www.aliildirimoglu.az

FELYETONLAR

REALLIQ VƏ MÜBARİZLİK

MÖVQEYİNDƏN

Böyük rus şairi A.Blok deyir: "Kədər artıq olanda gü­lür, sevinc artıq olanda ağlayır". Görünür, felyeton yara­dıcılığının kökünü də bu məntiqdə axtarmaq lazımdır. Qaldı ki, ədəbi forma və jurnalistika janrı kimi satiranın ən döyüşkən nümunələrindən olan felyetonun formalaş­ma­sına, o, dünya praktikasında son əsrlərin məhsuludur. Deyək ki, ilk təcrübədə bu, inqilabi pafosun əks-sədası kimi, pamflet şəklində üzə çıxmışdı. Maratın, Baböfün Böyük Fransa inqilabının beşiyi başında dayanan, onun düşmənlərini qamçılayan alovlu publisist ruhlu, dərin si­yasi məzmunlu pamfletləri inqilabi, tribun jurnalistikanın bu gün də təqdir olunan nümunələrindəndir. Sırf ictimai mündəricə ilə mayalanmış felyeton janrı da məhz elə hə­min dövrlərdən sosial bəlaları qamçılaya-qamçılaya, nöq­­sanlara gülə-gülə sivilizasiyanın keşiyində dayan­mış­dır. Ən nəhayət, Azərbaycan jurnalistikası və təbir caiz­sə, Şərq jurnalistikası (unutmamalıyıq ki, Yaxın Şərqdə ilk qəzet olan "Əkinçi" də, ilk teatr da Azərbaycanda qey­­də alınıb) təcrübəsində, Mirzə Cəlil qələmində və "Molla Nəsrəddin" ənənələrində formalaşdı. Bu dövr hə­qiqətən Azərbaycan üçün inqilabi ruhun doğuluşu, mil­li mənliyin oyanışı, vətəndaşlıq duyğularının forma­laşdığı mərhələ idi. Belə bir dövrdə ədəbiyyatdan daha çox jurnalistika - gündəlik, cari ideya silahı ön cəbhəyə keçirdi. Forma axtarışlarıyla yanaşı, dünyadərkinin məz­munu da yeniləşirdi. Lirikanın, maarifçi-didaktik dün­ya­dərkinin yerini satira, özü də ən kəskin satira tu­turdu.

XX əsr Azərbaycan mühitinin ovqatına satira çox ya­raşır. Millət özünü dərk etmək üçün nöqsanlarını gör­mə­yi bacarmalıdır. Görmək hələ azdır, həm də gördüyünə gülə bilməlisən. Yəni nöqsanın nöqsanlığını qəbul elə­mək üçün onun gülünclüyünü dərk etməlisən. Bu tarixi mis­siyanı Mirzə Cəlil, Sabir və mollanəsrəddinçilər öz üzərinə götürüb şərəflə icra etdilər.

Mirzə Cəlil qələmiylə Azərbaycan jurnalistikasına ye­ni janr kimi daxil olmuş felyeton Sovet hakimiyyəti illə­rində müəyyən tarixi mərhələlərdən keçib, yeni for­ma və məzmunda təzahür etdi. Cəsarətlə deyə bilərik ki, Sabirin, Cəlil Məmmədquluzadənin, sonralar bədii nəsr­də Sabit Rəhmanın satirik yazı ənənələrinə sadiq qalıb, onu Əvəz Sadıq prinsipiallığı ilə inkişaf etdirən felye­ton-çular sırasında istedadlı jurnalist Əli İldırımoğlunun da rolu və xidməti az deyil.

