www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

YAŞAMAĞA DƏYƏN ÖMÜR

Əzizim Əli İldırımoğlu, ad günün mübarək. Səni ürəkdən təbrik edirəm, 1962-ci ildə olmuş ilk tanışlığımızın üstündən nə az, nə çox, 45 il keçib.

Övladların məktəbə gedirdilər. Sən onları doğum şəhadətnaməsində yazıl-dığı şəkildə yox, daha şirin səslənən adlarla çağırırdın. Oğul payın da vardı, qız payın da. Söz sözü çəkər, deyiblər. Mənim subaylığım üzrlü-üzrsüz sə-bəblər üzündən uzun çəkmişdi. Subaylıq sultanlıqdır, deyib özümə bəraət qa-zandırırdım. Ancaq sənin sözünlə subaylığın təkcə daşını yox, tacını-taxtını da birdəfəlik atdım. Sənin nümunənlə dərk etdim ki, ailə həyat, ailə ömürlük doğmalıqdır.

Bəzən soruşurlar, necə oldu ki, Əli İldırımoğlu birdən-birə belə ilhama gəldi? Yox, əziz oxucular, Əli İldırımoğlu birdən-birə ilhama gəlməyib, o, birdən-birə püskürüb, ürəyinə od-alov yığmış dağlar kimi vulkana çevrilib,
xoşbəxtlikdən palçıq deyil, od-alov püskürüb.

Əlinin əsərləri ilk çapından oxucuların maraq və rəğbətinə səbəb olub. Mötəbər söz sahiblərindən Qasım Qasımzadə, Gəray Fəzli, Qulu Xəlilov, Nə-riman Həsənzadə, Rafael Hüseynov, Ramiz Rövşən, Vahid Əziz, Nizaməd-din Şəmsizadə, Əhəd Muxtar, bəstəkar Süleyman Ələsgərov, akademik Ziyad Səmədzadə, xalq artisti Rasim Balayev, pedaqoji elmlər doktoru, professor Əliheydər Həşimov və başqaları Əli İldırımoğlunu təbrik etmiş, onun müasir nəsrimiz sahəsindəki xidmətini yüksək qiymətləndirmişlər. Rafael Hüseynov “Mənim rəncbər atam” romanından söz açarkən yazır ki, bu əsər Əli İldırım-oğlunun “Heydərbabaya salam”ıdır. Rafael dostumuz çox sağ olsun ki, bütün oxucular kimi, mənim də ürəyimdən xəbər vermişdir.

O mənada ki, Əli İldırımoğlunun təkcə “Mənim rəncbər atam” romanı deyil, “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr” və başqa əsərləri də ilk növ-bədə ürəkdən xəbər verir. Çünki Əli İldırımoğlu eşitdiyi, ya oxuduğu əhva-latları yox, gördüyü, yaşadığı, şirin-acısını duyduğu hadisələri yazır. Onun əsərlərini oxuyarkən hiss edirsən ki, son dərəcə təbii bir həyatla tanış olursan.

Müəllif özü “Mənim rəncbər atam” romanının girişində açıq-aydın yazır: “Əlləri torpaqda, xeyir-bərəkətdə, halallıqda möhürlənmiş və müqəddəs ruhu qarşısında diz çökdüyüm, cəfakeş ata İldırıma həsr etdiyim bu kitabı özüm üçün yazmışam, həm də ki, həyatın görünməyən tərəflərindən hali olanlar üçün: bir də ki, hamı üçün”.

Xəsisliklə deyilmiş bu sözləri Əli İldırımoğlunun yaradıcılıq amalının açıqlaması adlandırardım. Mən Əli İldırımoğlunun səksən il əvvəl dünyaya gəldiyi Əliquluuşağı kəndini də görmüşəm, Yazı düzündən ona tamaşa da etmişəm. Onun da şahidi olmuşam ki, Əli doğma torpağının hər qarışını öp-məyə hazırdır. Çoxları vətən, torpaq bağırır, döşünə döyməklə də kifayətlənir.

Sevgini qışqıra-qışqıra demirlər, ürəkdə bəsləyirlər, Əli İldırımoğlu kimi! Əli İldırımoğlunun bütün əsərlərinin mayası onun qəlbinin dərinliyindən götürülüb. Etirafla deyilən “Özüm üçün yazmışam” sözlərinin də bir anlamı var: Əlini yaxşı tanıyanlar açıq görürlər ki, o, bütün roman və povestlərində, demək olar ki, öz tərcümeyi-halını yazır.

