www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

YARATMAQ ÖLÜMÜ ÖLDÜRMƏK DEMƏKDİR

Romen Rollanın bu kəlamı zaman-zaman söz yaradan, tarix yazan, özünü və yaşadığı dövrü abidələşdirən insanların əməyini çox gözəl səciyyələndirir. Yaratmaq Tanrı sifətidir. Yaradıcı adamların hər yeni cəhdi, bəlkə də, Tanrıya qovuşmaq, onun müqəddəsliyi mərtəbəsinə yetmək arzusudur. Bu arzuda bir təbiilik də var. Böyük Yaradan canlılar içərisində təbiətin nadir parçası, dünyanın əşrəfi kimi xəlq etdiyi insana – yalnız ona özünəməxsus sifətlərdən bəzisini bəxş etmişdir. Bunlardan ən əsası yaratmaqdır, yaradıcılıqdır və hər şeydən də öncə sözlə yaratmaqdır, dünyanın bədii obrazlarla dərkidir. Müqəd-dəs kitabların ilk kəlamı – “Biz hər şeydən öncə sözü yaratdıq” ifadəsinin mayasında da bu məntiq dayanır desək, yəqin ki, səhv etmərik.

Yaradıcılıq prosesi əzablı və keşməkeşlidir. Maraqlıdır, görəsən, insan ilk dəfə bu duyğuları nə vaxt yaşayır, əlinə qələm almaq ehtiyacını nə vaxt hiss edir? Görünür, insan ilk dəfə özünü dərk eləyəndə və özünü etiraf eləmək ehtiyacı duyanda əlinə qələm alır. Qələm mərtəbəsi özünüdərk, özünüetiraf anının apogeyidir. Dünyaya, insanlara yazıçı sözü məhz bu mərtəbədən deyilməlidir. Özünə, dünyaya, insanlara hörmət edən yazıçı bu mərtəbəyə qalxmamış üzünü cəmiyyətə tutub söz deməməlidir. Uca söz uca mərtəbədən söylənməlidir. Oxucudan xahiş edirəm, bütün bunları hər cür ədəbi təsnifə, nəzəri kanonlara bərabər tutmasın, diletant təfəkkürün predmetinə çevirmə-sin. İstənilən bədii fakt, namuslu söz, yazıçı əməyi hər cür alqışa layiqdir. “Məhv olmaq qanunları yalnız ədəbiyyata şamil deyil. Yalnız ədəbiyyat əbədidir”. (Saltıkov-Şedrin). Nəcib sözlərdir. Bu sözlər zaman hüdudlarında ədəbiyyata, söz sənəti işığında yaradıcı insana verilən böyük qiymətdir. Bizcə, dünyanın, cəmiyyətin gözəlləşməsi, zənginləşməsi və xilası da bu müstəvidən keçir. Son dərəcə nəcib, coşqun, vicdanlı insan əməyindən və onun yaratdığı bədii nümunələrin estetik təsirindən. Bu, həyatın gündəlik, quru, standart, sxematik, şablon salnaməsindən, romantik sərgüzəştlərindən daha çox mənəviyyat və əxlaqın təntənəsini nəzərdə tutur.

Əli İldırımoğlu uzun və əzablı jurnalistlik, yazıçılıq yolunda istedad və zəhməti ilə daim bu müqəddəs missiyaya xidmət etmiş, əbədiyaşar sözün ayıq-sayıq keşikçisinə çevrilmişdir. Onun çoxşaxəli yaradıcılığı, əslində, zaman-zaman söz yaradan, söz sevən, ona sığal çəkən, pərəstiş eləyən, onu hifz edən, qoruyan, onun müqəddəsliyini uca tutan bir apostol, bir rahib əmə-yinin nümunəsidir. O, həmişə sözün qüdrətinə, ədəbiyyatın əbədiliyinə inanıb yazıb. Öz istedadına, yazıçı zəhmətinə sığınıb yazıb. Ən nəhayət, oxucusunun zövqünə, münasibətinə, diqqətinə, mənəvi ehtiyacına güvənib yazıb. Mərhum professor Əliheydər Həşimovun sözüdür: “Əlinə qələm almağa, yazmağa, kimə isə öyüd-nəsihət verməyə hamının hüquqi cəhətdən ixtiyarı var. Ancaq mənəvi cəhətdən yalnız o şəxsin belə işlərə girişməyə haqqı çatar ki, özü başqalarına təlqin etmək istədiyi nəcib keyfiyyətlərin daşıyıcısı olsun, zahiri sözü və əməli bir-biri ilə uyğun gəlsin, müdrikliyi, ağıllı və kamallı olması, əxlaqının və ən əsası, qəlbinin dərinliyi etibarilə yüksəkdə dursun”.

