www.aliildirimoglu.az

FELYETONLAR

YAZMIŞIQ...

Çobanlar maşınların uğultusunu eşidib, tütək­lərinin dilini kəsdilər. Onlar yaxınlıqda xəndək qazan, boru düzən quraşdırıcılara yanaşıb ədəb-ərkanla:

- Salamın-əleyküm, işiniz avand olsun! - dedilər.

Son dəbdə geyinib-kecinmiş və gözlərində eynək olan iki nəfər:

- Əleyküssəllam, - deyib təmkinlə başlarını tərpət­di­lər. Baş Meliorasiya və Su Qurğuları Tikintisi İda­rə­si­nin nümayəndəsi çobanların marağını hiss edib təntənə ilə:

- Sizin üçün əlləşirik də! - dedi. - Qışlaqlara su kəməri çəkirik. Daha avtomaşınlarla su daşımağa ehti­yac olmayacaq. Yaxşıca əzab-əziyyətdən qurtardınız.

Su Təsərrüfatı Nazirliyinin nümayəndəsi özünü heyvandarların yanında şirin salmaq üçün eynəyinin şüşəsini silə-silə öskürüb bir addım irəli yeridi və:

- Hə, - dedi. - Pulunu biz vermişik. Su problemini axır ki, həll etdik.

Çobanlar bu barədə sifarişçilərdən də, icraçılardan da yerdən göyəcən razı qaldıqlarını bildirib onlara dil-ağız etdilər.

Yüz minlərlə qoyun-quzusu burada qışlayan Abşe­ron, Quba, Qusar, Şamaxı, Xaçmaz rayonlarına şad xə­bər yayıldı. "Qobustan düzlərinə su kəməri çəkilir! Bu iş üçün iyirmi milyon manata yaxın vəsait ayrılıb. İki yüzə yaxın yerdə nov qoyulacaq! Fermalar sirab olacaq!"

Bəli, bu münasibətlə yaradılan yeni idarəyə belə bir uzun-uzadı və təmtəraqla ad da qoydular: "Qobustan qışlaqlarının su ilə təminatı sistemləri istismarı idarəsi". İki yüz nəfər də işçisi. Çox əcəb, çox pakizə. Amma... Kaş bu ammalar olmayaydı. Dilçilər təşəbbüs göstərib dördcə hərfdən ibarət olan bu bircə kəlməni dilimizin lüğət tərkibindən qoparıb, yeddi ağac uzaqlaşdıra biləydilər... Nə qədər ki, uzaqlaşdırmayıblar, biz özü­müz də məcbur olub yeri gəlmişkən elə buradaca amma kəlməsini işə salmalıyıq. Amma bir ətək pul tökülüb, on iki il bundan əvvəl bünövrəsi qoyulan və beş il bundan qabaq istifadəyə verilən bu böyük tikinti barədə orda-burda, xırda-xuruş söz-söhbətlər gəzir. Məsələn, necə və nə cür? Bəri başdan deyək ki, burada nə sifarişçi, nə də ki, icraçı təşkilatların zəhmətini yerə vurmaq istəmirik. Bu, böyük insafsızlıq olardı. Balam, pul xərclənib? Əlbəttə, lap artıqlamasınca. Qışlaqlara su kəməri çəkilib? Bəli, çəkilib. Tikinti təhvil verilib? Verilib. Bu barədə akt tərtib olunub? Bəli, akt da yazılıb, tərəf-müqabillər də öz dəst-xətləri ilə altından imza qoyub, üstündən də möhür vurublar.

Yenə də çox əcəb, çox pakizə. Burada balaca haşiyə çıxıb özünütənqidə keçək. Yəni son vaxtlar dəbdə olan dimdiyi gödək, meşin kepkamızı qabağımıza qoyub özümüz-özümüzdən soruşaq: yaxşı, bir belə "bəli"lərdən sonra xırdaçılıq etməyə və ya ucundan tutub ucuzluğa getməyə, o boyda respublika təşkilatlarını bir-birinə vur­ma­ğa dəyərmi? Yəni bu da qəzetçilərin ətək-ətək pul töküb "çoban məftillər" arasında mədəni otlaqlar yara­dan­lara və ya qışlaqları sirab edənlərə "çox sağ olun" deməsidir?!

