www.aliildirimoglu.az

FELYETONLAR

YARIMÇIQ TİKİNTİLƏR, HARAM TİKƏLƏR

Rəis stolun üstündəki qalın qovluğu götürüb və­rəq­­­lədi, bəzi sənədlərə imza etdi və yorulub əl­dən düşüb­müş kimi dərindən nəfəs alıb barmağını zən­gin düy­məsinə toxundurdu. İçəri daxil olan katibəyə dedi:

- Alanovla Cəncəlovu yanıma... Sonra da bir xoruz­pipiyi çay, lumusu da olsun, beş-altı da nanəcövhərli konfet...

Katibə xəfifcə gülümsündü və ehtiramla:

- Baş üstə, - deyib gözlərini süzdü və geri döndü.

Bir neçə dəqiqədən sonra baş mühəndis Vahid Alanovla baş mühasib Cəlal Cəncəlov rəisin qarşısında üzbəüz əyləşdilər. Rəis stulundan qalxıb kabinet boyu bir neçə dəfə var-gəl edəndən sonra, enli kürəyini elektrik peçinə tərəf çevirib dayandı və ciddi bir görkəm alaraq soruşdu:

- Bilirsinizmi, sizi nə üçün çağırmışam?

- Xeyr, - deyə ikisi də birdən dilləndi.

- Rayon partiya və icraiyyə komitələrində məsələmizi qoyublar. Keçən ilin yekunu, bu ilin vəzifələri, aydındır?

Baş mühəndislə baş mühasib sakitcə başlarını tərpətdilər. Rəis tapşırdı:

- Məruzə hazırlamaq lazımdır. Bu işi ikinizə həvalə edirəm. - Sonra baş mühəndisi mənalı-mənalı süzərək:

- Mən təcili nazirliyə getməliyəm, gec qayıtsam məruzəni özün edərsən, - dedi. - Yazanda nöqsanları gizlətməyin, nə varsa hamısını doğru-düzgün göstərin. Qoy deməsinlər ki, özünütənqiddən qorxuruq.

Rəis sözünün bu yerində öskürüb, boğazını arıtladı. O, xüsusi bir əda ilə özünün şir ürəkli adam olduğuna və onların arxasında dağ kimi dayandığına işarə vurdu.

Baş mühəndislə baş mühasib sakit bir yerə çəkildilər. Vahid Alanov diktə etməyə hazırlaşdı. Cəlal Cəncəlov isə əlinə avtomat qələm alıb, qabağına ağ kağız qoyub, sinəsini stola söykədi. Baş mühəndis qaşlarını çatıb, alnını qırışdırıb, bir qədər fikrə gedəndən sonra dilləndi:

- Əvvəlcə sərlövhəsini yaz. Səyyar mexanikləş­di­rilmiş dəstənin rəisi Sahib Sərvərovun rayon partiya və icraiyyə komitələrində edəcəyi məruzə.

Baş mühasib qələmini saxlayıb sərlövhə məsələsinə etiraz etdi:

- Vahid, - dedi, - rəisin bizim yanımızda özünü öymə­yinə baxma. Son günlər yaman qurcalanır, elə bil kişinin kürkünə birə düşüb. Bəd xəbər olmasın, qorxuram bu də­fə nazirlikdə şələ-küləsini qoltuğuna versinlər. Ürə­yimə damıb. Odur ki, gəl hələlik məruzəçi yerini boş qoyaq.

Mühasibin sözü mühəndisin ağlına batdı. Vahid Alanov məruzəni diktə etmək istədikdə, baş mühasib yenə qələmini saxladı və soruşdu:

- İndiyədək heç məruzə yazmısan?

Baş mühəndis başını bulayaraq:

- Yox, - dedi, - birinci dəfədir.

Baş mühasib bu sahədə səriştəsi olan adamlar kimi özündən razı halda gülümsündü:

- Məruzənin qaydası var, - dedi, - əslində bunun özü də bir elmdir. Əvvəlcə gərək işdəki nailiyyətləri göstə­rəsən, müvəffəqiyyətlərdən dəm vurasan, sonra nöqsanlara keçəsən.

Nailiyyət sözü gələndə onların təəccüb dolu baxışları bir-birinə zilləndi. Hər ikisi xeyli duruxdu, sonra baş mühasib laqeydcəsinə çiyinlərini çəkdi. Baş mühəndis:

- Onda konkret fakt göstərməyək, - dedi. - Müvəffəqiyyət hissəsindən bir qədər üstü örtülü keçək. Yaz ki, ümumiyyətlə, işlərimiz pis getmir. Bəzi-bəzi nailiyyətlər qazanmışıq. İnsafən, tikintilərdə dönüş əmələ gəlib. Ayrı-ayrı iş icraçıları vəzifələrinə vicdanla yanaşırlar. Bir çox tikinti obyektləri istifadəyə verilmək üzrədir. Tez, ucuz və davamlı tikirik. Axırında da nida işarəsi qoy ki, son cümlə gurultulu çıxsın.

Baş mühəndis baş mühasibə:

- Mən ölüm, giriş hissəsini necə dedim?!

