www.aliildirimoglu.az

FELYETONLAR

YETİM ŞƏKƏRALI VƏ...

Məşhur bir yazıçının təbirincə desək, həqiqət sə­da­­­qətli köpəkdir, onu daim kötəkləyib it damı­na salırlar. Əl tulasını isə əzizləyib evin yuxarı başına keçirirlər. Əlbəttə, burada sözümüzün canı başqadır. Və məq­sədimiz heç də o deyil ki, adamların sədaqətli itə və ya quyruq bulayan bivec tulaya münasibətindəki bəzi-bəzi cəhətləri izah edək, bu barədəki iradlarımızı bildirək. Yox canım! Burada söhbət yetim Şəkəralının başına gələn əhvalatlardan gedir. Düzdür, yetimin ağzı aşa çatanda, başı da daşa yetir, - deyiblər. Ancaq bu yetim o yetimlərdən deyil. Çox yox, özü demişkən, otuz iki ildi bu xarabada külüng vururdu. Yəni rayon rəh­bər­li­yinin qərar tutduğu ikimərtəbəli binada təsərrüfat mü­diri işləyirdi. Haracan da desən üzüyola adamdı. Ona "ye­ri" deyəndə yüyü­rürdü. Dilinə də "bəli", "baş üstə", "düz buyurur­sunuz"dan başqa kəlmə gəlmirdi. İşlədiyi müd­dətdə də nə çox, nə az, on yeddi rayon rəhbəri yola salmışdı. Hərəsi də başqa bir xasiyyətdə, Yetim Şəkəralı birinə öyrəşməmiş, dalından dəyib onun stoluna baş­qa­sını əyləşdirərdilər. Yetim Şəkəralı, di gəl görüm ki, bun­larla necə çalıb çağırırsan. Yetimi yenə qara qayğılar götürmüşdü. Çünki rayonun başında duran Əsədxanın ili tamam olmamış, onun kürəyinə yarıtmaz damğası yapış­dırıb atmışdılar bayıra. Nadirxan Nadir­xanov adlı birisini də toy-qavalla gətirib əyləşdirdilər onun yerində. Əs­lində kim olur olsun, bunun yetim Şəkəralıya o qədər də dəxli yoxdur. Yeri gələndə deyir - kim ağadır, biz də quluq, kim ulaqdır, biz də çuluq. Yetim Şəkəralını düşündürən bu it məsələsi idi. Fikirləşirdi ki, bu təzə gələn özündən nə hoqqa çıxaracaq.

Aradan üçcə gün keçməmişdi, rayonun təzə başçısı Nadirxanov yetim Şəkəralını yanına çağırdı. Və təsə­rrüfat müdirini sorğu-suala tutmağa başladı:

- Neçə yaşın var? - Nadirxanov təmkinlə soruşdu.

Yetim Şəkəralı qapının ağzında müqəvva kimi dayanıb əllərini ovuşdura-ovuşdura:

- Altmışı haqlamışam, - cavab verdi və bir balaca qımışdı.

Nadirxan əlindəki karandaşın ucunu qarşısındakı stolun üstünə taqqıldada-taqqıldada:

- Sən görürsən ki, yaşadığım ev şəhərin kəna­rındadır, - dedi. - Arxa tərəfi də bağ-bağat, meşədir. Bir hektara yaxın da sahəsi. Yuxu da ki var, ölüm kimi bir şeydir. Gecə bütün ev-eşiyi yığıb aparsalar, xəbərim olmaz.

- Bəli, - Yetim Şəkəralı müticəsinə təsdiq etdi.

- Uşaq da deyilsən ki, deyəm belə şeyləri başa düş­mür­sən. - Nadirxan sözünə davam etdi: - Dünya görmüş kişisən, niyə bir it tapıb, o qapıda bağlamırsan?!

Yetim Şəkəralı udquna-udquna:

- Siz tamamilə doğru buyurursunuz, - cavab verdi. - O siz yaşayan həyətdə saz bir köpək var idi. Küçük vaxtı tərəkəmədən alıb gətirmişdim...

