www.aliildirimoglu.az

“Közərən sətirlər”in istisi

“KÖZƏRƏN SƏTİRLƏR”İN İŞIĞINDA

Zaman-zaman Əlinin qəlbində qövr edib közərən sətirlər, axır ki, onun qələmində alışıb, alovlanıb işıq saçdı. Əsər dostumun yeni yaradıcılıq uğuru kimi məni sevindirdi. Onu telefon vasitəsilə təbrik etdim və bu barədə fikir demək istədiyimi bildirdim. Əlinin də sözü bu oldu ki, liberallıq eləmə, yəni düzü düz, əyrini əyri yaz. Onu da bilirəm ki, Əlinin tənqiddən о qədər də xoşu gəlmir. Buna baxmayaraq, yenə liberallıq eləməməyə çalışdım. О mənada ki, liberallıq qınağından çıxmaq üçün iki-üç tutarlı tənqid də göstərim. Vallahi, bacarmadım. Əsər, həqiqətən, xoşuma gəlmişdi. Bu da, Allahın verdiyi xasiyyətdi, qəlbimə yatmayan əsər haqqında heç nə yaza bilmirəm.

Mən Əli İldırımoğlunun sənədli, bədii bütün əsərlərini oxumuşam. Bir dost kimi hər təzə çıxan kitabını mənə bağışlayıb. О kitabların hərəsi Əli öm-rünün bir parçasıdır. Əli isə son dəracə keşməkeşli bir həyat yaşayıb. Uşaq-lığından öz əli, öz başı olub, ağsaqqal olmaq məcburiyyətində qalıb. Нələ “Kommunist” qəzetində işlədiyi ilk illərdə Əli başına gələn qəziyyələri, görüb-eşitdiklərini mənə yerli-yataqlı danışıb və mən hər dəfə heyrətimi bildirmişəm ki, bu dediklərini o, niyə kağıza köçürmür? О vaxt Əlinin övladları hələ orta məktəbdə oxuyurdular. Əlinin qayğıları başından aşırdı və jurnalist olan atanın baba yaşında yazıçı olacağını demək çətin idi. Ancaq qəzetdə fəal çıxışı onun həvəsinin qədərsiz olduğunu göstərirdi. Həvəs isə istedadla yaranır. Həvəs istedadın canı-qanıdır. Elə adamlar var ki, məhz həvəsinin az olması günahından istedadı üzə çıxara bilmir.

Əli İldırımoğlunun əksər oçerklərinin, felyetonlarının, publisist məqalələ-rinin ilk oxucusu olduğumdan inanırdım ki, o, yarı yolda dayanmayacaq.

İllər isə keçirdi, çox illər keçdi, nəhayət, “Həmin adam”, “Zorən jurnalist” romanları meydana çıxdı. Bu vaxta qədər Əlinin seçmə hekayələri, povestləri, felyetonları və oçerkləri toplular şəklində işıq üzü görmüşdü. Dostdan, tanış-dan təbriklər eşitmişdi. Həmin kitablar (xüsusən “Telepat”) Bakı Dövlət Uni-versitetinin jurnalistika fakültəsində diplom işi mövzusuna çevrilmişdi. Ancaq “Zorən jurnalist” onun qələm meydanında ikinci zühuru idi.

“Zorən jurnalist” romanı olmuş əhvalatlar əsasında ustalıqla yazılan bədii əsərdir. Romanın qəhrəmanı Nazim adlandırılsa da, Əlinin özüdür. Daha dəqiq desəm, jurnalistika sahəsində Əlinin ilk addımlarının bədii təsviridir.

Hər bir bədii əsərin əyləndirməkdən əlavə baş məqsədi də olur ki, bu da ideyadır. Əli İldırımoğlu da son dərəcə həyati və maraqlı hadisələri sadəcə təsvir etməklə kifayətlənmir, gənc Nazimin əməllərini müdrikliklə saf-çürük edir, bu günün tələbləri ilə səsləndirir, oxucuya sənətkar sözünü deyir. Ona görə də “Zorən jurnalist” tarixi olduğu qədər müasir səslənir.

“Zorən jurnalist” Əli İldırımoğlu adlı bir nasirin də olduğunu qətiyyətlə elan etdi.

