www.aliildirimoglu.az

FELYETONLAR

"ÇOBAN" MƏFTİLLƏR

Seminar-müşavirə qurtardı. Təsərrüfat başçıları avto­maşınlarına əyləşib, sovxoz və kolxozlara yollandılar. Kənd Təsərrüfatı Nazirliyinin nüma­yən­dələri tələm-tələsik ezamiyyət vərəqələrini qeyd etdirib, özlərindən razı halda Mincivan-Bakı qatarı ilə geri döndülər. Mədəni otlaq barədə hələ heç bir təcrübəsi olmayan, müşavirəyə gecikən və ya salonda mürgü vuran bəzi heyvandarlar rayon kənd təsərrüfatı idarəsi rəisini kabinetində dövrəyə alıb, ona müxtəlif suallar verirdilər. Rəis isə nazirlikdən gələnlərin dediklərini bir qədər sadə və qısa şəkildə onlara təkrar edirdi:

- Mədəni otlaqların əhəmiyyəti böyükdür. Biz bunu dərindən dərk etməliyik. Yem vahidi, zülal, vitamin, ət, süd... - Rəis həyəcanlı danışığına ani fasilə verib, sözünə davam etdi. - Elə ki, yay düşdü, cırcıramalar səs-səsə verib, biqərar nəğmə oxumağa başladı, gözümüz qalır Zəngilan dağlarının zirvəsində. Görəsən nə vaxt duman gələcək, şimşək çaxacaq, yağış yağacaq və otu saralıb-solan örüşlərimiz yaşıllaşacaq?! Cins inəklər də bu yaşıl yemdən o ki var yeyib, doyub, ətə-qana gələcək və bol-bol süd verib bizi feyzyab edəcək?! Yox, indi duman da, çən də, yağış da öz əlimizdə olmalıdır. - Rəis axırıncı ifadəni işlədəndə özündə xeyli yüngüllük hiss edib, vəcdə gəldi: - Lazım olanda sudartan qurğu işə salınacaq, süni yağış aqreqatları hərəkətə gələcək, göydən leysan ələnəcək. Yaşıl çəmənlikdə vitaminli otlar tel-tel olacaq. Burada çobanları da zəif elektrik cərəyanı buraxılmış məftillər əvəz edəcək. Bəli, bəli, məftillər. Axı buna nahaq yerə "çoban" məftillər demirlər ki... İnəklər qay­danı pozub, otlama zolaqlarından sağa və ya sola çıxmaq istədikdə daha onların qabırğasını dəyənək əziş­dirməyəcək. Heyvanın burnu, qulağı, buynuzu, quyruğu məftilə toxunan kimi elektrik cərəyanı onu yüngülcə, mədəni qaydada qıcıqlandırıb, qıdıqlayıb, öz isti­qamətinə yönəldəcəkdir...

İdarənin baş mütəxəssisləri başlarının təmkinli hərəkəti ilə rəisin dediklərində böyük həqiqət olduğunu hiss etdirdilər.

...İnəkləri az süd verən, otu qıt olan, satın yem almaq üçün ətək-ətək pul xərcləyən, ferması rentabelli işləməyən, mal-qarası yaşıl yemə tamarzı olan sovxoz və kolxozların başçıları səliqə ilə geyinib-kecinib, mədəni otlaq üçün rayon başçılarının kabinetlərinin qarşısında qəbula dayanmışdılar. "Bakı fəhləsi" kolxozunun baş­çıları təkidlə tələb edib deyirdilər:

- Çölümüz də var, çəmənimiz də. Amma dumanımız, çiskinimiz, suyumuz çatmır. Onlar da düzəlsə...

Həkərli kolxozu başçılarının telefon zəngləri ara vermirdi:

- Üzümçülüyü, tütünçülüyü, taxılçılığı inkişaf etdirmək üçün işçi qüvvəmiz çatışmır. Otlaqlarımız mə­dəni şəklə salınsa, çobanların çomağını əlindən alıb; onu dəhrə, yaba, bel, külünglə əvəz edib, onları əkinçilik, bağçılıq sahəsinə göndərərik. Onların vəzifəsini də "çoban" məftillərə tapşırarıq. Bununla da bir güllə ilə iki ov vurmuş olarıq...