- Sonra nə oldu? - Nadirxanov Yetim Şəkəralının sözünü kəsib, sual verdi.

Təsərrüfat müdiri kəkələyə-kəkələyə:

- Sizdən əvvəlki... elə bu kabinetin sahibi dedi ki, mənə it-zad lazım deyil. Rədd elə getsin...

Nadirxanovun baxışları ciddiləşdi:

- Məndən əvvəlki! Məndən əvvəlkinin yönlü bir ağlı olsaydı, murdar siçan kimi quyruğundan tutub bayıra atmazdılar, - dedi. - Sənə bir sutka vaxt verirəm. Yaxşı bir ənik tap gətir, bağla o qapıda. Başa düşdün?!

- Bəli, aydındır...

...İt, nə it! Quş quşluğuynan rayonun təzə başçısı Nadirxan Nadirxanovun həyət-bacasına tərəf üzükə bilməzdi.

Nadirxanovun taxtda əyləşdiyi ikicə il olmamışdı ki, vəzifədən götürdülər. Özü də xoşaxoşluqla yox, nə biabırçılıqla... Onun da yerinə yuxarılarda oxuyub qurtarmış və alimlik dərəcəsi olan Qaraxan Qaraxanov adlı cavan bir oğlanı əyləşdirdilər.

Yenə də yetim Şəkəralının qarnı sancılandı. Bilmirdi ki, rayonun bu cavan başçısı onunla necə rəftar edəcək. Həftə tamam olmamış Qaraxan Qaraxanov ayrılıqda ondan soruşdu:

- Şəkəralı kişi, neçə yaşın var?

- Altmışı təzə ötmüşəm.

- Haçannan bizim bu aparatda təsərrüfat müdiri işləyirsən?

- Qırx ilə yaxındır.

- Yaxşı, onda sizdən bir söz soruşum.

- Buyurun.

- Mən ferma müdiri-zadam?!

- Xeyr.

- Qapıda ilxı saxlayıram?!

- Xeyr.

Qaraxan Qaraxanov qaşlarını çatıb ona sərt nəzər saldı və acı bir istehza ilə:

- Onda o boyda iti neynirsən, gətirib mən yaşayan evin həyətində bağlamısan. Məni oğru aparacaq?! Qurd-quş yeyəcək?! - soruşdu. - Bir də ki, oğru məni neynir! Köhnə bir portfelim var, onu da özümlə aparıb-gətirirəm. Heç ayıb deyil?! Utanmırsan? Yekə kişisən! Yaşca məndən balaca olsaydın, sənə ağır söz deyərdim! Əl-ayağım dəyməmiş, get o iti rədd elə getsin! Özü də elə bu saat! Bu dəqiqə! Elə et ki, evə gedəndə o iti görməyim!

- Yol... yol... Yoldaş... Sizdən əvvəlki Nadirxan Nadirxanov...

- Məndən əvvəlki o Nadirxandı-nədi, nə qələt eləyib, özü bilər. Get o iti rədd elə getsin. Nadirxan Nadirxanov ağlı başında adam olsaydı, bu rayona bir gün ağlardı. Elə o dərrakənin sahibi idi ki, qolundan tutub atdılar bayıra.

Yetim Şəkəralı suyu süzülmüş kabinetdən çıxıb, üz qoydu rayon başçısının həyətinə. Və elə həmin gün də iti aparıb azdırdı.

Qaraxan Qaraxanovun bu rayona başçılığı heç bir il də çəkmədi. Yuxarılarda oturanlardan kiminsə sözünü qaytardığına görə, yoxlama komissiyası göndərib başını əkdilər. Neçə-neçə orden-medalı olan Orucxan Orucxanov adlı orta yaşlı bir adamla əvəz etdilər. Beş-on gündən sonra Orucxanov yetim Şəkəralını yanına çağırdı:

- Şəkəralı kişi, neçə yaşın var?

