www.aliildirimoglu.az

“Yazım, yazmayım” arasında

JURNALİSTİN KİTABI

Mətbuat sahəsində səmərəli yaradıcılığının böyük bir dövrünü Naxçıvanda keçirən Əli İldırımoğlu otuz ildən artıqdır ki, “Kommunist” qəzetinin xüsusi müxbiridir. O, bu illərdə əmək adamlarının həyatını, məişətini, arzu və əməl-lərini əks etdirən bir sıra gözəl oçerklər və məqalələrlə yanaşı, cəmiyyətimizə yad olan neqativ halların ifşasına həsr olunmuş felyetonlarla çıxış etmişdir. “Yazıçı” nəşriyyatı jurnalistin felyetonlardan ibarət olan “Yazım, yazmayım” kitabını çapdan buraxmışdır. Kütləvi tirajla buraxılan kitaba filologiya elmləri doktoru, professor Qulu Xəlilov müqəddimə yazmışdır.

...Müqəddimədə göstərildiyi kimi, Əli İldırımoğlu “Kommunist” qəzetinin yaradıcı kollektivinə Qubadlı rayonunda nəşr edilən “Avanqard” qəzetinin redaksiyasından gəlmişdir. Əli bu qəzetin məsul katibi, sonra redaktoru olmuş, özünün dolğun və məzmunlu yazıları ilə seçilmiş bir mətbuat işçisi kimi geniş imkanlara malik olduğunu göstərmişdir. O, uzun müddət Nax-çıvanda “Kommunist”in xüsusi müxbiri olmuş, muxtar respublikada xalq təsərrüfatının bütün sahələri üzrə genişlənən sosializm yarışının fərəhli nəticələrindən oçerklər, məqalələr, zarisovkalar yazmış, işə mane olan hallara qarşı təsirli felyetonları ilə mübarizə aparmışdır. Sonra Əli İldırımoğlu Ağdam, Ağcabədi Mirbəşir, Füzuli, Bərdə, Cəbrayıl, Zəngilan, Qubadlı və başqa rayonlardan müxtəlif qəzet janrlarında təsirli yazılarla müntəzəm çıxış etmişdir.

Jurnalistin “Yazım, yazmayım” kitabında toplanan felyetonlarının bir his-səsi Naxçıvanda yazılmışdır. Bu felyetonların bir çoxu oxuculara yaxşı ta-nışdır. Felyetonlarda əliəyrilər, tənbəllər, fırıldaqçılar, xalq malına xor baxanlar, ictimai-faydalı əməkdən yayınmaqla müftə qazanc axtaranlar tənqid edilmişdir.

Müqəddimədə göstərildiyi kimi, felyetonların hərəsi həyatın bir parçasıdır. Müəllif yaxından görüb tanıdığı adamların əməllərini, müşahidə etdiyi faktları qələmə almışdır. Felyetonların bir çoxu müsahibə, təhkiyə üsulu ilə yazılmışdır.

Kitab “Fit səsi” felyetonu ilə açılır. Burada kolxoz kəndlərində məişət xid-məti sahəsindəki nöqsanlar ümumiləşdirilmişdir. Felyetonu oxuyanda istər-istəməz adamın yadına böyük yazıçı Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsindəki gülməli əhvalatlar düşür. Doğrudur, böyük ədib özünün səxavətindən, mərdliyindən, qonaqpərvərliyindən dəm vuran Qurbanəli bəyi ifşa etmişdir. Burada tamamilə başqa sahədən söhbət gedir. Lakin “Qurbanəli bəy” hekayəsində olduğu kimi, burada da təsərrüfat başçılarının iclaslarda ağız dolusu məişət xidməti sahəsində gördükləri işdən danışdıqlarının şahidi oluruq. Lakin iclas qurtarır, maşınlar kəndlərə yola düşür. Yolda bir təsərrüfat başçısı digərinə deyir:

– Bu qədər də iclas olar?

– İclas geridə qalanlar, tənbəllər, tənqid edilənlər üçün xoşagəlməz olur, – deyə başqa sədr öz fikrini bildirir. – Biz ki, qabaqcılıq. Adımız iftixarla çəkilir, çəpik çalınır, alqış qopur. Bütün bunlar adamın canına sarı yağ kimi yayılır.

