www.aliildirimoglu.az

FELYETONLAR

TELEPAT

Rayon istehlak cəmiyyətinin sədri Şəmistan Şərif­za­dənin yadına nə düşdüsə, təəssüflə başını bulayıb öz-özünə deyindi:

- Gündə bir hoqqa çıxır, - dedi. - Bu telepat haradan pey­da oldu? Bircə sirkimiz qalmışdı.

Müavin sədrin əhvalının birdən-birə dəyişdiyini hiss edib stulunu yaxına çəkdi və ehtiyatla soruşdu:

- Yoldaş Şərifzadə, telepat nədir? Nə sirk?!

Sədr kinayə ilə gülümsünərək:

- Gedərsən, görərsən, - dedi. - Mədəniyyət şöbə­sin­dən zəng vurmuşdular. Bu axşam məşhur bir telepatın iştirakı ilə sirk tamaşası olacaq. Dedilər ki, hamıya xəbər verin. Bütün idarə işçiləri iştirak etməlidir.

Mühasib sevinib stolundan qalxdı və kostyumunu düymələyib, qalstukunu düzəldə-düzəldə:

- Gedək də, - dedi, - xeyli vaxtdır ki, rayonda sirk göstə­rilmir. Yönlü bir tamaşaya həsrətik.

Şəmistan hövsələdən çıxdı və tərs-tərs mühasibin üzü­nə baxaraq:

- Sən də bilmirsən qazanda qaynayan nədir, elə boşqabını uzadırsan ki, bir çömçə də bura qoy! - dedi. - Heç başa düşürsən ki, telepat nədir?!

Mühasib susdu. Sədr onu başa saldı ki, telepat ürək­ləri oxuyur, kimin daxilində nə var, qəlbindən, könlün­dən, ağlından nə keçirsə, onu bilir. Müavinlər hesabı içəri verdilər. Mühasib onlara baxıb dərindən ah çəkdi.

Azərittifaqın nümayəndəsi bu cür söz-söhbətlərin ona dəxli yoxmuş kimi qarşısındakı yoxlama sənəd­lə­rindən diqqətini ayırmadan ağızucu:

- Telepatın bir cəhəti də var ki, fikrinə gətirmədiyin, ürəyindən keçirmədiyin hadisələri duyub başa düşə bilmir, - dedi.

Bu söz sədri xeyli yüngülləşdirdi. O, müsahiblərinə müraciətlə:

- Yaxşı, - dedi, - Telepatın ürəyi necə oxuduğu bəl­li­dir, bəs kürəyi necə?! Adamın kürəyindəkiləri də hiss edə bilirmi?!

Bu sual bir qədər anlaşılmaz olduğundan sükutla qar­şı­landı və heç kəsdən cınqır çıxmadı. Şəmistan Şərifzadənin suçlu nəzəri stolun üstündəki möhürdə donub qaldı. O xeyli fikrə getdi, öz-özü ilə danışırmış kimi: "Neçə ildir ki, bu idarəyə başçılıq edirəm. Araz aşığımdandır, Kür də topuğumdan. Anbardarlar, dükan­çı­lar müdirlərini əlləri üstə saxlayır. Hamı xidmətim­dədir. Lap süd gölündə üzürəm. Əhaliyə xidmət isə... Bu barədə alıcıların qarşısında xəcalətliyəm. Onların ar­zu­sunu qulaqardına vurduğumuz üçün mal qalığımız başdan aşıb. Anbarlarda yatıb qalan milyon manatlarla sənaye məhsulu yavaş-yavaş xarab olub, keyfiyyətini itirir. Fərsizliyindən mal dövriyyəsi getdikcə azalır. Ötən il satış planımız nə çox, nə də ki az, düz dördcə milyon manat kəsirdə qaldı. Dəqiq desək, hələ bir az da çox. Neçə ildir uğursuzluğa uğrayırıq. Məgər dərd birdir, ikidir?! Kəndlərin çoxunda mağazalar klub və kitab­xa­naların, kolxoz idarələrinin qoltuğuna qısılıb, şəxsi binalarda qərar tutub. Ancaq bütün bunları nə dərd edib ürəyimə salıram, nə də ki, fikrimə gətirirəm. Qoy telepat qabağımda ha atılıb-düşüb rəqs etsin. Mənim düşün­mə­diyimi o necə duya bilər?! Sağ olsun Azərittifaqımızın nüma­yəndəsini. Həmişə olduğu kimi, indi də karıma gəlib, məni yaxşıca ayıq saldı. İdarədə olan əgər-əskiyin birini də vecimə alıb, ağlıma gətirən deyiləm. Mən Şəmistan Şərifzadə olum, o da telepat. Görüm kəm-kəsirimizi necə açır?! Heç cürə! Bir də ki, mənə deyən gərək, Ay Şəmistan, axı yaxanı niyə telepatın əlinə verir­sən ki, o da aça sandığı, tökə pambığı. Səni rüsvayi-ca­han və yaxud rüsvayi-Xaçmaz eliyə. Arığın qoruqda nə işi var ki... Gərək elə həmişə birinci cərgə ola?! Düzdür, "avtoritetni" idarənin başçısı kimi qabaqda əyləş­mə­liyəm. Amma həmişə yox. Belə məqamlarda nəinki mər­kəzi univermağın e, lap səyyar avtodükanın satı­cı­la­rından da geridə oturmaq məsləhətdir. Həmişə mən onları qanadımın altında hərləmişəm. Qoy bu dəfə də ikicə saatlığa onlar sədrlərini arxalarında gizlətsinlər. Onda telepatla nə üz-üzə gələrəm, nə də ki, göz-gözə. Xata-baladan da yüz ağac uzaq olaram. Yəni bir neçə saatlıq geridə oturmaqla xəncərimin qaşı düşəcək?!"

