www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

“MƏN TALEYİMDƏN RAZIYAM”

Onunla heç vaxt görüşməmiş, həmsöhbət olmamışdım. Ucu-bucağı yalnız Allaha bəlli kainatın balaca planeti olan Yer kürəsinin maketində (qlobusda) barmağın ucu boyda görünən Azərbaycanda yaşasaq da, görüşməmişdik. O, yaşımdan böyük jurnalist təcrübəsinə malik olsa da, məndən dəfələrlə çox ağ vərəqə əsərlər, məqalələr, felyetonlar, oçerklər və s. və i.a. həkk etsə də, görüş-məmişdik. Bu, mənim qəbahətim idi, yoxsa başımızı qarışdırıb nəinki bizdən yaşca böyüklərlə, hətta qohum-əqrəbayla belə görüşməyə macal verməyən zəmanənin? Bunu bilmirəm. Bəlkə də, bilmək üçün onun qədər ömür sürməli, jurnalist kimi çalışmalı, əsərlər qələmə almalı, sonra da sakit bir guşəyə çəki-lərək indi cavabını bula bilmədiyimiz sual ətrafında düşünməliyik? Bəlkə də...

Onunla vədələşdiyimiz yerə vaxtından əvvəl gəldim. Bu görüşü qaçırmaq istəmirdim. Vədə yerimizin düz yanında “Cıdır” meydanı idi. Yeniyetmələr at çapırdılar. Həmsöhbətimin əslən at belində igidliklər göstərmiş qəhrəmanlar yurdundan – Qubadlıdan olması faktı fikrimdən keçdi. Qarşımızda bir namus savaşının durduğunu bir daha xatırladım. Nədənsə müsahibimin uşaqlıq illərində at belinə qalxıb-qalxmadığını özüm-özümə sual etdim. “Yəqin ki, qalxmış olar” cavabı da dərhal gəldi. Qərara almışdım ki, “Yurd-yuvanıza qayı-dası olsanız, yeniyetməlik illərində olduğu kimi at sürə bilərsinizmi?” sualını verəcəyəm. Nədənsə görüşümüz zamanı sualı unutmuşdum. Zənnimcə, buna səbəb at sürməkdən daha önəmli olan bu vəfalı heyvanın simvoluna çevrildiyi “murad”a yetməyimizin – torpaqları azad etməyimizin daha öndə durması oldu...

Bu da o... Əli İldırımoğlu. 75 yaşlı sələfim. Əski dəblə, lakin şux geyinmiş ağsaqqalı o dəqiqə tanıdım. Görüş yerində aramızda heç bir vasitəçinin olmayacağını bildiyimdən, redaksiyadan çıxmazdan öncə kitabındakı foto-suna diqqətlə nəzər yetirmişdim. Ona doğru addımladığımdanmı, yoxsa xələ-fini – daha doğrusu, jurnalistləri uzaqdan tanımaq təcrübəsindənmi “Yəqin ki, Vəfadar sizsiniz?” sualını verdi...

İrəlidə gedib söhbətləşəcəyimiz məkana bələdçilik edirdi. Arxasınca yeriyir, başındakı şlyapaya, əynindəki uzun plaşa, əlindəki əlcəklərə (o gün Bakıya hələ qar yağmamışdı, Əli müəllimin klassik geyimə vərdiş etdiyini düşündüm) nəzər yetirdikcə, öz-özümə düşünürdüm: Qarşımdakı zamanının tanınmış qələm sahibidir. Neçə-neçə romanların, çoxsaylı felyetonların, oçerklərin müəllifdir. Son əsəri “Mənim rəncbər atam” adlı xatirə-romanıdır. Bu barədə bir qədər sonra söhbət açacağıq.

Yaşlı insanların çox vaxt xəyallarla yaşadığı barədə irəli sürülən mülahizə-lərə söykənərək, onun da tez-tez nostalji hissi keçirib-keçirmədiyini öyrən-məyə çalışdım. Deyəsən, xəyallara dalmaq adət deyilmiş, sadəcə olaraq, yaşlı nəslin keçmişə ötəri nəzər salaraq vicdanı qarşısında sorğu-sualı imiş. Bunu Əli müəllimin fikirlərindən duydum. Onu da dərk etdim ki, həmsöhbətim olan yazıçı-publisist, əməkdar jurnalist Əli İldırımoğlu yaşlaşdıqca həm də müdrikləşib. Nəinki hərəkətləri, danışığı, fikirləri, hətta, baxışları da bir dağ ağırlığındadır. Onun azca gülümsəməyi, bəlkə də, həmsöhbəti üçün toy-bay-ram olardı. Amma bu, o demək deyil ki, Əli İldırımoğlu qaraqabaq adamdır. Xeyr. Sadəcə olaraq, məmləkətimizin, xalqımızın dərd-sərindən danışanda bircə kəlmə də zarafat etməyi xoşlamır. Bir sözlə, dərdi dərd kimi yaşayır, sevinci sevinc kimi. Necə deyərlər, sözünün və xüsusən də, özünün yerini biləndir.