– Tərif, doğrudan da, yaxşı şeydir, – deyə başqası dillənir. – Ancaq bəzən adamın başını gicəlləndirir. Qorxuram tərifdən o qədər məst olaq ki, bir gün bizi tənqid atəşinə tutalar.

– Nöqsan olmayandan sonra nə tənqid, – deyə özündən çox müştəbeh olan sədr dillənir. Ona izah edirlər ki, indi təkcə təsərrüfat planlarını yerinə yetirməklə iş bitmir. Qəzetlər, jurnallar əhaliyə mədəni-məişət xidmətindən, abadlıq işindən çox yazırlar. Biz isə hələ çillə yuxusundayıq. Əgər vaxtında oyanmasaq, bizi zurna-balabanla oyadacaqlar. Onda da gec olacaq...

Söhbət hamamdan düşür. Özündən müştəbeh olan sədrdən soruşurlar:

– Kəndinizdə hamam var?

– Var, özü də on il bundan qabaq tikilib. Amma adını çəkməsəm yaxşıdır. Divarları sökülür, pəncərələri sınıb dağılır, həyəti də zibil içindədir. Ancaq hərdənbir tüstüləyib fit verir.

– Bizim kənddəki hamamın tüstüsü isə çoxdan kəsilib, – deyə başqa bir sədr dillənir. Odur ki, hamamı anbara çevirib, cürbəcür kimyəvi dərmanlar yığmışıq. Gözətçisinə də hər ay filan qədər pul verirəm. Ona tapşırmışam ki, demisini fısqırdıb tüstülətsin, hərdənbir də fit çalsın. Qoy kənardan baxanlar deməsinlər ki, sədrin hamamdan xoşu gəlmir.

Maşın yolayrıcına çatanda sədrlərdən ikisi məişət xidməti sahəsində ciddi nöqsanlara yol verildiyini etiraf edir. Üçüncü sədr isə özünü tərifləməkdə davam edir. Onun kəndinə gedib hamama baxmağı qərara alırlar. Hamamın qazanxanasında mazuta bulaşmış pişik balalarına, qapısında iri mismarlara, vannaların içində üst-üstə yığılmış tut çubuqlarına, kranlarda barama liflərinə baxıb gülüşürlər.

Göründüyü kimi, felyetonda mühüm bir məsələdən bəhs edilmiş, əmək adam-larına xidmət sahəsində yol verilən nöqsanlar kəskin bir dillə tənqid olunmuşdur.

Əli İldırımoğlu öz felyetonlarının qəhrəmanlarını yaxşı tanıyır. Onları ədalarından, lovğa hərəkətlərindən seçməklə bərabər, hər tipə uyğun ifadə vasitələri işlədir, maraqlı süjetlər əsasında təzadları açır və fikrini ümu-miləşdirir.

Felyetonların əksəriyyəti konkret həyat faktları əsasında yazılıb respublika qəzetlərində, xüsusilə “Kommunist” qəzetində çap olunmuş olsa da, müəllif öz yazılarını kitaba daxil edərkən ayrı-ayrı obyektiv halları və familiyaları bir qədər dəyişdirməli olmuşdur. Bu da təbii haldır. Əvvələn, felyetonlar müxtəlif illərdə yazılmış və müəllifin tənqidi öz işini görmüşdür. Obyektiv qəhrəmanların bir çoxu, ehtimal ki, islah olunmuş, nöqsanların çoxu aradan qaldırılmışdır. Müəllifin bu baxımdan öz felyetonlarına nəzər salması və onları bədii süjet daxilində ümumiləşdirməsi təbiidir. Onsuz da oxucular felyetonların mahiyyətini və tənqid hədəfini yaxşı görürlər.

Kitabdakı hansı felyetonu götürsək, orada mühüm bir məsələdən bəhs olu-nur. Bu da ondan irəli gəlir ki, jurnalist ətrafında baş verən hadisələrə özü-nün mübariz münasibətini açıq şəkildə bildirir, barışmazlıq və prinsipiallıq göstərir. Felyetonlarda xalq məsəllərindən, “Molla Nəsrəddin” ənənələrindən səmərəli istifadə olunmuşdur. Felyetonların dili də səlis və rəvandır.

