www.aliildirimoglu.az

FELYETONLAR

YUN HƏTƏM

Tədarük kontoruna ağır sükut çökmüşdü. Hamı qəmli görünürdü. Tədarükçülər küncə-bucağa qısılıb təşvişlə pıçıldaşırdılar:

- Çox ciddi adamdır, beləsi ilə dil tapmaq çətindir.

Başqa birisi:

- Bu xına, o xınadan deyil, yoxlamanı çox dərindən və dəqiq aparır. Hətəmin işi bitdi!

Tədarükçülər özlərindən çox Hətəmin halına yanır və təəssüflə deyirdilər:

- Zavallı Hətəm!

"Azərittifaq"ın nəzarət və təftiş idarəsinin müfəttişi Şaban Şəkərov müdirin kabinetində tənha əyləşib, qaba­ğın­dakı yığın-yığın sənədləri vərəqləyir, sayğacda hesab­lamalar aparırdı. Yalnız idarənin xidmətçisi çəki­nə-çəkinə qapını açıb içəri daxil olur, qənddana müxtəlif konfetlər qoyur, armudu stəkanın çayını təzələyir və son­ra da sobaya quru bir odun atıb, ehtiyatla kabinetdən çıxırdı. Bu zəhmətin müqabilində müfəttiş bircə dəfə də olsun başını qaldırıb ona "sağ ol" demirdi. İçərini tənbəki tüstüsü bürüdüyündən xidmətçi tez-tez asqırırdı. Amma müfəttiş bircə dəfə də dilinə "salamat olun" kəlməsini gətirmirdi. Şaban Şəkərovun görkəmindən kin-küdurət, qəzəb yağırdı. Qaşqabağından zəhrimar tökülürdü. Yunşünaslara elə gəlirdi ki, bu müfəttiş ömründə bircə dəfə də olsun gülməyib. Onun ağır zəhmi hamını çaşbaş salmışdı.

Günorta fasiləsi yaxınlaşanda yunşünaslar yemək­xanaya qaçıb, aşpazın əl-ayağına düşdülər:

- Divin canı şüşədə olan kimi, bizim də canımız müfəttişin əlindədir. - dedilər. - Elə xörəklər hazırla ki, dadı Şaban Şərbətoviçin damağından getməsin.

Axşam tərəfi tədarükçülər mehmanxana işçilərini dilə tutdular:

- Müfəttişin yatdığı otağın pəncərəsini açın, havası təmizlənsin. Yorğan-döşəyinin örtüyünü təzələyin, yastığını yumşaq, çarpayısını da rahat edin ki, yuxusu şirin olsun.

...Neçə gün, neçə gecə yoxlama getdi. Müfəttiş əlinə qələm alıb, nəticə aktını tərtib edəndə mənfi fərqlə müsbət fərqi üzləşdirməyə başladı. Yəni, rayon tədarük kontorunun yun qəbulçusu Hətəm Nayıbovun kombinatlara göndərdiyi məhsuldan artıq və əskik gələn məbləği qoydu çəki-tərəziyə.

Müfəttişlə anbardar qabaq-qənşər əyləşmişdilər. Şaban Şəkərov Hətəm Nayıbovla çox ciddi və rəsmi danışırdı:

- Yoldaş Na-yı-bov! Dövlətə yüz min manatlıq ziyan vurmusunuz. Siz əliəyri, saxtakar adamsınız. Bizim Azərittifaq sisteminin gül kimi adına ləkə gətirmisiniz. Müttəhim kürsüsündə əyləşib, çirkin əməllərinizə cavab verməlisiniz! Sizi güllələmək lazımdı!..

