarıqdır. Əli İldırımoğlu özünün varlığına hopdurduğu bu ruhu kolorit yaratmaq üçün kosmetik vasitə kimi işlətmir. Cilalanmış xalq dili, surətlərin səciyyələndirilməsində və konfliktlərin açılmasında etnik-milli davranış normalarından səmərəli şəkildə istifadə, xalq inanclarından bədii effekt yaratmaq üçün yararlanma onun “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, “Aqibət” və s. bu kimi əsərlərinin ədəbi dəyərini daha da artırır.

Ağsaqqal ədib tərcümeyi-hal xarakterli “İzim və sözüm” adlı yazısında həm onun özünün mənalı ömür yolunu, həm də bir çox qəhrəmanının həyatını və taleyini anlamağa imkan verən maraqlı bir mətləbə toxunub. Yazıçı evləri ilə üzbəüz təpədəki bir daşa adamların inamından söhbət açır. Kənd camaatı “Qiblə daşı” adlandırdığı bu daşa tapınır, namaz qılanlar, salavat çevirənlər, and içənlər üzlərini həmin daşa çevirirlər. “Uşaq vaxtı mənə elə gəlirdi ki, üfüqə dirənən Qiblə daşının başına çıxsam, əlim Günəşə, Aya, ulduzlara çatar. Onlardan birini tutaram. Neçə dəfə buna cəhd etmişəm. Lakin niyyətim gözümdə qalıb. Məyus olmuşam. Kor-peşman geri dönmüşəm. Düşünmüşəm ki, daş bir az da qəlbi olsaydı... Heç olmasa о balaca-balaca ulduzlardan bir ovuc qoparıb cibimə doldurardım. Qoca nənəm bunu biləndə о ki var güldü. Həm də dedi ki, “uşaq ki, uşaq!”

Nümunə gətirdiyim bu parça, əslində, bir pritçadır. Mən bu parçada ağrı-acı, nisgil duydum. Sən demə, ömür elə о daşa çıxmaq üçün cəhd imiş. Bəzən insan belə bir inamla yaşayır ki, xoşbəxtlik о daşın üstündədi, məyus olsa da, peşmançılıq keçirsə də, о daşın üstünə qalxmağa dəfələrlə cəhd göstərir. Bizim hər birimiz daşın üstünə çıxmağa çalışan о uşağıq. Günlərin bir günü qoca nə-nənin – Zamanın acı gülüşü qulağımıza çatır: insan ki insan. Onda başa düşürük ki, daşın üstü elə daşın ətəyiymiş. İnsanlar da iki qrupa bölünürlər: daşın üstünə çıxmağa çalışanlar və daşın üstünə çıxmağa cəhd göstərməyənlər. Aqi-bət, son bir olsa da, hər halda əlçatmaz bir arzu dalınca düşmək, ona çatmağa çalışmaq absurd həyatda nəsibimiz olan özünü aldatmağın daha maraqlısıdır.

Əli İldırımoğlu daşın üstündə axtardığı arzusuna daşın ətəyində çatdı. Mən-cə, məhz Qiblə daşına namaz qılandan-qılana yox, ömrü boyu halallıq rəmzi kimi tapınması və üstünə çıxmaq təşnəsi, inadkarlığı taleyində önəmli rol oynayıb: ona verilən Əli İldırım oğlu Məmişov adından qazandığı Əli İldırım-oğlu adına gətirib çıxardıb. Bəlkə də... Bilmirəm. Amma bütün bunların onun halal ocaqdan çıxan halal kişi kimi tanınmasına əsaslı təsir göstərdiyinə əminəm.

Arif Əmrahoğlu,
Yazıçılar Birliyinin katibi

“Ədəbiyyatımız, mənəviyyatımız” 2010-cu il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com