Kitabda 40 felyeton vardır. Bunları mövzusuna görə qruplaşdırmaq da olardı. Lakin müəllif felyetonları mövzusuna və dəyərinə görə qruplaşdırma-mışdır. Buna baxmayaraq, felyetonların hamısı maraqla oxunur və oxucunu düşündürür. “Bataqlıq” felyetonunda ayrı-ayrı təsərrüfat başçılarının müxtəlif fırıldaqlar işlətməklə ictimai heyvandarlığa ziyan vurmaları, kolxoz əmlakına xor baxmaları, rayon kənd təsərrüfatı idarəsinin müdiri Şəkixanovun isə bu vəziyyətə laqeyd münasibət göstərməsi inandırıcı dəlillərlə aşkarlanmışdır. “Bir telefon, bir möhür” felyetonunda da kolxoz vəsaitini saxta sənədlər əsasında mənimsəyənlər, gözdən pərdə asanlar tənqid atəşinə tutulmuşdur.

Müəllif “Lent kəsilmədi” felyetonunda da ciddi bir məsələyə toxun-muşdur. Burada kəndlərdə məktəb tikintisinə laqeyd baxanlardan, dövlətin xeyli vəsaitini sərf edib yarımçıq və keyfiyyətsiz iş görənlərdən söhbət açılmışdır. “Sınıq saz” adlı felyetonda xalqımızın milli ənənəsinə uyğun ol-mayan toylardan, gəlir mənbəyinə çevrilən məclislərdən söhbət açılmış, bu sahədə müxtəlif fırıldaqlara əl atanlar tənqid edilmişdir.

Müəllifin “Qəssabın sərgüzəşti” felyetonunda məişət pozğunluğuna tutu-lub, yağlı dili ilə sadəlövh qadınları aldadanlardan, “İnşallah” adlı felyetonda kolxoz torpaqlarını saxtakarlıq yolu ilə zəbt edənlərdən, “Baş üstə” felyetonunda tikinti işlərində geriliyə yol verənlərdən söhbət açılır. Yağlı vədlər verib öz sözünün altından çıxmağa çalışanlar tənqid atəşinə tutulurlar.

“Yun Hətəm”, “Öküz kababı”, “Balıq başdan iylənər”, “Kefkom Kərəm”, “Butulka Kazım”, “Vartazarın cibi”, “Örkən doğanaqdan keçər”, “Arvadın şübhəsi, ərin hiyləsi” adlı felyetonlar da bədii dəyərinə və tənqid hədəfinin aktuallığına görə nəzəri cəlb edir. Müəllif bu felyetonlarda mənəvi tərbiyə işindən, cəmiyyətə yad olan müxtəlif səciyyəli antipodların hərəkətlərindən, xeyrə-şərə yaramayıb müftə qazanc axtarmaqla ictimai işdən boyun qaçıranlara qarşı barışmaz mübarizədən bəhs etmişdir. “Qərəz və mərəz” fel-yetonunda imzasız məktublarla başqalarına qara yaxanlar acı gülüş hədəfinə çevrilmişdir.
İnanırıq ki, jurnalist dostumuz bundan sonra da aktual qəzet janrlarında tez-tez çıxış edəcək, daha təsirli felyetonlar yazacaq, neqativ hallara qarşı mübarizədə həmişə ön sırada duracaqdır.
“Yazıçı” nəşriyyatı “Yazım, yazmayım” kitabı ilə qəzet və jurnallarda çap olunmuş felyetonların geniş oxucu kütləsinə çatdırılmasında faydalı bir təşəbbüs göstərmişdir. Bu təşəbbüsü ardıcıl davam etdirmək, qəzet janrlarında yazılmış oçerkləri və felyetonları vaxtaşırı oxuculara kitab halında təqdim etmək lazımdır.

Hüseyn Razi, yazıçı
Naxçıvan, 1982-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com