www.aliildirimoglu.az

“Həmin adam”la üz-üzə

PƏRƏSTİŞ ETDİYİM İNSAN

Üzünü görmədiyim, ruhunu kitablarından duyduğum, ideallarına qələmə aldığı əsərlərin sətirlərindən bələd olduğum, çağdaş jurnalistikanın mənəvi müəllimlərindən hesab olunan yazıçı-jurnalist Əli İldırımoğlunun “Həmin adam” romanı çoxlarının içindəki boşluğu bu və digər formada doldurmağa nail olub.

İxtiyar qələm sahiblərinin fikrincə, Əli İldırımoğlunun 1987-ci ildə dərc olunan “Həmin adam” əsəri ziddiyyətli hadisələrlə dolu həyatımızın Ordu-badisayağı əksidir. Jurnalist olaraq Əli İldırımoğlunun çətinliklərlə dolu həyatının iştirakçısı kimi məhkum olduğu ağır insan taleyinin nümunələri müəllifin özünəməxsus təsvirinin möhtəşəmliyini təsdiq edir.

30 il əvvəlin “Həmin adam”ları indi daha qabarıq nəzərə çarpır. Və biz “Həmin adam”ın mənəvi biçiminə uyğun gələn çox az qəzet baş redaktoru tanıyırıq.

“Həmin adam”la üz-üzə

“Həmin adam” romanında müəllif göstərir ki, qəzetin yeni baş redaktoru Mirzə Kəpəzli “mərtəbədodaq” kimi tanınan qəzetçi Muxtar Mehdizadənin məddahlığını xüsusi “mükafatlandırır”. Belə ki, əksər jurnalistlərin məqalələ-rindən fərqlənən cızmaqara sahibi Muxtar Mehdizadə baş redaktor tərəfindən “fikirləri bitkin, cümlələri səlis” müəllif kimi qiymətləndirilir. Yeni baş redak-torun gəlişi kollektiv arasında bölgəçilik kimi naqis, neqativ hislərin ayaq açıb yeriməsinə şərait yaradır. Müəllif personajların dili ilə “məqalə oğru-larının” iç üzünü ortaya qoyur.

Qəzet əməkdaşlarını qəbul otağında gözlətməkdən özünəməxsus zövq alan yeni baş redaktorun baş məqalə yazması səhnəsinin orijinal təsvirini bugünkü zamanla müqayisə edək. Katibəsinin dili ilə səslənən məqama nəzər salaq: “Dünəndən başlayıb. Kitabxanadakı bütün qəzetləri stolunun üstünə düzüb... Hərəsindən bir cümlə götürüb yazır, elə bil iynə ilə gor qazır... Bu baş məqalədi, boş məqalədi nədi... lap zülm imiş. Kişi lap əldən düşdü”.

“Musiqinin improvizasiyasını bilirdim, məqalənin yox”, – deyən müəllif fikirlərini Atababa Qocayevin dili ilə səsləndirir.

Redaktorların “qılığına girməyin təhərini” yaxşı bilən Məşədi Cəfərzadə kimi vəzifə azarkeşlərinin içini təsvir edən Əli İldırımoğlu onu “silinsimiş yaş kötüyə” bənzədir. Hətta sabah havanın necə olacağından xəbər verən havaşünas Məşədi “havanın bir ay, hətta bir il sonra necə olacağını sinoptiklərdən dəqiq təyin edir”. Təbii ki, redaktor da bu “həssas duyumlu” kadrların əməyini layiqincə qiymətləndirir.

Əli İldırımoğlunun oxucuya təqdim etdiyi incə məqamlardan biri də ədəb-ərkan sahibi olanlarla yaltaq, yalaq adamların rəftarıdır. Həyatda tutduğu mövqeyinə görə müəllif babasının nəsihətlərinə minnətdarlığını bildirir. “Babam nəsihət edərdi ki, səni saydıran, sevdirən, dolanışıqlı edən vəzifənin qədrini bil. İnsan gərək ədəb-ərkanını, nizam-tərəzini gözləsin, böyük-kiçiyin yerini bilsin... Etiraf etməliyəm ki, babam və nənəm köhnəfikirli adamlar ol-salar da, həyatda tutduğum düzgün mövqeyə görə onların öyüd-nəsihətinə minnətdaram. Oturub-durub hey deyərdilər ki, böyüyün yolunu saxlamaq ədəbdəndir, istər evin böyüyü olsun, istər idarənin. Böyük böyükdür, gərək sayıb, hörmətini saxlayasan”.