Mirzə Cəlildən sonra satirik jurnalistikamızda sanki bir boşluq, fasilə yarandı. Bu ənənələr ədəbiyyatın özün­də də xeyli dərəcədə səngidi. Sabit Rəhmanın və bəzi başqa yazıçıların əsərlərinin nümunəsində gördüklərimiz istisna edilərsə, bu dövrdə tam bir tərənnüm ədəbiyyatı və bunun davamı kimi tərənnüm jurnalistikası ilə rast­la­şırıq. Burada qeyri-adilik axtarmağa da dəyməz. Sovet ha­­kimiyyətinin ilk illərində təzəliyin, yeni quruluşun ideal nəşəsi hamını təpədən-dırnağa bürümüşdü. Hamı beş-on ilə ideal bir cəmiyyətdə - kommunizmdə yaşa­maq həvəsi ilə çırpınırdı. Belə bir dövrdə nöqsan axtar­maq, irad tutmaq, tənqid etmək, bütünlükdə cəmiyyətin sosial-siyasi ovqatına yad idi. Bu mənada Sovet dövlə­tinin uşaqlıq və gənclik şövqü söndükcə, cəmiyyətdə yeni sosial-siyasi ab-hava yaranırdı. Bu da öz növbəsində yeni ədəbi əhval-ruhiyyəni şərtləndirirdi. Beləcə bədii ədəbiyyatda və jurnalistikada da analitik, tənqidi və son anda satirik nümunələr meydana çıxmağa başladı. Fel­yeton yenə də öncül qəzet janrlarından birinə çevrildi. İş o yerə çatdı ki, satirik təmayüllü jurnal "Kirpi" nəşrə baş­­ladı. Beləliklə, XX əsrin 40-50-ci illərində felyeton və felyetonçuluq yeni məzmunda təzahür etdi. O dövrün görkəmli felyetonçusu olan Əvəz Sadığın timsalında hə­min boşluq dolduruldu.

İllər bir-birini əvəz etdikcə yeni nəsillər yeni ədəbi ov­qatla qələmə sarılır və yeni qüvvələr formalaşırdı. Əvəz Sadıqdan sonra felyeton sahəsində qələmini sına­yan­lar heç də az deyildi. Amma çoxları bəzən təsadüfən felyetona girişir, bəzən ötəri həvəslə bu işdən yapışır, bəziləri də dəb xatirinə bir-iki satirik nümunə ilə kifa­yət­lənib kursu dəyişirdilər. Əvəz Sadıqdan sonra da Azər­baycan jurnalistikasının satirik ənənələrinə bir laqeydlik hiss olundu. Belə bir mərhələdə mətbuat aləmində yük­sək bədii siqləti, şirin təhkiyəsi, duzlu məzmunu ilə yeni tipli felyetonlar oxucuların diqqətini çəkdi. Bu yazılar artıq tez-tez görünməyə başlayırdı. İmza da artıq yad­daş­lara hopmuşdu: Əli İldırımoğlu. Bu günün yarıməsrlik zaman məsafəsindən həmin o illərə boylananda nə görü­rük? Onlarca felyetonun duzlu-məzəli qatları, kəskin sosial pafoslu layları arasında yuva qurmuş hədsiz zəh­mət, yuxusuz gecələr, yumoristik istedad, Mirzə Cəlil lə­yaqəti və dönməzliyi, sənətinə məhəbbət və sadiqlik.

Biz Azərbaycan jurnalistikasında felyetonun inkişaf mərhələlərini izlədikcə, belə bir nəticəyə gəlmiş olarıq ki, Azərbaycan jurnalistikasında Əli İldırımoğlu satirik janrın və felyetonçuluğun keşiyində ayıq-sayıq dayana­raq, təxminən yarıməsrlik yaradıcılığı dövründə öz par­laq ədəbi obrazı ilə bu boşluğu doldurmuşdur. Bizə etiraz edib deyənlər də tapılar ki, bəs Əli İldırımoğlu ilə yanaşı, satirik jurnalistikasının nümunələrini yaradanların fəaliy­yə­tinə bu fikirlə kölgə salmırıqmı? Məsələ burasındadır ki, ədəbiyyatda həvəskar və peşəkarlıq terminləri var. Jur­­nalistlərdən eləsi tapılmaz ki, haçansa felyeton yaz­ma­mış olsun. Bir var ötəri həvəs, bir də var ömrün, yara­dıcılığın başdan-başa nəyəsə həsr olunması. Bu baxım­dan Əli İldırımoğlu yaradıcı ömrünü əsasən felyeton­nə­visliyə həsr etmiş və bu sahədə müvəffəqiyyətlər, yara­dıcılıq uğurları qazanmış, orijinal ədəbi dəst-xət qoy­muşdur.