Odur ki, gərək bu cür incə məsələlərdə ehtiyatlı olaq və imanımızı yandırmayaq. Məlumdur ki, nöqsansız iş, eyibsiz gözəl olmaz. Qobustan qışlaqlarında görülən nə­həng işlərin də ba-la-ca bir qüsuru var. Qoy olsun. Motal pendirindən tük çıxar. Əslində sifarişçilərin və icra­çı­ların xatirinə bunu dilə gətirməmək də olar. Bu da ondan ibarətdir ki, suvarma qurğuları qüsurlu olduğundan heyvanları yarıtmır. Bəlkə məsələ yenə də aydın olmadı?! Onda bir az açıq-aşkar danışaq. Yəni mıs-mıs deyincə, elə biryolluq Mustafa deyək. Borulardan su ax-mır!!! Bəli, ax-mır!!!

Bu ba-la-ca qüsur da heyvanların işini böyük əngələ salıb. Elə ki qış gəldi, böyük çillə buz sifətini bozartdı, Abşe­ron, Quba, Qusar, Şamaxı, Xaçmaz rayonlarında avtoinspektorlar qapı-qapı düşüb su, süd, şərab, benzin, neft, mazut maşınlarını dəqiq siyahıya alırlar. Səfər­bər­lik elan olunur. Qobustan qışlaqlarına su dolu çən daşı­yan avtomaşın karvanları hərəkətə gəlir. Sürülər nizamla su növbəsinə dayanır. Qabağa düşən qazanır. Vay dalda qalanın halına... Qoyun-quzusuna su çatmayan çobanlar quraşdırıcıların ünvanına min cür hərzə-hədyan danışır. Rayonun baş mütəxəssisləri də onlara su əvəzinə təsəlli verirlər:

- Səbir edin, - deyirlər. - Biz bu barədə geniş məktub yazmışıq. Lap yuxarı təşkilatlaracan yazmışıq. Yazmışıq ki, əsasən suyun olmaması üzündən on min başa yaxın qoyun-quzu arıqlayıb əldən düşüb. Biz də məcburən həmin qoyunların nazilib incəlmiş qotazlı boynuna iti bıçaq çəkib, ət kombinatlarına göndərmişik.

Sonra da baş mütəxəssislər təəssüflə başlarını bula­yıb, əlavə edirlər:

- Hər qoyunun da dəyəri on beş-iyirmi manat. Nə qəpik-quruş çıxartsa, qənimətdir. Lənət heçə.

Məsələ böyüyəndə ağıl dəryaları, dil pəhləvanları qırsaqqız olub yapışırlar obyektiv və subyektiv səbəb­lə­rin yaxasından. Tikinti trestinin rəisi Muqumzadə tövrünü pozmadan çiyinlərini çəkərək:

- Mən burada təzəyəm, - deyir. - Təqsir sələf­lə­rim­də­dir.

İstismar idarəsinin rəisi Qiyasbəyli isə yazılı və şifahi qaydada bildirir ki, düzdür, idarəmiz yüz min hek­tar sahənin suvarma qurğusunu qəbul edib. Ancaq bunun otuz min hektarında bərpa işləri aparılmasa...

Tikinti-quraşdırma idarəsinin rəisi Qara Aydınbəyov isə izah edir ki, qurğuların qüsurunu düzəltmək üçün nə çox, nə də ki az, düz bir milyon manat vəsait ayrılıb.

Qüsurlar düzəldilibmi? Qara Aydınbəyov aydınca etiraf edir:

- Xeyr, nə inişil, nə də ki, bildir təmir və quraşdırma tapşırıqlarını yerinə yetirə bilməmişik.

- Səbəbi?

Sükut.