Bakıdan, Gəncədən gələnlər xəbər yayırdılar ki, Qarabağ, Şirvan, Mil, Muğan rayonlarının təsərrüfatları mədəni otlaqların yaradılmasında xeyli qabağa düşüblər, "çoban" məftillər artıq fəaliyyətdədir. Qonşu qonşuya baxar, deyiblər. Dağ rayonlarında qonşulardan geri qalmamaq üçün hamı əl-ayağa düşdü. Respublikanın Baş Meliorasiya və Su Qurğuları Tikintisi İdarəsinə, onun yerlərdəki trestlərinə sifarişlər verildi. Layihə-smeta sənədləri tərtib olundu. Geniş düzlər hasara alındı, mo­tor­lar, mexanizmlər yerbəyer edildi. Otlaqlar hissələrə bölündü. "Çoban" məftillər zolaqların arasında tarım dayan­dı. Məftillərin elektrik cərəyanına birləşdiyi his­sələrdə "təhlükəlidir" sözləri yazıldı, xəbərdarlıq plakatları asıldı və sair...

Xülasə, inşaatçılar tikinti-quraşdırma işlərini tamam­layıb alagöz yüzlükləri, qırmızı onluqları qatlayıb qoydular ciblərinə. Sifarişçilər öz dəst-xətlərilə qəbul aktlarını imza edib, üstündən də dəyirmi möhür vurdular. Bu münasibətlə təşkil olunan qonaqlıq, ziyafət də öz yerində...

Amma indi mədəni otlaqlar barədə cürbəcür məzəli söz-söhbətlər gəzir. Danışırlar ki, məftillər daha "çobanlıq" etmir. Məsələni araşdırmaq üçün kələfin ucundan yapışanda və gedib "Bakı fəhləsi" kolxozuna çatanda, mədəni otlaqda nə naxır görünür, nə də naxırçı. Görürsən ki, otsuz, çəmənsiz, çiçəksiz boş bir səhrada rayon prokurorluğunun müstəntiqi ilə kolxoz idarə heyətinin sədri Zeynal Zeynalzadə dayanıblar üz-üzə. Müstəntiq kolxoz başçısını tutub sorğu-suala:

- Özün ali təhsilli zootexnik ola-ola, nə üçün qulluq vəzifənə səhlənkar yanaşırsan?! Sudartan qurğu hara­dadır, süni yağış aqreqatlarını kim söküb aparıb?! Mexanizmlərin sökülüb-dağılmağı bir yana dursun, bəs bura iki min manatlıq ot toxumu səpmək barədə niyə saxta məlumat vermisən?..

Sədr də obyektiv və subyektiv faktların ətəyindən yapışıb, özünümüdafiəyə keçir:

- Yoldaş müstəntiq, - deyir, - sədr işlədiyim beş il ərzində fermada hər yüz inəkdən alınan buzovların sayını iki baş artırmışam. Məgər bu, irəliləyiş deyil? Bir belə artımın müqabilində mənə "çox sağ ol!" demək əvəzinə...

Partiya təşkilatı katibi isə sədrə qahmar çıxaraq:

- İnsafla danışsaq, Zeynal Zeynalzadə sədr seçiləndən bəri kolxozumuzda satın alınan yem xeyli-xeyli artıb. Heyvandarlığa bundan da böyük qayğı olar?.. - deyir.

Əlbəttə, olar. Rayonda heyvandarlığın Zeynal Zeynalzadədən də böyük "qayğıkeşləri" var. Məsələn, elə götürək Sabir Salahovu. Varlığa nə darlıq. O, inişil başçılıq etdiyi "Çiçəkli" kolxozunun qırx min manatdan artıq vəsaitini inşaatçılara səxavətlə payladı. Mədəni otlaqların yaradılmasında fərqlənənlərə də dərin təşəkkür və ya bir neçə "kiçik" hədiyyə...

