www.aliildirimoglu.az

FELYETONLAR

YORDU BU YOLLAR BİZİ...

Sərnişin qatarı aralıdan fit verib Horadiz dəmiryol stansiyasına yaxınlaşanda, bayaqdan sükan arxa­sın­da mürgü vurub, müştəri gözləyən sürücülər sək­sə­nib, dərindən köks ötürdülər. Nisbətən yaşlı görünən taksi sürücüsü taygöz maşının sınıq fənərlərinə işarə edərək:

- Sən öləsən, dədəm oğlu qardaşım da gəlsə, Qarabağ yollarına maşın sürmərəm! Zavoddan gətirdiyim beş ay olmaz. İndidən gözünü qıyıb, yanını əyib, məndən təmir umur, - deyib, hirsini soyutmaq üçün, ovurdu şişən arxa təkərə solaxayı bir təpik ilişdirdi.

Hamı gülüşdü. Avtomaşınları bu kökə salan çala-çuxur, daşlı-kəsəkli, tozlu-torpaqlı, əyri-üyrü yollar barədə hərənin ağzı bir avaz çalırdı. Onların dediklərini nə dilə gətirmək olar, nə də ki, qələmə almaq. Xüsusilə, Ağdam və Füzulidəki yol tikinti idarələrinin ünvanına deyilən hərzə-hədyan sözləri. Gərək gözlərini bərk-bərk yumub, qulağına da yumşaqca pambıq tıxayasan.

Elə ki qatar fısıldaya-fısıldaya perrona yan aldı və yol bələdçilərinin əllərində kiçik işarə bayraqları göründü, avtomaşınlar başlayır asqırmağa, öskürməyə, axsamağa, xoruldamağa. Vaqondan düşən əli çamadanlı, çiyni xur­cun­lu, qoltuğu qovluqlu, dalı şələli sərnişinlər tələsik addımlarla maşınlara tərəf cumurlar. Vay o adamın halına ki, mən Ağdama və ya Martuniyə gedirəm, desin. Sürücülər üzlərini o tərəfə çevirib özlərini ya görmə­məzliyə vurur, ya da ki, eşitməzliyə. Kənardan bunu eşidib, görən maşın sürücüləri isə ehmalca sivişib aradan çıxırlar.

Bir də görürsən, sərnişinlərin biri qırsaqqız olub yapışdı təzə taksi maşınının sürücüsünün yaxasından:

- Acizanə xahiş edirəm, əlimi ətəyindən üzmə. Dünən təcili teleqram almışam. Məhkəmədə şahidəm. Hakimlərin gözü yoldadır, müqəssirlər intizarda. Gərək günortaya qədər özümü Martuniyə çatdıram.

Bir başqası:

- Qadan alım, sözümü yerə salma, pulunu birə ikiqat verəcəyəm. Bibim nəvəsinin toyudur. Aşıqların sazı sinəsində, müğənnilərin qavalı qulağında qalıb. Qohum-əqrəba səbirsizliklə yolumu gözləyir. Bu gün gəlinin yolkəsdisidir. Məni Ağdama...

Müştərilər yalvarıb yorulandan sonra, sürücülər dillərini işə salırlar:

- Beyləqana, Daşburuna, Zəngilana, lap Bakıya gedir­sinizsə, gözüm üstə yeriniz var, buyurun, əyləşin. Ancaq Martuniyə, Ağdama üz vurmayın. Vicdan haqqı yollara "Volqa" yox, heç traktor da tab gətirməz.

Xahişlər yalvarışa, yalvarışlar da yaxalaşmaya çevrilir. Sürücülərlə müştərilər əlbəyaxa olmaq məqamına çatanda, milis işçiləri kənardan fit çalıb onları dövrəyə alırlar...