Zənnimizcə, Əli İldırımoğlunun ilk növbədə şəxsiyyətinə, sonra isə, təbii ki, yaradıcılığına bu dərəcədə obyektiv, hərtərəfli və yığcam qiymət verilmə-mişdir. Hər bir yazıçı dünyaya öz aləmindən, bədii prizmasından baxır. Zaman və hadisələr onun şəxsi dünyasında cilalanmasa, daxili aləminin, mənəvi dünyasının süzgəcindən keçib durulmasa ədəbi materiala çevrilə bilməz. Bütün bu proseslərdə ən böyük sima və ədəbi arbitr yenə də yazıçının özüdür, onun şəxsiyyəti, həyat tərzi, məişəti, dünyaya baxışı, insanlara müna-sibəti və yaşam qanunlarıdır. Bu mənada Əli İldırımoğlunun əsərlərinin baş qəhrəmanı da onun özüdür. Adi əkinçidən, kənd müəllimindən tutmuş rayon rəhbərlərinə qədər Əli müəllimin yaratdığı və oxucuya təqdim etdiyi qəhrə-manların hamısı onun özüdür, başqa sözlə, onun özünün ayrı-ayrı mənəvi-əxlaqi dəyərlərini, ictimai cizgilərini yaşadan insan toplumudur. Buna da təsadüf kimi baxmayaq ki, Əli müəllimin obrazları arasında rəzil, alçaq, ləyaqətsiz, simasız adam tapmaq olmaz. Mənfi özü də bitkindir, tamdır, öz hərəkəti, düşüncəsi, həyata baxışı ilə haqlıdır. Belədə onlara da pis demək olmur. Çünki onlar humanist, mərd, ağayana bir yazıçının qəhrəmanlarıdır. Onların üstündə Əli İldırımoğlunun qalın yazıçı kölgəsi, isti hənirtisi var. Onları hifz eləyən, qoruyan da budur. Əli İldırımoğlu mənəvi-əxlaqi cəhətdən (axı həyatda belələri çoxdur) naqis qəhrəman yarada bilər, ancaq şikəst qəhrəman yarada bilməz. Bu, onun dünyaya baxışına, yazıçı əxlaqına, ən nəhayət uca şəxsiyyətinə ziddir. Yaratdığı qəhrəmanları, araya-ərsəyə gətir-diyi obrazları, bəlkə, onun qədər sevən, ədəbi övladlarının üstündə onun kimi yarpaqtək əsən ikinci yazıçı yoxdur. Bu onun bir şəxsiyyət kimi mərd-liyindən, ucalığından, alicənablığından, bir yazıçı kimi isə humanistliyindən qaynaqlanır.

Əliheydər Həşimov daha sonra yazırdı: “Əli İldırımoğlu özünün ədəbiy-yata gətirdiyi müsbət obrazların rəftar və davranışında təmkinini saxlayan, ələm, kədər və ən əsası, ağır günlərdə heç vaxt sarsılmayan, bayağı şöhrətə aludə olmayan, ədalət üstündə mübarizə aparmaqdan yorulmayan sevimli ədəbi qəhrəmanlarının real prototipi, canlı nümunəsidir”. Bəli, sirr deyildir ki, sadalanan bu mənəvi-əxlaqi sifətlər toplum şəklində Əli müəllimin həyat tərzinin, məişətinin, mənəviyyat və əxlaqının, ən nəhayət, bir yazıçı kimi bədii dünyasının səciyyəvi cəhətlərindəndir.

Əli İldırımoğlunun yaradıcılığı, bəlkə, onun şəxsiyyətinin səviyyəsinə çat-maq üçün hələ də yol gedir. Özü də deyərdim ki, uğurlu bir yol gedir... Əli İldırımoğlu yaradıcılığının, yazıçılığının günahı deyil ki, Əli İldırımoğlu şəxsiyyətinin ucalığı ondan da üstündür. Əslində burada “günah”ı Əli İldırım-oğlu şəxsiyyətinin gündəlik məişətimizdən, yaşam tərzimizdən, real həyatın cılız ölçülərindən, hətta bədii fantaziyanın hüdudlarından çox-çox ucada dayanmasında axtarmaq lazımdır. Höteyə görə “böyük insanlar dağa bənzə-yir, yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir”. Əli İldırımoğluya yaxınlaşmaq, onu tanımaq, əzəmət və qüdrətini aşkar görmək üçün onun ürəyinin yağı ilə vərəqlərə köçürdüyü yazılarını, əsərlərini oxumaq kifayətdir. Çünki o, əsərlərində özünü yazır, özündən bəhrələnir.

