www.aliildirimoglu.az

FELYETONLAR

QƏRƏZ VƏ MƏRƏZ

İşıqlar söndü. Şəhərin küçələri qaranlıqlaşdı. Gediş-gəliş kəsildi. Ətrafa sükut çökdü. Bayaqdan bəri bura­larda vurnuxan bir nəfər dabanlarını yerə basmadan, səksəkəli addımlarla poçt qutusuna tərəf irəlilədi. Qəflətən tappıltı eşidildi. Murtuzov diksinib özünü itirən kimi oldu. İri, boz bir pişik onun yanından şütüyüb qabaqdakı çinara dırmandı. Murtuzovun tükləri ürpəşdi. O, əlləri titrəyə-titrəyə qoltuq cibindən çıxardığı zərfi poçt qutusuna salıb, arxasına baxmadan əkildi və şəhər mehmanxanasının yerləşdiyi küçəyə tərəf döndü.

Mehmanxana növbətçisi deyinə-deyinə qapını açaraq:

- Adamın qanacağı olar, - dedi. - Bizi narahat edir­siniz, yatanlara mane olursunuz. Gəzməyin də, yatmağın da vaxtı var...

Mehmanxana müdiri hiss olunmadan növbətçinin ayağını basıb pıçıltı ilə:

-   Susss, - dedi, - heç bilirsən o kimdir?!

Növbətçi dillənmədi. Müdir izah etdi ki, məşhur yazandır, adı da Mahirdi və bu ətrafda onu tanımayan yoxdur. Sonra əlavə etdi:

 -  A balam, niyə başa düşmürsən?! Zərfin biri beş qəpik, kağız-qələm də ki, su qiymətinə. Bir də gördün, anonim məktublar başladı kəpənək kimi uçmağa. Rayon təşkilatlarına, Bakıya, Moskvaya... Yazdı ki, meh­manxana müdiri işçilərlə əlbir-dilbir olub, çarpayıları, döşək ağlarını, yastıqları, mebelləri yedilər. Kom­munxoz da bu həngamələri ört-basdır edir. İspalkom da onları qanadı altına alıb... Komissiya gəldi, yoxlama başlandı. Di gəl, cavab ver. Odur ki, bizi əngələ salarsan, belə cəncəl adamlardan həmişə ehtiyatlı ol. Başa düşdün?!

Növbətçi başının hərəkəti ilə onu başa düşdüyünü bildirərək müdirin dedikləri ilə razılaşdı.

Mahir Murtuzov hər adama müyəssər olmayan bir şücaət göstəribmiş kimi, bu gecə özündə qəribə yüngüllük hiss edirdi. O, günortadan aldığı otağın qapı­sını şəstlə açıb içəri daxil oldu. Qonşu çarpayıdakı tanış olmayan bir adam qalın yorğanın altında qan-tər içində sayıqlayırdı:

-   Qanun-qayda yoxdur. Yazdıqlarımıza da yaxşı baxmırlar. Komissiya üzgörənlik edir. Mərkəzdən adam gəlməsə...

Mahir Murtuzov anonim məktub yazmağın bütün yol-yolağasını bilir, ancaq anonim sayıqlamanı birinci dəfədir ki, görür və eşidirdi.

Yaxşı deyiblər ki, kor koru tapar, su çuxuru. Mahir Murtuzov hiyləgərcəsinə gülümsəyib onu dümsüklədi:

- Ay yoldaş, ay yoldaş!

- Həə... Hə... Düz-gün yox-la-mır-san... Məndən sənə yoldaş olmaz. Moskvaya, Moskvaya ya-za-ca-ğam...

 Murtuzov şaqqanaq çəkib güləndə o, hövlnak yorğanı üstündən atıb yuxulu gözlərini ovuşdurdu. Murtuzov bir də soruşdu:

- Bağışlayın, tanımadım.

- Zəhmət adamları.

Qulam Qələndərov Ağbulaq kənd Sovetinin sədridir. O, yuxulu olduğundan çaşıb anonim məktublarda işlətdiyi gizli təxəllüsünü bildirdi. Tez də səhvini düzəltməyə çalışaraq:

- Hə, - dedi, - bizim Ağbulaq kəndindəki kolxozun fəhlələri dağı dağ üstə qoymağa qadirdir. Zəhmət adamlarına xidmət də ki, mənim doğma vəzifəmdir. Tikinti-abadlıq, klub, kitabxana, məktəb gecə-gündüz fikrimdən çıxmır. Bir də ki, zəhmət adamları bizim dayağımızdır. Odur ki, onların adı qələmimdə, bağış­layın, çaşdım, dilimdə əzbər olub.