Bütün idarə işçiləri sirkə hazırlaşırdı. Şəmistan Şərifzadə isə kabinetində tənha əyləşib hələ də tərəd­düd keçirirdi. Bir qərara gələ bilmirdi. Daxilən götür-qoy edirdi. Bayaq "Kürəyi də oxuya bilirmi?" - sualının cavab­sız qalması onu lap çaş salmışdı. Düşünürdü ki, şər deməsən xeyir gəlməz. Sirk artistinə etibar yoxdur. O, birdən qabaq cərgədən yox, lap arxadan başladı. Və geridə əyləşənlərə yanaşdı. Onda necə?! Təsadüfən gözü kürəyimizə sataşdı... Bəzən bir mağazanı yoxlamaq üçün sərəncam veririk. Təftişdən qabaq dükandan qalın tüstü qalxıb Xaçmazın səmasına yayılır. Sonra da dükan: "Qoy­mayın, yandım!" - demək istəyirmiş kimi alovlanıb, qırmızı dili ilə yalvarıb, cırhacırla car çəkir. Haraya gələnlər məsələni qırx gün, qırx gecə çək-çevirə salırlar. Axırda da elə-obaya nur çiləyən təmiz lampanın ağ və yumru yanağına qaraca ləkə yaxıb, günahı elektrik xəttinin üstünə yıxırlar. Bunu təsdiq edən sənəd-sübutlar da ki yerbəyerində, düppədüz, çağbaçağ... Kimin nə həddi var ki, sübutalnı-dokumentalnı işə qulp qoysun?! Kəramətimdən və kəramətsizliyimdən çəkidə aldadan, ölçüdə fırıldaq gələn adamlar ticarət sistemində kök salıb. Varlanmaq hərisləri gözdən tük qapırlar. Əgər altı­ca mağazamıza baş çəksək, dördündə o söz... Qara Qara­şov nədi-nədi alıcını beş manat aldadıb və ya min manat­lıq az tapılan malı satışdan gizlədib. Qumarbaz Qasım da onun tayı. Zalışla Talışın işdən azad olunmaları haqda çoxdan qərar var. O cür qərarlardan nə çıxar?! Əsas Şəmistanın öz qərarıdır. Həyat sübut eləyib ki, alıcıların yox, müdirin etimadını və etibarını doğruldan satıcıya zaval yoxdur. Ola da bilməz. Və sair və ilaxır... Belələri məgər birdir, beşdir, ondur?! Nə qədər yazırlar-pozurlar, təqdimat verirlər və yaxud "Kirpi" tikanını işə salır... faydası yoxdur. Əshabələrimin birinin də xətrinə dəy­mə­mişəm. Dəymərəm də. Qoy bu fani dünyada Şə­mistan Şərifzadənin sağlığına kef eləsinlər. Onların ucbatından üstümə yağan yazılı və şifahi, şiddətli və şiddətsiz töhmətlərin, ciddi və qeyri-ciddi tapşırıqların say-hesabı yoxdur. Cəzalarımın qədər-qəsəmini bilmək­dən ötrü elektron-hesablayıcı maşın lazımdır. Əh, töh­mətdən, tənədən, məzəmmətdən, tənqiddən nə çıxar! Təki vəzifəm əldən getməsin. "Volqa" maşınım altımda ceyran kimi süzür. Telefonlarım bülbül kimi cəh-cəh vurur. Kabinetimə girib-çıxan işçilər: "Yoldaş Şərif­zadə, baş üstə!", "Yoldaş Şərifzadə, buyurunuz!" - deyib gündə yüz dəfə hüzurumda baş əyirlər. Çünki kürə­yimdə mötəbər əllər var. Güclü, etibarlı, möhkəm, sehrli əllər. Yoxsa, çoxdan külümü göyə sovurmuşdular...

