www.aliildirimoglu.az

FELYETONLAR

NƏ BAĞ GÖRDÜK, NƏ DƏ BAĞBAN

 

Qarabağda bağ olmaz,

Qara salxım ağ olmaz.

 

Pərdə endi. Tarzən, dəf vuran, kamança çalan, mü­ğənni səhnənin arxasına keçdilər. Hamı əl çaldı. Bircə üzümçülük və şərabçılıq trestinin iqtisadçısı ilə yanaşı əyləşən tənqidçi Aslan Qorxmaz sakitcə dayanıb dəftərinə nə isə qeyd edirdi. O, axırıncı cümləni tamam­layıb sifətini turşutdu və müsahibinə tərəf əyilərək pıçıldadı:

- Qonşu, - dedi. - Mahnının sözləri məni heç açmadı.

- Nə üçün?

- Sonra danışarıq, - deyib tənqidçi qəddini düzəltdi və rəsmi görkəm aldı.

Konsert qurtardı. Tamaşaçılar zalı tərk etdilər. Tənqidçi Aslan Qorxmaz və iqtisadçı palçığa düş­mə­mək, toza batmamaq, sahibsiz itlərin qəfil hücumuna mə­ruz qalmamaq üçün şəhərin mərkəzi küçəsinə tərəf buruldular. Aslan Qorxmaz bayaqkı sözünə davam edərək narazı halda:

- Qonşu, - dedi. - Gərək bəstəkar mahnı yazanda sözlərin mənasına da dərindən fikir versin. Şairin sözü də, ona bəstələnən musiqi də müasir həyatla səsləş­mə­lidir. Müğənninin səsindəki məlahətə sözüm yoxdur. Mənası isə… Düzdür, qara salxım ağ olmaz, ağ salxım da qara. Hər üzümün öz rəngi, öz dadı, tamı var. Ancaq Qarabağda niyə bağ olmasın?! Elə götürək Qarabağın səfalı guşəsi olan bizim rayonu. Hər tərəfi bağ-bağçadır. Gözəl ab-havası, münbit torpağı, bol suyu, işlək camaatı…

İqtisadçı gülümsəyərək:

- Qonşu, qoy birini də mən əlavə edim, - dedi. - Fərsiz təsərrüfat başçıları.

Bu söz tənqidçini açmadı. İqtisadçı dediyini başının hərəkəti ilə təsdiq edərək:

- Bəli, - dedi. - Əgər rayonun da, sovxozun da, kol­xozun da başçıları yerbəyerində olsa və vəzifəsinə can-dildən yanaşsa, Qarabağ torpağında dürr bitər. Amma di gəl ki… - deyib iqtisadçı təəssüflə çiyinlərini çəkdi.

Tənqidçi ona etirazını bildirdi:

- Qonşu, göz gördüyünə inanar, qulaq eşitdiyinə, - dedi. - Bir neçə ay bundan qabağın söhbətidir. Xırmanlar kəndinə getmişdim. İdarə işçiləri bərk əl-ayağa düşmüş­dülər. Mədəniyyət sarayını silib-süpürürdülər. Tamaşa salonu səliqə-sahmana salınırdı. Səhnəyə gül dibçəkləri düzülürdü. Sevindim, öz-özümə dedim ki, elə yerinə düşdü. Yəqin mədəniyyət evi bədii özfəaliyyət kollek­ti­vinin çıxışı olacaq. İşdən yorğun-arğın qayıdan kolxoz­çulara konsert veriləcək. Mən də bunu qələmə alıb, təqdir edərəm. Ancaq… Ancaq dedilər ki, burada kon­sert yox, üzümçülərin rayon müşavirəsi olacaq.