Mahir Murtuzov dərindən köksünü ötürüb, daxili aləminə uymayan qayğılı bir görkəm aldı:

-   Elə mən də siz xasiyyətdəyəm, - dedi. - Canımı qoymuşam zəhmət adamlarının yolunda. Neçə ildir Alıbəyli kəndində aptek müdiri işləyirəm. Hansı dava-dərman desən, məndə tapılar. Quş iliyi, sərçə südü, fil yumurtası... Kənddə başıma and içirlər.

Doğrudur, Mahirin başına and içib hörmətini saxlayanlar var. Lakin cəmiyyət arasında xeyirxah mövqeyinə görə yox, böhtan və şər mücəssəməsi olduğuna görə. Məsələn, qəhrəman pambıqçıların, taxılçıların, neftçilərin, şaxtaçıların, səma şahinlərinin adı həmişə ehtiramla çəkilir. Mahir Murtuzovla Qulam Qələndərovu tanıyanlar da onlara hörmətlə salam verib ötürlər və aralaşanda xısın-xısın pıçıldaşırlar:

- Demaqoq, mərdimazar adamdır. İşi-peşəsi onun-bunun arxasınca danışıb, anonim məktub yazmaqdır… Beləsindən gərək yüz ağac uzaq olasan.

Bəli, onlar da həyatda bu cür ad-san qazanıblar. Mahir Murtuzovun yazdıqları qərəzdir. Yəni kimdən xoşu gəlmir, kim salamını gec alır və ya kimin bir balaca hörmətli-izzətli olduğunu hiss etdi, o saat alır qələmə. Qulam Qələndərovunku isə mərəzdir. Anonim yaz­maqda adətkar olub, yazmasa yata bilmir.

Mahir Murtuzov eşidəndə ki, kənddəki kolxoz yüksəlişdədir və rayonda təriflənir, qəm dəryasına qərq olur. Qanı qaralır, iştahadan kəsilir, sir-sifətini turşudur. Dərdini dağıdıb, kefini durultmaqdan ötrü oğlunu dib otağa çəkir. Əlinə qələm verib, qabağına da ağ kağız qoyur:

- Oğul, yaz! - deyir. - Mənim ciyərparam, yaz ki, kol­xoz əmlakı dağılır, planlar saxta dolur, inəklər arıqlayır, ferma müdiri kökəlir. Sədr yaramaz adamdır. Kəndin qeydinə qalan yoxdur. İmza: qocaman kommunist, müharibə veteranı Məcid Məcidov.

...Yoxlama komissiyası kəndə varid olur. Anbarlar bağlanıb möhürlənir, sorğu-suallar başlanır, sənədlər vərəqlənir, izahatlar yazılır, nəticəsi də ki... kəllə suyu. Müəyyən edilir ki, Alıbəyli kəndində Məcid Məcidov adlı nə köhnə kommunist var, nə gənc komsomolçu, nə də ki, boynu qalstuklu pioner.

Mahir Murtuzov diqqəti özündən yayındırmaq üçün başlayır kəndin arasında xoruzlanmağa:

- Mərdimazara lənət, - deyir. - A balam, kişisən, açıq yaz, sözün var, üzə de. Niyə örtülü yazıb, işin-gücün bu qızğın çağında nahaq yerə camaatın başını qatırsan?!

Aradan bir neçə gün keçir. Təsadüfən radioda kolxozun baş aqronomu Vahid Həsənovun adı çəkilir. Hirs vurur Murtuzovun təpəsinə. Radionu bağlayıb qalxır ayağa və öz-özünə: "Bizim çəpər qonşumuz Vahid! Nə olsun yaxın qohumuq? Kişinin oğlu gör nə qədər harınlayıb cızığından çıxıb ki, radioda da adı çəkilir".