- Başın üçün, burada lap gül vurdun. Vəziyyətdən yaxşı çıxdın. Çətin sözləri lap qaldırıcı kran kimi asanlıqla tapıb qaldırdın.

Tərifdən xoşlanan Vahid Alanov bir qədər də qürrələnib sözünə davam etdi:

- İndi özünütərifdən özünütənqidə keç. Yeni xətdən başla. Yaz ki, idarəmiz keçən ilin tikinti tapşırığını otuz faiz ödəmişdir. Bu, kollektivin bütün üzvlərini mütəəssir edir. Göstər ki, qarşımıza əli çantalı, boynu qırmızı qalstuklu məktəbli çıxanda xəcalətimizdən başımızı aşağı dikirik. Çünki onların yanında dilimiz gödək, üzümüz qaradır. Bildir internat məktəbin tikintisi üçün müəyyən edilmiş tapşırığı doqquzca faiz ödəyə bilmişik. Rayon mərkəzindəki texniki peşə təhsili məktəbinin tikintisi də bərbad haldadır. Buna görə də məktəblilərin inşaatçıları görməyə gözü yoxdur. Məktəblərin tikintisinə bu gün belə münasibət bəsləməyimiz əsla bağışlanılası hal deyil. Məruzənin təsirli olması üçün bura bir atalar sözü də əlavə et. Yaz ki, "Ustadına kəm baxanın gözlərinə qan damar". Yaz ki, şəhərdə yarım milyon manat smeta dəyəri olan yeni bir mehman­xa­nanın bünövrəsi qoyulanda, rayona ezamiyyətə gələnlər sevindilər. Ancaq elə sevincək də qaldılar. Burada yüz min manat əvəzinə, vur-tut on min manatlıq tikinti işi görülüb. Bu il də ki, həmçinin. İki ayda iki daş üst-üstə qoyulmayıb.

Baş mühasib məruzənin bu yerində qəddini düzəldib, qələmi yerə qoyaraq:

- Vahid, - dedi, - gəl bu mehmanxana məsələsini məruzədən çıxaraq.

- Nə üçün?

- Ona görə ki, - deyə, baş mühasib fikrini əsas­landırmaq üçün Molla Nəsrəddindən bir misal gətirdi. - Bir gün molladan soruşdular: "Molla, hələ Al­lah yeri-göyü yaratmazdan əvvəl mələklər harada qalır­dılar?". Molla deyir: "Nə bilim harada qalırdılar? Öz xarabalarında". İndi, ay Vahid, qonaqlar bu günədək harada qalırdılarsa, qoy elə həmin xarabada da gecə­ləsinlər. Gərək elə təzə mehmanxana ola? Məgər köhnəsi pisdir? - deyib baş mühasib mehmanxanaya aid olan kəlmələrin üzərindən dolayı bir qələm çəkdi.

Vahid Alanov baş mühasibin sözünü sındırmayıb başqa faktlara keçdi:

- Onda yaz ki, rayonda bünövrəsi qoyulan yağ-pendir zavodunun, idarə binasının tikintisinə baxanda adamın qanı qaralır. Göstər ki, tikinti sahəsində sifarişçi təşki­latların yanında dilimiz gödəkdir.

Baş mühəndis son cümləni tamamlayıb, əlini qoydu baş mühasibin çiyninə:

- Nöqtə qoy, sonra keç təzə xəttə, - dedi. - İndi də nöqsanların obyektiv və subyektiv səbəbləri barədə. Yaz ki, inşaat materialları vaxtında göndərilmir. Göndərilən keyfiyyətli materiallar da keyfiyyətsiz adamlara yem olur. Əmtəəşünas bir vaqon sementi, iki vaqon kubik daşını udanda ilişib qalıb boğazında. Milis işçiləri də qollarını çırmayıb salıblar əmtəəşünasın xirtdəyinə, hey əlləşirlər, çıxarda bilmirlər. Yaz ki, sovka kəpənəkləri pambıq qozalarına daraşdığı kimi, iş icraçıları da daraşıblar inşaat materiallarına.

Baş mühasib qələmini qoltuq cibinə qoyub, qalxdı ayağa:

- Ə, Vahid, qanacağın olsun, - dedi, - sənin ağzının qıfılı yox imiş, adam da etibarsızlıq edib idarəni bu cür dilə-dişə salar? Yekə kişisən, axı, bütün bunlar üçün biz də məsuliyyət daşıyırıq.

Vahid Alanov pərt oldu:

- Yəni deyirsən mən mərdimazar adamam?

Cəlal Cəncəlov ah çəkərək dilləndi:

- Yaxşı deyiblər ki, ağacı qurd içindən yeyər.

Baş mühəndis isə dodaqaltı gülümsəyərək:

- Ay Cəlal, - dedi, - əvvəla, rəis özü tapşırdı ki; nöqsanların hamısını göstərin. Böyüyün sözünə baxmaq da ədəbdəndir. İkincisi də tutaq ki, bu həngamələri ört-basdır etdik, sonra?! Onu bil ki, cidanı çuvalda gizlətmək olmaz. Bir gün bu yarımçıq tikintilər, haram tikələr üstündə bizi məhşər ayağına çəkəcəklər...

 

 1969-cu il

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com