www.aliildirimoglu.az

FELYETONLAR

YIĞIMCIL QADIN

Elmi müəssisədə mühasib köməkçisi işləyən Çim­naz xanım mərmər pilləkənlərlə üçüncü mər­təbəyə qalxanda köhnə qonşusu Fəridəynən rastlaşdı. Xoş-beşdən sonra Fəridə təəccüb dolu baxış­ları ilə onu süzərək:

- Bıy, az ərinin o cür vəzifəsi var. Allah daha da artıq eləsin, əli də gətirir, ayağı da. Sənciyəz niyə işləyirsən?! - soruşdu.

Çimnaz xanım güllü dəsmalı ilə tər basmış üzünü yelpikləyə-yelpikləyə:

- Eee, ay bacı, sən də birini bilirsən, birini yox - dedi.  -Bizim məhəlləyə nə avtobus işləyir, nə də ki tramvay. Hər gün o baş, bu başa taksi maşınına iki yüz manat gedir. İndi onu bir aya vur, gör nə qədər eləyir?! Uşaqlarımın ikisi qız xeylağıdı. Zəmanəni də ki bilirsən dayna?! Bir adam lazımdır ki, gözü üstündə olsun, vaxtlı-vaxtında da məktəbə aparıb gətirsin. Ayda min manat da ona gedir. Evdə də biş-düş eləyənim yoxdur. Qon­şudan bir kimsəsiz, yaşlı arvad tutmuşam. Ona da hər ay min verirəm. Gündə də bir paltar modası çıxır. Yubka-kostyum da ki od qiymə­tinə. Geyinib bəzənməyəndə deyirlər otstalıdı. Odur ki, gərək ucuzluğuna, bahalığına baxmayasan... Parix­­maxerskidəki bahalığı da özün bilirsən. İndi ay bacım, mən olmuyum, sən ol, işləməsəm e bir belə xərc-xəsarətin qabağında durmaq olar?!

- Ayda neçə alırsan? - Fəridə soruşdu.

Çimnaz sürmə çəkilmiş ala  gözlərini oynadaraq:

- Narazılığım yoxdur, - dedi. - Allah bərəkət versin! Mükafatlı-zadlı ayda iki min manatacan çıxır...

1992-ci il

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com