İndi o, yeni – “Közərən sətirlər” adlı xatirə-romanını oxucuların mühaki-məsinə verib. Əsər bədii-publisistik janrda yazılsa da, hər hekayət öz-özlü-yündə bitkin novella təsiri bağışlayır. Hər birinin öz süjeti, öz qəhrəmanı, öz mətləbi var. Hər hekayət özünəməxsus həyəcan doğurur, hikmət aşılayır. Yeri gəldikcə müəllif özü də ricətə çıxır, ağsaqqalcasına nəticələr çıxarır.

Мən “Közərən sətirlər”i oxuyarkən ixtiyarsız olaraq Rəsul Həmzətov müdrikliyini xatırladım. “Mənim Dağıstanım” və “Közərən sətirlər” ayrı-ayrı əsərlərdir. Onları yaxınlaşdıran janr eyniliyi və dərin müdriklikdir. “Mənim Dağıstanım” Rəsul vətəni ilə görüşdürsə, “Közərən sətirlər” Azərbaycanın dilbər guşələri olan Qubadlı, Naxçıvan, Qarabağ, Quba el-obası ilə görüşdür. Нər iki kitab hikmət toplusudur. Нər iki əsərdə yeri düşdükcə qədim rəvayət-lərdən, atalar sözlərindən, el misallarından nümunələr gətirilir, müqəddəsliyə gedən yolun çətin və şərəfli olduğu göstərilir. İnanıram ki, “Közərən sətirlər” “Mənim Dağıstanım” kimi seviləcək.

Əli İldırımoğlu “daşlaşmış, qranitləşmiş kişilər” ifadəsini bir neçə yerdə işlədir. Deyərdim ki, bu ifadələr əsərin leytmotivi, aparıcı xəttidir. Jurnalistlik sənəti insana hadisələri tez görmək, hadisələrə tez münasibət bildirmək xasiyyəti aşılayır. Jurnalist hadisələrin zaman keçdikcə nə vaxtsa dəyişəcəyi ehtimalına dözmür. О, həmişə haqsızı haqq mühakiməsinə çəkməyə tələsir. Bu səbəbdən də nasirliyə jurnalistikadan gələn yazıçı daha həssas, daha çevik və mübariz olur, ədalətli nəticəyə tələsir. Buna “Nəsrdə jurnalist tələskənliyi” də deyirlər. Bu cür tələskənlik müsbət cəhəti ilə yanaşı, bəzən əsərin bədii keyfiyyətinə ziyan vurur. О mənada ki, hadisələrin gedişi və konfliktin həlli yollarının təbii inkişafı müəllif iradəsi ilə əvəz olunur. Bu şəkildə nöqsan jur-nalist köynəyini yazıçı köynəyi ilə dəyişmiş bütün sənətkarlarda az-çox vardır. Əli İldırımoğlunun əvvəlki romanlarında da “jurnalist tələskənliyi” təsiri hiss olunur. Ancaq “Közərən sətirlər” əsəri ilə Əli İldırımoğlu sanki sübut eləməyə çalışır ki, jurnalist tələskənliyi vərdişinə də qalib gəlmək mümkündür.

“Közərən sətirlər” mövzuca həm tarixi, həm də olduqca müasir səslənən əsərdir. Əli mərdliyi, kişiliyi tərənnüm edib. O, hər qayada, hər qartal uçuşunda neçə-neçə xalq qəhrəmanı görüb. Тəkсə doğma torpağında deyil, göylərdə də ana məhəbbətini axtarır.

Ana nisgili epizodları qüssəli notlarda təsvir edilirsə, Əmrah yüzbaşı haqqında əhvalatlar barıt iyi gələn cümlələrlə nəql olunur. Yaxud Mircəfər Bağırov taleyinin tanklı-tüfəngli müzakirəsində Mehbalı Əmiraslanovun onun xeyrinə danışması, uca vəzifə kreslosunu, hətta azadlığını itirməkdən qorxmaması oxucu ürəyində hədsiz ehtiram doğurur və düşünürsən ki, on-on beş evli kiçik Balahəsənli kəndi Mehbalı Əmiraslanovun timsalında necə də böyük cəsarət sahibləri yetirib. Başqa bir hekayətdə Mehbalının atası Hacı Firudinin oğul qurban vermək bahasına qonşu kəndlə qan davasını yatırtmağa gəlməsi və Qaraxan bəyin qonağı Allah elçisi kimi qəbul etməsi mərdanəlik himni kimi səslənir.