Rayon partiya və icraiyyə komitələrində keçirilən yığıncaqlarda Sabir Salahovu ehtiramla ayağa qaldırıb:

- Bax, heyvandarlıqda mütərəqqi üsulların carçısı olan belə təsərrüfat başçılarından nümunə götürün, - deyirdilər.

Təcrübəli sədr layiq olduğu etimadı doğrultmaq üçün gecə-gündüz baş işlədib, daha bir yeni üsul kəşf etdi. Belə bir nəticəyə gəldi ki, mədəni otlaqda soğan əkilsin. Soğan da bitki qrupuna daxildir və tərkibindəki vitaminlərin, zülalların miqdarına görə heç də çəmən otlarından geridə qalmır. İlk partiya təşkilatının katibi də ali təhsilli zootexnik kimi, sədrə ürəkdən "afərin!" dedi.

Rayon qəzetində mədəni otlaqlardan yüksək soğan məhsulu götürən qabaqcıl briqadaların tərifi göylərə qaldırıldı. Qonşu kəndlərdən eşidib bura gələn müştərilərin sayı artdıqca, soğanın məzənnəsi qalxırdı. Taxta tərəzinin bir gözü enir, o biri gözü ləngər vururdu. Sədrlə, partiya təşkilat katibi bu alver mənzərəsinin şahidi olduqca, fəxrlə deyirdilər:

- Görürsünüz də, mədəni otlaqların nə qədər böyük əhəmiyyəti var!

Sabir Salahovun ixtisası iqtisadçı olduğundan o, bəzi iqtisadi hesablamalar aparıb və fikrini yenə də dəyişib. Əlbəttə, bu dialektikanın obyektiv qanunudur. Hər şey inkişafda və dəyişmədədir. Sədr də müəyyən edib ki, bir qarpızın çəkisi yüz soğandan çoxdur. Bunun üstünlüyü həm də odur ki, qarpızın dilimlərini özümüz yeyirik, qabığını mal-qaraya, dənəsini də toyuq-cücəyə verərik...

"Çoban" məftillər dilə gəlsəydi və ayaq tutub yeriyə bilsəydi, maşını tez-tez mədəni otlağın yanından şütüyən kənd təsərrüfatı idarəsinin rəisi Həsən Qoşqarlının qabağını kəsib, şikayətlənər və deyərdi:

- Kolxoz başçıları qarpızın tağlarını boynumuza dırmaşdırandan sonra biz çobanlıq edə bilərikmi?!

Ancaq söz-söhbəti bu cür dərinləşdirməyin nə mənası? Həsən Qoşqarlının partiya təhsili var, qabaqlar raykom katibi işləyib və söz altda qalan oğul deyil. O da açar sandığı, tökər pambığı. Deyər ki, rayonda heyvandarlıq təsərrüfatı yüksək xətlə inkişaf edir. Sübut edər ki, son üç ildə rayon üzrə inəklərin sayı bir baş, çəkisi yarım kiloqram artıb. Belə bir "sürətli" irəliləyişin müqabilində bizim barəmizdə nahaq yerə diliacılıq edirlər.

İnsafən, qonşu rayonlarda da öz vəzifəsini bu cür "dəqiq" və "dərindən" başa düşənlər az deyil. Azay Ağayev gileylənib deyir ki, məni tanımayan yoxdur. Kənd Soveti sədri, sahə aqronomu, təftiş komissiyasının sədri... Amma indi mənə zəhməti az, maaşı çox olan yüngülcə vəzifə tapılmır. "Bakı fəhləsi" kolxozunun sədri Məhəmməd Məhəmmədov giley-güzarı kəsmək üçün onu kabinetinə dəvət etdi:

- Azay qağa, - dedi, - bizim bu mədəni otlağın bir mexaniklik ştatı var. Aylıq maaşı da yüzcə manat, necədir səninçün?!

Azay Ağayev bığaltı gülümsəyərək:

- Axı, mənim bu dəmir-dümürdən başım çıxmır, - dedi. - Bir də ki, "çoban" məftillərlə dil tapa bilərəmmi?!