Xüsusən, iki hissəli “Zorən jurnalist” romanı Əli İldırımoğlunun yaşadığı, gördükləri, etdikləri və çəkdikləridir. Qalan yazıları isə birlikdə küll halında ədəbi və bədii qələm sahibinin ömür kitabıdır. Romanda təsvir edilən “Zorən jurnalist” dövrü Əli üçün əsl yaradıcılıq məktəbi olub. Əlini həyat sınaqla-rından keçirib. Jurnalistlik dövründə Əli Tanrı ilə İblis arasına düşür, onun yolundakı eniş-yoxuşlar hətta körpəlikdən qiblə daşına iman gətirən, acizliyin nə olduğunu bilməyən İldırım kişini də dindirir, o, oğluna, bəlkə, geri qayıt-mağı, sakit kənd müəllimi olmağı məsləhət görür.

“Zorən jurnalist”dəki baş obraz Nazim məhrumiyyətlər, tənqid və ifşa edilən məmurların hədələri qarşısında qorxmur, əyilmir, sınmır, halal ata çörəyinin, millətin ilahi sehrinə güvənir, dizləri qançır ola-ola zirvələri aşır, ancaq İblis körpüsündən keçmir.

Mən respublikanın ən nüfuzlu qəzetinə göndəriləndə də Əli təxminən “Zorən jurnalist” taleyini yaşayırdı. Onun ifşaedici tikanlı felyetonları, sərt məqalələri iblisxislət məmurları rahat buraxmırdı. Vəzifəli məmurlar bu “başabəla” müxbirə qarşı demək olar ki, bir cəbhədə birləşib, hətta Mərkəzi Komitə tərəfindən təzyiqi artırmışdılar. “Kommunist” qəzeti redaksiyasında xüsusi müxbir Əlini ittiham edən iclas keçirilirdi. Bəli, Əlini ittiham edirdilər ki, niyə o, düzü-düz, əyrini-əyri yazır? Atası İldırım kişi də belə haqsız itti-hamlardan iyrənirdi. Qorxmurdu, iyrənirdi. Allah ona min rəhmət eləsin. Onun öz oğluna “dayan” deməsini də Əli “dayanma” kimi eşidib. Eşidib və heç bir hədə-qorxu qarşısında dayanmadan indiki zirvəyədək irəliləmişdir. Bu, İldırımzadələr nəslinin iman gətirdiyi haqq zirvəsidir.

Bu gün müstəqil dövlətin vətəndaşlarıyıq. Yeni quruculuq yolundayıq. Ye-nilik nə qədər cazibəli olsa da, bir o qədər çətin, amma şərəfli vəzifədir. Çox yaxşını yaşatmaq, çox arzu-istəyi yeni şəkildə davam etdirmək lazımdır.

Hazırda müzakirə olunan problemlərdən biri də jurnalist etikası, əxlaqıdır. Mətbuatda azadlıq, sərbəstlik heç də başıpozuqluq deyil. Gənc jurnalistlərə üz tuturam: Məhz bu gün yaradıcılığının bünövrəsini jurnalistika ilə qoymuş Əli İldırımoğlu irsindən bəhrələnmək lazımdır. Bu irs sözün əsl mənasında doğma torpağa bağlılıq, doğma milləti sevmək, haqq-ədalət yoludur.

Səbəbsiz deyildir ki, Əli İldırımoğlu yaradıcılığı jurnalist olmaq istəyənlər üçün kurs işi, diplom işi, buraxılış işi mövzusuna çevrilmişdir. Bəli, Əli İldırımoğlu kimi jurnalistlərdən qeyrətlə öyrənmək lazımdır. Bütün yaxşılıqların əsası isə yaxşı işlərdir.

Əli İldırımoğlu haqqında danışarkən Azərbaycan dilindən söz açmamaq mümkün deyil. Bütün türk dilləri kimi son dərəcə zəngin mədəni və musiqili Azərbaycan dili də iltisaqi dildir. Flektiv və amorf dillərlə müqayisədə iltisaqi dil öz həmişəyaşarlılığı ilə fərqlənir.

Məsələn, 600 ildən çox əvvəl yaşayıb yaratmış Nəsiminin şeir dili sanki bu gün yazılıb. Buna baxmayaraq, bütün dillər kimi, Azərbaycan dilinin də zənginləşməyə ehtiyacı var. Bəri başdan deyim ki, dili zənginləşdirmək üçün təkcə ədəbi dili bilmək azdır, canlı danışıq dilini əsaslı və hərtərəfli öyrənmək lazımdır, məsələn, bu günlər 80 yaşını təbrik etdiyimiz jurnalist, yazıçı Əli İldırımoğlu kimi. Əlinin dilində qocalmayacaq təbiilik, aydınlıq və sadəlik vardır. Əsərləri obrazlı ifadələr və müdrik kəlamlarla zəngindir. Dilin saflığı onun yaradıcılıq meyarıdır.

Əli İldırımoğlu, səni 80 yaşın münasibətilə təbrik edirəm. Səksən yaşın özü bir ilahi hədiyyədir. O gün olsun 100 yaşında təzə kitablarını oxuyaq.

Əfqan, yazıçı, əməkdar incəsənət xadimi

“Respublika” qəzeti, 15 noyabr 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com