Hətəm Nayıbovun nitqi tutuldu. Onun alnındakı qırışlara soyuq bir tər gəldi. Müfəttişin görkəmi daha da ciddiləşdi. O, qələmini yerə qoyub, əsəbi halda ayağa qalxdı və əlləri şalvar cibində kabinet boyu bir neçə dəfə var-gəl etdikdən sonra:

- Bu cür əməllərinizə görə vaxtı ilə prokurorluq tərəfindən yaxalanmışdınız, - dedi. - Onda əməlli-başlı bir qulaqburması alsaydınız... Ancaq düşdüyünüz bataq­lıqdan çox tərtəmiz çıxdınız.

Hətəm Nayıbov udquna-udquna:

- Bə... Bəəli, - dedi. - İşim bir dəfə düyünə düş­müş­dü. Amma açıldı... Sağ olsun sizin kimi müfəttişlər, bi­zim milis, prokurorluq işçiləri. Bir də ki, Şaban Şər­bətoviç, fili sərçə, sərçəni fil etməyə nə var ki? Hər şey sizin əlinizdədir.

Hətəm müfəttişin qarşısında yun kimi yumşaldıqca, müfəttiş ayağını yuxarı qoyurdu:

- Məni başqaları ilə dəyişik salmayın, - deyirdi. - Bu boyda fırıldağı ört-basdır etmək olmaz. Buna vicdanım da yol verməz! Yazmalıyam! Məsuliyyətə verməliyəm!..

...Söhbətin sonrası bizə məlum deyil. Bircə o məlumdur ki, Şaban Şəkərov işlərini yekunlaşdırıb idarə işçiləri ilə xudahafizləşəndə, Hətəm Nayıbovun əlini səmimiyyətlə sıxdı. Onların baxışları rastlaşdıqca, hər ikisi mənalı-mənalı gülümsünürdü... Tədarükçülər əllə­rində çiçək dəstəsi tutmuşdular. Müfəttiş sözarası de­yirdi ki, Hətəm idarənin dirəyi, "Azərittifaq" sisteminin fəxridir. Belə mütəxəssislərin qədir-qiymətini bilmək lazımdır. Hətta danışırdılar ki, müfəttiş Hətəmin barə­sində məsələ qaldırıb, onun vəzifəsini böyütdürməyi vəd edirmiş.

İnsafən akt Hətəmin ürəyincə yazılmışdı. Başqa cür də ola bilməz. Hətəm Nayıbov çox filləri sərçəyə dön­dərib. Ancaq Şaban Şərbətoviç əməliyyata başlayanda, Hətəm sərçəyə də etiraz etdi. Dedi ki, fili sərçə yox, gərək lap milçək boyda kiçildəsən. Düzdü, müfəttiş əvvəlcə ipə-sapa yatmırdı, özünü qaldırıb qoymuşdu göyün yeddinci qatına. Amma Hətəm ustalıqla... onun ətəyindən yapışıb saldı aşağı... Şaban Şərbətoviç bu dəfə iti bir qayçı götürüb, başladı yüz min manat əskiyin qanad-quyruğunu doğramağa. Bircə cümlə ilə əlli min manatlıq yunu təbii itkiyə çıxdı. Yazdı ki, iyirmi min manatlıq yun da "Azərittifaq"ın baş idarəsi rəisinin rəyi ilə Hətəmin xeyrinə silinməlidir. On beş min də kolxozlardan tutulmalıdır. Guya, bir il əvvəl kolxoz­lar­dan yun alınarkən səhvən artıq pul verilmişdir... Bu minvalla yerdə qaldı on beş min manat. Müfəttiş demişkən, o da Hətəmin kəkilinə qurban.

Hətəm bu yolda neçə dəfə büdrəyib, amma yıxıl­mayıb. Rayonda danışırlar ki, ən mahir sirk ustası belə Hətəmin yanından yel olub ötə bilməz. Bəd niyyətlə yoxlamaya gələnlər bir göz qırpımında onun "xeyir­xahına" çevrilirlər. Meydanın mərkəzindən hücuma baş­layan ittihamçılar Hətəmə yaxınlaşan kimi, dönüb olurlar onun sol və sağ kənar müdafiəçiləri.