Murtuzovun qan təzyiqi yüksəlir, qızdırması qalxır, bədəninə üşütmə gəlir. Ancaq bunun üçün nə həkimə müraciət edir, nə də ki, dava-dərman axtarır. Çünki özünün müalicə üsulunu bircə özü bilir. Orta məktəbdə oxuyan qızını stolun arxasında əyləşdirib, qabağına kağız-qələm qoyur:

- Canım-ciyərim, mənim Gülyanaq qızım, yaz, - deyir. - Yaz ki, kolxozun baş aqronomu başından böyük işlər görür. Anbardan qırx ton buğda satdırıb. Müharibə vaxtı xalası oğlu düşmən tərəfinə keçib, bizə güllə atıb. Tikinti üçün gələn iki ton sementi, iki yüz kubmetr taxtanı biroturuma yeyib. İmza: Əliqabarlı kolxozçu.

Eyni yoxlama, eyni nəticə... Kənddə hərənin ağzı bir avaz çalır. Kimi söyür, kimi qarğış edir. "Balan ölsün, başımızı qatan!" Mahur Murtuzov da onlara qoşulub "amin" deyir və qonşusuna canyananlıq etməyə başlayır:

- A balam, yalan cızma-qaradan nə çıxar, - deyir. - Əgər hünəri var, qoy çıxsın meydana. Bir də ki, qonşu, bizim bu Alıbəyli kəndində qozbel adamlar çoxdur, onları yalnız qəbir düzəldə bilər. - Murtuzov əlavə edir: - Vahid əmioğlu, evdə volokardin var, birdən bu yoxlamalar ürəyinə...

- Minnətdaram, qonşu, təki sən sağ ol...

...Məşhur bir alim demişkən, əsl və həqiqi insan odur ki, başqaları onun əlindən ziyan görməsin. Belə məziyyətlər Qulam Qələndərova yaddır. O, başqalarını alçaldıb hörmətdən salmaq yolu ilə özünü uca göstərməyə çalışır. Sovxoz direktoru ilə hər bir xeyrə-şərə, məclisə, iclasa birgə gedir və yanaşı əyləşirlər. Bir-birindən ayrı tikə kəsmirlər. Ancaq Qulam Qələndərovun əlinə girəvə düşən kimi bir küncə çəkilib, qələmi alır əlinə. Rayon və respublika təşkilatlarına, müxtəlif idarələrə, müxtəlif ünvanlara. Əvvəlcə özündən başlayır. Yazır ki, Qulam Qələndərov vaxtilə xəzinədar işləyəndə əyrilik edirdi, briqadirliyi bacarmırdı. Qulam "culikbaşıdır", amma kənd Sovetinin sədri işləyir (insafən özü barədə düz yazır). Sovxozun direktoru isə adamlardan pul alıb vəzifəyə qoyur, qohumbazlıq edir, gündə sərxoş olur, bahalı siqaret çəkir, tez-tez bərbərxanaya gedir...

İmza: Sovxozun əməkçiləri.

Qələndərov bir qədər sinədəftərdir. Yoxlamalar qurtaranda, yazılanlar yalan çıxanda, o, sovxozun direktoruna yanaşaraq:

-   Nadir müəllim, - deyir, - Xaqaninin gözəl bir beyti var:

 

Adam var ki, bilməz nədir qanacaq,

Fazil adamlara lağ edər ancaq.

 

Qələndərov sonra dediyi şerə əlavə edir:

-   Eybi yoxdur, əmioğlu, qoy bizi lağa qoysunlar. Ancaq araqatanlar bilməlidirlər ki, özgəsinə quyu qazan gec-tez özü düşər.

Murtuzovla Qələndərov illərdən bəri qələm və karandaşla ona-buna qazdıqları quyuya, nəhayət, indi özləri düşüblər. Ha çalışırlar, çıxa bilmirlər. Mahir Mur­tuzov yalvarır ki, "çoxuşaqlı atayam, bir çətən külfətim var. Bir səhvdir etmişəm, mənə rəhminiz gəlsin". Qasım bəy Zakir yerində deyib:

 

Bir adam ki, qoya hiylə binası,

Aqibət özünə dəyər xatası.

 

Bəli, Mahir Murtuzovla Qulam Qələndərov böhtançı kimi müttəhim kürsüsündə əyləşəndə əzbərlədikləri bu iki misranı bir-birlərinin qulağına pıçıldayır və bunun mənasını indicə başa düşdüklərini etiraf edirdilər...

 

 1980-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com