Belə-belə məsələlərdən ötrü aqrar-sənaye birliyinin rəisi Kəramətovun adını çəkməyə dəyməz. Çünki kişinin oğlu yazmaq bir yana qalsın, yerli-yersiz hər yerdə deyir, danışır, gileylənir. Rayonda keçirilən böyük iclaslarda söz alıb sinəsini xitabət kürsüsünə söykəyib uzun-uzadı nitqlər söyləyir:

- Qışlaqlara su gəlmir! Qoyunlar qırılır! İnəklər arıqlayıb əldən düşür... Bəzi-bəzi yoldaşlar bəzi-bəzi məsuliyyətsizliklər edirlər!

Rəis bu sözləri heç də sakitcə yox, gur səslə deyir. Hərdən bir qurtum su içib, gah zilə qalxır, gah da bəmə enir. İclasdan sonra da etdiklərini yuxarı təşkilatlara yazır. Sonra da gözünə eynək taxmadan, yazdığını oxu­madan altından dolaşıq bir imza edir. Bununla da vəzifəsini yerinə yetiribmiş kimi xeyli yüngülləşir.

Rayon partiya komitəsinin kənd təsərrüfatı üzrə katibi Lətif Murtuzov isə bütün bu həngamələri görür, eşidir və bilir, hərdən də yazır... Deməli, o da vəzifəsini yerinə yetirir.

Bir halda ki, həm rəis, həm də katib rayon başçısı kimi heyvandarlıqdakı nöqsanları görüb bilir və yeri gəldikdə bu barədə danışır və yazırlar, onlardan inci­məyə və ya umu-küsü etməyə dəyməz. Odur ki, nə rəi­sin adını çəkək, nə də katibin. Başqa faktlara keçək.

Məsələn, rayonun inzibati orqanları, xalq nəzarəti komitəsi bir pıçıltı eşidəndə ki, filan dükanda tərəzinin gözü balaca əyilib və ya çəkidə, ölçüdə beş-on qəpik ar­tıq-əskiklik olub, tez qırğı kimi şığıyıb kəsirlər mağazaların həndəvərini. Qıfıllar kilidlənir, qapılar bağlanır, seyflər surğuclanır, qəliz-qəliz sorğu-suallar baş­lanır... Qobustan düzlərinə səpələnən milyonlar, qırılan qoyun sürüləri isə...

Möcüzədir. Ancaq bundan betər möcüzələr də var. Məsələn, burada yazsaq və desək ki, Abşeron kimi böyük heyvandarlıq rayonunda baytarlıq müalicəxanası yoxdur, çox adam təəccüblənəcək və deyəcək ki, bu lap ağ oldu. Lakin bunun üstündə kimi qınayasan?! Əgər Kənd Təsərrüfatı Nazirliyində əyləşənlərin adını çək­sək, bizi borclu çıxardarlar və deyərlər ki, vaxtında yazmışıq. Düzdür, nazirliyin altı il bundan qabaq yazdığı əmrə görə, iki il bundan əvvəl Abşeronda baytarlıq müa­­licəxanası, yanında da iki yaşayış evi və əlavə də olaraq bir baytarlıq apteki tikilib mütəxəs­sislərin ixti­ya­rına verilməli idi. Di gəl ki, bu günə qədər qolunu çır­mayıb daşı daş üstünə qoyan yoxdur. Bunun nazirliyə nə dəxli?! Vaxtında yazıb. Nazirliyin də borcu yazmaqdır.

İşdir-şayət, bir nəfər xəstələnmiş heyvanın başına ip salıb və darta-darta gətirib rayon baytarlıq idarəsinə çıxartsa, baş həkimin özcə dərdi qövr edəcək. Baş həkim başına gələnləri açıb tökəcək ortalığa. Deyəcək ki, atam balası, qarşınızda xəcalətliyik. Bizim rayonda nə baytar müalicəxanası, nə də baytarlıq apteki var. Bu barədə yazmışıq. Gözləyin görək axırı nə olur. Siz də gözləyin, biz də. Xəstə heyvanlar da. Müalicəxana tikilənə qədər heyvanınız öldü, bəxtinizdən küsün. Qaldı, müalicəsi bizim boynumuza.