El arasında yaxşı deyirlər ki, ağlayanın dərdi birdirsə, güləninki min birdir. Bəs felyetonçunun gülüşü? Felye­tonçu öz dərdinə, fərdi uğursuzluğuna deyil, xalqın dər­dinə gülə-gülə ağlayır, onun min bir dərdi felyeton­ların­da ictimai həyat lövhələrinə çevrilir. Ona görə də yaxşı felyetonla yaxşı hekayə arasında sədd çəkmək çətindir. Mətbuatımızın əzabkeş ağsaqqalı Əli İldırımoğlunun fel­ye­tonları barədə ayrı-ayrı vaxtlarda rəy söyləyən Qulu Xəli­lov, Təhsin Mütəllibov, Bayram Bayramov, Əfqan Əsgərov, Əmir Mustafayev, Sadıq Şükürov, Hüseyn Razi və başqaları da məhz bu qənaətə gəlmişlər. Onlar tama­milə doğru deyirlər ki, cəsur, təmiz, həssas və istedadlı fel­yetonçu sözünə böyük ehtiyac vardır. Elə felyetonçu sözünə ki, o, müasirlərimizin gündəlik qayğılarından tut­muş, inkişafımıza mane olan hər cür neqativ hallara qarşı mətbuatın misilsiz qüdrətindən, özünün müqəddəs jur­na­listlik missiyasından prinsipiallıqla, vətəndaş qey­rəti ilə hamının ürək sözünün, istəklərinin, təkidlərinin ifa­dəsi üçün istifadə etmiş olsun.

Əli İldırımoğlunun oxuculara təqdim olunan "Tele­pat" adlı bu kitabına onun müxtəlif dövrlərdə yazılmış felyetonları daxil edilmişdir. Bu əsərlər ictimai məz­munu, bədii-publisistik ruhu, satirik-yumoristik siqləti baxımından felyetonun klassik nümunələri ilə müqayisə oluna bilər.

Bədii sözün yaranması fərdi-subyektiv və ictimai-sosial məzmun daşıyır. Hər bir əsərin ağırlıq mərkəzində insan, yaradıcı insan dayanır. Və təbii ki, yazılan əsər də qələm əhlinin özünə bənzəyir - bədii pafosundan tutmuş psixoloji əlvanlığınadək. Ədəbi nümunələr həm də konkret dövrün, zamanın məhsuludur. Jurnalistin dün­ya­dərki, sosial məsələlərə münasibəti eyni zamanda onun yaratdığı nümunənin uğurları üçün açar olur. Yaradıcı adamın ilkin müvəffəqiyyəti detal və hadisələrə mü­na­sibətində üzə çıxır. Adi adamın görüb dərk etmədiyi ha­di­­sələrdə ilk sərf-nəzərdə əlvan məna axtarışı son an­da ədəbi nümunələrlə yekunlaşır. Bu keyfiyyət felye­tonçu üçün xüsusilə səciyyəvidir. İti nəzər, çevik intel­lekt, həs­­sas duyum felyetonçuya həyat həqiqətlərini saf-çü­rük eləməkdə müstəsna dərəcədə lazımdır. Və hər şey­dən öncə felyetonçu gülməyi bacarmalıdır. Gülmək üçün, tənqid eləmək üçün isə gərək yüksək elitar mədə­niy­­­yətə, zəngin mənəviyyata, saf vicdana malik olasan. Gü­lən adam güldüyündən, tənqid etdiyindən qat-qat yük­­­səkdə dayanmalıdır. Belə keyfiyyətlər əslində Əli İl­dır­ımoğlu şəxsiyyətini təyin eləyən xüsusiyyətlərdir.