Əli İldırımoğlu bədii vasitə kimi qocaman tut ağacı ilə sorğu-suala girir, unudur ki, onun xatirələri daha nəhəng bir ağacdır. Müəllif sanki əsər yazmır, həmin nəhəng ağacı budaq-budaq gəzir, xatirələr közərdikcə sətirlər alışır və gur bir işıq saçır. Oxuduqca şahid olursan ki, Əli İldırımoğlu bu həyat ağacının hər yarpağına bələddir. Ona görə də onun təhkiyə tərzi bu qədər sərbəst və inandırıcıdır. Müəllif çox yığcam ifadələrlə canlı obrazlar yaradır və onların vasitəsilə oxucunu saflığa, bütövlüyə, igidliyə, kişiliyə, sədaqətə çağırır. Əsəri oxuduqca bir daha inanırsan ki, dünya anaların qucağında böyüsə də, kişilərin çiyinlərində qərar tutub. Dağlar da səngərə çevrilə bilməz, əgər orada kişilik olmasa. Kişilik, mərdanəlik ən yüksək vəzifədən də uca tutulmalıdır, çünki vəzifəni əmrlə, fərmanla verirlər, kişilik isə iliklə-qanla gəlir. Nəzər Heydərov və Əmrah münasibəti bu dediklərimə sübutdur. Yaxud raykomun ikinci katibi Əli Vəliyevin “obkomun” iradəsi əleyhinə həqiqət naminə kişilik edib gənc müxbiri müdafiə etməsi şəxsiyyətin bütövlüyünə misaldır.

Əli İldırımoğlunun müxbirlik fəaliyyəti başdan-başa çarpışmalar içində keçib. Əli prinsipiallığını biz onun əvvəlki əsərlərində də görmüşük. Son vaxtlar müxbir etikasından çox söhbət gedir. Müxbirdə ağı qaradan ayırmaq fəhmi olmasa, onun yazıları haqq tərəzisinə çevrilə bilməz. Əli qələmi haqq tərəzisinə çevirmiş müxbirlərdən olub. Onun yazıları ən yüksək səviyyələrdə, ölüm-dirim hədəsi altında müzakirə olunub. Нər dəfə də Əli işlədiyi qəzetə alnıaçıqlıq gətirib. O, hər cür redaktorla işləyib və istisnasız olaraq bütün redaktorlar onun xatirini əziz tutub, Əli imzasına inanıb.

“Közərən sətirlər” əsərinin ən təsirli hekayətlərindən biri və müxbirlik həyatı üçün ən gərgini redaktor Ağababa Rzayevin onun işini yoxlamağa gəlməsidir. Əslində bu, redaktor üçün də kişilik imtahanı idi. О dövrdə mən də “Kommunist” qəzetində işləyirdim. Hamı deyirdi ki, Əlinin kitabı bağla-nıb. Bütün “obkom”, üstəlik Mərkəzi Komitənin hökmü daşdan keçən ikinci katibi də Naxçıvan müxbirinin “qətlinə” fərman verib. Müxbir haqqında rəу belə tamamlanmışdı: redaktor yeddibaşlı əjdaha da olsaydı, müxbiri saxlaya bilməzdi. Sən demə, kişilik yeddibaşlı əjdahadan da güclüymüş. Redaktor Ağababa Rzayev, Allah ona min rəhmət eləsin, bəli, о, vəzifəsini itirməkdən qorxmayaraq haqqı müdafiə etdi və bununla başqa redaktorlara da nümunə göstərdi: Kişilik nümunəsi!

Əsərdə Süleyman Rəhimov, Hüseyn İbrahimov, İslam Səfərli, Adil Baba-yev, Əliağa Kürçaylı və başqa ziyalılarımız haqqında da maraqlı hekayətlər var. Xüsusən Süleyman Rəhimovun məşhur Nehrəm kəndində Сəlil Məm-mədquluzadənin qızı Minəvvər xanımı görməyə getməsi ədəbiyyat tədqiqat-çılarımız üçün də maraqlı faktdır.