Əgər bu cür məktublar səbirlə, səliqə ilə toplanıb, qov­luq ipləri ilə möhkəmcə-möhkəmcə bağlanıb sax­lan­say­dı və sonra da mişar daşı yerinə işlənsəydi, "Bağ­ça­kürd" sovxozunda səkkiz il bundan qabaq bünöv­rəsi qo­yu­lan tövlənin tikintisi çoxdan başa çatmışdı. Və ildə min tondan artıq süd istehsal edən hünərvər satıcılar da töv­lələrin darısqallığından giley-güzar etməzdilər. İnək töv­lələrinin küncündə bir-birinin qarnına qısılan kör­pə buzovlar da yeni və gen-bol binada atılıb-düşüb rə­qs edərdilər. Sovxoz başçıları da əl çalardılar. Rayon­dakı mexanikləşdirilmiş səyyar dəstənin başçıları da yerli-yersiz yazışmaları, köhnə qovluqları inşaatda hörgü ma­te­rialı kimi tətbiq edən ilk "yenilikçi" olub, ad-san qazanardılar. Abşeronda da hamı onlara:

- Ay bərəkallah! - deyərdi.

Mətləbi çox da uzatmayaq. Məktubumuzu masa­zır­lılarla qubadlıların gülməli yazışmaları ilə yekunlaşdırıb axırına da iri bir nöqtə qoyaq. Sovxozun sağıcısı yemi xarala doldurub, çiyninə qaldırıb inəklərə payladıqdan sonra, bir kənara çəkilib, tövşüyə-tövşüyə poçtalyondan aldığı zərfi açdı. Rəfiqəsinin Qubadlıdan yazdığı məktubu oxudu:

- Hörmətli bacım, sizə qibtə edirəm. Ancaq bir sözün məni çaş salıb. Yaman pərt olmuşam. Guya ki, sizdə axurlara yem əllə paylanır. Qəti inanmaram. Tək mən yox, heç kəs inanmaz. Necə olur ki, respublika mər­kə­zindən beş yüz kilometr aralı olan bu ucqar rayonda, dağların arasında tövlələrdə bütün işlər elektrik düyməsi ilə görülür, ancaq Bakının qulağının dibindəki təsərrü­fat­larda yemin paylanması hələ də mexanikləşməyib. Guya bu işi əllə görürsünüz. Həm də yazırsan ki, rayonun bütün fermalarında belədir. Sovxozların doxsan fai­zindən çoxunda yemin paylanması mexanikləşməyib. Bacı, bu inanılası məsələ deyil. Vallah inanmaram! Bil­lah, inanmaram!

Adlı-sanlı sağıcının çöhrəsində acı bir təbəssüm gəzdi. Doğrudan da acımalı haldır. İnsafçünə, bu barədə də az yazılmayıb.

Əgər sovxoz direktorunu, ferma müdirini, briqadiri bu haqda sorğu-suala tutsaq, eyni sözü tutuquşu kimi təkrar edib deyəcəklər:

- Yazmışıq!

Və yaxud, rayon və kənd sovetinin sədrlərini təqsir­lən­dirsək, onlar da sudan dupduru çıxmaq üçün fəxrlə bildirəcəklər:

- Yazmışıq!

Bu işi görmüşük, bu daşı bu daşın üstünə qoymuşuq, konkret olaraq bu yükü qaldırıb aşırmışıq, - deyənlərə isə az-az təsadüf etmək olur. Hansı işə irad tutsan və birini məzəmmət etsən əlini qulağının dibinə qoyub gücü gəldikcə qışqıracaq:

- Yazmışıq!!!

Belə-belə yerli-yersiz yazışmalara, süd kimi ağ kağız­ların korlanmasına son qoymaq məqsədilə əlimizə qələm götürəndə, ölçüb-biçib belə qənaətə gəldik ki, biz də bir felyeton yazaq. İşdir çobanlar, naxırçılar və ya satı­cılar onların işini düyünə salan bəzi-bəzi bürokratlar barədə redaksiyamıza müraciət etsələr, biz də heyvan­darların qarşısında xəcalətli qalmayaq və deyək:

- Yazmışıq...

 

 1984-cü il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com