Əli İldırımoğlunu şəxsən tanıyanlar yaxşı bilirlər ki, o, incə yumor hissinə malik adamdır. Həyatdakı hər bir şe­yin - dağın-daşın, ağacın-çiçəyin sanki dilini bilir. Bir çox­­larının saatlarla göz yetirib heç bir şey sezmədiyi əş­yaları, hadisələri o, son dərəcə çevik bir təfəkkürlə mə­nalandırır. Xalq dilinə bütün incəlikləri ilə bələdliyi də bu işdə ona kömək edir. Onun dolğun və məzmunlu fel­yetonları məhz bu qaynaqdan bəhrələnir.

"Qapı açıldı", "Bünövrəsi əyri", "Çox qəribə", "So­yu­du­cu və süd", "Söz veririk", "Kəbin kağızı", "Qara çan­ta" və başqa felyetonlarda bu keyfiyyətlər bədii şəkildə üzə çıxır. Sənətkarlıq baxımından bitkin hekayə təsiri ba­ğışlayan bu felyetonların ictimai məzmunu, sosial mün­­dəricəsilə forma əlvanlığı bir-birini tamamlayır. Bun­­ların sırasında "Telepat" felyetonunu xüsusilə qeyd et­­mək olar. Bu, sanki "Ölülər"in felyeton variantıdır. Mə­­də­niyyət evinə ürəkləri oxuyan telepatın gəlişini eşidəndə rayonun bir çox iqtidar sahibinin ürəyi düşür və iç üzlərinin açılacağından qorxub, "Xub, sən də get fi­kirləş" təriqilə aradan çıxırlar. Amma bunların iç üzü te­le­pat tərəfindən açılmasa da, müəllif tərəfindən ifşa edilir.

Felyetonçuluq müasir jurnalistikamız üçün heç də kütləvi yaradıcılıq janrı hesab oluna bilməz. Deyək ki, məqalə, reportaj, müsahibə və s. janrlarında bol-bol çıxış eləyən bəzi jurnalistlərimiz felyeton qarşısında acizlik çəkirlər. Məsələ burasındadır ki, felyeton jurnalistikanın daha çox bədii ədəbiyyat faktoru ilə yüklənmiş for­ma­sı­dır. Yəni öz müstəqil süjeti, daxili bədii strukturu, poe­tik-publisistik intonasiyası, obrazları olan bir sənət nü­mu­nəsidir. Bu da, təbii ki, gündəlik informasiya vasi­təsi, çevik məlumat mənbəyi hesab edilən qəzetçilikdə heç də asan məsələ deyil. Gərək kəmiyyətlə yanaşı, yük­sək keyfiyyətə də nail olasan. Ə.İldırımoğlu bu janr­ların hər iki­sində qələmini sınamış, gözəl, kamil nü­mu­nələr ya­ratmışdır (görünür, qələmə aldığı povest və ro­man­­ların qaynağını da məhz burada axtarmaq lazımdır).

Qeyd etdik ki, felyeton bitkin bədii nümunədir. Lakin azmı olub ki, adicə məqalənin, yaxud tənqidi korrespon­den­siyaların da felyeton qrifiylə dərc edilməsinin şahidi olaq? Əli müəllimin felyetonları bu baxımdan xüsusi tədqiqat tələb edən nümunələrdir. Onun qələmə aldığı felyetonlar içərisində bir-birini təkrarlayan süjetlərə, ob­razlara, dialoqlara və başqa bədii-publisistik, satirik və ironik formalara rast gəlmək olmaz. Eyni mövzuda yazıl­mış bir neçə felyetonun hər birinin orijinal süjeti, for­ması, daxili strukturu, dialoq sistemi, obrazlar qalereyası vardır. Felyetonların bədii quruluşundan, süjetindən tut­muş, tiplərin fərdi özünəməxsusluğuna, davranışına, hə­yat tərzinədək hər şey rəngarəng və özünəməxsusdur. Bu mənada Əli İldırımoğlunun qələmə aldığı həyat səh­nə­ləri, qəhrəmanları, məişət lövhələri zəngin və poli­fo­nikdir. Çox vaxt həmin əsərlər lakonik və gözlənilməz sonluqlu bitkin novellanı xatırladır. Bu da qələmə alınan nümunələrin bədii-estetik dəyərini artırır.

