www.aliildirimoglu.az

FELYETONLAR

QIFILLI VƏ QIFILSIZ QAPILAR

Rayon mədəniyyət şöbəsinin müdiri Xosrov Xan­butayev gənc kadr Nazimə Nadirovanın Kürdlər kən­dindəki kluba müdir təyin olunması haqdakı əmrini, nəhayət, imzaladı. O, əyləşdiyi yumşaq kreslodan qalxdı və dəmir seyfin ağır qapısını açıb, möhürü götürdü. Müdir möhürü mürəkkəbli yastığa basıb, görkəminə ciddi bir ifadə verdi və:

- Nazimə, - dedi, - kənd klublarına müdirlik etmək bilirsən necə məsuliyyətli işdir?

Nazimə müdirinin fikrini və sabahdan etibarən daşıyacağı vəzifənin tələblərini başa düşdüyünü başının incə hərəkəti ilə büruzə verdi.

Xosrov Xanbutayev var gücü ilə möhürü əmrdəki imzasının üstünə basıb əlavə etdi:

- Məktəbi təzə bitirmisən, odur ki, klub işinin məzmununa və metodikasına o qədər də dərindən bələd deyilsən. Klub xidmət etdiyi kənd adamlarının ikinci doğma evi olmalıdır və əməkçiləri asudə vaxtlarında özünə cəlb etməlidir.

Kiçik müdir böyük müdirin qarşısında eyni nəzakətlə:

- Doğrudur, sizi başa düşürəm, Xosrov Cümşüdoviç, - dedi.

Xosrov Cümşüdoviç əmri şəstlə Naziməyə təqdim edərək:

- Nazimə, - dedi, - klubun xarici görünüşü də, onun da­xili səliqə-sahmanı da, tərtibatı da, iş üslubu da, avadanlığı da adamlara "gəl-gəl" deməlidir. Əl-ələ verib kənd klublarında işimizi elə qurmalıyıq ki, nazirliyimizin və bir də ki, kənd camaatının qarşısında başımız uca, üzümüz ağ olsun, bizə "bəh-bəh!" desinlər.

- Doğru buyurursunuz, Xosrov Cümşüdoviç, sizi əmin edirəm...

Xosrov Xanbutayev Nazimə Nadirovanın cavablarından məmnun olub, onu təbrik etdi və:

- Onu da unutma ki, klubu dərnəksiz təsəvvür etmək olmaz ha, - dedi. - Dərnəklər nə qədər çox, rəngarəng olsa, orada həyat bir o qədər maraqlı və məzmunlu keçər. Bu barədə özünü göstərməlisən.

- Aydındır, Xosrov Cümşüdoviç, aydındır...

Nazimə Nadirova kəndə xüsusi bir həvəslə, böyük arzularla gedirdi. O, müdirin nəsihətamiz sözlərinə daxi­lən haqq verir, işə nədən və necə başlamaq barədə düşü­nüb-daşınırdı. Doğrudan da, klub fəhlə və qulluqçuların doğma evi olmalıdır. Dərnəklər, rəngarənglik, etika, estetika, musiqi, xor, xoreoqrafiya, təsviri və tətbiqi sənət, gimnastika, yüngül atletika... Bəs necə?! Klubda dərnəklər nə qədər çox, rəngarəng olsa...

Nazimə magistral yolun yarıya böldüyü Kürdlər kəndinə varid olanda, onun gözləri önündə qeyri-adi bir mənzərə canlandı. Kəndin ortasında yastı bir təpə, üstündə də iri bir bina. Nazimə vəcdə gəldi. O, öz-özünə: "Klub necə də axar-baxarlı yerdədir" düşündü. Sonra onun qəlbində məchul bir sual baş qaldırdı: "Magistral yol kluba yaxındır, buradan ötənlər tar-kamanın səsini və müğənnilərin zənguləsini eşidib kluba tərəf axışsalar necə?! Bəlkə stullar çatmadı? Eybi yoxdur, bu barədə şöbənin müdiri və ya sovxozun direktorluğu ilə dil taparıq. Amma hələlik qapıya gələni geri qaytarmaq olmaz, bir də ki, axı bura hamı üçün doğma olan mədəniyyət ocağıdır".

Nazimə təpənin üstünə qalxıb binaya yaxınlaşanda, onu qoca gözətçi qarşıladı. Nazimə irəliləmək istəyəndə qoca çəliyinin ucunu yerə sancıb, çuxura düşmüş gözlərini ona zillədi:

- Qızım, - soruşdu, - bilməmək ayıb deyil, soruş­mamaq ayıbdır. Əlində bir dakumentin, kağızın-zadın vaar?!

- Bəli, əmi, bəli, əmrimi elə dünən almışam. Hələ mürəkkəbi qurumayıb.