Əli İldırımoğlu zamanın dönüklüyünü insan dönüklüyü ilə bağlayır. Yaxşı kişilər çoxaldıqca dünya da yaxşılaşır, pis adamlar çoxaldıqca dünyanın dəfi dönür. Əli zamanın halını bilmək üçün insanları saf-çürük edir. Yaxşıya alqış deyir, yamanı qınayır. Oğurluğa, quldurluğa qurşanıb elinə, obasına əskiklik gətirəni kənd qəbiristanlığına da buraxmaq istəmir. Tələb edir ki, istər oğlan olsun, istərsə qız, valideynlər övladların tərbiyəsi ilə ciddi məşğul olsunlar. “Ata-ana öz qızlarına ədəb diplomu – ədəb cehizi də qoşmalıdır” – deyir. Gördüyü ailələr arasında müqayisələr aparır, yaxşının yaxşı payını verir, yamanın yaman payını. Ana babası Məşədi Paşanı və nənəsi Gövhəri haqlı olaraq ilahiləşdirir, oxucu da bu ilahiliyə inanıb, pərəstiş edir.

Bir var – el dili ilə danışasan, bir də var – al dili ilə. Əli İldırımoğlu el dili ilə danışan yazıçılarımızdandır. Xüsusən, “Közərən sətirlər” el-oba ifadələri xəzinəsidir. Bir var, deyəsən “onun tərbiyəsini əzəl gündən pis veriblər”, bir də var, deyəsən “qatıq turş olanda mayasındandır”. Bir var, deyəsən “buğda təmizlənir”, bir də var, deyəsən “kəhrəba buğda dənələri şüşələnir”. Bir var, kiminsə pis adam olduğunu uzun-uzadı nəql edəsən, bir də var, deyəsən “naxələfdi!” Əlbəttə, el ifadələri daha tutarlı olur, hədəfə düz dəyir.

Əli İldırımoğlu çox həssas qəlbli yazıçıdır. Xatirələrin sərt və mülayim axarından asılı olaraq Əli gah tufanlı göylər kimi qəzəblənir, gah da məsum körрəуə dönür. Onun atası İldırım kişi haqqında dediklərinə diqqət edin: “Başqa vaxtlar özümü asanlıqla ələ ala bilirəm. Bir atamla görüşəndə, bir də ondan ayrılanda mütiləşirəm, yazıqlaşıram, ixtiyarım əldən gedir, yaş məni boğur. Kirpiklərimin öhdəsindən gələ bilmirəm. Atamın isə ağladığını heç vaxt görməmişəm”. Belə psixoloji dərinlik oxucunun birbaşa ürəyində əks-səda tapır.

Əli İldırımoğlunun vətəni Qubadlı, yuvası Əliquluuşağı kəndi, seyrəngahı Yazı düzü, ilk ixtisas təhsili aldığı Şuşa erməni tapdağı altındadır. Yazıçı bu qeyrət dağını bütün ağrı-acısı ilə çəkir. Adi adam qaçqına, köçkünə çevrilə bilər, yazıçının isə qaçmağa ixtiyarı yoxdur. Yazıçı sədaqət, namus-qeyrət əsgəridir. Əlinə qələm almaq onun üçün ən müqəddəs anddır. Bunu Əli İldırımoğlu yeni əsərində qələmlə üzbəüz söhbətində də deyir: “Közərən sətirlər”i oxuduqca hiss edirsən ki, Əli Qubadlının səngər dağlarında qarı düşmənlə əlbəyaxa döyüşdədir. О həm də içimizdəki Xandadaş xislətli üzdəniraq millət qəhrəmanlarına qarşı mübarizədədir.

“Közərən sətirlər” Qubadlı, Laçın, Şuşa və başqa rayonlar uğrunda mü-barizənin alovlarından közərib. Bu uğurlu əsər üçün qələm dostum Əli İldırımoğlunu təbrik edirəm. О gün olsun Qubadlı torpağının erməni işğa-lından azad olunması münasibətilə təbrikləşək.

Yeni əsərin mübarək, qardaş!

Əfqan, yazıçı, əməkdar incəsənət xadimi

“525-ci qəzet”, 2 sentyabr 1999-cu il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com