İnsanlığın şərtləri ilə “adamlığın qüsurluğu”nu xüsusi vurğulayan müəllif yeni baş redaktorun katibəsinin adi telefon zənginə doğru tələsməsini, “səkə-səkə” irəlilədiyini, yəni katibənin yerişində də yaltaqlıq predmeti olduğunu qeyd edir.

“İdarədə elə tək özüməm. Baş məqalə də mənə baxır, maket də. Hər axşam da gərək mətbəəyə gedim. Getməsəm olmur... Müxbirlər də ki, başdan-ayağa tartan-partan yazır... Faktlarını seçib təzədən onlar üçün məktub düzəldirəm”.

Professor Əzəlxanovun ürək bulandıran təriflərindən pərvazlanan xoruz təsiri bağışlayan Mirzə Kəpəzli oxucunun gözləri önündə cırlaşdıqca, cılızlaşdıqca “arxasız” əməkdaşlar bir о qədər ucalır.

Əli İldırımoğlu və təbiət təsviri

Əli İldırımoğlu yaradıcılığında təbiət təsviri xüsusi professionallıq və xü-susi orijinallıqla qələmə alınıb. “Qara buludların cövlan etməsi”, “havanın şaqqıldaması”, “iki qonşu sovxozun bir-birinə oxşayan dərə-təpəsi”, “buğum-buğum doğranmalı”, “bu inamın işığı artıq sübhün şəfəqlərinə qovuşmuşdu”, “vəhşi heyvanlar da, quşlar da günəşdən vəcdə gəlir”, “günün qulağı batma-mış” və s. bu kimi təsvirlər oxucunun diqqətini çəkməklə əsərə daxil olunan epizodların zənginliyini artırır.

Son vaxtlar elektron KİV-də və mediada çıxış edən dilçi alimlərimizin əksəriyyəti dil tarixinə, dilimizin leksik zənginliyinə diqqət çəkən yer ayı-rırlar. Bu sırada gətirəcəyimiz söz və söz birləşmələri yaddaşımızda təzələşir.

“Qəzavü-qədər”, “xırman sovurmağa”, “əlində şiv çubuq vəl üstə çıxıb öküzləri xırmanda hərləyən, şana ilə sovruq atan, kürəklə taxıl şüşələyən, köçəl aparan, kəndir tora saman təpən, kövşənlərdən at-eşşəklə dərz gətirən kənd adamları”, “bir-birinə qarşı dəyintili sözlər”, “qabaq-qənşər gələn yüklü ulaq”, “dəhnəni dağıtdırdı”, “od dəyirmanı gupbagup işləyirdi”, “lələ köçüb, yurdu qalıb”, “yağı görsə, qan ağlayar”, “dəmyə qurbağaları hoppana-hop-pana ora-bura qaçışırdılar”, “bu nə zilləv adammış”, “saman yığılmış mərək”, “qaşqa buzov onları görüb hürkdü və geri çəkilib yerə çalınmış yoğun mıxı dartışdırdı”, “ağzına qurut verdi”, “yükünü təpəyə yığmısan”, “Gülgəz xala-nın qəlbinin hərarəti, əlinin izi, nəfəsinin rayihəsi duyulurdu. İki büküm yuxa, arasında çolpa soyutması, üç yumru motal pendiri, bir-iki ovuc da iydə və tut qurusu”, “Sizə şəpəsi toxunmasa”, “mənə yad yerin matahı gərək deyil”, “qız-gəlin kəndin ayağındakı ağ daşların arasından pıqqıldayıb çıxan gur bulağı dövrəyə alıb mis sənəklərini doldurur”, “qış, yaz ağartımız əskik ol-mur”, “işin çəmi”, “boğulmayan at yabı olar, ondan köhlən çıxmaz”, “ağ sal daşlar ayaq altında sürtülüb bütövlənmişdi”, “nazik qarğıdan köhnə yolağası olan həyət”, “yelini dolu inəklər” və s. nümunələr yazıçının kənd həyatına dərindən bələdliyini nümayiş etdirir.