Gözətçi xısın-xısın gülüb başını buladı:

- A, qızım, - dedi, - mən əmr soruşmuram. Demək istəyirəm ki, bura sovxozun anbarıdır. Biz də sənədsiz, sübutsuz mal buraxmırıq. De görüm, sənə kükürd lazımdıı, gübrə lazımdıı, zəhər lazımdıı?! Bu malları aparmaq üçün gərək əlində dakument ola. Bəli, qızım, bəli! İncimə e, qızım, anbardan mal buraxmağın qayda-qanunu var...

Məktəbdə müəllimlərin öyrətdikləri... Bu gün gözətçinin bu cür sorğu-sualı... İçərisində cürbəcür kim­yəvi dərmanlar olan, döşəməsiz, pəncərəsiz, tavansız, qapısız klub... Nazimə çaşbaş qalmışdı. Bilmirdi mədəni-maarif yolunda elə ilk qədəmlərini atarkən düçar olduğu bu biabırçılığı necə açıb ağartsın?!

İlk dəfə mədəniyyət şöbəsinə pənah gətirəndə ona izah edib başa salmışdılar ki, Xosrov Cümşüdoviçin borcu odur ki, əmr yazsın və bir də göstərişlər versin. Bəli, əmr və göstəriş!

- Bəs onun dedikləri?!

Təcrübəli işçilərdən biri istehza ilə gülümsəyib Naziməyə pıçıldamışdı:

- Xosrov Cümşüdoviçin o cür canfəşanlığı sözdə və zahirdədir, başa düşdün?!

Nazimə təəssüf və təəccüb mənasında başını tərpətdi...

Əlqərəz, əmr var, klub yox. Nazimə başladı ona-buna gileylənməyə. Rayonun kəndlərində mədəni-maarif müəs­sisələrinin vəziyyətindən hali olan Əsmər xala çıxılmaz vəziyyətə düşmüş naşı mədəniyyət işçisindən soruşdu:

- Qızım, de görüm, klub nə deməkdir?

Nazimə məktəbdə öyrəndiklərini və bir də ki, Xosrov Cümşüdoviçin ona dediklərini tutuquşu kimi təkrar etdi.

Əsmər xala şaqqanaq çəkib güldü:

- Qızım, - dedi, - görünür hələ xamsan, rayonumuzun şəraitinə uyğunlaşmamısan. Klub illərlə bağlı qalan iri bir binadır. Müdirin vəzifəsi odur ki, ağzına iri və paslı bir qıfıl vurub, açarını da ya cibində gəzdirsin, ya da ki, divardakı mismardan assın. İclas, kino olanda, bir də ki, "nazirlikdən və ya yuxarılardan gələn var" xəbəri eşidiləndə qapısını açsın, ayın başında da əmək haqqı cədvəlinə qol çəkib maaşını alsın. İndi başa düşdün?! Bir də ki, diplom almağına baxma, qızım, köhnə bazara təzə nırx qoya bilməzsən. Nə bilim, dərnək, tar-kaman, etika, estetika... Etika odur ki, palaza bürün, elnən sürün. Bütün klub müdirləri necə, sən də elə. Açarını gəzdir, maaşını da al.

Nazimə qıfıl da aldı, açar da, ancaq yeddi aydır ki, əmək haqqı cədvəlinə qol çəkib maaş ala bilmir.

Kənd Sovetinin sədri Baba Qocayev deyir ki, gərək məsələyə obyektiv yanaşasan. Sovetliyin əhatə etdiyi Əbdürrəhmanı kənd klubunda mədəni-kütləvi işlərin olmamasının obyektiv səbəbi vardır. Klub müdiri Xeyransa Abbasova maliyyə-kredit texnikumunu bitirdiyi üçün mədəni-maarif işlərində səriştəsi yoxdur. İş olmayan yerdə də nə nöqsan? Ancaq klubun qapısı da var, qıfılı da, açarı da. Onun müdirinə maaş halaldır. Nazimənin təyin olduğu klubun isə nə pəncərəsi var, nə də ki, qapısı. Sovet sədri bu məsələyə öz obyektiv və subyektiv münasibətini şərh edib deyir ki, klubu döşəməsiz, tavansız, dərnəksiz, tarsız, qavalsız, zənguləsiz təsəvvür etmək mümkündür, ancaq qapısız yox. Kluba bircəcə qapı salınsa və üstündən də qonşu kəndlərdə olduğu kimi sanballı bir qıfıl asılsa, kənd Soveti heç vaxt Nazimənin əmək haqqını əsirgəməz.

Bəli, qıfıl-açar almaqla mətləb hasil olmadı. İndi də qapı dərdi...