Düzdür, kişinin başı çox daşdan-daşa dəyib. Ancaq onun başı toxunan daşların hamısı ovulub una dönüb. Öz başı isə sağ-salamat qalıb, bircə tükü də əskik olmayıb. Məsələn, iki il bundan qabaq "Sentrsoyuz"un Yun Tədarükü Baş İdarəsinin mühasibi ilə "Azərittifaq"ın baş tədarük idarəsinin yun əmtəəşünası qollarını çirməyib girişdilər işə. Düz bir ay dəridən-qabıqdan çıxdılar. Yorulub əldən düşdülər. Qan-tərə batdılar. Nəhayət, yazdılar ki, Hətəmin kombinatlara göndərdiyi on ton yu­nun qiyməti saxtalaşdırılıb. Qəbul edilən yunla, gön­dərilən eyni keyfiyyətli yunun qiymətləri bir-birinə uyğun gəlmir. Mütəxəssislər xeyli baş işlətdikdən sonra müəyyən etdilər ki, Hətəm qaba "Qarabağ" adı ilə qəbul etdiyi yunu, sənaye müəssisələrinə mazıx yunu kimi göndərib.

Elə onun "Yun Hətəm" ləqəbi də buradan qalıb. Çünki Hətəmin elə bir sehrkar məharəti var ki, əllərini yuna vuran kimi, yun bir andaca keyfiyyətini və qiymətini dəyişir. Məsələn, qaba "Qarabağ" yunu dönüb olur qiymətcə baha gedən mazıx yunu, yarımzərif olur zərif, ağ yun rəngini dəyişib olur qara və s.

Yoxlama komissiyaları tez-tez bir-birini əvəz edir. Bir də görürsən ki, tədarük kontorunda əlində iri portfel, gözündə eynək, qoltuğunda qalın qovluq, boyu hündür, görkəmi ciddi adamlar peyda oldular. Anbarların qapısı dərhal möhürləndi. Seyflər bağlandı. Sənəd-sübutlar nəzər­dən keçirildi. Başladılar Hətəmi sorğu-suala tutmağa:

- Ay Hətəm, insafın olsun. Cins qoyunlar kolxozda. Rahat binalar kolxozda. Qüvvəli və şirəli yemlər kolxozda. Bəs bu nə sirdir ki, yunun hər kiloqramını ictimai təsərrüfatlardan üç manata, şəxsi adamlardan altı manata qəbul etmisən?!

Komissiyanın başqa bir üzvü gözündəki eynəyin nazik sağanağının üstündən Hətəmə əyri və tərs bir nəzər salıb soruşur:

- Filan sənədlə Gəncəyə əla növ kimi yun göndərmisən. Ancaq keyfiyyəti aşağı olduğu üçün qəbul edilməyib. Sonra da həmin yunu Şulaverə yollamısan. Elə bilirsən ki, Şulaverdə oturanlar Gəncədəkilərdən az bilir? Şulaverdə də həmin yun min manat mənfi qiymət fərqilə qəbul olunub. Nə üçün kolxozlara və sənaye müəssisələrinə fırıldaq gəlirsən? Dövləti aldadırsan? Saxtakarlıq edirsən?

Hətəm bütün bu deyilənlərin hamısını sağ qulağına alıb, sol qulağına ötürür. Sonra da təzəcə banlayan bir qırmızı xoruz tutub, verir onların qoltuğuna. Yola salan­da da arxalarınca bir vedrə kəhriz suyu atır. Deyilənə görə, su aydınlıqdır. Odur ki, həm komissiya üzvləri, həm də Hətəm aydınlığa çıxır. Yazılan aktlar, tapılan faktlar da ki... Bir daş altdan, bir daş üstdən...

İşdi-şayət, bir səlahiyyətli adam cəsarət edib həmin daşları qaldırmaq istəsə, o dəqiqə tilsimə düşür. Qələm tutan sağ əli dibindən quruyub daşa dönür, gözləri tor görür. Cibləri sallaq qalır, huşunu itirir, başı da gicəl­lənir. Hətəm də kənardan əlini əlinə vurub qəşş edir.