“Dəqiqlik – intizam mədəniyyəti deməkdir. Tərbiyəçinin özü tərbiyəli olmalıdır” – deyən müəllif öz daxili mədəniyyətini, bir insan kimi bütöv-lüyünü əsərinin qəhrəmanlarının dili ilə çatdırır, sevdirir.

Arzuları

Gənc raykom katibinin kəndləri bir-bir gəzməsi məqamlarını özünəməx-sus incəliklə, eyhamlarla, bədii ştrixlərlə vurğulayan Əli İldırımoğlu əslində öz içində göynəyən düşüncələrini, arzularını konkretləşdirir. Yazıçı-jurnalist Əli İldırımoğlunun raykom katibi ilə bağlı qələmə aldığı məqamlar birmənalı fikir yaradır. Əli müəllim raykom katiblərini xalqını, vətənini sevən, çevik xarakterli, işgüzar, təsərrüfatı dərindən bilən, torpağa bağlı rəhbər kimi görmək istəyir. Təbii, hər bir kolxozçu tabeliyində çalışdığı kolxoz sədrinin, katibin ədalətli olmasını arzulayır. Katib öz səviyyəsinə uyğun, ümummilli maraqlara söykənərək, idarəetmənin qanuni mexanizminə sistemli əməl etməli, bütövlük nümayiş etdirməlidir.

İnzibatçılıq

Əli İldırımoğlu bir kitaba sığmayan inzibatçılıq kimi qeyri-real, həyatımızı yeknəsəqləşdirən məqamları mənfi çalarlarla rəngləndirməyə cəhd göstərir.

Нər bir idarə rəhbərinin əmək qanunvericiliyinin tələblərinə, qanunveri-cilikdə olan son yeniliklərə gündəlik həyatımızda əməl etməsinin vacibliyini çox sadə şəkildə izah edir. Belə ki, adi təsərrüfat rəhbərindən fərqli olaraq, qəzet baş redaktoru həm şifahi nitqində, həm də yazılı əmrlərində nümunə göstərməlidir.

Çox təəssüflər olsun ki, “Həmin adam” əsərinin mənfi qəhrəmanı Mirzə Kəpəzli özü-özünü rüsvay edir. O, redaksiya işçilərinə “redaksiya ilə telefon danışıqlarının pulunu başqa idarə və müəssisələrin hesabına yazdırın ki, redaksiyanın xərcləri çox olmasın. Kimin toyu, yası olsa, icazə üçün şəxsən mənim adıma ərizə yazıb öz hesabına getsin, ayın axırında həmin günlərin pulu tutulmaq şərti ilə. Xəstəxanada yatmayan adamın xəstəlik bülleteni qa-nuni hesab olunmur. İstər tərif, istərsə də tənqid yazanda mütləq rayon başçıları ilə məsləhətləşin!” – deməklə redaksiya əməkdaşlarının nifrətini qa-zanır. Son məqamda həyatın axarı bu tipin kim olduğunu aşkarlayır. Müəllifin təqdimatında qələmə alınan hadisələr son anda redaksiya əməkdaşlarından bir neçəsinin ağır xəstələnməsi və hətta dünyasını dəyişməsi ilə nəticələnir.

“Həmin adam”ın mənfi qəhrəmanı səndələyə-səndələyə arxa düşür. Öz tipik xarakterindən əl çəkməklə sağlam həyata qayıdır.
Bəli, bu, müəllifin arzularıdır.

Əli İldırımoğlu tərbiyəçinin özünü tərbiyəli, etikalı, sivil, elitar insan kimi görməyi arzulayır.

Natella Asena
“Təzadlar” qəzeti, 9–16 iyul 2002-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com