Fəlsəfənin əsas qanunlarından biri belədir: təsadüflər zərurətdən doğur. Əli İldırımoğlunun qələm əhli, yazıçı olması da təsadüfi bir təyinatdan baş-layan zərurət idi. Onu rayon qəzetinə məsul vəzifəyə “zorən” gətirməsəy - dilər, bu gün Azərbaycan ədəbi ictimaiyyəti səhifələrində son dərəcə zəngin həyat yaşadan, şirin, koloritli bir dillə süslənmiş, həyatımızın bədii salnamə-sinə çevrilmiş neçə-neçə bədii əsərlərdən, buradakı unikal insan talelərindən bixəbər olardı. Oxucu da itirərdi, ədəbiyyatımız da. Məhz bu təsadüfdən baş-layan təxminən 50 illik ədəbi və jurnalistlik fəaliyyəti dövründə Əli İldırım-oğlu hər biri oxucu taleyinə çevrilmiş neçə-neçə hekayələrə, povest və romanlara imza atıb. Bu illər ərzində o, dərin məzmunlu, poetik vüsətli bədii publisistik nümunələri ilə özü üçün heyrətamiz ədəbi-bədii və estetik aura yaratmış, öz mənəvi-əxlaqi görüşləri ilə Azərbaycan oxucusunun böyük bir nəslini tərbiyə etmişdir. Sözsüz ki, öz oxucusu olmaq, özü üçün məxsusi oxucu arsenalı yaratmaq xoşbəxtliyi hər yazıçıya nəsib olmur. Bunun üçün illər boyunca intensiv və sürəkli fəaliyyətdə olmalısan ki, oxucunun axtardığı, ehtiyac duyduğu mənəvi qidanı ona verə biləsən. Oxucu-yazıçı münasibəti ən zərif tellərdən hörülür – zədələnməyə də hər an hazırdır. Bu işdə yazıçının məsuliyyəti daha çoxdur. Dünyanı gözəlləşdirməyə, yaxud onu insanlara sev-dirməyə çalışan hər bir sənətkar əbədi hörmətə layiqdir – Əli İldırımoğlu kimi.

Böyük insanlar, ulu, əlçatmaz şəxsiyyətlər öz yaradıcılıqlarında bütün əzəmətlərilə görünürlər. Ş.O.Keysi deyir: “Dahilərin öz əsərlərində yaşamaq kimi gözəl adətləri var”. Necə yerinə düşür... Bəli, mənim üçün Əli İldırımoğ-lu dahidir. İnsanlığın, mənəviyyatın, əxlaqın, qüdrətli sözün dahisi. İtirilmiş torpaqlarımızdan da qiymətli olan və it-bata düşən, əslində itirilməkdə olan elatın, dədə-baba adətlərimizin bu gün də canlı tarixi olan bir insanı başqa cür necə adlandırasan?.. O sözlər, o kəlamlar ki, Əli müəllimin əsərlərində var, onların çoxu bu gün gündəlik dilimizdə işlədilmir, unudulub gedir. Əli müəllim dahidir, çünki Paster demişkən, insanların dahiliyi həm də xalqa xidmət etmələri ilə bağlıdır. Əli müəllim bütün şüurlu ömrünü bu yolda şam kimi əridib.

Bu da haqdır ki, dahiliyin ən parlaq görüntüsü sadəlikdir. Konfutsiyə görə böyük insan nəcib və sadə olur, heç kəsə etibar etmir və heç kəsdən kömək ummur. Məni qınamayın, Konfutsinin bu kəlamı Əli İldırımoğlu və o ucalıqda olan şəxsiyyətlərə necə də yaraşır. Əli müəllim nəcib adamdır, çünki onun əsil-nəcabəti var. Çünki o, namaz qılan, oruc tutan, ömründə heç vaxt hökumət paltarı geyməyən, hökumət çörəyi yeməyən, dilinə yalan gətirmə-yən Məşədi Paşanın, övliyyə Məhəmmədbağırın nəvəsi, dünyadan nakam köçmüş Firəngizin və özünün də dönə-dönə qeyd etdiyi kimi müqəddəs ruhu qarşısında baş əyib yoxluğuna sığındığı halallıq ehramının memarı rəncbər İldırımın oğludur...

Yusif İldırımzadə, hüquq elmləri namizədi

“525-ci qəzet”, 11 yanvar 2005-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com