Bir də görürsən, təzə bir "Volqa" və ya "QAZ-69" avtomaşını toz qaldıra-qaldıra küçələrdə dövrə vurub, sonra da gəlib dayandı kəndin ortasında. Adamlar dəyir bir-birinə. Biri deyir "raykom gəldi", digəri deyir "ispalkom gəldi". Bu gəlişdən hamıdan çox Nazimə sevinir. O sevinir ki, klubun daxili vəziyyəti olmasa da, elə xarici görünüşü raykom və ispalkomun diqqətini cəlb edəcək və bu müşkül məsələyə bir əncam çəkiləcək. Soruşacaqlar ki, iki min nəfərdən artıq əhaliyə, dağı dağ üstə qoyan bu sovxoz fəhlələrinə nə kimi mədəni xidmət göstərilir? Klub və kitabxanalar bir yana qalsın, bu ictimai idarə binaları, onların həyət-bacası nə üçün biabırçı vəziyyətdədir? Əlqərəz, mərkəzdən gələnlər sovxoz başçılarını tuturlar sorğu-suala: "Mal-qara yaylağa qaldırılıbmı? Yun təhvilinin vəziyyəti necədir? Yaz yağışları zəmiləri yatırtmayıb ki? Üzüm tənəklərinə neçə dəfə dərman vurulub? Xudahafiz!.."

- Xudahafiz!..

Söz-söhbət bununla da yekunlaşır. Nə "klub" kəlməsi işlədilir, nə kitabxana adı çəkilir, nə də ki, avadanlıqdan söhbət açılır...

Yəqin ki, oxucu bizə irad tutub deyəcək ki, bu işlərin əsas təqsirkarlarından biri və bəlkə də birincisi bu kəndləri birləşdirən sovxozun direktoru Əkbər Zeynalov olduğu halda, onun ünvanına bircə kəlmə də tənqidi cümlə yazılmayıb.

Düzdür, əsas təqsirkar Əkbər Zeynalovdur. Lakin kişinin rayondakı mövqeyini və nüfuzunu nəzərə alıb onun adını çəkməyi rəva bilmirik. Nə gizlədək, Əkbər Zeynalov vaxtı ilə rayon komsomol komitəsinin katibi, rayon partiya komitəsinin məsul işçisi olub, on ildən artıqdır ki, bu boyda böyük təsərrüfata başçılıq edir. İki klubdan ötrü diliacılıq edib, onun kefinə soğan doğramağa dəyərmi? Əlbəttə, yox. Sağ olsun kənd camaatını, adamları olduqca səbirlidir. Klubdur, on il bundan qabaq bünövrəsi qoyulub, divarı hörülüb, üstü də döşənib. Hələlik içərisində kimyəvi dərmanlar saxlanılır. Sovxoz tabe olduğu trestin qarşısında məsələ qaldırsa, trest də Bakıya üz tutub, Üzümçülük və Şərabçılıq Komitəsindən rəsmi razılıq alsa, işlər qaydasına düşər. Məsələn, layihə-smeta sənədləri hazırlanar, inşaat təşkilatlarına sifariş verilər, tikintiyə başlanar və beləliklə də, klubun qapı və pəncərələri yerbəyerində olar. Nazimə də, Xosrov Xanbutayevin buyurduğu kimi, başlayar fəaliyyətə. Odur ki, belə xırda-xuruş məsələlərdə tələsmək və ya bir ağaca minib, min birini yırğalamaq nə lazım?

Bir də ki, bu barədə gərək ehtiyatlı olasan. Əgər biz Əkbər Zeynalovun xətrinə dəysək, adamı bilmək olmaz, o da açıb sandığı, tökər pambığı. Deyər ki, neçə ildir ki, Yuxarı Seyidəhmədli, Şükürbəyli, Mahmudlu, Aşağı Veysəlli, Govşad kəndlərində klub tikmək barədə məsələ qaldırılıb, planlar tərtib olunub. Amma bünövrəsini qoyan yoxdur. Aşağı Alxanlı kəndində kluba aqronom müdirlik edir. Qolunu çırmayıb işə girişən olsa, qonşu Cəbrayıl, Ağcabədi, Mirbəşir rayonlarındakı klub və kitabxanalarda bundan da betər biabırçılıqlar üzə çıxar.

Bu cür xoşagəlməz söz-söhbəti nəzərə alıb biz də heç dərinə getməyək. Elə buradaca cümləmizi bitirib axırına da iri bir nöqtə qoyaq. Əgər bu yazıdan sonra işdi-şayət Nazimənin iş və maaş məsələsində, göstərilən idarə və təşkilatların mədəniyyətə münasibətində, klub və kitabxanaların fəaliyyətində sevindirici bir dəyişiklik olsa, onda oxuculara şad xəbər verərik.

 

 1978-ci il

 

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com