Elə ki, qırxım vaxtı gəlir, yun yüklü maşınlar tədarük idarəsinin qabağında növbəyə dayanırlar, Hətəm dolu xaralları bir-bir nəzərdən keçirir. Sonra da tövrünü pozmadan bir neçə cod tük tapıb, çəkilir kənara. Məşədi İbad sayağı sifətini turşudub, tükləri havaya püfləyir:

- Keyfiyyəti aşağıdır, belə yunu qəbul edə bilmərəm, - deyib kolxozun nümayəndələrini yamanlamağa başlayır. - Eyib olsun sizə! Bu cür zay məhsulu mən hara göndərim?! Bunu hansı fabrik qəbul edər?! Hamısı zibil, torpaq-pıtraq!..

Kolxozçular düşürlər Hətəmin əl-ayağına.

- Hətəm qağa, uzaq yoldan gəlmişik, qaranlıq düşür, birtəhər et, əlimizi ətəyindən üzmə... Kəmiyyətinə toxunma, keyfiyyətini isə özün bilərsən.

Bəli, bu minvalla Hətəm balabanda nə hava çalsa, təhvildarlar çarəsizlikdən qollarını qaldırır və onun qabağında rəqs etməyə başlayırlar...

İş işdən keçəndən sonra rayonun mütəxəssisləri yuxudan ayılırlar. Sonradan sonraya yoxlayıb görürlər ki, ey dadi-bidad, Hətəm Nayıbov kolxozlardan aşağı keyfiyyətlə qəbul etdiyi yunu sənaye müəssisələrinə yüksək keyfiyyətlə sırıyıb. Təsərrüfatlara külli zərər vurub.

Əlqərəz, bir neçə ay bundan qabaq xəbər yayıldı ki, Hətəmi birdəfəlik ilişdiriblər. Rayon prokurorluğu bütün tilsimləri qırıb, onun barəsində həbs qərarı yazıb. Kişini ötürüblər "içəri".

Bəli, bir müddət idarə Hətəmsiz qaldı. "Azərittifaq" da, rayon tədarük idarəsinin işçiləri də yasa batdılar... Hətəmin çömçətutanları başladılar fəaliyyətə... Ekspertlər bəzi sənədlərə rəy verir ki, Hətəmin burada elə bir qəbahəti yoxdur. Bal tutan barmaq yalar. Həkimlər yazdı ki, Hətəm ruhi xəstədir, onun qaranlıq yerdə qıdığı gəlir...

İndi kim Hətəmlə rastlaşırsa, əvvəlcə xoflanıb geri çəkilir. Elə bilirlər ki, Hətəm həbsxanadan qaçıb. Ancaq onları başa salıb izah edir ki, "qaçmamışam, rayonun inzibati orqanlarının, bir də ki, çömçətutanlarımın sağlığına azad olmuşam".

Bu sirdən agah olmaq istəyənlərə Hətəm belə bir müəmmalı cavab verir:

- Fil, sərçə, milçək.

Bununla o demək istəyir ki, işimi yenə də fil boyda böyütmüşdülər. Kiçildib sərçəyə döndərdim. Sərçənin də qanad, quyruğunu yoldurub, başını, qılçalarını kəs­di­rib, milçək həddinə salmışam. Çox bərkə düşsə, milçəyi də ağcaqanad elərəm. İşdi-şayət xirtdəyimə yapışsa, bircə çırtmam bəsdir...

Yəqin ki, Hətəm bu felyetonu oxuyanda gileylənib deyəcək ki, adımı ləqəbimdən ayırıblar. Neynək, birləşdirərik. Bu, lap yerinə düşər. Onun adı ilə ləqəbi birləşsə, bu, felyetonun həm başlığı olar, həm də sonu: "Yun Hətəm".

 

1975-ci il

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com