Aslan Qorxmaz bunu deyib, dərindən nəfəs aldı və əlini müsahibinin çiyninə qoyaraq:

- Qonşu, - dedi, - son vaxtlar bu rayonda iclasların sayı artdığı üçün rayon mərkəzindəki tamaşa salonları kifayət etmir. Dram teatrının artistləri lap zinhara gəlib­lər. Kəndlərdəki kinoteatrların, klubların, mədəniyyət evlərinin işi iclasçılıqla əvəz edilməsə yaxşıdır. Əlqərəz, avtomaşınlar toz qopara-qopara Xırmanlar kəndinə yol aldı. Sovxoz direktorları, kolxoz sədrləri, rayon başçıları bir yerə cəm oldular. Məruzələr başlandı, əliboş, sinəsi dolu natiqlər bir-birini əvəz etdi:

- Biz rayonu üzümlüklər diyarına çevirməliyik! - dedilər. - Sübut etməliyik ki, Qarabağda bağ da olar, hə­lə desən bostan da! Üzümlükləri elə becərmək lazımdır ki, ağ və qara salxımlar tənəklərin üzərində bərq vursun. Məhsulu yığıb-yığışdırmaqla qurtarmasın…

Bir nəfər iclası yekunlaşdırıb dedi ki, bu il iki plan qədər üzüm yığıb təhvil verməliyik. Hamı əl çaldı…

İqtisadçı əlini əlinə vurub qəşş etdi:

- Əşi, sən də o dil pəhləvanlarının dediyinə inandın?!

- Bəs necə, rəsmi yerdə, məsul adamların dediyinə necə inanmamaq olar?

İqtisadçı başını buladı:

- Qonşu, - dedi. - Xətrinə dəyməsin, elə sən də iclas­larda nə desələr, ona inanırsan. Onların yetişdirdiyi üzü­mü yox, verdikləri vədi üst-üstə yığsan, indi bu rayonun şərabı Qarqarın seli kimi aşıb-daşardı. Ancaq dolu salxım əvəzinə boş sözlər verirlər. Son üç ildir ki, üzüm sarıdan ağ üzümüz qaradır. Plan da ki, o söz… İlbəil kəsirdə qalır. Bayaqları fərsiz başçılar deyəndə, gördüm, mənə bir cür baxdın. Ancaq nahaq yerə. Məsəl var deyir, balıq başdan iylənər. Bir vaxt əliqələmlilər "Qarabağ" üzümçülük sovxozundan oçerk yazırdılar. İndi sovxozun işi felyetonluq olub.

İqtisadçı danışdıqca həyəcanlanırdı:

- Bizim üzümçülük və şərabçılıq tresti nazirliyə yazır ki, "Qarabağ" sovxozunun direktoru Misir Muxtarov işin öhdəsindən gələ bilmir. Onun dövründə sovxoz bir dəfə də olsun planı ödəməyib. Sovxoz beşillikdə dövlətə filan qədər üzüm borclu qalıb. Bildir üzümün hər sentnerinin maya dəyəri olduqca baha başa gəlib. Beş yüz hektar sahədə yeni üzüm bağı salmaq barədə məlumat verilib, ancaq həmin sahələrdə bir ting də bitməyib. Yəni nə bağ var, nə də bağban. Dəsmal götürüb sovxozun maliyyə vəziyyətinə ağlayan lazımdır… Amma qonşu, bax, bircə sirdən baş çıxara bilmirəm, nədənsə sovxozda məhsul istehsalının faizi aşağı düşdükcə Misir Muxtarovun nüfuzu yuxarı qalxır. Kişinin nazirlikdə də, rayonda da böyük hörməti var. Hətta raykomda Misiri trestdən yox, tresti Misirdən soruşurlar. Yəqin bayaq konsertdə zəngulə vuran müğənni də bizim rayondan olduğu üçün belələrinə işarə vurub, eyhamla demək istəyir ki, Misir Muxtarov kimi kadrların başçılıq etdiyi təsərrüfatlarda nə bağ olar, nə də bağça.