- Altmışı ötmüşəm.

- Hə, elə yaşıd olarıq. Amma mən səndən bir az cavanam.

Yetim Şəkəralı yüngülcə başını tərpətdi. Orucxan təskinlə:

- Dünya görmüş adamsan! Özün də otuz ildən çoxdur ki, bu idarədə təsərrüfat müdiri işləyirsən. Bilirsən, mənim vəzifəm elədir ki, birini cəzalandırıram, digərini işdən çıxardıram. Narazı adam çoxdur. Düşmən də ki, ocaq başındadır. Evə də gec gedirəm, tez gedirəm. Həyatda hər şey ola bilər... Mənim yaşadığım o həyətdə əməlli-başlı bir çoban iti olsa yaxşıdır. İngilislər evdə də it saxlayırlar. Biz isə... çox geridə qalmışıq. Mütləq bir it tap.

- Vardı, yoldaş Orucxanov, vallah, şir kimi idi, - yetim Şəkəralı qovrula-qovrula dilləndi. - Sizdən əvvəlki... Qaraxanov dedi ki, mənə it-zad lazım deyil, rədd elə getsin.

Orucxanov kinayə ilə:

- Qələt eləyib, onun qandığı şey yoxdur. Qaraxanovun itdən nə başı çıxır. Onun dərrakəsi olsaydı, oturub işləyərdi də. Gül kimi vəzifəydi. Elə o cür səhvlərinə görə rədd elədilər, getdi. Haqqına da elədilər. Qaraxanovdan rayon başçısı olmazdı, səfehin biriydi. Yaxşı, söhbəti uzatmayaq. Get bu gün-sabah it məsələsini qurtar. Həyəti sahibsiz qoymaq olmaz.

- Baş üstə.

Yetim Şəkəralı rayon başçısının həyəti üçün qaraqılçıq bir it tapmışdı ki, gəl görəsən. Həyət-bacanın həndəvərinə bir inni-cinni yaxın düşə bilməzdi. Orucxanovla yetim Şəkəralı hərdən görüşəndə onların əsas söhbətləri itin sərgüzəştlərindən olurdu.

İki ildən sonra Orucxanovun da stulu laxladı. Yarıtmaz işçi kimi şələ-şüləsini verdilər qoltuğuna. Onun yerində Murtuzxan Murtuzxanovu əyləşdirdilər. Yetim Şəkəralını yenə fikir götürdü. Bilmədi ki, rayona gələn bu yeni rəhbər nə göstəriş verəcək. O da bu it söhbətinin üstünə qayıdacaq, ya yox. Murtuzxan rayonun bütün işlərinə baş vurduqdan sonra, axır ki, bu it məsələsinin üstünə gəldi. Və əvvəlcə yetim Şəkəralıdan soruşdu:

- Neçə yaşın var?

- Yetmişi haqlamışam.

- Mən ferma müdiri-zadam?! Həyətdə qoyun-quzu saxlayıram?! O boyda zırpı çoban itini ney­nirsən?! Bir tuladan-zaddan olsa, eybi yoxdur. Axşamlar hərdənbir hürsə bəsdir. Get o iti rədd elə, getsin.

- Yoldaş Murtuzxanov, sizdən əvvəlki burda işləyən Orucxanov...

- Bilmirəm, o Orucxanovdu, nə zibildi, buralarda nə pəstahlar çıxardıb, onu Allah bilir. - Murtuzxanov əsəbiləşdi. - O cür yelbeyin adamları tanımaq da istəmirəm. Rayonu yanı üstə qoyub. Yaxşı ki, vaxtında xoruzunu verdilər qoltuğuna. Bir adam ki, itlə tulanın yerini bilməyə, ondan nə rayon başçısı...

Yetim Şəkəralı indi də kəndbəkənd düşüb, Murtuzxan Murtuzxanovun həyəti üçün onun ürəyinə yatan münasib bir əl tulası axtarır...

1993-cü il

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com