Gənclik illəri sovet dövrünün ən gərgin anlarına təsadüf edib. II Dünya müharibəsini də görüb, Qarabağ savaşını da. Bu müharibələr arasında qalan vaxt ərzində xalqına xidmət etməyə çalışıb. Onun təbliğ etdiyi və öydüyü insan olub. Hər bir insan necə var, eləcə onun əsərlərinin personajlarına çevrilib. Məhz insanlara, özü də nəcabətli insanlara bağlılığı onu çox şeydən, daha doğrusu, bu dünyada mövcud olub, bu dünyada qalacaq vəzifələrdən, dəm-dəstgahdan uzaq salıb. Yeməyə halal çörəyi, içməyə suyu olub. Dəfələrlə onu komsomol işinə dəvət etsələr də, bundan imtina edib. Niyə?! Axı komsomolda çalışanların perspektivi böyük idi. Axı bir qəzetin əyalət üzrə xüsusi müxbiri olmağı bu cür təkliflərdən üstün tutmaq mümkün idimi? Bu sualı verənlərə Əli İldırımoğlu həyatını misal göstərməklə “bəli” cavabını vermək olar. Onun irəli getmək istədiyi bir sahə var idi. Vəzifəlisindən, vəzifəsizindən, imkanlısından, imkansızından asılı olmayaraq insanların hörmətini, hüsn-rəğbətini qazanmaq. Bu münasibətlər fonunda insanları daha yaxından tanımaq, onları obrazlar şəklində əsərlərində yerləşdirmək, insan-lığa yad münasibətləri tərbiyələndirmək, bu mümkün olmadıqda onu həyat-dan silib-atmaq məqsədilə yer üzünün əşrəfinə bir çağırış etmək.

Həm jurnalist, həm də yazıçı kimi onunla tanış olmaq istəyənlər bircə dəfə də olsa üzünü görmək, dilə gətirdiyi fikirləri dinləmək istəyən çox olub. İndi də Əli müəllim yaradıcılıqla məşğuldur. Daha doğrusu, onun kitablarında xatirə izləri bərq vurur. Yaxşını yaxşı, pisi pis kimi göstərir, felyetonlarında olduğu kimi. Onun dincəlməyə haqqı olduğu bir zamanda yenidən qələmə sarılması təəccüblü görünməməlidir. Çünki 75 yaşını qeyd edən əməkdar jurnalistin dar günündə dayağı, xoş günündə gül-çiçəyi olan bir şey varsa, o da qələmidir. Özünü pislərdən bu qələmi ilə qoruyub, yaxşılarla bu qələmlə ünsiyyət qurub. Yazıçı-publisist, respublikanın əməkdar jurnalisti adlarını ona məhz qələmi bəxş edib. Tənqid etdiyi antipodların qəzəbini də, zəhməti müqabi-lində təbliğ olunan sadə əməkçinin minnətdarlığını da qazandıran qələmidir. Görün, qələm hansı gücə malikdir. Əli İldırımoğlu adlı bir yeniyetməni 75 yaşlı ahıllıq dövrünə qədər aparan, özü də alnıaçıq, üzüağ şəkildə cəmiyyətə təqdim edən qələmidir. Haqqın, ədalətin carçısı, təbliğatçısı olan qələminin sayəsində bu gün jurnalist xələfləri onu arayıb-axtarır, onunla həmsöhbət olmağa çalışır.

75 ilin tamamında yazıçı-publisistin, ədalətli jurnalistin həyatından razı olub-olmadığı, ümumiyyətlə, ömrünü necə yaşadığını bilmək istədiyimiz üçün verdiyimiz suallara qısa şəkildə “mən taleyimdən razıyam” cavabını verdi. Amma bu suala ən yaxşı cavabı elə qələmə aldığı son xatirə romanı olan “Mə-nim rəncbər atam” kitabının “Müəllifdən” olan bölməsində tapmaq mümkündür:

“Ömrün yoxuşunu qalxdıqca hava seyrəlir, sərinləşir, soyuyur. Bəzi istəyənlərim, istədiklərim kimi. Zirvədə cığırlarım haçalanır, daralır, düyünə düşür. Yolumu duman-çən alır. Uzaq düşmüş dönük gəncliyim daha səmtimir ahıllığıma, gəlmir karıma, çatmır harayıma! Göyləri bulud alanda yoxa çıxan kölgələr kimi dostlar görünməz olur. Bu da bir dərd olur! Çaşıram, təntiyirəm. Fikir yüküm ağırlaşır...

Aşırımda, arxamda məhrəm hənirti, ilıq nəfəs duyuram. Təsəlli olur mənə. Qəl-bi qismətindən böyük, əhli-mərifət yarının ismətindən yarıyan, mərhəmətimi, hörmət-izzətimi görməyən və qədirbilməzlərin qəlbimdə qədrini artıran insan oğlu insan!