Sədr onu başa salıb izah etdi ki, "çoban" məftillərin nə izi qalıb, nə tozu. Qurğulara da mexanik yox, onun pas atmış dəmirlərinə bir nəfər gözətçi lazımdır, o da ki var. "Sənin zəhmətin, əziyyətin hər ayın başında evindən idarəyə buyurub gəlib mədəni otlağın mexaniki kimi əmək haqqı cədvəlinə imza etmək olacaq".

Azay sədrə təşəkkür edib kabinetdən çıxanda, Məhəmməd Məhəmmədov özündən razı halda partiya təşkilatı katibi ilə baş zootexnikə müraciətlə:

- Doğrudan da mədəni otlaqların böyük əhəmiyyəti var, - dedi. - Bizi dilə-dişə salanların birinin də ağzını yumduq.

Amma hamının ağzını yummaq mümkün deyildir. Dili dinc durmayanlar danışırlar ki, rayonun təsərrü­fat­la­rında mədəni otlaqların adı var, özü yoxdur. Səbəbi? Ortalığa belə bir sual çıxanda "Sarısu" kolxozunun cins mal fermasının müdiri Gəniş Məmişov irəli çıxıb, əvvəlcə özünü təqdim edir və deyir:

- Şəkidə texnikum bitirib, mühasib köməkçisi olmuşam. Bufetçi işləyəndə hamı başıma and içib. Aşpazlıq edəndə də bişirdiyim pitinin dadı müştərilərin damağından getmirdi. İndi də heyvandarlığın bilicisi kimi məni barmaqla göstərirlər. O yerdə ki, sağım aqreqatlarından istifadə olunmur, orada mədəni otlaqlardan danışmağın lüzumu yoxdur. Bir də ki, rayon şəraitində təbii otlaq, mədəni otlaqdan faydalıdır. Biz də belə bir mülahizəni əsas götürüb, "çoban" məftillərlə mədəni otlağın avadanlığını sağım aqreqatlarına sarıyıb yığmışıq anbarın bir küncünə. Otlaqda da işlər dədə-baba qaydasında gedir. Bellə suvarılır, kərənti ilə biçilir...

"Dost dosta tən gərək, tən olmasa gen gərək" - deyiblər. Heyvandarlıqda mütərəqqi üsulların tətbiqi barədə qonşu rayonlar da öz yarış dostları ilə tən gələr. Qonşu rayonun və bəzi adlı-sanlı təsərrüfatların başçıları deyirlər ki, yəni xoruz olmasa səhər açılmır?! Biz mədəni otlaqlar, "çoban" məftillər olmadan da keçinə bilərik. Bir də ki, satın alınan yemin faydalı cəhətləri çoxdur... Amma yemi almaq, mədaxil, məxaric etmək, lazım gələndə ora-bura ötürmək hər sovxoz direktorunun və kolxoz sədrinin hünəri deyil. Bunun üçün kəndirbaz və ya gözbağlayıcı məharəti lazımdır.

Lakin təsərrüfatçılar bu cür məharətlərini külli vəsait hesabına tikilən mədəni otlaqların saxlanmasına və ondan mədəni qaydada istifadə olunmasına sərf etsələr, cins inəklər arıqlayıb əldən düşməz, fermalar rentabelli işləyər, qış qapını kəsəndə kəndlər şəhərlərə əl açmazlar.

Məsələ aydın olduğu üçün mətləbi uzatmağa dəyməz. Bu yazıda onu aydınlaşdırmaq istəyirik ki, mədəni otlaq lazım deyilsə, nə üçün yaradılıb? Tikilibsə, niyə sökülüb-dağılıb? Nə üçün dövlətin milyon manatlarla vəsaiti havaya sovrulub? Onda da xalq nəzarətçiləri, dövlət ittihamçıları, istintaq orqanları qollarını çırmayıb girişəcəklər işə.

Ay girişdilər ha! Bir də ki, kim kimədir, canım! Odur ki, daha nahaq yerə özümüzü əziyyətə salıb dərinə getməyək, elə buradaca məktubumuzu tamamlayıb axırına da üçcə nöqtə qoyaq...

 

1980-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com