Yaxud bir də görürsən ki, Martuni avtovağzalında bir nəfər yaşlı qadın haray-həşir salıb:

- Oğlum bu il ali məktəbi qurtarıb, incinar olub. Təyinatını da Martuniyə veriblər. Ötən bazar günü tele­fonla danışanda dedim ki, bala, düyəmiz doğub, bir çağal da buzovu olub. Gədə sevindi, dedi ki, nənə, yaman darıxıram. Mən də sor-sovqat düzəldib, bir qazan da qatıq çaldım. Dedim ki, nübardı, siftəsindən oğlum da yesin. Qazaxda oturdum avtobusa. Ağdamda qazanın ağzını açanda gördüm ki, heç qaymağı da tərpənməyib. İndi Martunidə düşəndə görürəm ki, hansı əli-qolu qurumuşsa, qaymaqlı qatığımı çırpışdırıb, yerinə ayran doldurub. Milisə tel vuracağam! Tapın, mənim qaymaqlı qatığımı!

İnzibati orqanlar işə qarışır. Şikayətçinin ərizəsi alı­nır. Avtobuslarda axtarışlar başlanır, sərnişinlər bir-bir yoxlanır. Vedrələr, qazanlar danqadanqla nəzərdən keçi­rilir. Ancaq bir mətləb hasil olmur.

...Neçə aydan sonra şikayətçiyə belə bir cavab məktubu göndərilir: "Tərəfimizdən aparılan hərtərəfli axtarışların, operativ yoxlamaların nəticəsi, məhkəmə, yol və avtomaşın ekspertlərinin verdiyi rəylər göstərir ki, Ağdam-Martuni-Füzuli yollarında hərəkət edən avtobuslarda şiddətli silkələnmələr və atılıb-düşmələr baş verir. Qazax, Tovuz və Gəncəbasar qatıqları Qarabağın narahat yollarında belə bir silkələnməyə tab gətirə bilməz və təbii olaraq çalxalanıb, ayran halına düşməlidir. İşdəki sənəd və sübutlardan göründüyü kimi, qatıq barədə yolçulardan şübhələnməyə heç bir əsas yoxdur və təqsir yollardadır. Onu da nəzərinizə çatdırmağı özümüzə borc bilirik ki, siz əgər Martunidə yox, Füzulidə düşsəydiniz və çalxalanma bir qədər də davam etsəydi, qazanda əlavə olaraq yağ əlamətləri də müşahidə edilərdi...".

Əgər belə isə daha çatma, nehrə, tuluq nəyə lazımdır? Onları elə indidən muzeylərə göndərib, qatıq çalxalamaq istəyənləri də Ağdam, Martuni, Füzuli, Hadrut, Laçın, Qubadlı, Cəbrayıl, Kəlbəcər yollarında avtobusa əyləşdirmək lazımdır. Qəribə möcüzədir...

Bu cür möcüzələri araşdırmaq üçün dəftər-qələm götürüb, maşına əyləşib yollara çıxanda görürsən ki, Martuninin baxarındakı yoxuşun başından bir dəstə adam bərbad hala salınmış yolun kənarında dayanıb söz güləşdirirlər. Füzulidəki yol tikinti idarəsinin rəisi deyir ki, işi davam etdirməkdən ötrü gərək əvvəlcə buradan keçən yeraltı kabeli çıxarıb, yerini dəyişdirməlisiniz. Martuni rayon rabitə idarəsinin rəisi də iki ayağını bir başmaqda cütləyib deyir ki, bu işi biz yox, siz görməlisiniz.

Bu cür buyur-buyuru görəndə adamın yadına Molla Nəsrəddinlə arvadının "Dananı kim suvarsın" əhvalatı düşür:

- Yox, sən suvaracaqsan!

- Yox, sən suvaracaqsan!

Yol inşaatçıları deyirlər həmdən-həmə, rabitəçilər deyirlər damdan-dama.

Əlbəttə, belə yersiz söz-söhbəti uzatmaqdansa, onlar əlbir-dilbir olub asfalt yolun uzanmasına təkan ver­səydilər, sürücülərlə sərnişinlər hər iki idarənin başçılarına "əfəl" yox, "əhsən" deyərdilər.

Burada yenə də Molla Nəsrəddinin bir lətifəsini yada salaq: Mollanın evinə od düşüb yanmağa başlayır. Qonşulardan biri Mollanı axtarıb tapır və evin içəridən yandığını ona xəbər verir. Molla heç bir təlaş keçirmədən cavab verir ki, arvadla vəzifə bölgüsü aparmışıq. Mən bayırdan qazanıb gətirməliyəm, o da evin içinə cavabdehdir. Ona görə də arvada çatdırın ki, mən onun işlərinə qarışa bilmərəm.

