www.aliildirimoglu.az

FELYETONLAR

ÖRKƏN DOĞANAQDAN KEÇƏR

Rayon icraiyyə komitəsinin sədri Həmid Məm­mə­dov əlini ətirli sabunla yuyub, qatı təzəcə açılmış dəsmalla silib, mürəbbə və çay qoyulmuş stolun başına keçdi. Kolxoz sədrinin arvadı Qaratel xanım ocağın üstündə dəm alan plovun yağını cızhacızla tökdükdən sonra, Həmid Məmmədova tərəf yönəlib, gülə-gülə:

- Allaha şükür, - dedi, - ərim kolxoz sədri, hər şey də əlimizdə. Elə deyirəm ad olsun... Ad olsun ki, kitab­xanaçıyam. Camaat deməsin ki, kolxoz sədrinin arvadı işləmir. Bir də ki, necə olsa sədr evidir. Sizin əziz canınız üçün, səhərdən axşamacan qonaq-qara əlindən başımı qaşımağa vaxtım olmur. O mədəniyyət şöbəsi də lap məni təngə gətiribdir. Bir də görürsən məktub göndərirlər. Aparıb oxutdururam, görürəm ki, yazıblar sabaha filan işləri görməlisən və bir də...

Rayon icraiyyə komitəsinin sədri Məmmədov Qaratel xanımın sözünü kəsib bəzi rəhbər işçilərə məxsus təkəbbürlə:

- Qaratel xanım, sən işində ol, - dedi. - Heç kimin sözünə qulaq asma. Örkən nə qədər uzun olsa, axırda gəlib doğanaqdan keçəcəkdir...

Həmid Məmmədov maşına minib rayon mərkəzinə qayıdandan sonra, kənd Sovetinin sədri Qaratel xanımı yanına çağırıb, ona bir kağız verdi. Qaratel xanım tez soruşdu:

- Bu nədir?

- Əmrdir.

- Oxuyun görüm əmrdə nə yazılıb?

Kənd Sovetinin sədri əmri oxudu: "Mədəniyyət Nazirliyinin qərarına əsasən, savadsız olduğundan və işin öhdəsindən gələ bilmədiyindən, Mahmudlu kənd kitabxanasının müdiri Qaratel Heydərli tutduğu vəzifə­sindən azad edilsin. İmza: Rayon mədəniyyət şöbəsinin müdiri Şiraslan Şəfiyev".

Qaratel xanım əmri eşitdikdə elə qışqırdı ki, kənd Sovetinin sədri dik atıldı. O, barmağını silkələyə-silkələyə:

- Get o Şiraslana de, ondan bir Şiraslan qayıraram ki, iki şirinən, beş aslan da yanından çıxar!

Kənd Soveti sədri heç bir söz demədən yerində donub qaldı. Qaratel xanım isə qapını hirslə açıb idarədən çıxdı.

Rayon mədəniyyət şöbəsinin müdiri çox əlləşdi, özünü ora-bura çırpdı, mümkün olmadı. Örkən doğa­naqdan keçən məqamda məsələ Qaratel xanımın xeyrinə həll edildi.

Rayon mədəniyyət şöbəsinin müdiri Şiraslan Şəfiyev sinəsini yazı stoluna söykəyib aşağıdakı əmri verdi: "Əmr. Mahmudlu kənd kitabxanasının müdiri Qaratel Heydərli vəzifəsində qalsın. Şöbənin əvvəlki əmri ləğv edilsin".

Aradan bir neçə ay keçdi. Bir gün Şiraslan Şəfiyev belə bir məktub aldı: "Respublika Mədəniyyət Nazirliyi sizə bildirir ki, kitabxana işçilərinin respublika attes­tasiya komissiyasının qərarı ilə Mahmudlu kənd kitabxanasının müdiri Qaratel Heydərli azsavadlı olduğundan vəzifəsindən azad edilmişdir. Ona görə sizə qəti təklif edilir ki, beş gün müddətində Qaratel Hey­dərlini bir nəfər təhsilli, ixtisaslı, bacarıqlı və işgüzar yoldaşla əvəz edəsiniz".

Şiraslan Şəfiyev başını iki ovcu arasına alıb, fikir dəryasına qərq oldu. Zavallı müdir bilmirdi ki, nə etsin. Mədəniyyət Nazirliyinəmi, yoxsa icraiyyə komitəsinin sözünəmi qulaq assın. Nə isə, çox fikir-xəyaldan sonra o, bütün qüvvəsini toplayıb canını dişinə tutub, yenidən belə bir əmr verdi: "Əmr. Mahmudlu kənd kitab­xa­nasının müdiri Qaratel Heydərli vəzifəsindən azad edilsin. Kitabxananı təhvil almaq üçün şöbənin ins­pektoru Mehrəlizadənin sədrliyi ilə aşağıdakı tərkibdə komissiya yaradılsın... Həmin komissiya Mahmudlu kəndinə ezam edilsin. Mahmudlu kənd Sovetindən xahiş edilsin ki, bu işdə öz köməyini əsirgəməsin...".

Komissiya üzvləri maşınlara əyləşib, Mahmudlu kəndinə yollandılar. Ancaq suyu süzülmüş kimi də geri qayıtdılar. Danışıq böyüdü. Kimin haqlı, kimin haqsız olduğu araşdırıldı. Yenə də örkən doğanaqdan keçərkən, Qaratel xanım qalib gəldi...

Günlər keçdi, həftələr dolandı, axırda Qaratel Hey­dərli yox, mədəniyyət şöbəsinin müdiri dəyişildi. Yeni müdir Ötərxan Ötgəmov öz gücünü sınamaq və Qaratel xanımı yerindən tərpətmək üçün isti-isti bir əmr verdi. Əmrin sədası Qaratel xanıma çatan kimi Ötərxan Ötgəmovu rayon icraiyyə komitəsinin sədri Həmid Məmmədovun yanına çağırdılar. Qaratel xanımın öz vəzifəsindən kənar edilməsinə dair əmrin ləğv olunması barədə Ötgəmova qəti göstəriş verildi.

Ötərxan Ötgəmov kor-peşman kabinetinə qayıdıb bir əmrə baxdı, bir yan-yörəsinə. Sonra dərin bir ah çəkib, qələmi əlinə aldı. Verdiyi əmri ləğv etmək üçün...

 

 1956-cı il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com