Şəmistan Şərifzadə elə bil təzədən ayıldı və öz-özünə:

- Ey dili qafil, - dedi. - Fürsəti fövtə vermək olmaz. Telepatınan çəki-tərəziyə girmək ağılsızlıqdır. Bunun düşər-düşməzi olar. Sirk artistinə nə etibar?! İrəlidə otur­sam ürəyimi oxuyar, geridə əyləşsəm kürəyimin sirri açı­lar. Yaxşısı budur ki, ortadan çıx. Nahaq deməyiblər ki, igidlik ondur, doqquzu qaçıb qurtarmaqdır, biri də heç gözə görünməmək. Yaxamın telepatın əlində nə işi var?! Nə çoxdur bəhanə! Yalan yarğan deyil ki, yıxılam qol-qabırğam əzilə. Deyərəm qrip olmuşam. Tamaşaçıları yolux­durmaq istəmirəm. Sözümə şəkk-şübhə etsələr, sağ olsun həkimləri. Onların əlində bir barmaq xəstəlik kağızı nədir ki?! Əlqərəz, yüz fikir bir borcu ödəməz. Əl­vi­da, telepat! Sən Bakıdan gələn sirk artisti ol, mən də Xaçmaz kəndirbazı...

Taylı tayını tapmasa, günü ahu-zarla keçər, - deyib­lər. "Azərkəndtikinti" Trestinin mexanikləşdirilmiş səy­yar dəstəsinin Qusardakı təsərrüfathesablı sahəsinin rəis­ləri Daşdəmir Poladovla, Urxan Səlimzadənin yaş yox, iş fərqləri eynidir. Ötən il hər ikisinin başçılıq etdiyi idarə illik planı vur-tut otuzca faizdən bir az çox kəsirdə qoyub. Ay bərəkallah! Toya-düyünə getmək, bax onlara yaraşır.

Poladovla Səlimzadə inşaatçılar dəstəsindən geridə qalsalar da, sirkə gələnlərin önündə şəstlə irəliləyirdilər. Özü də lap birinci cərgəyə bilet almışdılar. Telepatın onlara yaxınlaşıb başçılıq etdikləri idarələrin paxırını aça biləcəyi barədə əsla fikirləşmirdilər. Çünki islanmışın ya­ğışdan nə qorxusu. Telepat desə də, deməsə də, onla­rın yarıtmaz rəis olduqları qusarlılara da, xaçmazlılara da, trestə də, nazirliyə də əyandır. Bir də ki, Daşdəmirlə Ur­xan o qədər naşı da deyillər. Bilirlər ki, onları düşün­dü­rüb narahat etməyən məsələdən telepat baş aça bilməz.

Xülasə, bu telepat xəbəri bəzi-bəzi tikinti və ticarət işçilərini lərzəyə salmışdı. Qonşu rayonlarda bir çox­la­rı­nın kürkünə birə düşmüşdü. Dəvəçi rayon fəhlə koope­rativ idarəsinin sədri bir yerdə qərar tuta bilmirdi. O, günorta fasiləsindən qayıdarkən Xaçmaz-Bakı avtobu­sun­dan düşən yad adamı görəndə dilxor olub tez yanındakından soruşdu:

- Eto telepat?!

Müsahibi təəccüblə çiynini çəkdi.

El ağzı, yel ağzı. Sədr telepatın onu dilə-dişə salan qanqaraldıcı əhvalatları açıb-ağardacağını düşünür, işlətdiyi qəbahətləri bir-bir xəyalında dolandırırdı:

- Adın nədir?

- Bəxtiyar.

Sədr gülümsünüb əlavə etdi:

- Bəs vəzifən?

- Sinif müəllimiyəm.

Sədr:

- Adın xoşuma gəldi, bəxtinə çıxan vəzifə yox. Mağaza müdirliyi sənin üçün necədir?

Bəxtiyar:

- Nəhayət, bəxtim gətirdi, - deyib razılıq verdi.

Bir neçə aydan sonra duyuq düşdülər ki, Bəxtiyarın bəxti qara gəlib, mağazasında qazanc qudurub mayanı yeyib. Dükanın dördcə min manatı qeyb olub. İndi sədr əlini dizinə vurub öz-özünü danlayır:

- Deyən gərək, ay sədr, müəllim hara, çəki-tərəzi hara?!

Atalar yaxşı deyiblər ki, özü yıxılan ağlamaz. Odur ki, rayon kooperativ idarəsinin sədri də hələlik gülür. Çünki çoxlu xata-baladan sovuşub. Düşünür ki, ey dadi-bidad, bircə bu telepatın xatalı konsertindən də soruşsaydım...

Əlqərəz, mətləbi uzatmayaq. Telepat söz-söhbəti çoxlarını vəlvələyə salıb. Ağıldan yavan, cibdən yağlı olan bəzi ticarət işçiləri, idarə və müəssisə başçıları təşvişə düşüb, tez-tez yuxularını qarışdırır, yad adam görən kimi özlərini yığışdırıb, bir-birinin qulağına həyəcanla pıçıldaşırlar:

- Te-le-pat!

 

 1984-cü il

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com