Felyetonların sənətkarlıq keyfiyyətlərindən söz açan­da ilk növbədə onların süjet müxtəlifliyini, xalq təfək­kürü üstündə köklənmiş bədii və obrazlı dilini qeyd et­mə­mək olmaz. Dialoqlar hər bir fərdin daxili aləminin açılması üçün sanki açardır. Mənfi tiplər özlərini daha çox öz dillərilə ifşa edirlər. Onların hər biri öz danı­şı­ğıyla öz şəklini çəkir. Sokrat demişkən: "Danış, səni gö­rüm". Əli İldırımoğlunun satira yaradıcılığında bu ədəbi vasitədən geniş istifadə olunur.

Əli İldırımoğlunun felyetonlarındakı konkret ünvan­lar ümumiləşmə səviyyəsinə görə müəyyən sosial təbə­qə­lərin mahiyyətli cizgilərinin təcəssümünə çevrilir, xa­rakter səviyyəsinə yüksəlir. Hər bir obraz əslində müəy­yən aspektdən, yenidən cəmiyyət həyatının ziddiyyət və bəlalarını, mənəvi böhranlarını işıqlandırır və bütün bun­ların mənzərəsini yaradır.

Hər felyetonda ayrı-ayrı fərd kimi boy göstərən ob­razlar son anda eyni nöqtədə ümumi milli xarakter kimi birləşəndə artıq bitkin bir qalereya təşkil edirlər. Müəllif tərəfindən onların adları da ümumiləşdirilərkən müəy­yən satirik məqsədə xidmət edir. Məsələn, Miriş Mir­ki­şiyev, Məstəli Məstanov, Zeyqəmov, Halay Hanbalov, Bə­şir Aslanlı və s. Bu adlarla qəhrəmanın ictimai mən­şəyini, sosial mövqeyini də təyin etmək çətin deyil. Ümu­miyyətlə, Əli İldırımoğlu yaradıcılığında belə incə detallarla rəsm edilmiş satirik lövhələrə rast gəlmək olar.

Bəzən jurnalistlər mövzu qıtlığından şikayətlənir və bir çox hallarda bunun səbəbini ezamiyyətlərdə az ol­maları ilə izah edirlər. "Ağcaqanad" yazısı göstərir ki, hər addımımız mövzudur. Onun sosial bəla olduğunu dərk etmək, başlıcası isə qələmə almaq üçün yazıçı fəh­mi lazımdır. Bu yazıda Əli İldırımoğlunu düşündürən, narahat edən, uşaqdan-böyüyə minlərlə adamın yuxusuz gecələridir. Ümumiyyətlə, jurnalistin qələmə aldığı möv­­zu zərrə qədər də olsa, təmsil etdiyi xalqın arzu və ehti­yaclarını ifadə etmirsə, o, ucuz, yüngül və məna­sız­dır. Neçə il bundan əvvəl gecələr taxtabitilərin, birə­lə­rin, sübh çağı isə "Starı veş" deyib qışqıranların Bakı əha­­li­sinin yuxusuna haram qatmasına "Molla Nəsrəddin" biga­nə qalmırdı. Bax, elə "Ağcaqanad" da Əli İldı­rım­oğlu qələminin "Molla Nəsrəddin" ənənələrinə səda­qə­ti­nin timsalıdır. "Papa, qulağım getdi", "Mama, üzümü diş­lədi...". Müəllif körpə haraylarına biganə qalmağı özü­nə rəva bilmir. Onu satirik lövhələrlə car çəkir və Ba­kı­nın iqtidar sahiblərini bu müşkül məsələyə əncam çək­məyə çağırır.