İqtisadçı əlavə etdi:

- Aslan, biz uşaqlıqdan yoldaşlıq edirik, həm də neçə ilin qonşusuyuq. Yaxşı bilirsən ki, hələ dilimə yalan söz gəlməyib. Üç il bundan qabaq Babək adına kolxozun yüz hektar sahədə yeni üzüm bağı əkdiyi barədə məlumat aldıq. Trestin kollektivi sevindi. Hamımız kolxozun baş­çı­larına "əhsən!" dedik. Ancaq gedib yoxlayanda hamı­mız mütəəssir olduq. Çünki nə bağ gördük, nə də bağban. Həmin sahənin əkilməsinə və becərilməsinə bir ətək pul xərclənib. Bu, hələ harasıdır? Mövcud bağları nəzərdən keçirəndə məlum olur ki, min hektar üzüm­lüyün seyrəklik hesabına üç yüz hektarı yox kimidir. Bax, qonşu, qonaq otağındakı şirin söz-söhbəti, iclasdakı təmtəraqlı vədləri eşidəndə hamının ürəyi açılır. Ancaq bağsız bağbanları və yaxud bağbansız bağları görəndə adamın qanı qaralır. O ki deyirsən ağ salxım qara olmaz, qara salxım ağ, - bizim kolxozlarda olar. Məsələn, bir də görürsən, kolxozçuların çoxunda bağların becərilməsi başlı-başına buraxıldı, üzümlükləri xəstəlik bürüdü. Ağ salxımlar dönüb oldu qara, qara salxımlar da bürüşüb ağımtıl rəngə çaldı.

Tənqidçi güldü. İqtisadçı isə:

- Qonşu, gülmə, - dedi, - Buna ağlamaq lazımdır. Elə götürək şəhərə bitişik olan "Bakı" sovxozunu. Tənək­lərin orta sıxlığı əlli faizdən aşağıdır. İdarə sənədlərinə görə Rüstəm Zalovun başçılıq etdiyi briqadanın əlli hek­tar üzüm bağı var. Lakin gedib baxsan, nə bağ görərsən, nə də bağban. Nə ağ salxım, nə qara salxım. Həmin sahədə bir çöp belə yoxdur.

Tənqidçi iqtisadçıya dil-ağız etdi:

- Qonşu, - dedi. - Mən teatr musiqi tənqidçisiyəm. Mətbuat işçisi olsaydım, bu həngamələri yaxşıca qələmə alardım.

İqtisadçının dərdi bir az da tərpəndi:

- Əgər bizim trestin əhatə etdiyi sovxozlardakı biabırçılıqları yazan olsa, iki qəzet tutmaz. Hər il məlu­mat verirlər ki, guya filan qədər sahədə yeni bağ salınıb. Əslində, baxımsızlıqdan məhv olan sahələr yeni salınan bağlardan çoxdur. Hamı deyir ki, Füzuli adına sovxozun direktoru Səftəralı Babaşov yaxşı oğlandır. Bunu mən də təsdiq edirəm. Doğrudur, Səftəralı yaxşı oğlandır. Həlim də xasiyyəti var… Bəs necə işçidir?! Ondan təsərrüfat başçısı olarmı? Bax, qonşu, papağını qabağına qoyub bu barədə əməlli-başlı bir düşünən yoxdur. Ona görə də böyük bir təsərrüfat irəliləmək əvəzinə ilbəil geri gedir. Belə faktlar məgər birdir, beşdir? Hansını deyim? Sovxoz direktorlarının anket sənədlərini vərəqləyəndə görürsən ki, əksəriyyəti vaxtilə təsərrüfat başçısı işləyib və yarıt­maz işçi kimi qolundan yapışıb atıblar kənara. Sonra dolayı yollarla, əyri-üyrü cığırlarla yenə də gəlib keçib­lər stol başına. İndi gəl görək, belə kadrlarla bağ əkib, bostan salıb, üz ağartmaq olar?!

Onlar artıq evlərinə çatmışdılar. Tənqidçi iqtisadçı ilə xudahafizləşəndə:

- Qonşu, - dedi. - Yenə təkrar edirəm, əgər ədə­biyyat, incəsənət, teatr məsələsi olsa, qolumu çırmayıb bu işə bir qələm çalıb, əncam çəkərəm. Ancaq bu, əsl qəzetlikdir. Müxbir işləsəydim, bu barədə tutarlı bir felyeton yazıb, başlığını da belə qoyardım: nə bağ gördük, nə də bağban.

 

1975-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com