Tale fürsət verəcəkmi onun ədəb, ehtiram borcundan çıxam!.. İlk nəti-cəmlə adaş olan idraklı, iddiasız məxluqun?!
Yorğun qələmimin payız barını ona ərməğan etsəm, necə?!

Sətirlərim müxalif rüzgarlara, bəd niyyətlərə sipər olsun! Bir də ki, anıb, anlayanlarımın zavallarına. İlahi! Hifz et kəlamlarımı, biganəlik əzabından!..” İddiasız adamdır. Daha doğrusu, ambisiyalarına özünün yüksək keyfiy-yətlərini üstələməyə, yenməyə imkan vermir. İstəklərini, arzularını yeri gə-ləndə idealları uğrunda qurban verir. İdealları isə haqq və ədalətdir. Bir də ki, insan. Özü də hər cür nadanlıqdan uzaq insan. Görüşümüz zamanı 75 ya-şının keçirilməsi ilə bağlı sualıma verdiyi cavab da mənə çox mətləbləri bir də anlatdı: “Bəzi ambisiyalı jurnalistlərdən və yazıçılardan fərqli olaraq, heç vaxt qələmə sarılıb bu cür məsələləri qabartmaram. Mən nə etmişəmsə, xalqım üçün etmişəm və heç bir başqa təmənnam olmayıb”.

Bu cavabından sonra problemləri, istəkləri ilə bağlı orada-burada giley-lənən, açmadığı qapı qoymayan, ona-buna xahiş-minnətçilər göndərən bəzi yazı əhli, sənət adamları gəlir göz önünə. Onlar barədə söylənmək istəməz-dim. Sadəcə olaraq, mövqelər arasında paralellik aparıb belə qənaətə gəldim.

Yazının əvvəlində söz vermişdik ki, Əli müəllimin son kitabı – “Mənim rəncbər atam” xatirə-romanı haqqında ayrıca söhbət açacağıq. Özünün dediyi kimi, romanı təkcə atasının ruhu xatirinə qələmə almayıb. Sadəcə olaraq, gördüyü və həyatı boyu müşahidə etdiyi Azərbaycan kişisi barədə gənclərimizə, gələcək nəsillərə məlumat çatdırmaq istəyib. Əli müəllim Azərbaycan kişisini ailə başçısı, Vətən üçün igidlər yetişdirən valideyn, ləyaqətli, namuslu, torpağa tapınan insan kimi təsvir edir. Ömrünün 76-cı ilinə qədəm qoyan bu söz adamı öz kökü ilə torpağa bağlı olan kişilik mayasından yoğrulub. Köhnə kişiləri xatırlayıb Əli müəllim belə dedi: “O dövrün kişiləri indi olsaydılar, nə torpağı düşmənə “hədiyyə edərdilər”, nə də bu qədər vaxtda onun tapdağa çevrilməsinə imkan verərdilər”. Rəncbər atanın kifayət qədər tanınan yazıçı-publisist, əmək-dar jurnalist oğlu indi hər şeyi keçmişdə görür. Daha doğrusu, əsl ləyaqətin, dünya malına bağlı olmamağın, zəhmətsevərliyin, qeyrətin, namusun simvolu kimi qəbul etdiyi atasını xatırlayır. Atası məhz valideyni olduğu, ya onu böyüt-düyü üçün bu qədər hörmətlə xatırlanmır, sadəcə olaraq, o, Əli İldırımoğlunun jurnalist fəaliyyətində və yaradıcılığında axtardığı nəcib insanın bütün parametrlərinə cavab verir. Təbii ki, hər bir ata övlad sevgisinə layiqdir. Lakin hər bir ata haqqında xatirə-roman yazmaq asan məsələ deyildir.

Əli müəllimdən soruşdum ki, o, rəncbər atasından çox razıdır? Bəs, övladları yazıçı-publisist, bundan da əvvəl jurnalist atalarından razıdılarmı? İlk növbədə soy köklərində valideyn-övlad pərdəsinin qalxmadığını dilə gətirdi. Sonra isə, “mənə elə gəlir ki, razıdırlar” – dedi.

Əli İldırımoğlunu dinlədikcə bir məsələni də özümüz üçün aydınlaşdıra bildik. Sadə qubadlılılar kimi, Əli müəllim də yuxuya gedərkən və ayılarkən daim Qubadlıdadır. Söylədiyinə görə, həm xəyallarında, həm də yuxularında doğma yurd-yuvaları uğrunda daim mübarizə aparır. Deyir ki, gah onları qovu-ram, gah onlar məni qovur. Amma illər keçməsinə baxmayaraq, hər gecə tək-rarlanan bu yuxular onu yormur. Əli müəllim ömrü boyu insanlar arasında arayıb-axtardığı kişiliyi, ləyaqəti rəncbər atasında tapdı. Bir növ qayıdış olaraq dəyərləndirilən bu proses onun yurd-yuvası – Qubadlısı ilə bağlı da cərəyan etsin. Tapınsın kişilik mücəssəməsi olan rəncbər atasının doğma ocağına. Amin!

Vəfadar
“Alternativ” qəzeti, 4–10 dekabr 2002-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com