Bəzən vəzifə sahiblərinin səhərdən gecə yarısınadək kabi­netdə oturması kənardan baxanlara elə təsir bağış­la­yır ki, onlar ailələrinin dərd-sərlərini belə unudub, xalqın əzab yükünü çəkirlər. Ancaq qapı açılanda başqa bir mən­zərənin şahidi olursan. Kabinetdə eyş-işrətdir... ("Qapı açıldı").

Azmı görmüşük ki, təzə işə keçən rayon başçısı özü­nü gözə soxmaq üçün siftə-siftə pəncərələrin sınan şüşə­lə­rini saldırır. Nəzərə çarpan yerlərdə beş-on bəzək ağa­cı əkdirir (o da bitə, ya bitməyə). Küçələrə bir-iki maşın as­falt saldırır, hətta tovuz quşu gətirdir və s. Sonra bu yeni­likləri görünməmiş möcüzə kimi mədh etməyə baş­la­yır. Beləliklə də, yaratdığı tərif pərdəsi arxasında var-döv­lət hərisliyindən tutmuş, məişət pozğunluğuna qədər min cür fitnə-fəsadlara əl atmaqdan usanmır ("Tərif pər­dəsi").

Bütün bunlar adi detallar, əhvalatlar deyil, son dərəcə ciddi sosial bəlalardır. Belələri Əli İldırımoğlu qələ­min­dən yayınmır. "Soyuducu və süd", "Qar... yoxsa qar­ğı­da­lı", "Çoban" məftillər", "Yazmışıq..." müəllifin respub­li­ka təsərrüfatlarının elmi-texniki tərəqqidən nə qədər uzaq düşdüyünə acı istehzasıdır.

Əli İldırımoğlunun oçerklərinin qəhrəmanları sadə əmək adamları, felyetonlarında isə əsas hədəf özündən müş­təbehlərdir. Əli müəllim zəiflərin tərəfində dayan­dı­ğı təqdirlə, özünü güclü hesab edir. Xalq yazıçısı Bayram Bayramovun sözləri ilə desək, "Əlini felyetonçu kimi fərq­ləndirən budur ki, onun qəhrəmanları xırda-xuruşlar, əl­siz-ayaqsızlar deyil, məhz "böyüklər" - prokurorlar, katib­lər, rəislər, nazirlərdir. Hər birinin də famili, ünvanı da məlum-məşhurdur. Felyetonçuluqda təəssüf ki, "ölü­yə bir güllə sıxmaq" dəbdədir. Lakin Əli bədii gülləsini özü­nü çox möhkəm, mötəbər hiss eləyənlərin sinəsinə sı­xır. Və əli əsla əsmir. Atəşi sərrast dəyir".

Felyetonların əksəriyyətini bədii həllinə, məzmun və for­masına görə janrın yaxşı nümunələri hesab etmək olar. "Lent kəsilmədi"də məktəb tikintilərindəki qüsur­lar­dan bəhs olunur. Burada felyeton dövlət bankı direk­to­runun tənqidi ilə başlanır. Bank məktəb tikintisi üçün ay­rı­lan vəsaitin öz təyinatı üzrə xərclənməsinin yeganə nəza­rətçisi olduğu halda, ayrılan vəsaitin kənar məq­səd­lə­rə sərf olunmasına yol verib. Əks-təqdirdə bank müdiri fey­zyab ola bilməzdi. "Əl əli yuyar, əl də üzü". Müəllif də öz yazısında dönə-dönə deyilmiş, çeynənmiş dayaz fikirlərdən yan keçib, daha dərinə gedərək, məhz məsə­lə­nin görünməyən, ağla gəlməyən ən ağrılı tərəfini üzə çı­xarıb, hədəfə çevirib.