Martunidə, Qubadlıda, Hadrutda, Cəbrayılda, Laçın­da, Füzulidə magistral və kəndarası yolların narahatlı­ğından, yolçuların narazılığından söhbət düşəndə həmin rayonların icraiyyə komitələrinin sədrləri də məsələyə mollasayağı yanaşırlar:

- Hərənin öz işi-gücü var, - deyirlər. - Yol hara, ispalkom hara?

Əlbəttə, onlar belə bir məsələnin vacibliyini dərindən başa düşsələr, yol idarələrinə ciddi tələbkarlıq göstərsələr və ya bu işə, necə deyərlər, canı-dildən yanaşsalar, yuxarıda göstərdiyimiz gülünc əhvalatlar baş verməz. Həmin rayonlara xidmət edən Füzulidəki yol tikinti idarəsinin planı da ilbəil kəsirdə qalmaz.

İnsafən, plan məsələsində Ağdamdakı yol tikinti idarəsinin rəisi ilə baş mühəndisin fərasətlərinə söz ola bilməz. Göz dəyməsin! Bir də görürsən, yaz gəlməmiş rəis kabinetində əyləşib düyməni təmkinlə basdı. İş icraçıları onun hüzurunda müntəzir oldular. Ekskava­torlar, buldozerlər nərə çəkib dağları lərzəyə gətirdi. Köhnə asfalt yollar bir-iki həftənin ərzində alt-üst oldu. Yolun ortasında da əlavə olaraq torpaq, çınqıl təpələri düzüldü. Sağ tərəf üzüm plantasiyaları, sol tərəf taxıl əkinləri. Di gəl görək maşınlar haradan keçsin?! Yağdı - palçıq, gün oldu - toz, duman...

Yaxşı, tutaq ki, bəzi-bəzi obyektiv və subyektiv səbəblər üzündən asfalt işi ləngiyir. Bəs yola tökülmüş çınqılı yaymağa və toz olmasın deyə, hərdənbir bura su çiləməyə nə söz?!

Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir. Torpaq işi ilə asfalt əməliyyatı arasında da illərlə fasilə olarmı?! Əlbəttə, inşaatçıları bu sualların cavabı yox, plan və pul məsələləri maraqlandırır. Rəis, işlər öz qaydasında gedirmiş kimi:

- Bu il həmin istiqamətdə üç yüz min manatlıq yol tikinti işinin iki yüz min manatlığını görmüşük, - deyir.

"Afərin!" Bəs, yola forma verib onu düzəltmək, bəs asfalt? Bu məsələdə yol inşaatçıları əsla tələsmirlər. Deyirlər ki, yay var, payız var, qış var...

Yəqin yol-istismar idarələrinin başçıları bu felyetonu oxuyanda bizdən inciyib deyəcəklər ki, jurnalistlər vacib bir məsələni niyə unudublar. Yolların kənarında cərgə ilə ağac əkmək, yaşıllıq zonası yaratmaq və ya istirahət guşələri tikmək üçün hər il dövlət ətək-ətək pul buraxır. Di gəl ki, Mil, Muğan, Şirvan və Qarabağ zonalarında bu müşkül bir məsələ olub. Çünki əkinlər yola dirənir və yaşıllıq üçün bir qarış da boş yer qalmır. Hətta bəzi rayonlarda filan qədər xərc çəkilib salınan təzə və əsaslı yollar tarla becərən kultivatorların dönmə zolağına çevrildiyindən istismar müddətindən əvvəl sıradan çıxırlar.

Çobanlar və naxırçılar da bir tərəfdən giley-güzara başlayırlar:

- Bəs, bizim köç yolumuz?! Boz sürülərlə üz-üzə dayanıb duran avtomaşınların aramsız siqnalları yatanda da qulağımızda cingildəyir...

Haqq sözə nə demək olar? Yəqin ki, bu yazdıqla­rı­mız, adları çəkilən rayon və yol idarələri başçılarının qula­ğında gur bir səslə cingildəyib, onları ağıllı-başlı ayıldacaqdır...

 

1980-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com