Əli İldırımoğlu xasiyyətcə ürəyiyumşaq, kövrək adam­dır. Bəs necə olur ki, bu cür sərt yazılarla çıxış edir?! Onun müsahibələrindən birində bu suala aydın ca­vab tapmaq olur: "Düzü, felyeton yazıb birinin qəlbinə toxu­nanda ürəyim ağrıyır. Ancaq təsəllim odur ki, bir neçə nəfəri narazı salsam da, minlərlə adamın məna­fe­yi­nə xidmət edirəm".

Felyeton, qələm əhlinin yaşadığı mühitdə, əhatə olun­duğu cəmiyyətdə baş verən mənfiliklərə qarşı Və­tən, vətəndaşlıq təəssübkeşliyindən irəli gələn kəskin eti­razdır. Felyeton yazıldığı dövrün ictimai-siyasi, sosial inki­şafına əngəl olan maneələrin dəf olunmasına yönəl­di­lən sərrast, kəsərli ideya silahıdır. Əli İldırımoğlunun fel­yetonları da bu keyfiyyətlərlə zəngindir. Bu yazıların sətir­ləri arasında oyanmış əxlaq, üsyan etmiş vətəndaşlıq ruhu döyünür.

Felyeton, obyekti məlum olan satirik hekayədir. Onu yaz­maq çox vaxt aparır, gərgin zəhmət tələb edir. Bu sa­hə­də az-çox səriştəsi olan və həm də qələminə hörmət et­mək istəyən hər bir jurnalist gərək belə bir janrda çıxış et­məyin məlum əzablarından çəkinməyi özünə rəva bil­mə­sin. Yenicə təşəkkül tapmış müstəqil Azərbaycan döv­lətçiliyinin inkişaf sürətinə təkan verə biləcək bu cür yazı­lara ədəbiyyatımız çox möhtacdır. Lakin təəssüf ki, cəmiy­yətdə tüğyan edən haqsızlıqları, özbaşınalıqları və di­gər neqativ halları qamçılayıb aradan qaldırmaq sahə­sin­də böyük xidmətləri olan felyeton janrı son illər mət­bu­at səhnəsindən çıxmaq üzrədir. Bu həyəcan siqnalını bü­tün jurnalistlər eşitməlidir.

Yazıçının, jurnalistin yazıb-yaratdığı göz qaba­ğın­da­dır. Onu sözlə nə artırmaq olar, nə də ki, azaltmaq. Son ya­rım əsr ərzində respublika mətbuatında sanballı felye­ton­larla çıxış edən üç-dörd nəfərin arasında Əli İldı­rım­oğlu imzası aydın görünür. Onun respublika mətbuatında yüz­dən çox felyeton dərc etdirməsi bunun əyani təs­di­qi­dir.

Əli İldırımoğlu qələm əhlidir. Özü də qələminə hör­mət edən jurnalistlərdəndir. Odur ki, ömrü boyu yaza-ya­za - uğurlardan danışanda da, nöqsanları tənqid edəndə də bir məqsədə, müqəddəslik axtarışına xidmət etmişdir. Qu­rani-Kərimin İbrahim surəsində deyilir: "Kökü yerə möh­kəm işləyən, budaqları göyə ucalan gözəl bir ağac ki­midir gözəl kəlam. Vaxtı çatanda da rəbbinin iznilə mey­və verər o ağac". Bax, Əli İldırımoğlu kəlamı da belə bir köklü-köməcli, qollu-budaqlı bar verən ağacdır. Əli mü­əl­limin məqalələri, oçerkləri, felyetonları, povestləri, ro­manları zaman-zaman insanların qəlbini xilas edir, ömür yoluna işıq salır, onların milli mənlik hissini, və­tən­daşlıq duyğularını oyadır, bəşər övladını müqəddəs amallara səsləyir.

Əhəd MUXTAR


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com